Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5653/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı Avdadim oğlu, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Avdadim oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablamış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 2(006)-2439/2022 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Avdadim oğlu cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin tərtib etdiyi aktların və akt üzrə qanunsuz hesablanmış 1419,77 AZN məbləğin silinməsi və abonent kodunun onun adına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay kücəsi 14A ünvanında yaşayan qohumu X1 vəfatından sonra ev vərəsəlik hüququ ilə İddiaçı Avdadim oğlunun adına keçmişdir. S.Avdalimovanın ölümündən sonra evdə heç kəs yaşamamış, ev onun tərəfindən idarə olunmuşdur. Evə nəzarət etməyə başladığı gündən evdə sayğac olmamış, cavabdeh idarənin işçilərinə müraciət etdikdə isə onlar sayğacın borca görə ləğv edilərək idarəyə aparıldığını demişlər. Lakin həmin vaxtlar evin vərəsəlik məsələləri ilə məşğul olduğu üçün abunə kodunun adına keçirilməsi məsələsi ilə asan kommunal xidmətə müraciət imkanı olmamışdır. Bu ilin əvvəlində abunə kodunu adına keçirmək üçün “Asan Kommunal” xidmətinə müraciət etdikdə məlum olmuşdur ki, mərhumun işıq borcu 1419,77 AZN yazılmışdır. Bununla əlaqədar xx.xx.2022-ci il tarixində “Azərişıq ASC”-yə ərizə ilə müraciət edərək borcun silinməsi və abonent kodunun adına keçirilməsini xahiş etmiş, “Azərişıq ASC”-dən 05 mart 2022 tarixində aldığı cavab məktubunda bildirilmişdir ki, mövcud olan 1419,77 AZN borc onların əməkdaşları tərəfindən müxtəlif vaxtlarda keçirilmiş nəzarət baxışları zamanı aşkarlanmış sayğacdan kənar qoşulmalara görə tərtib edilmiş aktlar əsasında yazılmışdır. Abonent kodunun ad dəyişmə əməliyyatı borc tam ödənildikdən sonra mümkün olacaqdır. Deyilənlər həqiqəti əks etdirmir. Belə ki, həmin borcun haradan yaranması barədə əsaslı sübutlar göstərilməmişdir. Qeyd olunan aktlar nə əvvəl, nə də indi təqdim olunmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 2(006)-2439/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Tramvay küçəsində yerləşən 14 A saylı evinə dair cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 hesablanmış 1419,77 AZN məbləğində borcun **********50005 abunə hesabından silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən "xxxx" ASC-nin nümayəndəsi apelyasiya şikayəti verərək onun iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qeyd olunan kod üzrə abonent X5 olduğundan hazırki iş üzrə iddiaçının iddia tələbini irəli sürməyə subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş 25 sentyabr 2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx.xx.2018-cı il tarixində vəfat etmiş X1 vərəsəsi - ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı Avdadim oğludur, o, miras əmlakdan tam hissədə pay almalıdır. Həmin şəhadətnaməyə əsasən miras əmlak ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mərhuma məxsus 1/3 payda B tikilisindən (5 otaqdan ibarət y/s-95.6 kv.m) ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 14 A nömrəli fərdi yaşayış evi (95.6 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı B tikilisi) tam mülkiyyət hüququ üzrə X2 adına xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. X1 adına olan cavabdeh təşkilatı tərəfindən verilmiş **********50005 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, abonentə sayğac oxunması üzrə 802,15 AZN, aktlar bölməsi üzrə 1847,28 AZN borc hesablanmışdır. 1229,66 AZN ödənilmiş, abonentin cari borcu isə 1419,77 AZN təşkil edir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı Avdadim oğluna ünvanladığı 05 mart 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyd edilən abonent koduna mövcud olan 1419,77 AZN borc enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda (2014, 2015 və 2016-cı illərdə) keçirilmiş nəzarət baxışları zamanı sayğacdan kənar qoşulmaların olduğu aşkarlanmış, aktlar tərtib edilmiş və itirilmiş enerjinin bərpa edilməsi məqsədi ilə hesabat aparılmışdır. Abonent kodunun ad dəyişmə əməliyyatının həyata keçirilməsi və enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında elektrik enerjisinin yeni alğı-satqı müqaviləsinin bağlanması kodda olan borc tam şəkildə ödənildikdən sonra mümkün olacaqdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş abonentin hərəkət cədvəlindən çıxarışdan görünür ki, **********50005 saylı kod üzrə abonentə aktlar (2014-cü, 2015- ci, 2016-cı illər) əsasında 1419,77 AZN hesablanmışdır. İstehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən hər hansı bir sübut təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut abonentin hərəkət cədvəlidir. Həmin cədvəl isə əsaslı sübut hesab edilə bilməz. Digər tərəfdən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaçıya məxsus olan evə dair hesablanmış borcu 2015-2016-cı ilədək hesablandığına və həmin vaxtdan 5 il müddət keçdiyinə görə qüvvəsini itirmiş və hesablanmış borc cavabdeh təşkilatı tərəfindən iddiaçıdan tələb oluna bilməz. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Cavabdehin apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının subyektiv hüququ yoxdur. Bununla bağlı Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı X1 adına olan abunə kodunun aid olduğu ünvanın 25 sentyabr 2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə əsasən yeni mülkiyyətçisi olduğundan, iddiaçının həmin fərdi yaşayış ev üzrə elektrik enerjisindən istifadə ilə əlaqədar yaranmış borcun mübahisələndirilməsi ilə bağlı məhkəmədə iddia qaldırmağa mirası tam formada qəbul etdiyi üçün tam subyektiv hüquq vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə görə isə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2439/2022 saylı iş üzrə 03 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5653/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5653/2022
17.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver