Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5657/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə İş №2(103)-5657/2023 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X10 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(001)-2116/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində İddiaçı və Cavabdeh arasında alğı-satqı müqaviləsi bağlanmış, müqavilə ilə iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzili 40.000 (qırx min) manata cavabdehə satmışdır. 2.İddiaçı alğı-saqı müqaviləsinin formal xarakterli olduğunu iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin əmlak üzərində cavabdehin mülkiyyət hüququnu təsdiq edən xx.xx.2016-cı il tarixli, **********7 nömrəli çıxarışın ləğvi edilməsi və ünvan 1 ünvanında yerləşən mənzilin üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh bacısı X2 və bacısı qızı X6 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda həmin mülki iş hakim Səadət Səlimovanın icraatındadır. İddiaçı Cavabdeh arasında bağlanmış 03 noyabr 2016-cı il tarixli etibarsız əqdə istinad edərək ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili öz adına keçirmiş və həmin mənzilin üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2016-cı il tarixli, **********7 nömrəli çıxarış almışdır. Bildirir ki, Cavabdeh ilə onun arasında bağlanılmış 03 noyabr 2016-cı il tarixli alğı-satqı müqaviləsi həqiqəti əks etdirmir və onun iradə ifadəsini ehtiva etmir. Həmin müqavilə görünüş üçün bağlanılmış və etibarsız əqd olmuşdur. İşin halları ondan ibarətdir ki, Cavabdeh bacısının həyat yoldaşı Ələkbərov Sənana faizlə borc pul vermişdir. Daha sonra Nizami Sənana deyib ki, guya verdiyi pul özünün deyil və ona görə onu narahat edirlər. Təklif edib ki, Sənan ev tapsın və evi banka girov qoyub pul götürsünlər. Bankdan götürülən pul məbləği ilə Nizami öz borcunu bağlayacaq və Sənanda bankın borcunu bağlayacaq. Sənanın öz adında evi olmadığı üçün ona müraciət etdi və o da bacısının yoldaşı olduğu üçün və yaranmış vəziyyətə görə Sənana etiraz etmədi. Əslində o, Nizamini tanımırdı amma sonradan Nizami ilə görüşdü və Nizami ona dedi ki, guya ev onun adında olduğu üçün bank pul vermir və biznes plan tələb edir. Təklif etdi ki, evi keçirtsin Nizaminin adına bank ona pul ayıra bilsin. Səbəb kimi də bildirdi ki, o, sahibkar deyil ona görə onun adından biznes plan verilə bilməz. Min tərəddüd etsədə onu inandırdı ki, narahat olma bu alğı-satqı formal xarakter daşıyır, məqsədi bankdan pul çıxartmaqdır. Bankın borcu bağlanan kimi evi onun adına keçirəcək. O, özü həmin evdə yaşamadığı üçün Sənanla Nizaminin işlərinə qarışmadığı üçün sonradan baş verənlərə qarışmadı. Amma ona bu yaxınlarda məlum oldu ki, Nizami evi geri qaytarmaq istəmir və bunun müqabilində daha böyük məbləğ tələb edir. Hazırda onun bacısı və ailəsi orda yaşayırlar və iddiaçının öz iddia ərizəsin də yazılanlar da yalandır. Bu baxımdan hesab edir ki, Cavabdeh ilə onun arasında bağlanılmış 03 noyabr 2016-cı il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və bu müqavilənin hüquqi nəticəsi kimi cavabdehin mülkiyyətinə keçirilmiş və xx.xx.2016cı il tarixli, **********7 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. 5.Cavabdeh iddiaya yazılı etiraz verərək bildirmişdir ki, iddia tam əsasız və qanunvericiliyin tələb etdiyi qaydada heç bir sübuta bağlı olmamağı ilə bərabər, qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin keçməsi ilə məhkəməyə təqdim edilmişdir. Yalnız fərziyyələr və gümanlar üzərində qurulmuş iddia onunla əsaslandırır ki, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə həqiqəti əks etdirmir və guya ki, onun iradə ifadəsini ehtiva etmir. Guya ki, həmin müqavilə görünüş üçün bağlanmış və etibarsız əqd olmuşdur. Guya alğı-satqı əməliyyatının səbəbi N.Cəfərovla S.Ələkbərov arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə borc məbləğinin bank kreditinə keçirilməsi olmuşdur. İddia əsassız olması ilə bərabər, aşağıda göstərilən halları nəzərə alınmaqla mövcud iddia üzrə iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi, mübahisəli əmlak üzrə müqavilə xx.xx.2016-ci il tarixində imzalanmışdır. İddiaçının iddiasının sübutu kimi məhkəməyə təqdim etdiyi, işlə birbaşa və ya dolayı yolla heç bir bağlılığı olmayan xx.xx.2016-ci il tarixli Cavabdeh və S.Ələkbərov arasında bağlanmış Kredit Müqaviləsi üzrə son icra müddəti xx.xx.2017-ci il tarixi müəyyən edilmişdir. Bundan başqa, iddiaçı özünün də etiraf etdiyi kimi, cavabdehi əvvəlcədən tanımamışdır. Tanımadığı şəxslə hansı əsaslarla saxta görüntü üçün əqd bağlanması isə heç bir məntiqə uyğun gəlmir. İddiaçının qeyd etdiyi kimi, əgər məsələ əmlakın dəyərindən gedirsə, bu artıq “vacib əhəmiyyətli yanılma” anlayışının təsiri altına düşür. Yox əgər qeyd etdiyi kimi, məqsədli şəkildə hansısa abstrakt müqavilənin bağlanmasından gedirsə və həmin abstrakt kredit müqaviləsinin təyinatı xx.xx.2016-cı il tarixli müqavilənin ödənilməsinə yönəldiləcəkdirsə, bu zaman özünün də qeyd etdiyi kimi ilkin borc müqaviləsinin son ödəniş tarixi xx.xx.2017-ci il olduğundan həmin tarix də nəzərə alınmalıdır. Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir.Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür”. Bu halda, alğı-satqı müqaviləsi bağlandığı andan və ya tərəfin özünün qeyd etdiyi kredit müqaviləsi üzrə öhdəliyin bitmə tarixi olan xx.xx.2017-ci il tarixində bitdiyindən, müqavilənin etibarsızlığı barədə iddia qaldırmaq hüququ da həmin anda yaranmaqla, müvafiq olaraq 1 il və 1 ay müddətdən sonra kəsilmişdir. Yuxarıda adı çəkilən Konstitusiya məhkəməsinin qərarında göstərildiyi kimi: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə (354.1) və Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və qanunvericilik normalarının tələblərini rəhbər tutaraq İddiaçı ilə onun arasında bagİanmış xx.xx.2016-ci ii tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsiz hesab olunması, həmin əmlak üzərində cavabdehin mülkiyyət hüququnu təsdiq edən xx.xx.2016-ci il tarixli, **********7 nömrəli çıxarışın ləğv edilməsi və Bakı şəhər, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi, ev 28 mənzil 7 üvanında yerlşən mənzilin uzərində iddiaçının mülkiyyət hüququnun tanınması barədə iddiasına iş üzrə iddiaya verilmiş etirazda göstərilənlərlə barabər iddia müddətini tətbiq etməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, o, iddiaçının bacısının baldızıdır. X11 o tanış etmişdir. Belə ki, Nizami onun iş yoldaşıdır. O, Nizamini yaxşı tanıdığından qardaşı ilə tanış etmiş və onlar birlikdə biznes qurmuşlar. Daha sonra Rauf ondan Nizamini maraqlanmış, o da Nizaminin etibarlı adam olduğunu bildirmişdir. Raufla Nizami arasında bağlanmış alğı-satqıda o, iştirak etməmişdir və pulun hansı qaydada verilib və ya verilməməsini də görməmişdir. 7.Məhkəmə iclasında şahid qismində ifadə verən X13 ifadəsində göstərmişdir ki, iddiaçının əmisi oğludur. O, 2020-ci ildə mübahisəli evin təmir işlərində ustaların yanında olmuşdur. Təmir xərclərini Raufun özü ödəmişdir. Ona verilmiş suala cavab olaraq bildirdi ki, o, təmir xərclərinin nə qədər olduğunu bilmir. Raufla Nizami arasında bağlanmış alğı-satqıda o, iştirak etməmişdir və pulun hansı qaydada verilib və ya verilməməsini də görməmişdir. 8.Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 iyul 2023-cü il tarixli, 2(001)-2116/2023 saylı qətnaməsi ilə (hakim-Rəşad Qoşqarlı) iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 9.İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron RX ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. 10.İş materiallarında olan xx.xx.2016-cı il tarixdə Cavabdeh (borc verən) ilə Alekperov Sanan (borc alan) arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, borc verən borcalana 200.000 ABŞ dolları məbləğində borc verir, boralan isə həmin borcu xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. 11.İş materiallarında olan xx.xx.2016-cı il tarixdə, Bakı şəhəri 50 saylı notariat ofisində İddiaçı (alıcı) və Cavabdeh (satıcı) arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzili 40.000 (qırx min) manata alıcıya satmışdır. Satıcı xx.xx.2017-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. 12.İş materiallarında olan X5 və X1 xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzilin satılmasına etiraz etmirlər. 13.İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron RX ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. 14.İş materiallarında olan “AB Consulting” tərəfindən verilmiş hesabatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzilin dəyəri 2016-cı il tarixə 155.000 (yüz əlli beş min) manat təşkil etmişdir. 15.İş materiallarında olan Alakperov Sənan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Süçəddin oğlunun Cavabdeh qarşı iddia tələbi üzrə bildirir ki, həqiqətəndə Cavabdeh ilə İddiaçı Süçəddin oğlunun arasında rəsmiləşdirilmiş alğı-satqı müqaviləsi görünüş üçün bağlanmış əqqdir. Çünki, müqavilənin bağlanmasını zəruri edən əsas şərt onunla Cavabdeh arasında olan işgüzar münasibətlər olub. Həmin dövrdə ona pul lazım olduğu uçün Raufun evini girov qoymaq və pul götürmək zərurəti yaranmışdı. Amma onun nəğd pulu olmadığı üçün qaynı Raufun evini bir növ girov kimi təqdim etmişdir. Bununla bağlı Nizamiyə demişdir ki, Raufla görüşsün və evi girov qoyub bankdan pul götürsün. Daha sonra sonra Nizami ona zəng edib dedi ki, Raufun adına alınmır, çünki onun biznesi yoxdur və bank biznes plan istədiyi üçün Raufun adı ilə alınmır. Ona görə Nizami ona təklif etdi ki, onun biznesi var, Rauf evi keçirtsin onun adına ki, həm onun ona olan borcuna görə narahat olmasın, həm də gələcəkdə həmin evi girov qoyub bankdan pul götürə bilsin. O isə Nizamiyə inanaraq qaynı Raufu bu işə razı salaraq əmin etmişdir ki, ev müvəqqəti olaraq Nizaminin adına keçirilir və gələcəkdə bankın borcunu bağlayaraq bu evi yenidən Raufun adına qaytaracaqdır. Bunu Nizamidə bilirdi və o da bu məsələ ilə bağlı Raufa demişdi ki, narahat olmasın. Yəni o vaxtı həm o, həmdə Nizami Raufu inandırdı ki, bu işdə onun mənzili ilə bağlı problem olmayacaq və bu evin addan-ada keçməsi formal xarakter daşıyır. Əslində isə bütün işlər onunla Nizaminin arasında olub. Hətta bir çox ödənişləri belə o, etmişdir. Həmçinin axırıncı ödənişləri də o, etmiş və Nizami smslə ona yazıb ki, vəssəlam o, evi bankdan çıxartdı. Nəzərə alınmasını xahiş etmişdir. 16.İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Həsənov Rauf tərəfindən "xxxx" MMC-yə 10 manat məbləğində ödəniş etmişdir. 17.İş materiallarında olan "xxxx" ASC-nin bildiriş xəbərdarlığının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzili üçün elektrik sərfiyyatı üçün ödəniləcək məbləğ 62,79 manatdır. 18.İş materiallarında olan xx.xx.2018-ci il tarixli mənzil-kommunal xidməti üçün mədaxil qəbzinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzilindən istifadə haqqı üçün 14,76 manat məbləğində vəsait ödəmişdir. 19.İş materiallarında olan xx.xx.2020,xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli qaimə fakturalarından görünür ki, müxtəlif çeşiddə tikinti materialları alınmışdır. 20.İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4163/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh X3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmışdır. 21.İş materiallarında olanxx.xx.2021-ci il tarixli mənzil-kommunal xidməti üçün mədaxil qəbzinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzilindən istifadə haqqı üçün 19,2 manat məbləğində vəsait ödəmişdir. 22.İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Həsənov Rauf tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzilin su sərfiyyatı üçün 30 manat məbləğində ödəniş edilmişdir. 23.İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Həsənov Rauf tərəfindən "xxxx" ASC-yə 50 manat məbləğində ödəniş etmişdir. 24.İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Həsənov Rauf tərəfindən "xxxx" ASC-yə 20 manat məbləğində ödəniş etmişdir. 25.İş materiallarında olan **********5463 və **********0683 nömrəli Tədiyyə bildirişlərindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzili üçün Həsənov Rauf tərəfindən 2022 və 2023-cü illər üçün torpaq və əmlak vergiləri ödənilməlidir. 26.Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir halın mövcud olması öz təsdiqini tapmamışdır. Bundan əlavə, mübahisələndirilən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dəlalət edən hal olsaydı belə, iddiaçı həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. 27.Həmçinin, iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər ifadələrində alğı-satqı münasibətlərində iştirak etmədiklərini bildirmiş, ifadələrini ümumi məzmunda vermişlər. Təqdim edilmiş kommunal xidmətlərlə bağlı qəbzlərdə isə mübahisəli mənzildə istehlakçının hazırda iddiaçının olduğu isə işin mübahisəsiz halıdır. Belə ki, təsadüf deyildir ki, Cavabdeh iddiaçının bacısı X2 və bacısı qızı X6 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hal-hazırda mülki iş məhkəmənin icraatında olmaqla baxılmaqdadır. Göründüyü kimi, iddiaçı tərəfin təqdim etdikləri sübutlar iddianın təmin edilməsi üçün əsas deyil. Təqdim edilmiş kredit müqaviləsinin isə tərəfləri, Cavabdeh və Sənan Alakperovdur, borc münasibətləri də məhz həmin şəxslər arasında yaranmışdır. İddiaçının hazırda həmin şəxslər arasında yaranmış borc münasibətlərinə görə alğısatqı müqaviləsini bağlamasına məcbur olduğu dəlili isə inandırıcı və ağlabatan deyil və bu dəlil heç bir mötəbər sübutla dəstəklənmir. 28.Ona görə də məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb əsassız olduğundan rədd edilməlidir. 29.Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi təmin edilmədiyindən digər törəmə tələbləri, yəni “çıxarışın ləğv edilməsi və mübahisəli mənzilə mülkiyyət hüququnun tanınması” tələbləri də təmin edilə bilməz. 30.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 337.1, 337.2, 337.4, 340.1, 340.2, 354.1, 354.2-ci Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4 və 216-220-ci maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 31.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. 32.Apellyasiya şikayəti onunla əsaslandrılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki 28 saylı evin, otaqlı 7-ci mənzilinə dair onunla X16 arasında formal olaraq xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsi bağlanmış, lakin mənzilə görə ona hər-hansı bir məbləğdə pul verilməmişdir. Həmin vaxt adı çəkilən mənzilin bazar qiymətinin 155.000 (yüz əlli beş min) olmasına baxmayaraq alğı-satqı müqaviləsinin üzərində 40.000 (qırx min) manat kimi qeyd olunmuş məbləğ belə iddiaçıya verilməmiş, həmin məbləğin ona verilməsini təsdiq edə bilən heç bir sübut məhkəməyə təqdim olunmamış, həmin vaxt mənzilin bazar qiymətinin qeyd olunduğu kimi 155.000 manat olmasına baxmayaraq, nəyə görə müqavilənin üzərində mənzilin qiymətinin 40.000 manat göstərilməsinə və əgər həqiqi alğı-satqı müqaviləsi olmuşdursa, iş üçün mühüm əhəmiyyəti olan bu halın, yəni alğı-satqı müqaviləsinin əvəzli müqavilə olduğu halda mənzilin pulunun nəyə görə iddiaçıya verilməməsini, həmçinin Cavabdeh nəyə görə onları mənzildən çıxarmamasını, habelə həmin mənzilin doğrudan da girov qoyulmaqla bankdan kretit götürülməsini, kredit götürülübsə banka olan borcların kim və ya kimlərin tərəfindən ödənilməsini, alğı-satqı müqaviləsindən sonra iddiaçının adı çəkilən mənzildə əsaslı təmir işlərinin aparmağına cavabdehin susmasını məhkəmə araşdırmamış, adı çəkilən mənzilin Nizami Cavabdov tərəfindən aldatma yolu ilə öz adına keçirilməsinə hüquqi qiymət verə bilməmişdir. Ona görə də məhkəmənin gəldiyi nəticəni qanuni hesab etmək olmaz. Qeyd olunan mənzilin aldatma olmadan cavabdehin adına keçirməyəcəyi Nizamiyə aşkar bəlli olduğu üçün o, iddiaçını aldatmaqla buna sövq etmiş, nəticədə o, 155.000 manat dəyərində olan əmlakından məhrum olmuşdur. Cavabdeh öz hərəkətlərini pərdələyərək və buna inandıraraq uzun müddət onu mənzildən çıxarmamış, bu barədə heç vaxt söhbət salmamış, hətta mənzildə əsaslı təmir işləri aparmağına və mənzilin kommunal xidmətlərinin tərəfindən ödənilməsinə iddiaçıda şübhə olmasın deyə buna səsini belə çıxarmamışdır. Hazırkı iddianın predmetini əsassız və qanunsuz olaraq mülkiyyət hüququndan məhrumetmə ilə bağlı olduğundan, həmçinin hərəkətlər aldatma yolu ilə həyata keçirildiyindən hesab edir ki, burada iddia müddəti tətbiq oluna bilməz. Cavabdeh iddiaçıya məxsus adı çəkilən mənzili adına keçirməkdə məqsədi və niyyəti əvvəldən ona məlum olmamış, bu işdə onun səmimi olduğuna inanmış, həmin mənzilin əvəzsiz olaraq onun adına keçirilməsi üçün heç bir əsas olmamış, əvvəllər iddiaçı ilə onun arasında hər hansı bir biznes əlaqəsi, o cümlədən iddiaçının ona hər hansı bir məbləğdə borcu olmamış, bu mənzili aldatma və etibardan sui-istifadə etməklə öz adına keçirmiş, əgər alğı-satqı münasibətləri olmuşdursa, onun mənzilinin pulunu niyə verməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar, o cümlədən Cavabdehla biznes münasibətlərində olmuş Sənan Ələkbərovun ərizəsinə məhkəmə tənqidi yanaşmış, lakin bunun səbəbini əsaslandırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 33.İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c)Məhkəmə icraatı iştirakçılarının izahatları 34.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər, izahatlarında əlavə olaraq qeyd etdilər ki, iddiaçı alğı-satqı müqaviləsi üzrə pul almamışdır. 35.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin qəbul etmədi, apellyasiya şikayətinə etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzildə Sənanın bacısı yaşayır. Mənzil ucuz qiymətə satıldığı üçün, onlara pul lazım olduğundan, tanış kimi ona müraciət olunmuş, o, mənzili almışdır. Mənzili alandan sonra iddiaçı bir müddət mənzildə yaşamaqlarını xahiş etmiş, o, bu təklif etiraz etməmişdir. Hətta uşağın xeyir işi ilə bağlı yüngül kosmetik təmir edəcəklərini bildirdikdə, o, yenə də etiraz etməmişdir. Artıq müəyyən müddətdən sonra o, mənzilin boşaldılmasını xahiş etmişdir. O, evin alğı-satqısından sonra evi ipoteka ilə yüklü edib, Bankdan pul götürməmişdir. Əgər onun götürdüyü pula görə Bankın kreditini iddiaçı və ya Sənan ödənişlər edib borcu bağlamışlarsa, bununla bağlı sübutlarını təqdim etməli idilər. Lakin bununla bağlı heç bir sübut yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 36.Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 37.Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 38.Maddə 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 39.Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 40.Maddə 324.5.İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 41.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 42.Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 43.Maddə 339.2.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 44.Maddə 339.3.Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 45.Maddə 340.1.Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 46.Maddə 340.2.Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 47.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 48.Maddə 398.1.Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 49.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 50.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 51.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 53.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 54.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 55.Belə ki, mübahisənin mahiyyəti ondan ibarətdir ki, xx.xx.2016-cı il tarixdə, Bakı şəhəri 50 saylı notariat ofisində İddiaçı (alıcı) və Cavabdeh (satıcı) arasında alğı-satqı müqaviləsi bağlanmış, müqavilə ilə iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzili 40.000 (qırx min) manata cavabdehə satmışdır. Cavabdeh xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzilin mülkiyyətçisidir. 56.İddiaçı iddia tələbi üzrə mövqeyini və apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırır ki, o, aldadıldığı üçün müqaviləni bağlamağa razı olmuşdur. Əslində müqavilə formal xarakterli olmaqla görünüş üçün bağlanıb. O, mənzilin müqavilə üzrə dəyəri olan 40000 manatı almamışdır. Mənzilin o vaxtkı bazar dəyəri 155000 manat olduğundan mənzilin 40000 manata satılması inandırıcı ola bilməz. 57.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, Qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 58.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, iddiaçının qeyd etdiyi hallar iş materiallarının araşdırılması ilə öz təsdiqini tapmamış, bu halları təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. 59.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 60.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 61.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 62.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 63.Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd etdiyi kimi əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. 64.Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır; -əqdin subyektiv tərkibinə dair şərtlər; -əqdin məzmununa dair şərtlər; -əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; -əqdin formasına dair şərtlər. 65.Müqavilənin öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 01 dekabr tarixli Qərarları). 66.İlk olaraq kollegiya iddiaçının aldadılması ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 67.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. 68.Aldatma isə bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. 69.Belə ki, müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) aldadıcı davranışı qəsdən edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı. Deməli, aldatma halında iradə ilə onun ifadəsi bir-birinə uyğundur, lakin iradənin özü başqasının təsiri ilə həqiqətə uyğun olmayan təsəvvür nəticəsində yaranır.Bu şərtlərdən hər hansı biri aşkar edilməzsə aldatmaya dayanaraq əqdin etibarsızlığı tələbi irəli sürülə bilməz. 70.Məhkəmə araşdırması zamanı tərəflər arasında alğı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması halı öz tədqiqini tapmamış, iddiaçının iradəsinin cavabdehin təsiri ilə həqiqətə uyğun olmayan təsəvvür nəticəsində yaranması öz təsdiqini tapmamışdır. 71.Əksinə, tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı alğı-satqı müqaviləsi əsasında cavabdeh tərəfindən depozitə qoyulmuş 40000 manat məbləğində pulu qəbul etmiş, bundan sonra alğı-satqı müqaviləsi bağlanmışdır. 72.Belə ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 114/92/14 saylı məktubuna əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 iyul 2013-cü il tarixli 16/3 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında təlimatına” əsasən təsdiq olunmuş 1 saylı Əlavənin “Azərbaycan Respublikası bank sistemini fəaliyyəti nəticəsində yaranan sənədləri saxlama müddəti üzrə siyahı”nın 118-ci maddəsinin (Milli və xarici valyutada memorial və kassa sənədləri (əməliyyat gününün sənədləri) və müştərilərin ödəniş sənədləri (bdəniş tapşırıqları, köçürmə ərizələri, svift bildirişləri, məktublar, birja şəhadətnamələri və digər ödəniş sənədləri)) tələblərinə uyğun olaraq, qeyd edilən sənədlərin saxlanma müddəti başa çatdığına görə Qara Qarayev filialı üzrə 2016-cı ilin kassa üzrə məxaric (əməliyyat gününün) sənədləri müvafiq qaydada ləğv olunur. 73.Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Bakı şəhəri 50 saylı Notarisat Ofisinin 28 noyabr 2023-cü il tarixli, 2842 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 50 saylı Notarisat Ofisində satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış “Alqı-satqı müqaviləsi” üzrə əmlakın satış dəyərini təşkil edən pul vəsaiti notarius tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialına ünvanlanmış məktub əsasında alıcı Cavabdeh tərəfindən notariusun həmin bankda olan depozit hesabına mədaxil edilmiş və müqavilə rəsmiləşdirildikdən sonra satıcı İddiaçı həmin pul vəsaitinin depozit hesabından götürülməsinə dair məxaric çeki təqdim edilmişdir. Pul vəsaitinin depozit hesabına mədaxil edilməsi barədə qəbz notariat işinə əlavə edilmiş və işə birinci instansiya məhkəməsində baxılarkən verilmiş sorğu əsasında mülki işə əlavə edilməsi üçün məhkəməyə təqdim edilmişdir. 74.Məktubda həmçinin qeyd olunur ki, alğı-satqı müqaviləsi üzrə mədaxil edilmiş pul vəsaiti notarius tərəfindən təqdim edilmiş məxaric çeki əsasında satıcı İddiaçı verilmişdir. 75.Məktuba əlavə edilmiş pul vəsaitinin notariusun depozit hesabına mədaxil və məxaric edilməsi barədə "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, xx.xx.2016-ci il tarixdə 40000 manat məbləğində pul vəsaiti Bakı şəhəri 50 saylı Notariat Ofisinin depozit hesabına mədaxil edilmiş, elə həmin tarixdə İddiaçı tərəfindən 40000 manat pul vəsaiti hesabdan məxaric edilmişdir. 76.Göründüyü kimi, iddiaçı 40000 manat pulu almadığını bildirsə də, "xxxx" ASC- yə məxsus hesabdan çıxarış məlumatlarına əsasən qeyd olunan məbləğdə pul İddiaçı tərəfindən notariusin depozit hesabından məxaric edilmişdir. Sadəcə sənədlərin saxlanılması müddəti nəzərə alınmaqla, qəbz ləğv olunmuşdur. 77.Kollegiya apellyatorun alğı-satqı müqaviləsinin görünüş üçün bağlanmış əqd olmaqla, başqa əqdi pərdələməsi ilə bağlı dəlillərini əsassız hesab edərək, aşağıdakıları qeyd edir. 78.Sırf görünüş üçün edilən iradə ifadələri əsasən iki halla bağlı edilir və Mülki Məcəllənin 340-cı maddəsində bu hər iki halla bağlı xüsusi tənzimləmə nəzərdə tutulmuşdur. Hər iki hal iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluq əmələ gətirməklə yaranır. Başqa sözlə hər iki halda da ifadə bilərəkdən əsl iradəyə zidd şəkildə edilir. 79.Mülki Məcəllənin 340.1 maddəsinə əsasən “uydurma əqd” olaraq adlandırılan birinci halın mövcudluğunun qəbul edilməsi üçün aşağıdakı iki şərtin eyni vaxtda olması lazımdır: -Əqdi əmələ gətirən iradə ifadəsini edənlər buna uyğun hüquqi nəticənin, yəni öhdəliklərin əmələ gəlməsini istəməmiş olmalıdırlar. -Uydurma əqd sırf başqalarını aldatmaq məqsədi ilə bağlanmış olmalıdır. Yəni iradə ifadəsi, əslində olmayan haqqı və öhdəliklərin mövcudluğu barəsində sırf üçüncü şəxslərdə yanlış qənaəti formalaşdırmaq məqsədi ilə edilmiş olmalıdır. 80.Sırf görünüş üçün edilən iradə ifadələri ilə bağlı ikinci halı təşkil edən yalan əqdin mövcudluğunun qəbul edilə bilməsi üçün uydurma əqdlə bağlı şərtlərin olması ilə yanaşı, eyni zamanda aşağıdakı şərtlər də olmalıdır: -İki ayrı əqd bağlanmış olmadılır. -Bu əqdlərdən biri onu bağlayanların həqiqi iradəsini əks etdirməsinə baxmayaraq, gizlədilmiş olmalıdır. -Bu əqdlərdən digəri olan görünüşdəki əqd isə, sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək, yəni onu gizlətmək məqsədilə bağlanmış olmalıdır. 81.Yalan əqdin olduğu hallarda əqdi bağlayanlar əslində bağladıqları əqdin heç hüquqi nəticə əmələ gətirməyəcəyini deyil, başqa mahiyyət və nəticə əmələ gətirməsini istəyirlər. Başqa sözlə, görünüşdəki əqdi ona uyğun hüquqi nəticələri əmələ gətirmək məqsədilə deyil, əsl niyyətlərində tutduqları başqa bir əqdə dair faktiki nəticələrin əmələ gəlməsinə hüquqi şərait yaratmaq məqsədilə bağlayırlar. 82.Kollegiya qeyd edir ki, hazırki halda tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin görünüş üçün bağlanması (uydurma əqd), sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək üçün bağlanması (yalan əqd) halları öz təsdiqini tapmır. 83.İddiaçı bildirir ki, hazırki alğı-satqı müqaviləsi bacısının həyat yoldaşı Sənanın borcunu pərdələmək üçün bağlanıb. O, mənzili cavabdehin adına keçirib ki, cavabdeh Bankdan pul götürsün, Sənanın borcu bağlansın. 84.Kollegiya qeyd edir ki, bu halda sual doğuran məqam ondan ibarətdir ki, əgər cavabdeh Sənanın kredit müqaviləsi üzrə borcuna görə mənzili alğı-satqı müqaviləsi əsasında götürüb Bankdan pul əldə etmişdirsə, ondan Bankın krediti iddiaçı və ya Sənan tərəfindən bağlanmışdırmı? Qeyd olunan halla bağlı iddiaçı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. 85.Belə olan halda, görünüşdə olan alğı-satqı müqaviləsinin, iddiaçının bacısının həyat yoldaşı Sənanın borcunu pərdələməsi halı işin araşdırılmış halları ilə müəyyən edilmir. Bunun üçün həqiqi iradə ifadəsi olmalıdır. Bu hal işin araşdırılmış halları ilə müəyyən olunmur. 86.Kollegiya iddiaçının bacısının hal-hazırda həmin mənzildə yaşaması, mənzilin satış qiymətinin aşağı olması ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, bu dəlillər iddianın təmin edilməsi üçün əsas ola bilməz. 87.Belə ki, cavabdeh tərəf qeyd etdi ki, mənzili iddiaçının xahişi əsasında bir müddət boşaldılmasını tələb etməmiş, bundan sonra məhkəməyə iddia ərizəsi vermişdir. İş materiallarından da müəyyən olunur ki, Cavabdeh iddiaçının bacısı X2 və bacısı qızı X6 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hal-hazırda mülki iş məhkəmənin icraatında olmaqla baxılmaqdadır. 88.Kollegiya qeyd edir ki, mənzilin qiyməti müqavilə azadlığı şəraitində tərəflərin iradəsinə uyğun qaydada müəyyən edilmiş, cavabdeh tərəfindən depozitə qoyulmuş məbləğ iddiaçı tərəfindən götürülmüşdür. 89.Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qəraranda qeyd olunmuşdur ki, mənzilin hansı qiymətə satılıb-alınması və əvəzinə pulun nə vaxt və hansı qaydada verilməsi alğı-satqı müqaviləsi tərəflərinin iradəsindən asılıdır. 90.Kollegiya qeyd edir ki, iddiaçının alğı-satqının borc münasibətlərini pərdələməsini qeyd etdiyi halda, iddiaçının bacısının əri Sənanın cavabdehə borcunun olduğu zaman, xx.xx.2016-cı ildə aparılmış alğı-satqı zamanı iddiaçı tərəfindən cavabdehin depozitə ödədiyi pulun götürülməsindən sonra alğı-satqının həyata keçirilməsi halı bir daha onu təsdiq edir ki, aparılmış alğı-satqı müqaviləsi müqavilə azadlığı şəraitində tərəflərin həqiqi iradələrinə uyğun olaraq aparıldığından, alğı-satqının etibarsızlığı üçün əsas yaranmamışdır. 91.Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(001)-2116/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 92.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 93.Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 94.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 95.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 96.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(001)-2116/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5657/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5657/2023
29.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver