Məhkəmə qərarları › İş №2(103)-5682/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5682/2023

03.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5682/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: ipoteka müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi) ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(008)-690/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə X12 04 may 2004-cü il tarixdə nikah bağlamışlar.

2. İPK 01 nömrəli 22 avqust 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh3 ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə görə cavabdehə 36 ay müddətinə illik 28% olmaqla 64000 ABŞ dolları məbləğində kredit verilmişdir.

3. İM 01 nömrəli 22 avqust 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 avqust 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsində yerləşən 41 nömrəli evin 44 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qətnaməsi ilə, Cavabdeh1 53986 ABŞ dolları əsas borcun, 8272 ABŞ dolları faiz borcunun, 200 ABŞ dolları cərimənin, cəmi 62458 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan Cavabdeh3 ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsində yerləşən 41 nömrəli evin 44 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110864 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsində yerləşən 41 saylı evin 44 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1, İddiaçı, X1 və X4 mənzildən çıxarılmaları, Cavabdeh1 145 manat məbləğində ekspertiza xərcinin dövlət nəfinə tutulması qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(103)-8401/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı və X3 tərəfindən ayrı – ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmamış, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qətnaməsinin faiz borcunun məbləği hissəsində dəyişdirilməsi Cavabdeh1 tutulmalı olan faiz borcunun 14103 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi xərci olan 145 manatın cavabdehə aid edilməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 2(102)- 2652/2020 nömrəli qərarı ilə Cavabdeh1 kasasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə ləğv prosesində olan Cavabdeh3 ASC arasında bağlanmış 22 avqust 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, keçiriləcək hərraclar zamanı onun iştirakı təmin edilməli idi. Əmlakın yarı payı ona aiddir, həyat yoldaşının borcuna görə o da payından məhrum ola bilməz, onun bu borclardan xəbəri olmamış, ipotekaya qoyulanda onun razılığı alınmamışdır. Eyni zamanda, ipoteka müqaviləsindən onun xəbəri olmamış, razılıq verməmişdir. Bundan başqa, qeyd olunan mənzil birgə nikah dövründə əldə edildiyindən, həmin mənzilin 1/2 hissəsi ona məxsusdur. Cavabdeh1 ipoteka ilə yüklü edilməyə ancaq öz payına nisbətdə razılıq verə bilərdi yaxud ipoteka müqaviləsində o da müqavilə üzrə tərəf kimi göstərilməli idi. Bundan başqa, ipoteka müqaviləsində kredit müqaviləsinin, götürülmüş kreditin şərtləri (kreditin müddəti, illik faiz dərəcəsi) göstərilməmişdir.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(008)- 690/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Qətnamənin əsaslarına görə, məhkəmələr tərəfindən ləğv prosesində olan Cavabdeh3 ASC-nin Cavabdeh1, İddiaçı, X2 və X5 qarşı kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönədilməsi tələbinə dair iddiasına baxılarkən kredit və ipoteka müqavilələrinin etibarlılığı müəyyən edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş bu hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apelyasiya şikayətinin dəlillərinə görə, nəzərə alınmalıdır ki, onun hazırkı iddianı qaldırmasının səbəbi yalnızca əqdin etibarsız hesab edilməsi deyil, həmçinin də əqdlə bağlı yaranmış hüquq və nəticələrin ləğvinə dair məhkəmə qətnaməsinin qəbul edilməsidir. Birinci instansiya məhkəməsi qətnaməsini əsaslandıraraq qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir və məhkəmələr tərəfindən ləğv prosesində olan Cavabdeh3 ASC-nin Cavabdeh1, İddiaçı, X2 və X5 qarşı kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönədilməsi tələbinə dair iddiasına baxılarkən kredit və ipoteka müqavilələrinin etibarlılığı müəyyən edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş bu hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Lakin bu əsaslandırma əhəmiyyətsiz hesab edilməlidir. Belə ki, Cavabdeh3 ASC-nin cavabdehlərə qarşı iddia qaldırması və məhkəmə tərəfindən iddianın təmin edilməsi o demək deyil ki, əqdin etibarsızlığı mübahisə edilmir. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən də əhəmiyyətsiz əqdlər üçün məhkəmə qərarına ehtiyac yoxdur. Sadəcə məhkəmədə iddia qaldırılmasının səbəbi ondan ibarətdir ki, əhəmiyyətsiz əqd əsasında məhkəmə qərarlar qəbul etmiş və bu qərarlar vətəndaşın hüquqlarını, qanunla qorunan mövqeyini və hüquqi gözləntisinin pozulmasına gətirib çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və digər cavabdeh (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı: “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.”

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. İşdən görünür ki, iddiaçı onun arvadı Cavabdeh1 ilə ləğv prosesində olan Cavabdeh3 ASC arasında bağlanmış 22 avqust 2014-cü il tarixli ipoteka müqaviləsinin etibrasızlığını irəli sürür.

23. Kollegiya etibarsızlıqla bağlı nə iddia ərizəsinin, nə də apellyasiya şilkayətinin dəlilləri ilə razılaşmır.

24. İş materiallarında olan məhkəmə aktlarından görünür ki, ləğv prosesində olan Cavabdeh3 ASC-nin Cavabdeh1, İddiaçı, X2 və X5 qarşı kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönədilməsi tələbinə dair iddiasına baxılarkən, sözügedən ipoteka müqaviləsinin etibarlılığı təsbit olunmuş, kredit müqaviləsi tutmanın ipoteka predmetinə yönəldilməli olması qət edilmişdir. Bu iş üzrə qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəsini almışdır.

25. Bundan başqa, ipoteka müqaviləsinin tərəfi iddiaçı olmaqla mənzil onun tərəfindən ipoteka ilə yüklü edilsə də, iddia tələbi və apellyasiya şikayəti müqavilə bağlanarkən onun razılığının alınmaması ilə əsaslandırılır ki, bu əsas analaşılan deyildir və məntiqsizdir.

26. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, müqavilə iddiaçı tərəfindən imzalanmışdır. Nə müqavilə imzalandıqdan sonra, nə də ləğv prosesində olan Cavabdeh3 ASC-nin hazırkı iddiaçı onun arvadına qarşı kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönədilməsi tələbinə dair iddiaya baxılarkən məhkəmə proseslərində iddiaçı müqavilənin etibarsızlığı ilə bağlı heç bir dəlil irəli sürməmiş, apellyasiya və kassasiya şikayətlərinin əsasını bu dəlil təşkil etməmiş, cavabdehlərin yeganə dəlilləri borcun məbləği ilə bağlı olmuşdur.

27. İşin halları ilə təsdiq olunur ki, ipoteka müqaviləsinin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyildir.

28. Belə olan halda, iddiaçının müqavilə bağlandıqdan təxminən 9 il sonra, heç bir əsas olmadan hazırkı iddianı qaldırması hüquqdan sui-istifadə olmaqla, vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

29. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(008)- 690/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(008)- 690/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar