Məhkəmə qərarları › İş №2(103)-5673/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5673/2020

12.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5673/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-929/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı onunla cavabdeh arasında Bakı şəhəri 18 saylı notariat kontorunun xüsusi notariusu Cavanşir Məlikov tərəfindən təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Pakistan Milli Bankının Bakı filialı ilə xx.xx.2011-ci il tarixdə 12 ay müddətinə illik 17 faiz ödənilmək şərti ilə 200.000 manat kredit müqaviləsi bağlamaqla Cavabdeh mülkiyyətində olan G.Mehmandarov küçəsi, ev 54, mənzil 112 ünvanda yerləşən üç otaqlı mənzilini onun özünün razılığı ilə ipotekaya qoymuşdur. Həmin mənzil 46,74 kv.metr olmaqla 80.000 manat qiymətləndirilməklə Pakistan Milli Bankının Bakı Filialına ipoteka qoyulmuşdur. Onun biznes əlaqələri zəiflədiyinə görə bu günə kimi qeyd edilən krediti ipoteka saxlayana ödəyə bilməmişdir. Buna görə də Cavabdeh onu məcbur etmişdir ki, onunla guya 80.000 manat borc pul verməsi ilə bağlı notariatda təsdiq edilməklə borc müqaviləsi bağlasın. İddiaçı məcburiyyət qarşısında qalaraq xx.xx.2016-cı il tarixdə onunla guya 80.000 manat iddiaçıya borc pul verməsi ilə bağlı borc müqaviləsi bağlamışdır. Hazırda həmin müqavilə əsasında cavabdeh notariusda icra qeydi çıxartdırmaqla həmin pulun ona verilməsini tələb edir. İddiaçı cavabdehdən hər hansı məbləğdə pul almamış, yalnız onun götürdüyü kreditin təminatı kimi onun mülkiyyətində olan yuxarıda qeyd etdiyi mənzili ipoteka ilə yüklü etdirmiş, hal-hazırda da həmin evdə də cavabdeh faktiki yaşayır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-929/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində knüllü icra etməsi barədə ona göndərilən bildirişi aldıqdan sonra o, qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bununla da iddia müddətini ötürməmişdir. Həmçinin iddiasının əsası kimi cavabdehlə aralarında olan münasibətləri əsaslandırmaq üçün cavabdehin evinin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinin sutərini də iş materiallarına əlavə etmişdir. Bununla bağlı məhkəmə iclasında dindirilmiş şahid ifadəsinə və qeyd edilən ipoteka müqaviləsinə birinci instansiya məhkəməsi qiymət verməmişdir. İddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək çıxışını onun məzmununa uyğun etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən xx.xx.2016-cı il tarixli kredit müqaviləsi ilə Cavabdeh İddiaçı 80.000 manat məbləğində pul borc verir, borcalan isə krediti xx.xx.2017ci il tarixədək qaytarmağı öhdəsinə götürür. İddiaçı məhz sözügedən müqavilənin, yəni xx.xx.2016-cı il tarixli müqavilənin mahiyyətcə qeyri-obyektiv olmasını və həqiqəti əks etdirmədiyini, yəni görünüş üçün bağlandığını irəli sürməklə onun etibarsız hesab olunmasını xahiş etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hal, yəni xx.xx.2016-cı il tarixli müqavilənin görünüş üçün bağlandığı sübuta yetirilməmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 340.2-ci maddəsinə görə isə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya zorakılıqdan, yaxud ağır vəziyyətdən istifadə olunmasından və ya başqa əqdi pərdələmək istəyindən bəhs etmək mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının müqavilənin etibarsızılığına əsas kimi göstərdiyi hallar müqavilənin digər tərəfinin (cavabdehin) təqsirli (mülki qanunvericiliyin prinsiplərinə zidd olan) hərəkətlərindən qaynaqlanmamışdır və bu səbəblə də kollegiyanın qənaətinə görə həmin tərəfin mənafelərinin xələl görməsinə səbəb ola bilməz. Şərh olunanlarla yanaşı kollegiya hesab edir ki, apellyator tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Qeyd olunmalıdır ki, müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X2 Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddiaçı qeyd edilən müqavilənin mövcudluğu xx.xx.2016-cı ildən məlum olmasına baxmayaraq, hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Kollegiya apellyatorun iddia müddətini ötürmədiyi barədə dəlilini əsassız hesab edir, belə ki, iddiaçı müqavilənin etibarsız olmasını onun başqa əqdi pərdələmək üçün bağlanması ilə əsaslandırır, bu isə o deməkdir ki, müqavilənin etibarsızlığına əsas ola bilcək hal iddiaçıya müqavilə bağlanan andan məlum olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-929/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar