Məhkəmə qərarları › İş №2(103)-5653/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5653/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5653/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-598/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 oğundan 14000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 4a ünvanında fəaliyyət göstərən internet klubda işlədikləri dövrdə razılaşma müqaviləsindəki kompüter dəstlərini işlək vəziyyətdə həmin salonu icarə əsasında işlədən Cavabdeh1 və qardaşı Cavabdeh2 təhvil vermişdir. Qasımov X2 getdiyindən qardaşı Cavabdeh1 internet klubu işlətməyə başlamış, internet fəaliyyətini davam etdirmişdir. Pandemiya ilə əlaqədar işlər dayandığından kompüter dəstlərini geri qaytarmağı tələb etmişdir. Dəstlərin hamısı nasaz vəziyyətdə olduğundan ümumi tanışları X3 və X1 iştirakları ilə razılaşma müqaviləsi imzalanaraq ya həmin kompüterləri saz vəziyyətdə qaytarılması, ya da müqavilədə razılaşdırılan ümumi dəyəri 17744 manat pulun heç bir mübahisə yaratmadan ödənilməsi şərti ilə 06.10.2020-ci il tarixində özü ilə aparmış, 15 gün müddətində, yəni 22.10.2020-ci ilə kimi bu məsələnin həll ediləcəyini öhdəsinə götürmüşdür. Lakin bu günə kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır və hər gün yalan danışmaqla onu aldadır. Artıq kompüterlər tam yararsız vəziyyətə salındıqlarından və düzəlmək ehtimalı olmadığından pulun ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün razılaşmalar 06.10.2020-ci il tarixindəki razılaşma müqaviləsində öz əksini tapmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-598/2021 saylı, 26 fevral 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq ondan tələbinin olunan borc məbləğinin həqiqiliyini araşdırmamış, yalnız iddianın etiraf edilməsini əsas götürürək iddia tələbini təmin etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının şikayətini dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesb edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən İddiaçı özünə məxsus obyekti internet klub kimi istifadə edilməsi məqsədilə içindəki avadanlıqlarla birlikdə Cavabdeh1 icarəyə vermişdir. Lakin Cavabdeh1 obyekti təhvil verərkən içindəki kompüter avadanlıqlarını tam təhvil verə bilməmiş, bir çoxu nasaz vəziyyətdə olmuş, bəziləri ümumiyyətlə olmamışdır. İddiaçı da özünə dəymiş zərərin əvəzi kimi cavabdehdən 14000 manat məbləğində pul təələb etmişdir. Cavabdeh1 isə məhkəməyə ərizə verərək iddianı etiraf etmiş, iddianın qəbul etdiyini və iddianın təmin edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Cavabdehin apellyasiya şikayətində ondan tələb olunan məbləğin həqiqətə uyğun olmadığını irəli sürsə də, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə bu halı təsdiq edə biləcək mötəbər sübutlar təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya xüsusilə vurğulayır ki, cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-598/2021 saylı, 26 fevral 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar