Məhkəmə qərarları › İş №2(103)-5669/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5669/2021

21.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5669/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X5, Cavabdeh və nümayəndəsi vəkil X2, üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh (“xxxx” ASC 3cü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-684/2020 saylı işi üzrə 11 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC və üçüncü şəxs “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "İddiaçı” MMC arasında bağlanılan 16 noyabr 2017-ci il tarixində 164 N-li Müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, "İddiaçı” MMC ilə Cavabdeh arasında bağlanmış 16.11.2017-ci il tarixli müqaviləyə əsasən "əmlak istifadəçisi" Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayonu icra Hakimiyyəti Başçısının 26.11.2008-ci il tarixli 569 N-İİ Sərəncamı əsasında bağlanan kirayə müqaviləsi ilə onun istifadəsində olan ünvan 1 ünvanında yerləşən 90 kv.m ümumi sahədən ibarət yaşayış sahəsini sökülmək üçün "İddiaçı” MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "Tikinti şirkəti" tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. "Tikinti şirkəti" "İddiaçı" MMC ünvan 2 ünvanında verləşən "əmlak istifadəçisi"-nin istifadəsində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın küçəsində pəncərələri Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində və binanın 7,8,9 və ya 10-cu mərtəbələrində 125 kvm-lik ümumi sahəyə malik, təmirli mənzili "əmlak istifadəçisi"-nin istifadəsinə verməyi öhdəsinə götürür (səh.9), Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 26.11.2008-ci il tarixli 569 nömrəli sərəncamından görünür ki, Nərimanov RİH-nin Mənzil məsələləri üzrə ictimai komissiyasının Qarabağ küçəsindəki 9 N°-li evin, 2-ci mənzilinə dair 19.11.2008-ci il tarixli aktı təsdiq edilmiş, Qarabağ küçəsindəki 9 N-li evin, 2-ci mənzilinin ümumi sahəsi 90,0 kv.m, yaşayış sahəsi 62,3 kv.m, köməkçi sahəsi 27,7 kv.m olmaqla, 3 otaqlı hesab edilmiş, Sərəncamın 2-ci bəndinə uyğun olaraq mənzilin şəxsi maliyyə hesabında müvafiq dəyişikliklərin aparılması 37 Ns-li MKİS-ə tapşırılmış, Sərəncamın 2-ci bəndinə uyğun olaraq, vət. Cavabdeh adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tövsiyə olunmuş və Sərəncamın surətlərin, Hüquq şöbəsinə, 37 N-li MKİS-ə və vət. Cavabdeh göndərilməsi Ümumi şöbəyə həvalə edilmişdir (səh.13), "xxxx” ASC-nin "İddiaçı” MMC-yə ünvanlandığı 22.11.2018-ci il tarixli, 07/05-4078 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6138/2014 saylı icra sənədi üzrə tutma obyekti olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilin insatışı ilə bağlı xxxx” MMC tərəfindən hərraclar keçirilmiş, alıcı olmadığından "xxxx"xxxx"Maraqlı şəxs’ ASC təklifi qəbul etmişdir. Bununla bağlı 18.01.2018-ci il tarixində "xxxx’ MMC-də "Hərracın nəticələri haqqında yekun" Protokol və müvafiq qaydada "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Seriya RX No ******* saylı, 11.09.2018-ci il tarixli "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzili bankın xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən Bakı şəhəri. Nərimanov rayonu. Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinin söküntü zonasına düşdüyünü nəzərə alaraq ödəniləcək təzminatın köhnə mülkiyyətçiyə deyil, yeni mülkiyyətçi "Maraqlı şəxs" ASC-nin hesabına ödənilməsi xahiş edilmişdir (səh.17), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş RX seriyalı ******* N-li çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 saylı evin, 2 saylı mənzil xüsusi mülkiyyət kimi 11.09.2018- ci il tarixdə "xxxx” ASC-nin adına qeydiyyatdan keçmişdir (səh.18), Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1185/2019 saylı 16.04.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 16.11.2017-ci il tarixli müqavilə ilə müəyyən olunmuş şərtlərlə və məbləğdə kirayə haqqı cavabdeh "İddiaçı” MMC-dən Cavabdeh xeyrinə tutulması qət edilmişdir (səh.69) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-684/2020 saylı işi üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədə İddiaçı MMC və üçüncü şəxs “xxxx” ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-684/2020 saylı işi üzrə 11 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolegiyasının 2(103)-5381/2020 saylı işi üzrə 23.09.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-684/2020 saylı, 11 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı "İddiaçı” MMC və üçüncü şəxs "X10” ASC eyni məzmunlu kasasiya şikayətləri verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, "İddiaçı” MMC kasasiya şikayətində işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması, üçüncü şəxs "X10” ASC kasasiya şikayətində isə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Ali Məhkəmənin 2(102)-1516/21 saylı işi üzrə 06.04.2021-ci il tarixli qərarı ilə İddiaçı "İddiaçı” MMC-nin və üçüncü şəxs "X10” ASC-nin kasasiya şikayətləri qismən təmin edilmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2(103)-5381/2020 saylı qətnaməsi ləğv edilməsi, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Qərarda "İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 30.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2, 77.1, 407.2, 416; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 339.2-ci maddələrinə istinadəın qeyd edilmişdir ki, Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv arışdırmayıb.Belə ki, işdən görünür ki, Nərimanov rayonu, Qarabağ küçəsi, 9 saylı evin 2-ci mənzili cavabdehin mülkiyyətində olub. Nərimanov rayon İHB-nın 26 noyabr 2008-ci il tarixli, 569 saylı sərəncamı ilə sözügedən mənzilin yaşayış və köməkçi sahələri dəqiqləşdirilərək mənzilin 3 otaqlı, ümumi sahəsinin 90,0 kv.metr, yaşayış sahəsinin 62,3 kv.metr, köməkçi sahəsinin isə 27,7 kv.metr olması müəyyən edilib. Bundan sonra, 24 dekabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən üçüncü şəxs tərəfindən “xxxx” MMC 18 ay müddətinə 270000 ABŞ dolları məbləğində kredit xətti açılıb və 27 yanvar 2011-ci il tarixli əlavə razılaşmaya əsasən kredit xəttinin miqdarı artırılaraq 380000 ABŞ dolları müəyyən edilib. 24 dekabr 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən sözügedən kredit müqaviləsi və əlavə razılaşma üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi cavabdehin mülkiyyətində olan Nərimanov rayonu, Qarabağ küçəsi, 9 saylı evin 2 saylı mənzili ipotekaya qoyulub. Sonradan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli qətnaməsi ilə “X10” ASC iddiası təmin edilərək, borclu “xxxx” MMC sözügedən kredit müqaviləsi və əlavə razılaşma üzrə cəmi 544319,53 ABŞ dolları kredit borcunun tutulub “xxxx” ASC ödənilməsi və tutmanın digər ipoteka predmetlərinə, o cümlədən cavabdehin mülkiyyətində olan sözügedən mənzilə yönəldilməsi qət edilib. Daha sonra, 2(103)-6138/2014 saylı icra sənədi üzrə cavabdehin mülkiyyətində olan mənzilin satışı ilə bağlı "xxxx” MMC tərəfindən hərraclar keçirilib, lakin alıcı olmadığı üçün mənzil üçüncü şəxsə təklif edilib və sonuncu təklifi qəbul edib. 18 yanvar 2018-ci il tarixli "Hərracın nəticəli haqqında yekun” Protokola və "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı haqqında” müqaviləyə əsasən mənzili üçüncü şəxs əldə edib. 11 sentyabr 2018-ci il tarixli Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə üçüncü şəxsin adına qeydə alınıb. 16 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən, Nərimanov rayon İHB-nın 26 noyabr 2008-ci il tarixli, 569 saylı sərəncamı ilə cavabdeh istifadəsində olan Nərimanov rayonu, Qarabağ küçəsi, 9 saylı evin ümumi sahəsi 90 kv.metr olan 2 saylı mənzilini sökmək üçün iddiaçıya verməyi, sonuncu isə mənzili sökməyi və həmin ərazidə tikiləcək hündür mərtəbəli yaşayış binasının küncündən, pəncərələri Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsi tərəfə baxan və binanın 7; 8; 9 və ya 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 125 kv.metr olan təmirli mənzili cavabdehin istifadəsinə verməyi öhdəsinə götürüb. Apelyasiya instansiyası məhkəməsi, iddiaçının sözügedən müqavilənin bağlanması zamanı cavabdeh tərəfindən aldadılmasına dair məhkəməyə heç bir sübut təqdim etməməsini göstərsə də, gəldiyi nəticəni sadalanan sübutlara uyğun olaraq Mülki Məcəllənin 339.2-ci maddəsinin tələbləri baxımından kifayət qədər əsaslandırmayıb. Belə ki, həmin maddənin mənasına görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Maddənin mənasına görə aldatma dedikdə- şəxsin əsl həqiqəti gizlətməsi, müqavilə üzrə digər tərəfi hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etməsi anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur və bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Buna görə də belə əqdləri aldadılmış tərəf mübahisələndirə bilər. Müqavilənin etibarsızlığı dedikdə- onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda müqavilə müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, müqavilədə tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir və müqavilənin etibarlılığı üçün: müqavilənin subyektiv tərkibinin qanunilyi; müqavilənin məzmununun qanunilyi; müqavilə üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; həmçinin müqavilənin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Müqavilənin subyektiv tərkibinin qanunilyi- müqavilənin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Müqavilənin məzmunu dedikdəmüqavilədə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Hər bir halda müqavilədə iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, müqavilə mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər.İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxslərin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadəsi istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, Mülki Məcəllənin 339.1, 339.3, 339.4-cü maddələri). Apelyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 337.1, 404.1 və 404.2-ci maddələrinin tələblərini pozaraq, sözügedən müqavilənin etibarlılığı şərtlərini tam, hərtəfli və obyektiv araşdırmadan, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, eləcə də tərəflər arasında sözügedən müqavilə bağlanarkən mübahisəli mənzilin 24 dekabr 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən üçüncü şəxsin xeyrinə ipoteka qoyulmasını, 11 sentyabr 2018-ci il tarixli Çıxarışa əsasən mənzilin sonuncunun mülkiyyətində olmasını nəzərə almadan, bir sözlə cavabdehin ipoteka saxlayan üçüncü şəxsin yazılı razılığı olmadan iddiaçı ilə müqavilə bağlayaraq sözügedən mənzili sökmək üçün sonuncuya təqdim edib, əvəzində mənzilin yerində tikilicək binadan ümumi sahəsi 125 kv.metr olan təmirli mənzil əldə etməsi barədə üzərinə öhdəlik götürməklə, faktiki olaraq özünə aid olmayan mənzil üzərində sərəncam verməklə yanaşı, borclu "xxxx” MMC "X10” ASC olan 544319,53 ABŞ dolları kredit borcunu təminatsız buraxmışdır. Halbuki, yuxarıda qeyd olunan normanın mənasına görə, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər. Eyni zamanda Mülki Məcəllənin 205.2-ci maddəsində göstərilir ki, tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Göründüyü kimi sözügedən kredit məbləğinin ödənilməsi üçün tutma mübahisəli mənzilə 2(103)-6138/2014 saylı icra sənədinə əsasən yönəldilib və tutmanın yönəldiyi həmin mənzilə mülkiyyətçi kimi cavabdehin mülkiyyət hüququna, həmin mənzil üzərində üçüncü şəxsin mülkiyyət hüququnun əmələ gəldiyi andan, yəni 11 sentyabr 2018-ci il tarixdən xitam verilib. Həmçinin, apelyasiya instansiyası məhkəməsi, Nərimanov rayon İHB-nın 26 noyabr 2008-ci il tarixli, 569 saylı sərəncamına istinad edərək, tərəflər arasında sözügedən müqavilə bağlanarkən iddiaçının mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə cavabdehin mülkiyyətində olduğunu, həmin mənzilin üçüncü şəxsin xeyrinə ipoteka qoyulduğunu bilməsini, sözügedən müqavilənin cavabdehin mənzilə olan istifadə hüququna görə bağlanmasını, yəni yeni tikiləcək binadan ona ümumi sahəsi 125 kv.metr olan təmirli mənzilin istifadə hüququna görə verildiyini göstərsə də, gəldiyi nəticəni tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq kifayət qəbər əsaslandırmayıb. Belə ki, əvvəla, həmin müqavilənin predmeti adlanan 1.1.1-ci bəndində göstərilir ki, cavabdeh sözügedən mənzilə olan istifadə hüququnu deyil, məhz mənzilin özünü sökmək üçün iddiaçıya təhvil verib. Yəni tərəflər arasında müqavilə mənzili sökmək üçün bağlanıb. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi, sözügedən müqavilə bağlanarkən cavabdehin mənzili 24 dekabr 2010-cu il tarixdən üçüncü şəxsin xeyrinə ipoteka qoymasını iddiaçıya bildirib-bildirməməsi ilə bağlı işin hallarını kifayət qədər araşdırmadan, onun borclu "xxxx” MMC təsisçiləri, habelə qanuni təmsilçisi ilə hər hansı bağlığının olub-olmamasına aydınlıq gətirmədən, iddianı rədd etməklə faktiki olaraq üçüncü şəxsin mülkiyyətində olan mənzili onun xeyrinə güzəştə gedib. Halbuki, mülki qanunvericiliyə görə, borclu "xxxx” MMC əvəzinə kredit borcunun bir hissəsi məhz cavabdehə aid mənzilin dəyəri hesabına ödənildiyi üçün o, həmin mənzilin dəyərini və çəkdiyi digər zərərin əvəzinin ödənilməsini borclu "xxxx” MMC tələb edə bilər.İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, 2017-ci ildə tərəflə müqavilə bağlanıldığını, bu zaman cavabdehin evin ona məxsus olduğunu və onun istifadəsində olduğunu bildirdiyini, bu səbəblə də sərəncam əsasında müqavilə bağlanıldığını, müqavilə bağlanılan zaman evin yüklü olmasından xəbərsiz olduqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X6 əmlakın mülkiyyətçisinin bank olduğunu, cavabdehin müqavilə bağlanan zaman mənzilin yüklülüyü barədə məlumat vermədiyini, beləliklə də onların mülkiyyətçi kimi hüquqlarının pozulduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, müqavilə bağlanan zaman mənzilin onun mülkiyyətində olduğunu, İddiaçı MMC-yə mənzilin yüklü olması barədə məlumat verdiyini, hazırda İddiaçı MMC-nin işçi heyyətinin dəyişdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X2 apellyasiya şikayətini qəbul etməyərək, bu səbəblə də evin artırılmasına dair Sərəncam əsasında müqavilənin bağlanıldığını, müqavilə bağlanan zaman Forma 1 arayışını verə bilmədiklərini, buna görə də qarşı tərəfin evin yüklü olmasından xəbərdar olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 138-158, 203.3.1, 205, .307,311-315, 324, 337- 354,385-389, 420, 560, 646-649, 661- 665; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 224, 372, 385, 386, 388 və 390, 420-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu anlamda diqqətə çatdırılmalıdır ki, mülki icraatın hədləri baxımından cavabdeh tərəfindən mübahisələndirilən dəlillərin inkar edilməsi və iddiaçı tərəfindən mülkün yüklülüyü barədə məlumatlı olması məhkəmənin özü tərəfindən müəyyən edilməsi mümkün deyildir. Qeyd edilən xüsusatlar cinayət təqibi çərçivəsində araşdırmanın predmeti ola bilər ki, belə araşdırmanın nəticəsi və ya araşdırma nəticəsində hazırki mülki icraat baxışına təsir edəcək amilər (sübutedici faktlar) müəyyən edilmir. Kassasiya instansiya məhkəməsinin baxış hədləri və qəbul etdiyi məhkəmə aktı apellyasiya instansiyasında sərgilənən mövqeyin əksinə olmuşdur. Qeyd edilməlidir ki, bu qərarda əks edilən xüsusatlara dair tərəflər əlavə sübutlar təqdim etməmiş, bağlanılmış əqd imzalanan zaman iddia edilən qüsurları istisna edən hallar müəyyən edilməmişdir. Mülki qanunvericiliyə görə əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır və öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən məcburi alınmasına yönəlir. Mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və ya məhkəmə qərarına əsasən həyata keçirilir. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində müqavilənin tərəfini şübhəsiz və ya məhkəmə qərarı ilə müəyyənləşdirilmiş tələblərin əvəzləşdirilməsi hüququndan məhrum edən müddəalar (qarşılıqlı tələblərin əvəzləşdirilməsinin qadağan edilməsi) etibarsız sayılır. Müqavilə üzrə tərəfdaşların nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olması şərtlərinə müqavilənin bağlılığı, habelə qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya instansiyasının göstərişlərinə müvafiq normativ və faktiki əsaslara uyğun əlavə qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və yeni qətnamə qəbul edilməsinə təkzibedilməz əsaslar müəyyən edir. Belə ki, müqavilə bağlanılan zaman əmlakın ipoteka yüklülüyündə olması barədə cavabdehin iddiaçıya məlumat verməsi heç bir sübutlarla təsdiq edilmir. Müqavilə bağlanılan zaman iddiaçıya bu məlumatın verilməməsi isə sonuncunu əlavə olaraq üçüncü şəxslərlə (“xxxx”la) mülki münasibətlərə daxil olmağa vadar etmiş və bununlada müqavilədə nəzərdə tutulmayan hərəkətlərin edilməsinə yönəltmişdir (iddiaçının vəziyyətin ağırlaşdırmış və əlverişsiz şəraitə düçar etmişdır). Diqqətə çatdırılmalıdır ki, müqavilə bağlanılan zaman cavabdehin mülkiyyətində olan əmlakın artıq borca yönəlməsi barədə məhkəmə qərarı olmuş və mülkiyyətindən məhrum olunma barədə gözləntilərinə rəğmən cavabdeh hüquqlarından sui-istifadə etməməli (vicdanlı rəftara uyğun hərəkət etməli) olduğu halda iddiaçını aldatmışdır. Beləliklə, müqavilə bağlanılan zaman cavabdehin hüquqlarının məhdud olması onu istifadə hüquqlarındanda yararlanmağa hüquqi zəmin yaratmamış, bağladığı əqdin əhəmiyyətsizliyin müəyyən etmiş, əhəmiyyətsiz müqavilənin isə sonradan iddiaçı tərəfindən təsdiq edilməməsi onun etibarsızlığın şərtləndirir. Ona görə İddiaçı MMC və üçüncü şəxs “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilərək Cavabdeh ilə "İddiaçı” MMC arasında bağlanılan 16 noyabr 2017-ci il tarixində 164 N-li Müqavilə etibarsız hesab edilməlidir. Hazırki mülki işin icraatı zamanı sübutlar müəyyən edilmədiyindən etibarsızlığın nəticələri müzakirə (tətbiq) edilmir və tərəflər arasında mübahisə olduğu təqdirdə digər məhkəmə çəkişməsinin predmeti olması istisna edilmir. Məhkəmə xərclərinə dair kollegiya hesab edir ki, tələb və apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumuna dair məhkəmə xərcləri onu ödəyənlərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı MMC və üçüncü şəxs “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-684/2020 saylı işi üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh (“xxxx” ASC 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ilə "İddiaçı” MMC arasında bağlanılan 16 noyabr 2017-ci il tarixində 164 N-li Müqavilə etibarsız hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar