Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5653/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh2 BOKT ASC-ninnümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 472/20 saylı qətnaməsindən iddiaçı Kərimova (Məhərrəmova) Sevər Fəxrəddin qızı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Kərimova (Məhərrəmova) Sevər Fəxrəddin qızı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 BOKT ASC-nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "X1" MMC-nin xx xxxxxxxx 2017-ci il tarixli №33/1 protokolunun etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş N 2(005)-472/20) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ondan cəmi 50.464.19 ABŞ dolları məbləğində pulun tutulub "Cavabdeh2” BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Xudu Məmmədov küçəsində yerləşən 3 otaqlı, 16 A nömrəli fərdi yaşayış evinə yönəldilməsi və s. qət edilmişdir. Həmin qətnamə israya yönəldilmiş və xx xxxxxxxx 2017-ci il tarixdə "Cavabdeh1" MMC tərəfindən keçirilmiş hərracda satılmışdır. Hərracın keçirilməsi barədə ona məlumat verilməmişdir. Ona görə hərracın nəticələri barədə cavabdeh təşkilatın xx xxxxxxxx 2017ci il tarixli protokolu etibarsız hesab edilməli və onun iştirakı ilə təkrar hərrac keçirilməlidir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək onun rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi də öz etirazında iddianı qəbul etməmiş və iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasını xahiş etmişdir. O, eyni zamanda hərrac keçirilərkən qanunun bütün tələblərinə əməl olunduğunu, iddiaçıya hərracın keçirilmə vaxtı və yeri haqqında məlumat verildiyini, “Kaspi” qəzetində keçirilən hərraclarla bağlı elanlar yerləşdirildiyini bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, iş üçün əhəmiyyətli olan bir sıra halların, o cümlədən hərracın keçirilməsi barədə iddiaçıya məlumat verilməməsinin nəzərə alınmaması ilə əsaslandırılmışdır. Cavabdeh2 BOKT ASC-ninnümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə iddiaçıdan cəmi 50.464.19 ABŞ dolları məbləğində pulun tutulub "Cavabdeh2” BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Xudu Məmmədov küçəsində yerləşən 3 otaqlı, 16 A nömrəli fərdi yaşayış evinə yönəldilməsi və s. qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, iki dəfə hərrac keçirilmiş və xx xxxxxxxx 2017-ci il tarixdə "Cavabdeh1" MMC tərəfindən keçirilmiş hərracda satılmışdır. Həm ilkin, həm də təkrar hərrac barədə iddiaçının işdə olan yeganə məlum ünvanına bildiriş göndərilmişdir. Bildiriş bir halda qaytarılmış, digər halda isə rabitə xidmətinin əməliyyatçısı Əsgərov Ağamusa tərəfindən çatdırılmışdır. Bundan əlavə keçirilən hərraclar barədə “Kaspi” qəzetində elanlar verilmişdir. İddiaçının hazırkı iş üzrə tələbi "X1" MMC-nin hərracın nəticələrinə dair xx xxxxxxxx 2017-ci il tarixli protokolunun etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi keçirilmiş hərrac barədə ona məlumat verilməməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi işin araşdırılan və müəyyən edilən hallarına əsasən belə nəticəyə gəlmişdir ki, hərracın keçirilməsi yeri və vaxtı haqqında iddiaçıya qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, mətbuatda məlumat getmiş və nəticədə iddiaçı keçirilən hərraclar barədə məlumatlı olmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq və Mülki Məcəllənin 415.1, 415.2-ci, “İpoteka haqqında” Qanunun 42.1-ci maddələrini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, hərrac keçirilərkən qüvvədə olan qanunvericiliyin tələblərinə əməl olunmuşdur və bu səbəbdən də keçirilmiş hərracı qanunsuz hesab etmək olmaz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasına, iş üçün əhəmiyyətli olan bir sıra halların, o cümlədən hrrac barədə ona məlumat verilmədiyinin nəzərə alınmadığına istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, MPM-nin 77.1-ci maddəsinin tələbinə müvafiq olaraq iddia tələbinin əsası kimi istinad olunan halları sübut etmək vəzifəsi sübutetmə yükünə görə məhz iddiaçının özünün üzərinə düşür. İddiaçı bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə iddia tələbinə etirazının əsası kimi iddiaçının hərrac barədə məlumatlı olduğuna istinad etmiş və bunu təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Kərimova (Məhərrəmova) Sevər Fəxrəddin qızının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5653/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5653/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver