Məhkəmə qərarları › İş №2(103)-5684/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5684/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5684/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3917/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3917/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı (hakim Ünsüyyət Mirzəyeva) ilə iddia ərizəsi (kiçik mübahisələr üzrə iddia ərizəsi) və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır.

3. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin mümkünlüyü ilə bağlı məsələyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir.

7. Belə ki, iddia ərizəsini geri qaytaran rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, cavabdehin qeydiyyat ünvanı ünvan 1 olmuşdur. Lakin Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, cavabdeh həmin ünvandan qeydiyyatdan çıxarılmış və cavabdehin qeydiyyat ünvanın hazırda hansı ünvan olması məlum deyil.

8. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.

9. Mülki Prosessual Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər.

10. Həmin normaya uyğun olaraq, iddiaçı yaşayış yeri məlum olmayan cavabdehə qarşı hazırkı iddia tələbini cavabdehin ona məlum axırıncı yaşayış yerinə verməkdə haqlı olmuşdur.

11. İddiaçı da şikayətində qeyd edir ki, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə verilmiş sorğu əsasında Cavabdeh son qeydiyyat ünvanının Suraxanı rayon Balandin küçəsi 42 olduğu qeyd olunur.

12. Mülki iş materiallarından məlum olur ki, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilmiş arayışdan məlum olur ki, Cavabdeh son qeydiyyat ünvanının Suraxanı rayon Balandin küçəsi 42 ünvanıdır (i/v 7).

13. Bundan başqa, iddiaçı ərizəsində cavabdehin faktiki ünvanını ünvan 4

14. MPM-in 151.2-ci maddəsinə görə, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər.

15. Yuxarıda qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdehin qeydiyyat ünvanı ilə bağlı ziddiyyətli məqamlar araşdırılmadığından şikayət təmin edilməli, qərardad ləğv edilməli, hazırkı iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə MPM-in 151.2-ci maddəsinin tələbləri qaydasında baxılması üçün mülki iş materialları Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

17. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

18. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

19. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3917/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə tərəflərin iştirakı ilə baxılması üçün mülki iş materialları Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar