Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5671/2023 29.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(011)-1106/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh tərəfindən 30 sentyabr 2022-ci il tarixdə iddiaçıya məxsus yaşayış sahəsində qaz sayğacına baxış keçirilmiş və ******* nömrəli akt tərtib edilmişdir. Həmin akt ilə qeydiyyatsız qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkarlandığı üçün dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Hesablanmış borcun məbləği isə 2344.32 manatdır. İddiaçı hesablanmış borcun 945 manatını ödəmişdir. İddiaçı iddia etmişdir ki, tərtib olunmuş akt və onun əsasında hesablanmış borc qeyri-qanuni olduğundan silinməli, ödədiyi məbləğ isə geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılaraq iddia tələbi təmin edilmiş, cavabdeh isə həmin qətnamə ilə razılaşmayaraq, apellyasiya şikayəti vermişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 2344,32 (iki min üç yüz qırx dörd manat otuz iki qəpik) manat məbləğində borcun silinməsi və ödədiyi 945 (doqquz yüz qırx beş) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Abşeron rayonu, Masazır kəndində yerləşən evdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur. Həmin evə cavabdeh tərəfindən qaz xətti çəkilmiş və onunla “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında alqı-satqı barədə” müqavilə imzalanmışdır. Qeyd olunan müqavilənin şərtlərinə əsasən onun ünvanında qaz sayğacı quraşdırılmışdır. O, hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Cavabdehin işçiləri tərəfindən 30 sentyabr 2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta görə guya o, təbii qazdan qeyri-qanuni (sayğacdan kənar xətt vasitəsilə) istifadə etmişdir. Akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Akta əsasən onun ünvanına həmin tarixə 2344,32 manat həcmində zərər hesablanmış və onun **********00051 saylı istehlakçı hesabına borc kimi qeyd edilmişdir. Qaz təchizatının dayandırılması hədə qorxusu ilə ona həmin borcdan məcburi qaydada 945 manat məbləğində pul vəsaiti ödətdirilmişdir. Bununla da, onun 3 aylıq maddi-iqtisadi vəziyyəti zəifləmişdir. Göstərilənlərə əsasən hesab edir ki, cərimə əsassız olduğundan silinməli, ödənilmiş 945 manat pul vəsaiti ona geri qaytarılmalıdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qərardad qəbul edilərək, iş üzrə məhkəmə-trassoloji ekspertizası təyin edilmiş, icraat dayandırılmış, ekspert rəyi alındıqdan sonra isə icraat təzələnmişdir.
5. Həmin ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində gözlə görünən sınma, qırılma və aralama izləri müşahidə edilməmişdir. Sayğacın yuxarı hissəsində olan metal bərkidicinin üzərində olan qəlibin (möhürün) sıxılması nəticəsində əks olunmuş plomb vardır və onun tamlığı pozulmamışdır. Təqdim edilən qaz sayğacının üzərində olan plombun üzərində zədə olmadığından sayğaca müdaxiə edilməmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 iyul 2023-cü il tarixli, 2(011)-1106/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia tələbi təmin edilmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə və keçirilmiş ekspertizanın nəticəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsasdır. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız və qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Lakin qeyd olunanlar, həmçinin təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
14. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 101.3. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və izah edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə isə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
21. Belə ki, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən 30 sentyabr 2022-ci il tarixdə iddiaçıya məxsus yaşayış sahəsində qaz sayğacına baxış keçirilmiş və ******* nömrəli akt tərtib edilmişdir. Həmin akt ilə qeydiyyatsız qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkarlandığı üçün dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Hesablanmış borcun məbləği isə 2344.32 manatdır. İddiaçı qazın paylanılmasının dayandırılmaması üçün həmin hesablanmış borcun 945 manatını ödəmişdir. Hazırda isə iddiaçı iddia edir ki, tərtib olunmuş akt və onun əsasında hesablanmış borc qeyri-qanunidir, ödədiyi məbləğ isə geri qaytarılmalıdır.
22. Görünüdüyü kimi iddiaçının tələbi iki hissədən ibarətdir. Birinci hissə hesablanmış 2344.32 manat məbləğində borcun əsassız hesab edilərək silinməsindən, ikinic hissə isə ödənilmiş 945 manat məbləğində pul vəsaitinin onun xeyrinə cavabdehdən tutulmasından ibarətdir.
23. Tələbin birinci hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
24. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur.
25. Sübutların toplanması və təqdim edilməsi yükü isə tərəflərin üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. İddiaçının tələbinin əsaslı olması keçirilmiş ekspertizanın nəticələrindən müəyyən edilsə də, cavabdeh etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apellyasiya şikayətini formal mülahizələrlə əsaslandırmışdır.
27. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin 15 may 2023-cü il tarixli rəyindən iddiaçıya məxsus yaşayış sahəsində quraşdırılmış sayğaca müdaxilənin olunmadığı müəyyən edilir. Ekspert rəyi isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə görə məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlara daxildir və digər sübutlarla yanaşı qiymətləndirilməlidir.
28. Lakin cavabdeh məhkəməyə araşdırma zamanı tədiqiq olunan ekspert rəyinin əsaslılığını şübhə altına salan hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, cavabdeh apellyasiya şikayətinin dəlillərində sadəcə sayğacın saldolarının, aktların və fotoşəkillərin sübut qismində araşdırlmamasını qeyd etmişdir. Cavabdeh tərəfindən qeyd olunanlar isə iddia tələbinin əsaslığını təkzib edə biləcəy mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki abonentin saldosu hesablanmış və ödənilmiş borcları, tərtib olunmuş akt keçirilmiş yoxlamanın nəticələrini göstərir və həmin sənədlər istehlakçının, yəni iddiaçının adına hesablanmış borcun əsaslı olmasını təsdiq etmir. Cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərdə isə mübahisənin nəticəsi üçün əhəmiyyət kəsb edəcək hallara rast gəlinmir.
29. Odur ki, cavabdeh tərəfindən iddiaçının adına hesablanmış borc əsassızdır və silinməlidir.
30. Tələbin ikinci hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus abonent saldosundan iddiaçının 2022-ci ilin sentyabr ayının əvvəlinə borcunun mövcud olamadığı müəyyən edilir. Həmçinin həmin saldodan sentyabr ayının sonunda cavabdeh tərəfindən iddiaçının hesabında 2344.32 manat məbləğində borcun hesablandığı, iddiaçı tərəfindən isə həmin borcun 945 manatının ödənildiyi müəyyən edilir. Nəticədə hesablanmış borc məhkəmə tərəfindən əsassız hesab edildiyindən, həmin borcun ödənilmiş hissəsi, yəni 945 manat məbləğində pul vəsaiti də, iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.
31. Göründüyü kimi qeyd olunanlar birinci instansiya məhkəməsinin mülki prosessual qanunvericiliyə və tədqiq olumuş sübulara əsaslanaraq, yekunda düzügün nəticəyə gəldiyinə dəlalət verir. Cavabdeh isə apellyasiya şikayətində formal mülahizələrə əsaslanmış, etirazının dəlillərini sübut edə bilməmişdir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Həmçinin həmin məcəllənin 402-ci maddəsinə əsasən məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(011)-1106/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.