Məhkəmə qərarları › İş №2(103)-5689/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5689/2024

15.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5689/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X1 Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 avqust 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə cavabdeh Birliyin nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 4.587 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 8-ci korpus, 1-ci mədən ünvanında yerləşən fərdi yaşayış evi cavabdeh Birlik tərəfindən təbii qazla təchiz edilir. Bununla bağlı iddiaçının ünvanında əvvəllər mexaniki sayğac quraşdırılmış və iddiaçı, istifadə etdiyi təbii qazın dəyərini sayğacın göstəricilərinə əsasən Birliyə ödəmişdir. Birliyin əməkdaşları xx.xx.2022-ci il tarixdə mexaniki sayğac elektron sayğacla əvəz etmiş və bununla bağlı ******* nömrəli akt tərtib etmişlər. Həmin aktda qeyd edilmişdir ki, quraşdırılmış sayğac yoxlanılmış, sayğacda qaz sızması aşkar olmamış, sayğac texniki qaydalara cavab verir və normal işləyir. Bundan bir müddət sonra iddiaçıya məlum olmuşdur ki, Birlik tərəfindən ona əlavə sərfiyyat kimi 4.587 manat məbləğinə borc hesablanmışdır. İddiaçı bunun səbəbləri barədə maraqlandıqda Birliyin əməkdaşları iddiaçıya bildirmişlər ki, borc aktlar əsasında hesablanmışdır, həmin aktlar isə ona görə tərtib edilmişdir ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz sayğacına və qaz xəttinə baxış keçirilən zaman qazdan sayğacdan kənar çəkilmiş qaz xətti vasitəsi ilə istifadə olunmuşdur. İddiaçı həmin borcu əsassız hesab edir. Çünki Birliyin əməkdaşları həmin aktları tərtib edən zaman onun özünün və ya ailə üzvlərinin iştiraklarını təmin etməmişlər. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Birlik tərəfindən iddiaçıya hesablanmış borcun bir hissəsinin, yəni 4.478,25 manat məbləğində borc məbləğinin iddiaçının hesabından silinməsi vəzifəsinin Birliyin üzərinə qoyulmasını, qalan hissədə iddianın təmin edilməməsini, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzinin – 64,78 manat məbləğində pulun Birlikdən tutularaq dövlət büdcəsinə ödənilməsini, iş üzrə keçirilmiş ekspertizanın xərcinin ödənilməsi məqsədi ilə iddiaçıdan və cavabdeh Birlikdən, hər birindən 32,5 manat məbləğindən pulun tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borc məbləği düzgün hesablanmadığından və cavabdeh Birlik tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmədiyindən, həmin məbləğin iddiaçıdan iddiaçının vəziyyətini ağırlaşdırmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının pozulması ilə nəticələnəcəyindən, işin düzgün həll edilməsi məqsədilə orta aylıq sərfiyyat müəyyən edilməli, həmin 9 aylıq təbii qazdan qeyri-qanuni istifadə məbləği iş materiallarında olan abonent saldosuna uyğun hesablanmalıdır. İddiaçı 9 ay müddətində təbii qazdan sayğacdan kənar istifadə etdiyini etiraf etdiyinə görə həmin məbləğ (108,75 manat) tutulmaqla yerdə qalan borc (4.478,25 manat) cavabdeh Birlik tərəfindən silinməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında 9 ay müddətində kənar xətt vasitəsilə təbii qazdan istifadə etdiklərini etiraf etmişdir. Lakin Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf 9 ay müddətində qaz sayğacından kənar xətt vasitəsilə istifadə etdiyini məhkəmə iclasında etiraf etməsinə baxmayaraq, hansı müddət ərzində istifadə etdiyi məhkəmə tərəfindən dəqiq müəyyən edilmədiyindən, qaz sayğacına 6 ayda ən azı 1 dəfə baxış keçirilməsi tələbini nəzərə alaraq, dəymiş zərərin aktlara əsasən hesablanması qanunsuz olmaqla yanaşı işin faktiki hallarına uyğun deyil. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

7. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

8. İşə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) işdə olan sənədlər barədə məlumat

10. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlardan görünür ki, Birliyin əməkdaşları həmin tarixlərdə iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz xətlərinə və sayğaca baxış keçirərkən müəyyən etmişlər ki, həmin ünvanda təbii qazdan sayğacdan kənar çəkilmiş qaz xətti vasitəsi ilə istifadə olunur.

11. Birlik tərəfindən tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” aktlardan görünür ki, yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara əsasən itirilmiş təbii qazın həcmi aşağıdakı kimi müəyyən edilmişdir: xx.xx.2021-ci il tarixli akta əsasən 8.856 kub metr, xx.xx.2021-ci il tarixli akta əsasən 2.448 kub metr, xx.xx.2022-ci il tarixli akta əsasən 2.448 kub metr, xx.xx.2022-ci il tarixli akta əsasən 2.448 kub metr, xx.xx.2022-ci il tarixli akta əsasən 3.096 kub metr, xx.xx.2022-ci il tarixli akta əsasən 2.448 kub metr, xx.xx.2022-ci il tarixli akta əsasən 2.448 kub metr, xx.xx.2022-ci il tarixli akta əsasən 2.448 kub metr.

12. İddiaçının adına tərtib edilmiş “Abonentin saldosundan” və işdə olan digər sənədlərdən görünür ki, yuxarıda qeyd edilən aktlara və tələbnamələrə əsasən iddiaçıya əlavə sərfiyyat kimi ümumilikdə 4.587 manat məbləğində borc hesablanmışdır.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hazırkı iş üzrə verdiyi 3-16-16/2-3/402 saylı, xx.xx.2024-cü il tarixli rəydən görünür ki, iddiaçıya məxsus ünvandakı qaz borusunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmir. g) apellyasiya baxışının həddi barədə məlumat

14. Məhkəmə, hazırkı iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.

15. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Birlik qətnamənin tam ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, Birlik də iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir, yalnız iddia tələbinin bir qisminin təmin edilməsi barədə hissəni mübahisələndirir.

16. Odur ki, bunları və MPM-in 372.6-cı maddəsinin tələblərini nəzərə almış Məhkəmə iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

17. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.

18. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

19. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

20. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (maddə 13.8.). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13-8-1.).

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).

22. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. İddiaçının qaz xəttinə qanunsuz qoşulması və qeyri-qanuni istifadə nəticəsində hesablanmış borcun əsaslı olmasını sübut etmə vəzifəsi cavabdeh Birliyin üzərinə düşür. Birlik, yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara” əsaslanaraq, həmin aktlarda təsvir edilmiş qanunazidd hərəkətlərin məhz cavabdeh tərəfindən törədilməsini, bununla da cavabdehin ona münasibətdə delikt törətməsini bildirsə də, müəyyən edilir ki, həmin aktlar mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki Birlik həmin aktlarda qeyd edilən faktları təsdiq edə biləcək sübut kimi Rayon Məhkəməsinə təqdim etdiyi sənədlərə (aktlara, tələbnamələrə, fotoşəkillərə və s.) istinad etsə də, həmin sənədlərdən görünmür ki, iddiaçıya məxsus yaşayış sahəsinə aid qaz xəttinə qoşulma olmuşdur. Birlik bu faktı təsdiq edə biləcək digər sübutları (məsələn: video yazıları, şahidləri və sair) məhkəmələrə təqdim etməmişdir.

24. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh Birlik həmin aktlarda (xüsusən də xx.xx.2022 və xx.xx.2022-ci il tarixli aktlarda (çünki xx.xx.2022-ci il tarixdə yuxarıda qeyd edilən Qaydalarda müvafiq dəyişiklər olmuşdur)) göstərilən faktları – iddiaçının təbii qazın talanmasında təqsirli olmasını təsdiq edə biləcək müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarlarını da məhkəmələrə təqdim etməmişdir.

25. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin həmin nəticəsinə aid dəlilləri əsassızıdır. i) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

26. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya baxışının predmetini təşkil edən hissəsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

27. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

30. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

31. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 avqust 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar