Məhkəmə qərarları › İş №2(103)-5673/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5673/2023

07.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5673/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun müdafiəsi və sair” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “pulun ödənilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mülkiyyət hüququnun müdafiəsi və sair”; “pulun ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-137/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı ara məsafə gözlənilmədən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarına bitişik vəziyyətdə cavabdehin tikdirdiyi 4 mərtəbəli tikilinin onun öz vəsaiti hesabına sökülməsi və üzərinə qanunvericilikdə nəzərdə tutulan icazə sənədləri alındıqdan sonra, ara məsafəsi normalarına riayət etməklə tikili tikmək vəzifəsinin qoyulması barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Cavabdeh İddiaçı qarşı aldatma yolu ilə ona vurduğu 7000 manat məbləğində maddi ziyan faktının yoxlanılması barədə xüsusi qərardad çıxarılaraq, prokurora məlumat verilməsi və iddiaçının fərdi yaşayış evində etdiyi təmir-tikinti işlərinə görə xərclədiyi 7000 manat məbləğində pulun tam olaraq ona ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-137/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Pərviz Zamanlı) ilə ilkin iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında Cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin ünvan 3 ünvanında İddiaçı paylı mükiyyətində olan fərdi yaşayış evinə bitişik olan hissəsi (Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi istiqamətində Cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin İddiaçı paylı mülkiyyətində olan fərdi yaşayış evinin mətbəx otağına bitişik olan hissəsi) Cavabdeh vəsaiti hesabına sökülməsi qərara alınmış,iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qarşılıqlı iddia tələbi təmin edilməmiş, 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

4. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə qərəzli yanaşaraq yalnız iddiaçının mövqeyindən çıxış edərək, təqdim edilmiş sübutlara qiymət verməmişdir. Bundan başqa, tərəflər şifahi qaydada razılaşmışlar ki, o öz evini iddiaçının evinə bitişik inşa etməsinə görə onun həyətində müəyyən işlər görəcəkdir və razılığa əməl edərək 7000 manatlıq təmir-tikinti işləri aparmışdır, lakin bu məhkəmə tərəfindən nəzərə alınmamışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, o, 3 ildir ki, Xətai rayonu, Qafqaz küçəsi, 39/2B ünvanında yaşayır, iddiaçı ilə qonşudur, evi iddiaçının evi ilə yan-yanadır. Evi alanda ev çox yararsız vəziyyətdə olmuşdur, o, evi söküb, fundamentini betonlamış, kubik daşı ilə yuxarıya qədər hörmüşdür, onun evinin iddiaçının evinə hər hansı maneəsi yoxdur. O, bu işləri iddiaçının razılığı ilə etmiş, hətta iddiaçının həyətində 7000 manatlıq işlər görmüşdir. Evi söküb tikəndə iddiaçı ilə şifahi razılığı olmuşdur. Onun həyətində hamam, sanitar qovşağı, rəngləmə, hasar, suvaq işləri görmüş, mətbəxinə lambir vurdurmuşdur. İşləri 2021-ci ilin may ayında başlamış, 1 il qabaq isə yekunlaşdırmışdır. İşləri bitirəndən sonra iddiaçının ona münasibəti dəyişmiş, başqa tələblər irəli sürmüşdür.

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi, bildirdi ki, cavabdeh tərəfindən sökülən divarın iddiaçının evinə nə indi, nə də gələcəkdə hər hansı mənfi təsiri olmayacaqdır. İddiaçının evinə su cavabdehin evinə bitişik olan divardan deyil, evin damından sızmışdır.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi və bildirdi ki, onun mətbəxinə aid divar ilə cavabdehin evinin divarı bitişikdir, nəticədə evini su basmış, ona görə mətbəxin divarına və tavanına çəkilmiş boya nəmişlikdən qopmuş, mebellər qaralmışdır, evi normal işıq görmür, havalanmır. O, bir ildən çoxdur ki, əziyyət çəkir, vəziyyəti çox acınacaqlıdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

9. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər iddiaçının mərhum əri X1 mülkiyyətində olmuş, onun ölümündən sonra fərdi yaşayış evinin (bundan sonra - Fərdi yaşayış evi) 1/6 hissəsi vərəsəlik əsasında iddiaçının mülkiyyətinə keçmiş, 5 paydan ibarət qalan hissələr isə digər vərəsələrin mülkiyyətindədir. İddiaçının fərdi yaşayış evinin 1/6 hissəsinə dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

10. Fərdi yaşayış evinin qonşuluğunda, onun sol divarına bitişik vəziyyətdə, ünvan 5 ünanında cavabdeh tərəfindən 4 mərtəbədən ibarət fərdi yaşayış evi inşa edilmişdir. Həmin evə dair hər hansı hüquq müəyyənedici sənəd yoxdur, yalnız evin əldə olunması barədə Vüsal Əliyev və iddiaçı (üç nəfər şahidin imzası ilə) arasında xx.xx.2021-ci il tarixli notarial qaydada bağlanmayan evlərin alğı-satqı barədə müqavilə və 66 saylı MKİS tərəfindən evin sxemi mövcuddur.

11. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/7828 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, ünvan 5 ünvanında cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından yaşayış evinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilir. Həmçinin həmin ünvanda cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçıya məxsus fərdi yaşayış evinin istismarına hər hansı maneə (təbii işıqlandırma, havalandırma, giriş-çıxışa mane olam və s.) törədib-törətməməsi məsələsinin müəyyən olunması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından bu hissədə tədqiqat aparılmadı.

12. Mülki işdə olan yerli müayinə protokolundan görünür ki, cavabdehə məxsus 4 mərtəbəli tikili iddiaçıya məxsus evin divarına bitişik vəziyyətdədir. Cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin bir hissəsi evlərin yerləşdiyi torpaq sahəsini ayıran daş hasarın üzərində inşa edilmiş, eyni zamanda cavabdehin inşa etdiyi fərdi yaşayış evinin divarının (tərəflərin fərdi yaşayış evlərinin ümumi yola tərəf olan istiqamətdə) sağ arxa divarının bir hissəsi iddiaçıya məxsus Fərdi yaşayış evinin qabaq sol hissəsində yerləşən mətbəx otağının divarının üzərində inşa edilmiş, mətbəx otağının divarlarına və tavanına çəkilmiş boya nəmişlikdən qopmuş, həmçinin mətbəx otağının divarına quraşdırılmış mebellər qaralmışdır.

13. Azərbycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X2 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli Xətai Rayon Məhkəməsinin 2(011)-137/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən verilmiş ünvan 6 ünvanında cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evində aparılmış laborator müayinələrin nəticəsi olaraq, İddiaçı yaşadığı mənzilin yataq və qonaq otaqlarına ölçmələr aparılmışdır. Yataq otağının pəncərəsi açıq vəziyyətdə olduqda hava cərəyanının sürəti 1,0; 1,1; m/s, pəncərə bağlı vəziyyətdə 0,01; 0,02 m/s (norma 0,3 m/s), işıqlanma 57,6 Lk (norma 150 Lk), qonaq otağında hava cərəyanının sürəti pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə bağlı vəziyyətdə 0,02; 0,03 m/s (norma 0,3 m/s), işıqlanma 86,4; 89,4 Lk (norma 150 Lk) olmuşdur (i/v 134). Tətbiq edilən maddi hüquq normaları:

14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İİ və İV hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

19. Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

21. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən ilkin iddia tələbinin təmin edilən hissəsində və qarşılıqlı iddia tələbi hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, mülki iş materiallarında olan Azərbycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X2 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli Xətai Rayon Məhkəməsinin 2(011)-137/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən verilmiş ünvan 6 ünvanında cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evində aparılmış laborator müayinələrin nəticəsindən məlum olur ki, İddiaçı yaşadığı mənzilin yataq otağının pəncərəsi açıq vəziyyətdə olduqda hava cərəyanının sürəti 1,0; 1,1; m/s, pəncərə bağlı vəziyyətdə 0,01; 0,02 m/s, halbuki norma 0,3 m/s-dir, işıqlanma 57,6 Lk-dır, halbuki norma 150 Lk olmalıdır, qonaq otağında hava cərəyanının sürəti pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə bağlı vəziyyətdə 0,02; 0,03 m/s-dir, lakin norma 0,3 m/s olmalıdır, eləcə də işıqlanma 86,4; 89,4 Lk-dır, lakin norma 150 Lk-dır. (i/v 134).

24. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış yerli müayinə protokolundan görünür ki, cavabdehə məxsus 4 mərtəbəli tikili iddiaçıya məxsus evin divarına bitişik vəziyyətdədir. Cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin bir hissəsi evlərin yerləşdiyi torpaq sahəsini ayıran daş hasarın üzərində inşa edilmiş, eyni zamanda cavabdehin inşa etdiyi fərdi yaşayış evinin divarının (tərəflərin fərdi yaşayış evlərinin ümumi yola tərəf olan istiqamətdə) sağ arxa divarının bir hissəsi iddiaçıya məxsus Fərdi yaşayış evinin qabaq sol hissəsində yerləşən mətbəx otağının divarının üzərində inşa edilmiş, mətbəx otağının divarlarına və tavanına çəkilmiş boya nəmişlikdən qopmuş, həmçinin mətbəx otağının divarına quraşdırılmış mebellər qaralmışdır.

25. Beləliklə, mülki iş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh inşa etdiyi evin yan divarının bir hissəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün özbaşına tikilmiş evin divarından süzən yağış sularının icəriyə axması nəticəsində iddiaçının evinin mətbəx otağı zədələnmiş, bununla da onun mülkiyyət hüququ pozulmuşdur.

26. Bu səbəbdən, iddiaçı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bütövlükdə deyil, yalnız onun mülkiyyət hüquqlarını pozan həcmdə, yəni onun fərdi yaşayış evinə bitişik olan hissəsinin sökülməsini tələb etməkdə, rayon məhkəməsi də yuxarıda qeyd edilən sübutlara əsasən cavabdeh tərəfindən inşa edilmiş tikilinin bir hissəsi iddiaçının mülkiyyət hüquqlarını pozduğu üçün iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur, bu səbəbdən, Cavabdeh apellyasiya şikayətinin dəlili həmin hissədə əsassızdır.

27. Cavadehin apellyasiya şikayətinin digər dəlili, yəni tərəflərin öz aralarında onun özbaşına tikili olan evi iddiaçının fərdi yaşayış evinə bitişik inşa etməsinə görə iddiaçının həyətində təmir tikinti işləri görməsi müqabilində razılaşması, onun da iddiaçının həyətində bunun müqabilində 7000 manatlıq təmir işləri görməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri üzrə isə, rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, bu səbədən, apellyasiya şikayəti həmin hissədə də əsassızdır və təmin edilməməlidir. Nəticə:

28. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ilkin iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-137/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar