Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5649/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15.000 manat məbləğində kompensasiya ödənilməklə onun, habelə uşaqlar - xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X5 onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh, habelə uşaqlar - xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X5 həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilin tərəflərin ümumi mülkiyyəti hesab edilməsi, həmin əmlakda Cavabdeh 2/3 hissədə, İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, ilk iddia üzrə cavabdehlər Cavabdeh, X7 və X5 Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilindən 15.000 (on beş min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, ilk iddia üzrə cavabdehlər Cavabdeh, X7 və X5 Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilindən çıxarılması və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bundan sonra ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qıı ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və prossesual müddətin bərpa olunaraq apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində isə qətnamənin ləğv edilməsini, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti 2(011)-112/2022 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X8 şikayət verərək, qərardadın ləğv edilməsini, əks halda şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3168/2023 saylı, 18 may 2023-cü il tarixli qərardadı ilə ilk iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, mülki iş iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi, yəni məhkəmə kollegiyası tərəfindən göstərilən halların araşdırılması təmin edilməklə apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə rədd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti 2(011)-112/2022 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X8 şikayət verərək, qərardadın ləğv edilməsini, əks halda şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X8 şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında göstərilən göstərişlərə məhəl qoymayaraq, eyni səhvə yol verərək, qanunsuz olaraq ərizənin təmin edilməsi barədə qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddəti bərpa etmək qənaətinə gəlməkdə tamamilə qanunsuz və əsassız olmuşdur. Cavabdeh bildirir ki, guya onun elektron ünvanına heç bir məlumat göndərilməmişdir. Halbuki, qətnamənin cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilməsi öz təsdiqini tapır. Həmçinin, cavabdeh qeyd edir ki, o qətnaməni xx.xx.2023-cü il tarixdə elektron kabinetini bərpa etdikdən sonra əldə etmişdir. Halbuki, elektron kabinetin bərpa edilməsi anlayışı ümumiyyətlə yoxdur. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemində problemin olması, bütövlükdə məhkəmə sistemində problemin olması anlamına gəlmiş olar ki, bu isə mümkünsüz haldır. Məhkəmə cavabdehin bütün gətirdiyi arqumentlərin əsassız olduğunu faktiki olaraq qəbul etmişdir. Lakin, qərardadında fərqli bir fikir göstərərək, Cavabdeh fiziki şəxs olaraq Elektron Məhkəmə İnformasiya Sistemindəki elektron kabinetindən mütəmadi istifadə etmədiyindən məhkəmə qətnaməsindən xəbəri olmadığını qeyd etmişdir. Telefonuna kontur yükləməmiş və buna görə Asan xidmət aktiv olmamışdır. Əgər hər bir işə bu fikirlə yanaşılsa, onda elektron məhkəmə sistemi əhəmiyyətsiz olar. Qanunvericilikdə isə belə bir hal yoxdur ki, şəxs elektron kabinetindən mütəmadi istifadə etmirsə, və yaxud telefonunda konturun yüklənməməsi və buna görə Asan xidmət aktiv olmur, onda həmin şəxs qətnamənin qəbul edilməsindən xəbəri olmaya bilər. Göründüyü kimi cavabdehin gətirdiyi arqumentlər əsassız olmaqla məhkəmə qətnaməsinin icra edilməsinə maneçilik törətmək məqsədi daşıyır. Qətnamə xx.xx.2022-ci il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilməklə, rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır. Apellyasiya şikayəti isə 27 yanvar 2023-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət keçdikdən sonra verilmişdir. Apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Belə olan halda məhkəmə cavabdehin ərizəsini rədd etməli olduğu halda, qanunsuz olaraq heç bir hüquqi əsası olmadan bərpa etmişdir. Məhkəmə qanunsuz qərardad qəbul etməklə faktiki olaraq elektron məhkəmə sisteminin fəaliyyətini şübhə altına almışdır. Bu qərardadın qüvvədə qalması məhkəmə təcrübəsinin yaranmasına və gələcəkdə cavabdehin əsassız olaraq gətirdiyi arqumentlərdən digər şəxslərin də istifadə etməklə şikayət vermək imkanlarına şərait yaratmış olacaqdır. Göstərilənlərin nəzərə alınmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizəsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır; 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından bu tərəfin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axını 22 noyabr 2022-ci il tarixdən başlamış və xx.xx.2022-ci il tarixdə bitmişdir. Lakin Cavabdeh həmin müddət ərzində qeyd edilən qətnamədən apellyasiya şikayəti verməmişdir. Bundan sonra isə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, elektron kabinetinin işləmədiyini, kabinetinə daxil ola bilmədiyini bildirmiş və qətnamənin rəsmi qaydada verilməsini xahiş etmişdir. Buna baxmayaraq, qətnaməni məhkəmədən rəsmi qəbul etmədən, müraciət tarixindən 03 gün keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini elektron məhkəmə informasiya sistemində yerləşdirmiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təqdim etmişdir. Həmin ərizədə də qətnaməni xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinetini bərpa etdikdən sonra əldə etdiyini bildirmişdir. Cavabdeh həmin ərizəsinə baxılmasının nəticələrinə dair Bakı şəhəri Xətair Rayon Məhkəməsi tərəfindən çıxarılmış 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3168/2023 saylı, 18 may 2023-cü il tarixli qərardadı ilə qismən təmin edilərkən və qeyd edilən qərardad ləğv edilməklə, mülki iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilərkən bir sıra məsələlərin aydınlaşdırılması zəruri bilinmişdir. Bununla belə, Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərardadına uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh ərizəsinin və izahatının məzmununa uyğun araşdırma aparılmalı, onun elekton kabinetinin ondan asılı olmayan hər hansı, o cümlədən sistem qüsuru olan texniki səbəblərdən işləməməsi halının mövcud olub-olmaması, habelə elektron kabinetin bərpasının mümkün olub-olmaması müəyyən edilməli və bu araşdırmanın nəticəsi olaraq apellyasiya şikayətinin verilməsi müddətinin bərpası üçün əsasların olub-olmamasına hüquqi qiymət verilməli idi. Belə ki, Cavabdeh öz ərizəsində qətnaməni xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinetini bərpa etdikdən sonra əldə etdiyini bildirmişdir. Lakin birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərardadına uyğun olaraq tam araşdırma aparmamış, o cümlədən Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinin sistem qüsuru olan texniki səbəblərdən işləməməsi halının mövcud olub-olmamasını, habelə ümumiyyətlə elektron kabinetin bərpasının mümkün olub-olmamasını araşdırmamışdır. Bunun əvəzinə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ASAN Sertifikat Xidmətləri Mərkəzi tərəfindən Cavabdeh verilən sertifikat xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi 051 *** ** ** telefon nömrəsi aktiv olmadığına görə aktiv olmamışdır. Halbuki, Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli (sertifikatın aktivləşməsindən bir gün əvvəl) ərizəsində (i.v. səhifə 192) ona xx.xx.2023-cü il tarixdə (qeyri iş günü olsa da, tərəf özü bu tarixi göstərir) Bakı şəhəri Xətai rayon İcra şöbəsindən mənzildən çıxarılması barədə sms gəldiyini qeyd etmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi ilk növbədə öz mövqeyinə aydınlıq gətirməli və xx.xx.2023-cü il tarixə kimi sertifikatın aktiv olmadığı bir halda, onun hansı qaydada xx.xx.2023-cü il tarixdə sms qəbul etdiyini (aktiv olmayan nömrənin (sertifikatın) belə bir texniki imkana malik olmasını) araşdırmalı, o cümlədən bu məsələdə Cavabdeh ilə (xx.xx.2023-cü il tarixli ərizəsinin məzmunu) onun nümayəndə və vəkilinin (xx.xx.2023cü il tarixli məhkəmə iclasında verdiyi izahat) biri-birinə zidd olan mövqedən çıxış etməsinin səbəblərini müəyyən etməli idi. Digər tərəfdən nömrə qətnamənin elektron kabinetə yerləşdirildiyi xx.xx.2022-ci il tarixdə aktiv olmuş və Cavabdeh həmin tarixdə bu barədə sms-i qəbul etmişdir (ərizəsində xx.xx.2023-cü il tarixdə ona sms gəldiyini bildirdiyindən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, o, sms gəldiyini müəyyən edə bilir və onun məzmununu oxuya bilir). Nömrənin aktiv olmadığı xx.xx.2022-ci il tarixi apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin 19-cu gününə təsadüf edirdi. Belə olan halda, nömrənin xx.xx.2022-ci il tarixdən aktiv olmaması artıq üzrlü səbəb olaraq öz hüquqi əhəmiyyətini itirir. Belə ki, nömrəyə konturun yüklənməməsi bilavasitə tərəfin öz iradəsinə və imkanlarına bağlı olan məsələdir və özü-özlüyündə apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessual hərəkətin yerinə yetirilməsini qeyrimümkün edən və ya bunu çətinləşdirən səbəb kimi qəbul edilə bilməz. Cavabdeh xx.xx.2022-ci il tarixdən ambulator müalicədə olması da özü-özlüyündə ötürülmüş müddətin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Qeyd edilən hallar müddətin bərpası üçün üzürlü səbəb kimi qəbul edildiyi təqdirdə, ilk olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək apellyasiya şikayətinin verilməsini qeyri-mümkün edən səbəblər, daha sonra nömrənin və buna uyğun sertifikatın xx.xx.2022-ci il tarixdən sonra aktiv edilməsini qeyri-mümkün edən səbəblər araşdırmalı və nəhayət ambulator müalicənin apellyasiya şikayətinin verilməsinə yaratdığı real maneə müəyyən edilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, Cavabdeh müddətin bərpası barədə ərizədə ambulator müalicədə olması ilə bağlı hər hansı fikir söyləməmişdir. Bu məsələ ərizəyə birinci instansiya məhkəməsi tərəfindən ikinci dəfə baxılıdıqda ortaya çıxmışdır. Bu da öz növbəsində ümumiyyətlə bu səbəbin qəbul edilməsinin mümkünlüyünün müzakirə edilməsi zərurətini yaradır. Digər tərəfdən bu səbəbin ilk dəfə göstərilməməsi onun apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsinə hər hansı aidiyyətinin olmaması qənaətinə gəlməyə əsas verir. Bununla belə, birinci instansiya məhkəməsi qeyd edilən məsələlər, habelə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3168/2023 saylı, 18 may 2023-cü il tarixli qərardadına əsasən aydınlaşdırılması zəruri bilinən bütün hallar üzrə araşdırma aparmamışdır. Bu da öz növbəsində şikayətə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və göstərilən bütün halların araşdırılması təmin edilməklə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi, yəni məhkəmə kollegiyası tərəfindən göstərilən bütün halların araşdırılması təmin edilməklə apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi, yəni məhkəmə kollegiyası tərəfindən göstərilən bütün halların araşdırılması təmin edilməklə apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə rədd edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5649/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5649/2023
08.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver