Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5661/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 14.750 ABŞ dolları məbləğində pul, habelə həmin pulun qaytarılmasının gecikdirilməsinə görə hər gecikdirilən il üçün 10 faiz məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 13.950 ABŞ dolları məbləğində pul ödəniş anında valyuta məzənnəsinə uyğun olaraq manatla cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edlən hissəsində ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində qətnamənin bir hissəsi – iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının pul tələbi 24.06.2017-ci il tarixli kredit müqaviləsinə əsaslanır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 14.750 ABŞ dolları məbləğində borc verir, cavabdeh isə bu pulu 24.07.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. Cavabdeh bildirir ki, əslində onunla iddiaçının arasında borc münasibəti olmayıb, mənzilin dəyişdirilməsi barədə müqavilədən əmələ gələn münasibət olub. Lakin cavabdeh kredit müqaviləsinin əhəmiyyətsiz əqd olduğunu təsdiq edən sübut təqdim etməyib və ya kredit müqaviləsinin mübahisələndirilən əqd kimi etibarsız sayılması barədə iddia verməyib. Odur ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etməlidir. Birinci instansiya məhkəməsi müəyyən edib ki, 14.750 ABŞ dolları məbləğində pulun bir hissəsi – 800 ABŞ dolları qaytarılıb. Ona görə həmin hissədə iddia rədd olunub, rədd edilən hissədə iddiaçı qətnaməni mübahisələndirməyib. Qalan 13.950 ABŞ dollarının qaytarılması sübut olunmur. Belə ki, cavabdeh 13.950 ABŞ dollarının ödənildiyini, iddiaçı isə ödənilmədiyini bildirir. Həmin pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür, lakin cavabdeh bu barədə sübut təqdim edə bilmir. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 442 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 13.950 ABŞ dollarının cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5661/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5661/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver