Məhkəmə qərarları › İş №2(103)-566/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-566/2025

13.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-566/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı; birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 41 saylı notariat ofisi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-472/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 107109 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsindəki 51 nömrəli yaşayış evinin 9 saylı mənzili xx.xx.1997-ci il tarixdə X2 adına qeydiyyatdan keçrilmişdir.

2. xx.xx.2007-ci il tarixli 4Ə-789 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X3 Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 51-də yerləşən ona məxsus 9 saylı mənzilini qızı X9 bağışlamışdır.

3. X3 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir.

4. 0131494 nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən sözügedən mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə 161 nömrəli reyestr kitabının 16369 nömrəli vərəqində qeydiyyata alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 3 mənzilə olan istifadə hüququna 10.000 manat kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları 2009-cu il təvəllüdlü X11 , 2015-ci il təvəllüdlü X12 və 2019-cu il təvəlüdlü X13 ilə birlikdə ünvan 3 mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ünvan 3 mənzil ona məxsusdur və o həmin evin mülkiyyətçisidir. Cavabdeh1 onun qardaşıdır. Digər Cavabdeh2 qardaşının həyat yoldaşıdır. Cavabdeh1 həmin mənzildə pasport qeydiyyatında olsa da digər cavabdeh olan həyat yoldaşı həmin mənzildə qeydiyyatda deyildir. O, digər mənzildə qeydiyyatdadır. Cavabdehin başqa yaşayış yeri olsa da onun həmin mənzildən çıxarılma tələbini yerinə yetirmir və həmin mənzildən çıxmayacağını bildirir. Onu həmin mənzilə buraxmırlar. Mülkiyyət hüququ tamamilə məhdudlaşdırılmışdır. Qardaşı Cavabdeh1 həmin qeydiyyatda istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsini və mənzildən çıxarılmasını istəyir. Digər Cavabdeh2 ümumiyyətlə onun mülkiyyətində olan mənzildə istifadə hüququ mövcud deyildir. O, həmin mənzildən çıxarılmalıdır. Eyni zamanda, cavabdehlərin yetkinlik yaşına çatmayan övladları 2009-cu il təvəllüdlü X11 , 2015-ci il təvəllüdlü X12 və 2019-cu il təvəlüdlü X13 da onlarla birlikdə mənzildən çıxarılmalıdır. Həmin mənzil boşaldılaraq ona təhvil verilməlidir.

7. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, mübahisəli evin bacısının adına keçirilməsi ilə bağlı onun razılığı olmayıb, bu məsələnin aydınlaşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestrinə sorğu ilə müraciət etmişdir. Çünki iddiaçı həmin dövrlərdə həmin orqanın əməkdaşı olmuşdur.

8. Daha sonra iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 41 saylı notariat ofisi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il tarixdə 41 saylı notariat kontorunda bağlanmış “bağışlanma müqaviləsi” üzrə imzanın anası X1 məxsusluğu yoxlanılmaqla həmin bağışlama müqaviləsinin və həmin müqaqvilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə 41 saylı notariat kontorunda bağışlama müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən onun mərhum anası X3 mərhum atasından qalan miras evləri olan və onun da ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzili bacısı İddiaçı bağışlamışdır. Onun isə bu vəziyyətdən bacısınının onun və arvadının cavabdeh qismində qoyularaq “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət edənədək xəbəri olmamışdır. Çünki onun iş rejiminin növbətçilik sistemi ilə olduğu üçün bacısına miras mənzillə bağlı sənədlərin rəsmiləşməsi işi ilə məşğul olması üçün ona etibarnamə vermişdir. Bacısı həmin vaxtlar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləmişdir. Bacısı məhkəməyə müraciət edənədək mənzilin yarı hissəsinin bacısına yarı hissəsinin isə ona məxsus olduğunu hesab etmişdir. Lakin bacısı məhkəməyə müraciət etdikdən sonra iddia ərizəsinə əlavə olunmuş bağışlama müqaviləsini gördükdə belə bir müqavilənin varlığını bilmişdir. Lakin həmin müqavilədəki anasının imzası onda şübhə doğurmuşdur.

10. Cavabdeh İddiaçı nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Cavabdeh1 iddiasına iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qeyd olunan mülki işlər bir icraatda birləşdirilmişdir.

12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 472/2023 nömrəli qətnaməsi ilə (hakim O.Q.Məmmədli) ilk iş üzrə iddia təmin edilmiş, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 51 ünvanında yerləşən 9 saylı mənzil üzərində istifadə hüququna 10.000 manat kompensasiya ödənilməklə xitam verilmiş, Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları X11, X12 və X7 mənzildən çıxarılması və mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi, birləşdirilmiş iş üzrə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər.

14. İstinad olunan normaları rəhbər tutaraq məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehə təklif edilən 10.000 manat məbləğində pul vəsaiti ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Odur ki, qeyd edilən məbləğ mövcud bazar qiymətinə uyğun müəyyən olunmuşdur və iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X4” MMC-nin xx.xx.2023-cü il tarixli, 05 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən, 43,8 kv.m ümumi, 24 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 9 saylı mənzilin hazırki orta bazar qiyməti ilə təqribi dəyəri 69.000 manat, hazırki dövr üçün aylıq kirayə haqqı 270 manat məbləğində müəyyən edilmişdir.

15. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi qanuni və əsaslı hesab edilmədiyindən təmin edilməməlidir. Belə ki, mübahisələndirilən əqd təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbində mübahisəli əmlakın anası tərəfindən bacısına bağışlanması zamanı anasının iradə ifadəsinin olmamasını, müqavilədəki imzanın anasına məxsus olmamasını göstərməsinə baxmayaq həmin hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatda evin bacısının adına keçməsinə razı olduğunu bildirmişdir.

16. Həmçinin, Cavabdeh1 bağışlama müqaviləsi barədə məlumatlı olmasına baxmayaraq yalnız xx.xx.2023-cü il tarixdə bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və bu zaman iddia müddətini ötürmüşdür. Beləliklə məhkəmə iddiaçının mövcud iddia tələbi ilə qanunvericiliklə müəyyən olunmuş kəsici müddətlər daxilində məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tərəfindən müddət ötürülmüşdür.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.5, 158.1.2, 228.2, 324.1, 337.1, 337.2, 347.1, 354, 372.1, 375.2, 390.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarına, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, Mülki Prosesssual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmə iclasında dəfələrlə həmin mənzilin bacısına bağışlanmasından xəbərdar olmadığını bildirsə də, həmin məsələ aydınlaşdırılmamışdır. Həmin iddia üzrə ekspertiza təşkil olunmasını və bağışlamada imzaların əslində kim tərəfindən icra olunması məsələsinin dəqiqləşdirilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsində əsas olaraq hazırda mülkiyyətçi tərəfindən kompensasiyanın ödənilərək cavabdeh və ailə üzvlərinin evdən çıxarılması göstərilmişdir. Lakin həmin mülkiyyətçinin həmin mülkün mülkiyyətçisi olduğuna əsas olmuş və cavabdehdə əsaslı şübhələr yaradan müqavilə barədə mübahisəyə demək olar ki baxılmamışdır. Əgər məhkəmə müqaviləni nəzərə almadan qərar qəbul etdiyi halda belə qətnamə üzrə təyin olunmuş kompensasiya heç bir bazar qiyməti ilə uyğun gəlməyən məbləğdir. Həmin mənzilin yerləşdiyi yer şəhərin mərkəzi küçələrinə çox yaxın olduğu üçün həmin ərazidə aylıq kirayələr yüksək məbləğdə olur. Evin daxili isə cavabdeh tərəfindən təmir olunduğu üçün mənzildə yaşayış üçün normal şərait mövcuddur. Həmin şəraitə uyğun qiymət müəyyən edilməmişdir.

20. İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 51 ünvanında yerləşən 9 saylı mənzil üzərində istifadə hüququna 18.000 manat kompensasiya ödənilməklə xitam verilməsi, Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları X11, X12 və X13 mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Cavabdeh1 mübahisəli mənzil üzərində istifadə hüququna 18.000 manat kompensasiya ödənilməklə xitam verilməsi barədə elektron kabinet vasitəsi ilə təqdim etdiyi ərizənin nəzərə alınmasını xahiş etdi.

23. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə ilk iddia üzrə cavabdehə və birləşdirilmiş iş üzrə üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur.

25. 01.10.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

27. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı: ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Xüsusi vurğulanmalıdır ki, qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri və ümumiyyətlə ictimai münasibətlərin müxtəlifliyini tam axıra kimi nəzərə ala bilməz. Qanunverici bütün halları əhatə edən və daim inkişafda olan hüquq münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da, bəzən bu obyektiv olaraq mümkün olmur. Bəzən elə əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquqtətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Beləliklə, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər; Yuxarıdakıları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, R.Ağalarovun E.Ağalarovaya (Zeynalovaya) qarşı kompensasiya ödənilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə iddiasına dair mülki iş üzrə Binəqədi rayon məhkəməsinin Mənzil Məcəlləsinin 123-cü maddəsində kompensasiya institutu nəzərdə tutulmadığından iddianın rədd edilməsini nəzərdə tutan xx.xx.2005-ci il tarixli qətnaməsi Konstitusiyanın 13, 29, 71,147 və 149-cu maddələrinin, Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin, habelə Mülki Məcəllənin 1.2, 11.1, 11.5 və 228.2-ci maddələrinin tələblərinə uyğun deyil.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarı: Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı işdə birinci iddia təmin olunduğundan, ikinci iddia rədd olunduğundan, apellyasiya şikayəti yalnız Cavabdeh1 tərəfindən verildiyindən və qətnamə tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı birinci iş üzrə ona aid hissədə, birləşdirilmiş iş üzrə isə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiya məbləği hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Kollegiya ilkin olaraq birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1, anası X3 tərəfindən qızı Lalə Şükürovaya (cavabdeh) Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 51-də yerləşən 9 saylı mənzilin bağışlanmasına dair xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh1 müqavilənin anası tərəfindən imzalanmadığını bildirsə də, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında verdiyi izahatında hansısa sənədə imza atdığını, amma bağışlama müqaviləsi barədə məlumatlı olmadığını, sadəcə evin bacısının adına keçməsinə razılıq verdiyini, evi bacısının adına keçirtdiklərini bildirmişdir.

34. İşdən göründüyü kimi, sözügedən mənzilə dair X2 mülkiyyət hüququ xx.xx.1997-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzilin bacısının adına rəsmiləşdirilməsinin ən rahat üsulu kimi ana və qızı arasında bağışlama müqaviləsinin bağlanmasından Cavabdeh1 məlumatlı olmaması inandırıcı deyil. Qeyd olunduğu kimi, Cavabdeh1 izahatında mənzilin bacısının adına keçirtdiklərini bildirmişdir.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu tələblə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

36. Birinci tələb üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 51 ünvanında yerləşən 9 saylı mənzildən Cavabdeh1 kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsini tələb etmişdir.

37. Mənzil tərəflərin anasının mülkiyyətinə keçdiyi zaman qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərinə əsasən Cavabdeh1 həmin mənzildən istifadə hüququ yaranmışdır. Tərəflər də bunu mübahisələndirmirlər.

38. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməqiymətləndirmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10-8344-9/8556 nömrəli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 43.8 m2 olan təmirli mənzilin mövcud bazar dəyəri təqribən 97.280 manat, aylıq icarə haqqının orta bazar qiyməti təxminən 450 manat məbləğində müəyyən olunmuşdur.

39. Kollegiya qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən kompensasiyanın məbləği müəyyən edilərkən məhkəmələr tərəfindən mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə oxşar şəraitə malik olan yaşayış sahəsində üç illik müddət daxilində yaşamaq imkanı nəzərə alınır.

40. Ekspert rəyi nəzərə alındıqda həmin məbləğ 16.200 manat (36 ay x 450 manat) təşkil edir.

41. Hazırda iddiaçı cavabdehə 18.000 manat məbləğində kompensasiya ödəməyə razı olduğunu bildir.

42. Məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rəyini və iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, hazırda təklif edilən 18.000 manat kompensasiya məbləği ədalətlidir. Qeyd edilməlidir ki, həmin məbləğ mənzilin təqribən 1/5 hissəsinin dəyərini təşkil edir və bu məbləğdən artıq məbləğin kompensasiya olaraq ödənilməsi öhdəliyinin mülkiyyətçinin üzərinə qoyulması artıq onun hüquqlarının pozulması ilə nəticələnəcəkdir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 472/2023 nömrəli qətnaməsi kompensasiya məbləği hissəsində dəyişdirilsin. Cavabdeh1 İddiaçı tərəfindən ödnilməli olan kompensasiyanın məbləği 18.000 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar