Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5676/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Nizami Rayon Məhkəməsinin 2(007)-1922/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsindəki satış sahəsi 98.86 kv.m olan 2 otaqlı 16 nömrəli mənzilin eyvanında quraşdırılmış şüşə məhəccərin Cavabdeh öz vəsaiti hesabına sökülməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Nizami Rayon Məhkəməsinin 2(007)-1922/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir.
3. Həmin qərardaddan iddiaçının verdiyi şikayət Məhkəmənin eyni saylı, xx.xx.2024ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
5. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş materialları sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
6. Hazırkı iş üzrə icraata xitam verən rayon məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbini əsaslandırarkən istinad etdiyi xx.xx.2023-cü il tarixli müqavilənin 2.2-ci bəndində və ümumiyyətlə müqavilədə cavabdehin “loja və eyvanların şüşələnməməsi”nə dair öhdəlik götürməsi ilə bağlı müddəa qeyd olunmamışdır. Yəni iddiaçının nümayəndəsi hazırkı iddia tələbinin müqavilə üzrə öhdəliyin pozulmasından irəli gəldiyi ilə əsaslandırsa da, tərəflər arasında bağlanılmış müqavilədə bununla bağlı hər hansı müddəa müəyyən edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı odur ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi yanğın təhlükəsizliyi ilə bağlı qaydaların pozulması ilə bağlı olduğundan, hazırkı iddia tələbi ilə məhkəməyə Fövqəladə hallar Nazirliyi müraciət edə bilər.
7. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.
8. Mülki Məcəllənin 144-1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir.
9. Hazırkı iş üzrə iddiaçı tərəfindən inşa edilən binanın istismara qəbul edilmədiyi işin mübahisəsiz halıdır.
10. Həmçinin rayon məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi izahatında bildirmişdir ki, əgər cam balkon quraşdırılması layihədə nəzərdə tutulmayıbsa, istismara hazırlıq aktı verilməyəcəkdir. Cam balkonun konstruksiya dəyişikliyi olub-olmamasını, necə quraşdırılmasını, quraşdırılması zamanı tikinti normalarına riayət edilib-edilməməsini mütəxəssislər və ya ekspertlər müəyyən edə bilər.
11. Həmçinin rayon məhkəməsinin əsaslandığı, Azərbaycan Respublikası “Şəhərsalma Və Tikinti Məcəlləsi”-nin 95.2-ci maddəsinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir.
12. Göründüyü kimi, qeyd edilən normada məhz tikintisinə icazə alınmamış obyektlərdən söhbət gedir. Hazırkı iş üzrə iddiaçı tərəfindən tikilən binanın müvafiq icazələr alınmaqla tikilməsi də mübahisəsizdir.
13. İddiaçı məhz binaya istismar aktının verilməsinin təmin edilməsi üçün layihədə nəzərdə tutulmayan cam balkonun sökülməsini tələb edir.
14. Rayon məhkəməsi isə iş üzrə icraata xitam verərkən mövqeyini bir halda iddiaçının belə iddia qaldırmaq üçün subyektiv hüququnun olmamasına, həmin tələblə müvafiq icra orqanının müraciət etmək hüququna malik olması ilə əsaslandırmışdır.
15. Kollegiya bununla bağlı qeyd edir ki, əvvəla MPM-in tələblərinə görə subyektiv hüququn olmaması iş üzrə icraata xitamın deyil, tələbin təminindən imtinanın əsasıdır. (MPM 54.2-ci maddə). Rayon məhkəməsi daha sonra belə qənaətə gəlmişdir ki, hazırkı işə mülki mühakimə icraatı qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır.
16. Rayon məhkəməsinin hazırkı işə inzibati məhkəmədə baxılması əsası ilə iş üzrə icraata xitam verilməsi barədə gəldiyi qənaəti düzgün hesab edilə bilməz. Belə ki, hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan MMC, cavabdeh isə həmin MMC-dən mənzil əldə etmiş fiziki şəxsdir. Belə olan halda isə müəyyən olunur ki, hazırkı işə inzibati icraat qaydasında baxılması əsası ilə icraata xitam verilməsi aşkar əsassız olmuşdur.
17. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
19. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. q ə r a r a a l d ı:
İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Nizami Rayon Məhkəməsinin 2(007)-1922/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunsun və birinci instansiya məhkəməsi tərəfindən mülki iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.