Məhkəmə qərarları › İş №2(103)-5654/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5654/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5654/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (Açar sözlər: borcun ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, məhkəmə kollegiyası İddiaçı QSC-nin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2962/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən ilkin olaraq 500 manat, növbəti 6 ay müddətinə hər ay 448 (sonuncu ay 449,99) manat ödəmək şərti ilə, ümumi qiyməti 3.189,99 manat olan əşyanı (Samsung QE55Q700TAUXRU markalı televizor) nisyə almış, borc ödənişini gecikdirdikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür (müqavilənin 5.6-cı bəndi). Həmin əşya xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən cavabdehə təhvil verilmiş və bu zaman onun tərəfindən malın texniki göstəricisinə və yararlılığına iradlar bildirilməmişdir. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Faktorinq müqaviləsinə əsasən iddiaçı (Faktor) "xxxx" MMC-nin (Müştərinin) borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul vəsaiti verməyi, Müştəri isə borcluya qarşı pul tələbini iddiaçıya (Faktora) qarşı güzəşt etməyi öhdəsinə götürmüşdür. Bu barədə cavabdehə məlumat verilmiş və bütün aidiyyəti sənədlər "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilmişdir. İddiaçıya güzəşt edilən məbləğ 2.689,99 manat təşkil etmişdir. Daha sonra iddiaçı təşkilati hüquqi formasını dəyişərək, Qapalı Səhmdar Cəmiyyətinə (QSC-yə) çevrilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ötən dövr ərzində 3 dəfə olmaqla (xx.xx.2022-ci il 450 manat, xx.xx.2022-ci il 450 manat və xx.xx.2022-ci il 450 manat) cəmi 1.350 manat məbləğində ödəniş etmişdir. Nəticədə həmin müqavilə üzrə borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə bildiriş göndərilməklə yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Lakin, bu bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən iddiaçı 33,40 manat dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödəməklə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırda cavabdehin həmin müqavilə üzrə 1.339,99 manat məbləğində əsas borcunun yarandığını iddia edir və bu məbləğin, habelə ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzinin cavabdehdən tutulmasını tələb edir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə xx.xx.2023-cü il tarixdə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş, habelə növbəti prosessual hərəkətlər barədə məlumat vermişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə OPLK03262 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 1.339,99 manat borcun, 33,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 3.189.99 manat dəyərində nisyə aldığı mala görə 500 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 2.689.99 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 2.689.99 manat məbləğində tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda, tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin bugünə 1.339,99 manat əsas borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2962/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1.339,99 manat məbləğində pulun və ödənilmiş 33,80 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim X4)

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən şərtləşdirilmiş əşya cavabdehə təhvil verilsə də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsinə əsasən onun tələb hüququ iddiaçıya keçmişdir. Hazırda cavabdehin iddiaçıya 1.339,99 manat məbləğində əsas borcu qalmışdır. İddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar müəyyən edilməmişdir. Belə olan halda, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, habelə cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar müəyyən olunmadığından iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443.1-ci, 600.1-ci, 600.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 119.1-ci, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclası barədə ona məlumat verilməmiş, nəticədə o, iddiaya qarşı etiraz etmək, öz fikrini bildirmək, sübutlar təqdim etmək, sübutlara münasibət bildirmək, vəkillə müqavilə bağlamaq və sair hüquqlardan məhrum olmuşdur. Ona şərait yaradılsa idi o, qeyd edilmiş müqavilə əsasında aldığı malı qaytarmağı barədə sənədləri təqdim edə bilərdi. Belə ki, satın alınan mal qüsurlu olduğu üçün geri qaytarılmışdır. Belə olan halda mağaza iddiaçı ilə hesablaşmalı idi ki, bunu edib-etmədiyindən asılı olmayaraq həmin məbləğ ondan tələb oluna bilməz.

9. Bundan sonra cavabdeh məhkəməyə aidiyyət sənədləri təqdim edərək, bildirmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası əsassızdır. Belə ki, xx.xx.2022-ci il tarixdə “Optimal Live” mağazasından xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “Samsung QE55Q700TAUXRU” modelli televizoru alaraq xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixlərin hər birində 450 manat, cəmi 1.350 manat ödəniş etmişdir. 2022-ci ilin iyul ayında qeyd edilən televizorun ekranında (monitorunda) əmələ gəlmiş nöqsanla bağlı 894148 nömrəli zəmanət talonuna əsasən “Samsung” servis mərkəzinə müraciət edərək, təmir işlərinin aparılması məqsədi ilə mərkəzin nümayəndəsinə 12 ay müddətində zəmanətdə olan televizoru təhvil vermişdir. “Samsung” servis mərkəzinin “AZ**********44” nömrəli rəyinə əsasən “BN95- 06812B” nömrəli ekranda (monitorunda) əmələ gəlmiş nöqsanın aradan qaldırılmasının və “Samsung QE55Q700TAUXRU” markalı televizorun ekranın (monitorun) Azərbaycan Respublikasına çatdırılmasının mümkün olmadığı qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə “Optimal Live” mağazasına gedərək həmin televizorun təmir ediməsinin mümkün olmaması barədə məlumatı vermiş, xx.xx.2022-ci il tarixli, 40016813 saylı nisyə alqı-satış müqaviləsinin 1 nömrəli əlavəsinə müvafiq olaraq (“Optimal Live” mağazasının məsul işçisi Cəfər Cəfərovun imzası mövcuddur) 5.299,99 manat məbləğində 6 ay müddətinə “Samsung QE82Q77RAUXRU” modelli yeni televizor alaraq vaxtında ödəmələri həyata keçirmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı əsaslandırılmış etiraz və ya hər hansı sənəd təqdim edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən maddi və prosessual hüquq normaları

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür; 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir; 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun; 657.7-ci maddəsinə əsasən əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər; 657.8-ci maddəsinə əsasən mal göndərənin alğı-satqı müqaviləsi üzrə öhdəlikləri icra etməməsi, lazımınca icra etməməsi və ya icranı gecikdirməsi özlüyündə borcluya faktora ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ vermir. Əgər borclu hər hansı tələb üzrə faktora ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdirsə, faktordan həmin məbləğin qaytarılmasını yalnız o halda tələb edə bilər ki, faktor bu tələb üzrə mal göndərənə ödəmə öhdəliyini icra etməsin və ya borclunun ödəniºinin aid edildiyi mallar barəsində müqavilənin müştəri tərəfindən yerinə yetirilmədiyini, lazımınca yerinə yetirilmədiyini və ya yerinə yetirilməsinin gecikdirildiyini bildiyi məqamda icra etsin.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

13. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Hazırkı apellyasiya şikayətinə əsasən qətnamənin ləğv edilməsi və iddianın rədd olunması xahiş olunduğundan qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında nisyə-alqı satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh müqavilə üzrə ona təhvil verilmiş əşyanın dəyərinin ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu tələb etmə hüququ xeyrinə güzəşt edilmiş iddiaçıya ödəməlidir.

19. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti, o cümlədən iddiaya qarşı mövqeyi ilə bağlı vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Bu baxımdan cavabdeh qeyd edilən nisyə alqı-satqı müqaviləsi üzrə ona təhvil verilmiş malın qüsurlu olması səbəbindən geri qaytarılması və məhz bunun müqabilində xx.xx.2022-ci il tarixdə başqa bir televizorun nisyə alqı-satqısına dair müqavilə bağlanması faktını sübut etməli idi. Lakin cavabdeh bu mövqedən çıxış etsə də, öz mövqeyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

21. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş “Samsung” servis mərkəzinin “Əşyanın təmirinin mümkün olmaması” barədə “AZ**********44” nömrəli rəyinə əsasən qeyd edilən televizorun ekranında qüsurun olması və ehtiyat ekranın təchiz edilməsi səbəbindən onun təmirinin mümkün olmaması müəyyən edilir. Lakin bu əsasla xx.xx.2022-ci il tarixli müqaviləyə xitam verilməsini, habelə həmin əşyanın "xxxx" MMC-yə geri qaytarmasını təsdiq edən hər hansı sənəd təqdim edilmir. Eyni zamanda, onların arasında xx.xx.2022-ci il tarixli (müqavilə əlavə edilməsə də, müqaviləyə əlavə təqdim edilmişdir) müqavilənin hər hansı güzəştli şərtlərlə, o cümlədən xx.xx.2022-ci il tarixli müqavilə üzrə aparılmış ödənişlər nəzərə alınmaqla bağlandığı öz təsdiqini tapmır. xx.xx.2022-ci il tarixli müqaviləyə əlavədə əşyanın qiymətinin 5.299,99 manat olduğu göstərilmiş və bu məbləğin 1.850 manat hissəsi ilk ödəniş olaraq, qalan 3.450 manat hissəsi isə 6 ay ərzində hər ay 575 manat (sonuncu ay 574,99 manat) olmaqla ödənilməlidir. Cavabdehlə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə nisyə alqı-satqı müqaviləsinin bağlanması, həm xx.xx.2022-ci il tarixli müqavilə üzrə mövcud olan öhdəliklərə xitam verilməsi mənasını daşımır, həm də belə bir qənaətə gəlməyə əsas vermir.

22. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, xx.xx.2022-ci il tarixli müqavilə bağlandıqdan 7 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə "xxxx" MMC aralarıda bağlanmış xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsinə əsasən bu müqavilə üzrə pul tələbini iddiaçıya güzəşt etmiş və bununla bağlı bütün aidiyyəti sənədləri ona təqdim etmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən cavabdehə bildiriş göndərilərək, tələbin iddiaçıya güzəşt edilməsi bildirilmiş və növbəti ödənişlərin hər ay iddiaçıya ödənilməli olması ona bildirilmişdir. Həmin bildirişdə ödənişlərin aparılması qaydası da ətraflı göstərilmişdir.

23. Ödənişlər də cavabdeh tərəfindən 2022-ci ilin 06 aprel, 10 may və 09 iyun tarixlərində məhz iddiaçının xeyrinə aparılmışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə nisyə aldığı televizorda aşkar edilmiş qüsur və onun aradan qaldırılmasının qeyri-mümkünlüyü, habelə bu əsasla ödənişlərin dayandırılması iddiaçıya bildirilməmişdir.

24. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə cavabdehdən tələb edilmiş məbləğ qüvvədə olan mülki qanunvericiliyin tələblərinə və müqavilənin şərtlərinə uyğun hesablanmış və cavabdehin həmin müqavilə üzrə məhz 1.339,99 manat əsas borcu yaranmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlər xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilməsi faktını təsdiq etmir. Bu səbəbdən birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə həmin müqavilə üzrə 1.339,99 manat əsas borcu, habelə dövlət rüsumunun və xidmət haqqının əvəzini tutmaqda haqlı olmuşdur.

25. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

26. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın ümumi qiyməti 1.339,99 manat təşkil etdiyindən, yəni məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kasassiya şikayəti verilə bilməz.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci 382-ci, 384cü, 392-ci, 394-1-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2962/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Sədrlik edən: Fuad Abdıyev Hakimlər: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar