Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5680/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 avqust 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı Şirkətinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı Şirkətin buna səlahiyyəti olan nümayəndəsi Şirkətin adından cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Şirkətin istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində, yəni 1 saylı mədənin 6-cı sahəsində (394355.391 4475555.778; 394356.064 4475570.571; 394379.396 4475567.747; 394378.657 4475555.106 koordinatlar çərçivəsində), Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilidən cavabdehin çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “X6 Bi.Vi” Şirkəti. və Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti arasında xx.xx.2005-ci il tarixdə “Saziş” imzalanmışdır. Həmin tarixdə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən “Saziş” qanun statusunu almışdır. "xxxx" icrası ilə əlaqədar bir sıra rayonların ərazilərinin bəzi hissələri, o cümlədən Binəqədi rayonun inzibati ərazisinin bir hissəsi iddiaçı Şirkətin istifadəsinə verilmişdir. İş üzrə cavabdeh, iddiaçı Şirkətin istifadəsinə olan və "xxxx" icrası ilə əlaqədar olaraq Şirkətin istifadəsinə ayrılmış torpaq sahəsinin bir hissəsini, yəni 1 saylı mədənin 6cı sahəsi daxilində yerləşən torpaq sahəsini zəbt etmiş, orada qanunsuz olaraq tikili inşa etdirmişdir. Həmin tikili Şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından Şirkətin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozur. Bu səbəbdən də, cavabdeh həmin tikilidən çıxarılmalı, tikili cavabdehin hesabına sökülməli və tikilinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır. b) cavabdehin iddiaya dair münasibəti barədə məlumat
3. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, 14 il bundan əvvəl, o Vüqar adlı şəxsə pul ödəməklə, iddia ərizəsində qeyd edilən torpaq sahəsində yerləşən və inşası yarımçıq qalan tikilini almış və inşasını başa çatdıraraq, evə köçmüşdür. Nə ona, nə Vüqara, nə də ki, qonşuluqda yerləşən qanunsuz tikili olan evlərin sahiblərinə ötən illər ərzində iddiaçı Şirkət tərəfindən irad bildirilməmişdir. Onun qeyd olunan evdə yaşamağı, qaz, su, işiq, internet, telefon xətlərinin qoşulması, bələdiyyə vergisini ödəməsi faktiki olaraq dövlət tərəfindən onun qeyd olunan evdən istifadə hüququnu tanınmasını sübut edir. Buna görə də, hesab edir ki, iddia rədd edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, ümumi iddia müddəti 10 ildir. Həmin tikili isə 14 ildir ki, onun istifadəsindədir. Göründüyü kimi iddiaçı Şirkət iddia müddətini ötürüb. Bu baxımdan da iddia rədd edilməlidir (cavabdeh “iddia tələbinə iddia müddətinin tətbiqi haqqında” ərizə vermişdir). c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci tarixli qətnamə ilə iddianın təmin edilməsini, cavabdeh iddia ərizəsində qeyd edilən koordinatlar çərçivəsində inşa edilmiş özbaşına tikilidən çıxarılmasını, özbaşına tikili cavabdehin hesabına sökülməsini, torpaq sahəsi boşaldılaraq iddiaçı Şirkətin qanuni istifadəsinə qaytarılmasını, qətnamənin həmin tikilinin yerləşdiyi torpaq sahəsində neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməsini, iddianın verilməsi üçün iddiaçı Şirkətin ödədiyi dövlət rüsumunun əvəzi olaraq 100 manat, iş üzrə mütəxəssis rəyinin alınması üçün iddiaçı Şirkət tərəfindən çəkilmiş xərcin əvəzi olaraq 95 manat məbləğində pul vəsaitinin cavabdeh alınaraq iddiaçı Şirkətə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitin cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə qanunvericiliyə əsasən qanunsuz tikilidir. Hazırkı iddianın təmin edilməsini istisna edən yeganə hal tikilinin və ya torpaq sahəsinin cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsidir. Hazırkı vəziyyətdə məhkəmədə belə bir sübutlar müəyyən edilmir. Əksinə işdə olan sübutlardan o cümlədən, ekspert və mütəxəssis tərəfindən verilmiş rəylərdən görünür ki, üzərində qanunsuz olaraq inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı Şirkətə məxsusdur, torpaq sahəsi cavabdehin qanuni sahibliyində deyil. Ona görə də hesab edilməlidir ki, işdə olan sübutlar əsasında iddianın təmin edilməsini istisna edən hallar yoxdur. Buna görə də iddia əsaslı hesab edilərək, təmin edilməlidir. Cavabdeh tərəfindən verilmiş “iddia tələbinə iddia müddətinin tətbiqi haqqında” ərizəyə gəldikdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 10 ildir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən isə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Göründüyü kimi cavabdeh verdiyi “iddia tələbinə iddia müddətinin tətbiqi haqqında” ərizəsi əsassızdır. Çünki mübahisəli torpaq sahəsi iddiaçı Şirkətin qanuni sahibliyində olan əmlak sayılır. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
7. Əsasları cavabdehin birinci instansiya məhkəməsində bildirdiyi əsaslar ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Bundan başqa qeyd olunmalıdır ki, cavabdeh sözügedən sahəni abadlaşdıraraq təxminən 14 ildir fasiləsiz və etirazsız ailəsi ilə birgə həmin evdə yaşayır. Bugünə kimi bütün kommunal ödənişlər, vergilər cavabdeh tərəfindən həyata keçirilmiş, onun adıma başqa əmlak qeydiyyata alınmamış, yəni həmişə sözügedən ünvanda yaşamış, bütün həyatımı orada qurmuşdur. Cavabdehin başqa evi yoxdur. Cavabdeh mübahisəli tikilinin mülkiyyətçisi olmasa da, uzun müddətdir mülkiyyət hüququndan irəli gələn bütün vəzifələrini həyata keçirir və gözlənti hüququ da mülkiyyət hüququnun tərkib hissəsini təşkil edir. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi iddianın təmin edilməsi barədə əsassız nəticəyə gəlmişdir. Rayon Məhkəməsi “iddia tələbinə iddia müddətinin tətbiqi haqqında” ərizəni təmin etməmişdir. Halbuki, ərizə əsaslıdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. Cavabdehin, apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
9. İddiaçı Şirkətin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, işdə olan sənədlərdən görünür ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “X6 Bi.Vi” Şirkəti. və Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti arasında xx.xx.2005-cü il tarixdə saziş (bundan sonra – “Saziş”) imzalanmışdır. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 İİQD saylı Qanuna əsasən “Saziş” qanun statusunu almışdır. "xxxx" icrası ilə əlaqədar bir sıra rayonların ərazilərinin bəzi hissələri, o cümlədən Binəqədi rayonun inzibati ərazisinin bir hissəsi iddiaçı Şirkətin istifadəsinə verilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş 10/1857 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, cavabdeh tərəfindən inşa olunmuş tikilinin yerləşdiyi torpaq sahəsi xx.xx.2004cü il tarixli “Sazişdə” nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Baxış zamanı təqdim olunmuş torpaq sahəsinin yaxınlığında işlək və işləməyən neft quyuları mövcuddur. Mübahisəli tikili tikinti norma və qaydalara uyğun deyil.
13. İşdə olan sənələrdən müəyyən edilir və cavabdeh tərəfindən inkar edilmir ki, mübahisəli ev buna müvafiq icazələr olmadan inşa edilmişdir.
14. Cavabdeh apellyasiya şikayətində bildirir ki, o, mübahisəli evdə təxminən 14 ildir fasiləsiz və etirazsız olaraq yaşayır. Bugünə kimi bütün kommunal ödənişlər, vergilər cavabdeh tərəfindən həyata keçirilmiş, onun adıma başqa əmlak qeydiyyata alınmamış, yəni həmişə sözügedən ünvanda yaşamış, bütün həyatımı orada qurmuşdur. O, həmin evin mülkiyyətçisi olmasa da, uzun müddətdir mülkiyyət hüququndan irəli gələn bütün vəzifələrini həyata keçirir və gözlənti hüququ da mülkiyyət hüququnun tərkib hissəsini təşkil edir.
15. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir ki. Belə ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2.). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.3.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4.).
16. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 94 saylı, xx.xx.2001-ci il tarixli qərarına görə, neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir ki, belə npormativ hüquqi aktlara “Neft mədənlərinin neft, qaz və sularının yığımı, nəqli və hazırlanması obyektlərinin texnoloji layihələşdirmə” Qaydalarına əsasən, neft buruğu ilə yaşayış evləri arasında məsafə ən azı 150 metr olmalıdır (maddə 22.; hissə 2.). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (maddə 111.; hissə 1.). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır (maddə 111.; hissə 2.). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (maddə 111.; hissə 3.).
18. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, özbaşına mübahisəli tikili iddiaçı Şirkətin istifadəsinə yuxarıda qeyd edilmiş "xxxx" icrası ilə əlaqədar ayrılmış torpaq sahəsində, yəni cavabdehə aid olmayan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa etdirildiyindən hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçı Şirkətin iddia tələbinin əsaslı hesab edərək, təmin etməkdə haqlı olmuşdur.
19. Buna görə də, qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
20. Apellyasiya şikayətində cavabdeh həmçinin qeyd edir ki, ümumi iddia müddəti 10 ildir. Həmin tikili isə 14 ildir ki, onun istifadəsindədir. Göründüyü kimi iddiaçı Şirkət iddia müddətini ötürüb. Bu baxımdan da iddia rədd edilməli idi. Lakin işə baxmış Rayon Məhkəməsi əsaslı olan “iddia tələbinə iddia müddətinin tətbiqi haqqında” ərizəni əsassız olaraq təmin etməmişdir.
21. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2.). Ümumi iddia müddəti on il təşkil edir (maddə 373.1.). Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.). Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir (maddə 384.0.4.).
22. Nəzərə alınsa ki, mübahisəli torpaq sahəsi iddiaçı Şirkətin qanuni sahibliyində olan əmlakdır və cavabdeh həmin torpaq sahəsini buna heç bir hüquqi əsas olmadan zəbt etmişdir, onda müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi cavabdeh verdiyi “iddia tələbinə iddia müddətinin tətbiqi haqqında” ərizəni əsassız hesab etməkdə haqlı olmuşdur.
23. Buna görə də, qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. g) apellyasiya baxışının nəticəsi
24. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə (o cümlədən məhkəmə xərcləri ilə bağlı nəticə) qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
28. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı Şirkət hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
29. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
30. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 avqust 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı Şirkəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.