Məhkəmə qərarları › İş №2(103)-5667/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5667/2022

26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5667/2022 26.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 iyun 2022-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: (TƏSVİRİ HİSSƏ) a) İddia barədə məlumat

1. İddiaçı MMC, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün iddia ərizəsi ilə cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Alğı-satqı müqaviləsi” əsasında yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 64 manat, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 6 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, MMC-dən, dəyərinin 3 ay ərzində hissə-hissə ödənilməsi şərti ilə ümumi qiyməti 196,2 manat olan 1 ədəd "xxxx" markalı ütü almışdır. Ütü cavabdehə təhvil verilsə də, cavabdeh iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ütünün dəyərini MMC-yə qismən ödəmişdir. Nəticədə cavabdehin MMC-ya 64 manat məbləğində borcu yaranmışdır. Cavabdeh borcunu ödəməkdən qəsdən yayındığı üçün, MMC, onunla cavabdeh arasında bağlanmış müqaviləyə "xxxx" şərtlərinə əsasən cavabdehə 6 manat məbləğində cərimə hesablamışdır. MMC cavabdehə xəbərdarlıq məktubu göndərərək qeyd edilən məbləğin ödənilməsini cavabdehdən tələb etsə də borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bunun üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) İddiaya qarşı etiraz barədə məlumat

3. Cavabdehin nümayəndəsi (bacısı) Nümayəndə2 tərəfindən verilmiş etiraza əsasən, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasından iddia icraatına keçirilməsini qərara almışdır.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İİ qrup əlil və psixoloji qüsurlu olan cavabdeh ütü almaq qərarına gəldiyi zaman iddiaçı MMC-nin nümayəndələri ona 1 ay ərzində ediləcək ödənişin 63,40 manat təşkil etdiyini bildirmişdir. Cavabdeh də ütünün qiymətinin o qədər olduğunu hesab edərək ütünü almışdır. Sonradan isə ütünün qiymətini öyrəndikdə geri qaytarmaq istəmiş, lakin ütünün servisə göndərilməsi bəhanəsi ilə geri götürməmişlər. Bu səbəbdən cavabdeh məcburiyyət qarşısında qalaraq müəyyən qədər ödəniş etmişdir. O ödəniş etdiyi üçün ona ƏDV qəbzi verilməlidir. İddiaçı tərəf də ona ƏDV qəbzini verməmişdir. Sonra dəfələrlə müraciət etdikdən sonra ƏDV qəbzinin “whatsapp” vasitəsi ilə şəklini çəkib göndərmişlər. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. c) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Alğı-satqı müqaviləsi” əsasında yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 64 manat, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 6 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmasını qət etmişdir.

6. Qətnamə onunla əsaslandırmışdır ki, cavabdeh, onunla iddiaçı arasında bağlanmış müqavilənin predmeti olan ütünü MMC-dən alsa da, həmin müqavilə üzrə cavabdeh MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, MMC-yə hissəhissə ödəməli olan məbləği MMC-yə ödəməmişdir. d) Apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

8. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh iddiaçı MMC-yə olan borcunu tam həcmdə ödəmişdir. e) Apellyasiya baxışı iclasında tərəflərin iştirakı

9. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

10. Cavabdehin nümayəndəsi (bacısı) Nümayəndə2 Məhkəməyə müraciət edərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir.

11. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi müraciətdə qeyd olunanları təsdiq edə biləcək sübutlar (məsələn: tibbi arayış) təqdim etmədiyi üçün məhkəmə iclasının başqa tarixə təxirə salınması barədə onun xahişi təmin olunmamışdır.

12. İddiaçı MMC də işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

13. Göstərilənləri nəzərə almış Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbindən çıxış edərək işə, iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) İşdə olan sübutlar

14. İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən və işdə olan sənədlərdən görünür ki, cavabdeh, həmin müqaviləyə əsasən, MMC-dən, dəyərinin 3 ay ərzində hissə-hissə ödənilməsi şərti ilə ümumi qiyməti 196,2 manat olan 1 ədəd "xxxx" markalı ütü almışdır.

15. İddiaçı MMC, onun tərəfindən tərtib edilmiş və Rayon Məhkəməsinə təqdim etdiyi sənələrə əsasən bildirir ki, ütü cavabdehə təhvil verilsə də, cavabdeh onun qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ütünün dəyərini ona qismən ödəmişdir. Nəticədə cavabdehin MMC-ya 64 manat məbləğində borcu yaranmışdır. Cavabdeh borcunu ödəməkdən qəsdən yayındığı üçün, MMC, onunla cavabdeh arasında bağlanmış müqaviləyə "xxxx" şərtlərinə əsasən cavabdehə 6 manat məbləğində cərimə hesablamışdır.

16. MMC tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, MMC, qeyd edilən məbləğin ödənilməsini cavabdehdən tələb etmişdir.

17. "xxxx" görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

18. Etirazda və apellyasiya şikayətində cavabdeh bildirir ki, o, iddiaçı MMC-yə olan borcunu tam həcmdə ödəmişdir; hazırda onun MMC-yə borcu yoxdur. (ƏSASLANDİRİCİ HİSSƏ) g) Məhkəmənin mövqeyi

19. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, cavabdehin iddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən MMC-dən, dəyərinin 3 ay ərzində hissə-hissə ödənilməsi şərti ilə ümumi qiyməti 196,2 manat olan 1 ədəd "xxxx" markalı ütü alması işin mübahisəsiz halıdır. İddiaçı MMC bildirir ki, cavabdeh onun qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ütünün dəyərini ona qismən ödəmiş, nəticədə isə cavabdehin ona 64 manat məbləğində borcu yaranmışdır. Cavabdeh isə bildirir ki, o, iddiaçı MMC-yə olan borcunu tam həcmdə ödəmişdir; hazırda onun MMC-yə borcu yoxdur.

21. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (maddə 405.1.). Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (maddə 601.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan müqavilənin cavabdeh tərəfindən imzalanması işin mübahisəsiz halıdır. Bu baxımdan hesab edilməlidir ki, cavabdeh mübahisəli əmlaka görə müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti), yəni 196.20 manatı ödəməyi öhdəlik götürmüşdür. Cavabdeh öhdəliyin tam icra edildiyini bildirsə də, bununla bağlı sübutları Rayon Məhkəməsinə təqdim edə bilməmişdir. İşə Rayon Məhkəməsində baxılan zaman cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş qəbzlərin sürətindən görünür ki, cavabdeh xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixilərdə iki dəfə 63,40 manat məbləğində ödəniş etmişdir.

24. Bu baxımdan hesab edilməlidir ki, cavabdeh tərəfindən iddiaçı MMC-yə borcun tam həcmdə ödənilməsi sübuta yetmədiyindən Rayon Məhkəməsi cavabdehin bu dəlilini əsassız hesab etməkdə haqlı olmuşdur.

25. Ütünün razılaşdırılmış qiyməti 196,2 manat olması nəzərə alındığı halda müəyyən edilir ki, cavabdehin MMC-yə ödəmədiyi məbləğ (196,2 – 63,4 – 63,4=) 69,4 manat təşkil edir. Lakin iddiaçı MMC əsas borc olaraq 64 manatın tutulmasını tələb edir.

26. MPM-nin 218.3-cü maddəsinə görə, hakim (məhkəmə) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

27. Odur ki, qəbul edilməlidir ki, Rayon Məhkəməsi əsas borcun məbləğini MMC-nin iddia ərizəsində qeyd edilən məbləğdə müəyyən etməkdə haqlı olmuşdur.

28. İddiaçı MMC-nin digər tələbi cavabdehdən onun xeyrinə 6 manat məbləğində dəbbə pulunun tutulması barədədir.

29. İşə baxmış Rayon Məhkəməsi bu tələbi də təmin etmişdir.

30. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi və iddianın tam həcmdə rədd edilməsi xahiş edildiyindən, Məhkəmə, bu tələb ilə bağlı bildirir ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış müqaviləyə edilmiş və cavabdehin imzaladığı "xxxx" görünür ki, cavabdeh, MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək əsas borcun ödənilməsini gecikdirərsə, MMC, 20 manat məbləğində cərimənin ödənilməsini cavabdehdən tələb edə bilər.

31. Bu tələblə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).

32. İşin hallarından görünür ki, MMC-nin ödənilməsini tələb etdiyi cərimənin məbləği onunla cavabdeh arasında razılaşdırlmış məbləğ çərçivəsində və ağlabatan məbləğdədir. Məbləğ tənasübsüz surətdə yüksək deyil və nəinki MMC-nin, hətta cavabdehin həm əmlak mənafelərinə, həm də bütün əsaslı mənafelərinə uyğundur.

33. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi cərimə borcunu MMC-nin iddia ərizəsində qeyd edilən məbləğdə cavabdehdən tutularaq MMC-yə ödənilməsini qət etməkdə haqlı olmuşdur.

34. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə həmçinin qət etmişdir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı MMC-nin ödədiyi 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və bu məqsədlə cavabdehdən iddiaçı MMC-nin xeyrinə 30 manat məbləğində pul tutulmalıdır.

35. Məhkəmə MPM-nin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsinin müzakirə olunan bu nəticəsi əsaslıdır. Belə ki, qeyd edilən həmin prosessual normanın tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. h) Apellyasiya baxışının nəticəsi

36. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. (NƏTİCƏVİ HİSSƏ)

40. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 iyun 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar