Məhkəmə qərarları › İş №2(103)-569/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-569/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-569/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, e-2(002)-117/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli, 2019/00264-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kreditin əsas borcu üzrə 13.724.64 AZN məbləğində qalıq, ona hesablanmış 2.361.32 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.290 AZN məbləğində dəbbə pulu, cəmi 19.375.96 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1ndə 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86.1 kv.m olan 86 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına kreditin əsas borcu üzrə 13.724.64 AZN məbləğində qalıq, ona hesablanmış 2.361.32 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.290 AZN məbləğində dəbbə pulu, cəmi 19.375.96 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan “əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair yazılı ərizə təqdim edərək, tərəflər arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli, 2019/00264-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kreditin əsas borcu üzrə 13 724.64 AZN məbləğində qalıq, ona hesablanmış 6216.64 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7574 AZN məbləğində dəbbə pulu, cəmi 27515.28 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Zülfi Adıgözəlov küçəsində 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86.1 kv.m olan 86 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına kreditin əsas borcu üzrə 13.724.64 AZN məbləğində qalıq, ona hesablanmış 6.216.64 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7.574 AZN məbləğində dəbbə pulu, cəmi 27.515.28 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair yazılı ərizə təqdim edərək, tərəflər arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli, 2019/00264-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi; Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kreditin əsas borcu üzrə 13.724.64 AZN məbləğində qalıq, ona hesablanmış 6.970.96 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 8.344 AZN məbləğində dəbbə pulu, cəmi 29.039.60 AZN borcun, ekspertiza tədqiqatının dəyəri olan 400 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması;Tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1ndə 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86.1 kv.m olan 86 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına kreditin əsas borcu üzrə 13.724.64 AZN məbləğində qalıq, ona hesablanmış 6.70.96 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 8.344 AZN məbləğində dəbbə pulu, cəmi 29.039.60 AZN borcun, ekspertiza tədqiqatının dəyəri olan 400 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKTASC ilə Cavabdeh1 arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli, 2019/00264-01 №-li İstehlak Krediti Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 14.000 AZN məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin təminatı olaraq İddiaçı BOKTASC ilə Cavabdeh2 arasında 10 sentyabr 2019-cu il tarixli, 2019/00264-Z01 №-li Zaminlik Müqaviləsi bağlanmışdır Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi. Zülfü Adıgözəlov küçəsində 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86.1 kv.m olan 86 saylı fərdi yaşayış evini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Reyestr № **********53-10301, Qeydiyyat № **********, tarix 27.03.2019) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 10 sentyabr 2019-cu il tarixli, 2019/00264-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 16.09.2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Reyestr № **********53-10301, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 49.000 AZN məbləğimdə müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin e-2(002)-117/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında bağlanılmış 10 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış13.724,64 manat əsas borc, 6.970,96 manat faiz borcu, 150 manat cərimə borcu olmaqla, cəmi 20.845,60 manat məbləğində borc, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı, ödənilmiş 200 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi, cavabdehdən tutulmalı olan borcun məbləği öhdəliyin təminatı kimi İddiaçı BOKT ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86,1 kv.m olan 86 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh1 verilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86,1 kv.m olan 86 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 (qırx beş min) manatın müəyyən edilməsi, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86,1 kv.m olan 86 nömrəli fərdi yaşayış evinə yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və orada yaşayan digər şəxslər əşyaları ilə birlikdə ən gec bir ay ərzində həmin mənzildən çıxarılması, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 10 sentyabr 2019-cu il tarixli, 2019/00264-01 №-li İstehlak Krediti Müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 14.000 AZN məbləğində kredit verilmişdir. Onun tərəfindən kredit müqaviləsi üzrə 1.941 manat məbləğində ödəniş edilməsinə baxmayaraq hələ də kreditin əsas borcu üzrə 13.724.64 AZN məbləğində qalıq, ona hesablanmış 6.970.96 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 8.344 AZN məbləğində dəbbə pulu, cəmi 29.039.60 AZN borcun, ekspertiza tədqiqatının dəyəri olan 400 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Hesab edir ki, ondan tələb edilən faiz borcu ilə bağlı məhkəmə tərəfindən ekspertiza keçirilməklə faiz borcu müəyyən edilməlidir. Lakin məhkəmə cavabdeh tərəfindən verilən vəsatətlər nəzərə alınmadan qanunsuz qətnamə qəbul edilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Mustafazadə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin “faiz borcun tutulması” hissəsində yoxlanılmasını təşkil edir. Apellyator şikayəti ilə qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan aydın olur ki, qətnamənin yalnız faiz borcunun tutulması hissəsində narazıdır və həmin hissəni mübahisələndirir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli, 2019/00264- 01 nömrəli istehlak kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik faktiki 36.81% hesablanmaq şərti ilə 14.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında 10.09.2019-cu il tarixli, 2019/00264-Z01 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında 10.09.2019-cu il tarixli, 2019/00264-01İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır və ünvan 1 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86,1 kv.m olan 86 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olmaqla, İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmişdir. 08.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 10.09.2019-cu il tarixli 2019/00264-01 saylı İstehlak Kredit müqaviləsi üzrə 08.06.2021-ci il tarixinə kimi 13724.64 manat əsas, 6970.96 manat faiz, 8344 manat dəbbə, cəmi 29039.6 manat məbləğində borcu mövcuddur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı müvafiq kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, Cavabdeh1 isə öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada və vaxtında icra etməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Göründüyü kimi, borc alan Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Cavabdeh2 ilə iddiaçı bank arasında həmin öhdəliklərin icrasının təminatı qismində zaminlik müqaviləsi bağlanılmışdır ki, bununla da onun digər cavabdehlərin öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmamasına görə bank qarşısında birgə məsuliyyəti yaranmışdır. İddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunu məbləği tənasübsüz surətdə yüksək hesabladığından, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Həmçinin, iddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını və müvafiq borc öhdəliyinin ipoteka predmetinin satışıdan əldə olunmuş vəsaiti hesabına ödənilməsini tələb edir. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, ipoteka haqqında qanunvericiliyin tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi borcun ipoteka predmetinə yönəldilməsi hissəsində də əsaslı olmuş, ipoteka predmetinin likvid dəyəri isə ekspertiza rəyi əsasında müəyyən edilməklə ilkin satış qiyməti 45000 manat məbləğində müəyyən edilməlidir Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işdən göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onun iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin, öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə hesablanmış borc məbləği iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 08.06.2021-ci il tarixli maliyyə arayışına əsasən hesablanmışdır. Qeyd olunan maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcun məbləğini 13724,64 manat, faiz borcunun məbləğini 6970,96 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertiza tədqiqatının nəticələri barədə tərtib edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 23.12.2021-ci il tarixli, 9/8916 nömrəli rəyinə əsasən, iş materiallarında olan təqdim olunmuş hesabdan çıxarış məlumatları və 10 sentyabr 2019-cu il tarixli 2019/00264-01 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli qətnaməsi elan olunan tarixə olan ümumi borcu 20.725,23 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 13724,64 manat, faiz borcu 7000,59 manat. Qeyd edilir ki, iddiaçı bank tərəfindən 10 sentyabr 2019-cu il tarixli 2019/00264-01 saylı kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Ekspert rəyinə uyğun olaraq, cavabdehin faiz borcunun məbləği 7000.59 manat müəyyən edilsə də, iddiaçının 10.06.2021-ci il tarixdə iddia tələbinin həcmini artırılmasına dair ərizə ilə 6970.96 manat məbləğində faiz borcunun tələb edildiyini nəzərə alaraq, faiz borcu iddia tələbində göstərilən həddə, yəni 6970.96 manat məbləğində müəyyən edilməlidir. Apellyator şikayətində faiz borc məbləğinin düzgün hesablanmamasına istinad etsə də, həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, apellyatorun şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, apellyatorun dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 145 manat Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəsinin hesabına ödənilməlidir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, e-2(002)-117/2021 saylı qətnaməsi “faiz borcunun tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 145 manat Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəsinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar