Məhkəmə qərarları › İş №2(103)-5691/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5691/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5691/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-1673/2020 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bank arasında bağlanmış xx.xx.2018-ci il tarixli 102GTKR0417249AB saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, bu müddət ərzində ödənilmiş vəsaitin xx.xx.2018ci il tarixli kredit müqaviləsi üzrə olan kreditin azaldılmasına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdə ASC-dən 2.000 manat pul götürmüşdür. Həmçinin “xxxxxxxx” almış və 500 manat pul çəkmişdir. İki ay “xxxxxxxx”ın faizini ödəmiş, 2 aydan sonra xx.xx.2018-ci il tarixdə ASC-dən xahiş etmişdir ki, “xxxxxxxx”da olan 500 manatı kredit halında ödəmək istəyir, həmin tarixdən də bağlayıb, ayda 125 manat kredit halında ödəyir. Borcunun qalanını ödəmək istəyəndə bildirmişlər ki, onun 3.000 manat borcu qalıb. Guya o, əlavə pul götürmüşdür. Əslində o, yuxarıda qeyd etdiyi kimi 2.000 manat və 500 manat kredit götürmüşdür. Hazırda onun borcunu şişirdərək il yarım ödədiyi məbləği nəzərə almaqla hələ 3.000 manat borcu olmasını qeyd edirlər. Aralarında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 3.750 manat kredit götürməsi ilə bağlı müqavilə imzalatdırmışlar. Bu yaxında müqaviləyə fikir verəndə məbləğin 3.750 manat məbləğində olmasını görmüşdür. O, 3.750 manat vəsait götürməmişdir. Götürdüyü vəsait 2.000 manat olub ki, bu da ASC ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə ilə tənzimlənir. Cavabdeh tərəfindən ona bildirilmişdir ki, 3.750 manat faizlə bir yerdə olan məbləğdir. Sonradan məlum olmuşdur ki, 3.750 manat faizsiz məbləğdir, faizlə isə 5.001,81 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1673/2020 saylı qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. O, kitabxanada işləyir və krediti götürdüyü zaman 180 manat maaş almışdır, belə olan halda isə aylıq ödənişi 125 manat olan 4 illik kredit götürməsi necə ola bilərdi, onun maaşı bu kreditin bağlanmasına imkan vermir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin göstərdi ki, iddiaçı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən ilkin olaraq istifadə edilə biləcək məbləğ 500 manat müəyyən olunmaqla “Birkart” götürmüş, sonra xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 29,84 faiz dərəcəsi ilə 2.000 manat məbləğində kredit götürmüşdür. Bundan sonra iddiaçı banka müraciət edərək, yeni kredit götürməklə aktiv olan hər iki krediti bağlamaq istəmiş, bu səbəbdən tərəflər arasında bağlamış xx.xx.2018ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 48 ay müddətinə illik 25,32 % olmaqla 3.750 manat məbləğində kredit verilmişdir. İddiaçı həmin vəsaitin 450,56 manatını “Birkart” krediti üzrə borcun, 2003,96 manatını xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borcun bağlanması üçün ödəmiş, qalan vəsait isə özü istifadə etmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 2020-ci ilin fevral ayınadək ödənişlər etmiş, lakin sonradan hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından aşağıdakı hallar müəyyən edilir. Cavabdeh ASC-nin Mərkəz filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli **********01944102 saylı kredit kartına dair müqaviləyə əsasən İddiaçı ilkin olaraq istifadə edilə biləcək məbləğ 500 manat müəyyən olunmaqla “Birkart” verilmişdir. Cavabdeh ASC-nin Mərkəz filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 102GTKR0417249AA nömrəli kredit müqaviləsinə əsasən, borc alan İddiaçı 48 ay müddətinə illik 29,84 faiz dərəcəsi ilə 2.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 2.000 manat məbləğində nağd pulu bankın kassasından təhvil almışdır (götürmüşdür). xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona gündəlik tələbat məqsədləri üçün 3750 manat məbləğində 48 ay müddətinə nağd pul krediti verilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin Mərkəz filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 102GTKR0417249AB nömrəli kredit müqaviləsinə əsasən İddiaçı 48 ay müddətinə illik 25,32 % olmaqla 3.750 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 3.750 manat məbləğində nağd pulu bankın kassasından təhvil almışdır (götürmüşdür). İddiaçı hazırda xx.xx.2018-ci il tarixli 102GTKR0417249AB saylı kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Həmin müqaviləni ona imzalatdırdıqlarını, həmin məbləğdə pul götürmədiyini, bankdan yalnız 2000 manat və 500 manat pul götürdüyünü qeyd edir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün qanuni əsas mövcud deyil, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, cavabdeh tərəfin təqdim etdiyi sübutlardan görünür ki, iddiaçı ilə müqavilələr bağlanarkən, həmin müqavilələr üzrə kredit məbləğləri nağd şəkildə və kart vasitəsi ilə iddiaçıya təqdim edilərkən, həmçinin bundan sonra, iddiaçının ödənişlərini müvafiq müqavilələrin şərtlərinə əsasən müvafiq qaydada silərkən, bank tərəfindən qanunun tələbləri və iddiaçının hüquqları pozulmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında müvafiq kredit müqavilələri bağlanmışdır. İddiaçı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin bağlanılmadığını, 3.750 manat məbləğdə pul götürmədiyini iddia edir. Belə olan halda iddia tələbində istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İş materiallarından müəyyən edilir ki, iddiaçı özü ərizə ilə banka müraciət etmiş və 3.750 manat kredit götürərək, həmin vəsaitin bir hissəsi ilə daha əvvəl götürdüyü kreditləri (“Birkart” üzrə 450,56 manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 2003,96 manat) bağlamış, qalan vəsaiti isə özü istifadə etmiş, 2020-ci ilin fevral ayınadək aylıq ödənişlər etmişdir. xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 3.750 manat məbləğində nağd pulu bankın kassasından təhvil almışdır. İddiaçı 3.750 manat məbləğində kredit verilməsi üçün yazılmış xx.xx.2018-ci il tarixli ərizəni, kredit müqaviləsini və kassa məxaric orderini imzalamasını təsdiq etmiş, lakin bunu özü də bilmədən etdiyini göstərmişdir. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsassızdır. İddia tələbində və apellyasiya şikayətində istinad etdiyi halları iddiaçı konkret dəlillərlə sübuta yetirə bilməmişdir. Halbuki, istinad etdiyi halları sübut etmək iddiaçının borcudur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfındən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-ü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Kollegiya hesab edir ki, sözügedən kredit müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı əsasın olmaması barədə məhkəmənin qənaəti doğrudur. Beləliklə, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil, belə olan halda isə «bu müddət ərzində ödənilmiş vəsaitin xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə olan kreditin azaldılmasına yönəldilməsinə dair» tələb də əsassızdır. İddianın və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bu kontekstdə Kollegiya qeyd edir ki, iddiaçının məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə Kollegiyaya ünvanladığı vəsatəti də əsassızdır, belə ki, o, 3.750 manat məbləğində kredit götürməsini inkar etməklə, ekspertizanın xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə keçirilməsini tələb edir, halbuki həmin kredit müqaviləsi üzrə onun borcu yoxdur, borc məbləği xx.xx.2018-ci il tarixli müqavilə üzrə mövcuddur ki, həmin borcun da düzgün hesablanıb-hesablanmaması hazırki mübahisənin predmetini təşkil etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1673/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar