Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5692/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi İlahə Həsənovanın və cavabdehin nümayəndəsi Lalə Neymətovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 6.600 manat sığorta ödənişi tələb olunub. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi İlahə Həsənova apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Lalə Neymətova isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı xx.xx.1998-ci ildən hərbi xidmətdə olmuş, xx.xx.1999-cu ildə xidməti vəzifəsini yerinə yetirərkən “Davamlı ağrı sindromu ilə müşaiyət olunan sağ ayağın donvurmadan sonrakı İİ mərhələ angiotrofonevrozu, qan dövranı və funksiyanın mülayim dərəcədə pozulması ilə. Sağ ayaq barmaqlarının İV dərəcəli donvurmasına görə İ-İV barmaqların əsas falanqalarının distal ucları, V barmağın ayaqdarağı-flanqa oynağı səviyyəsində amputasiyasından sonrakı güdülləri” diaqnozlu travma almışdır. İddiaçı xx.xx.1999-cu ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin travma ilə əlaqədar xx.xx.2004-cü ildə, yəni hərbi xidmətdən ehtiyata buraxıldıqdan 4 il 7 ay sonra iddiaçıya 2-ci qrup əlillik təyin edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndində isə qeyd edilib ki, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə, bu, sığorta hadisəsi hesab olunur və 2-ci qrup əlillər üçün sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi verilir. Hal-hazırda iddiaçı 2-ci qrup əlil kimi sığorta məbləğinin 60 faizi, yəni 6.600 manat məbləğində sığorta ödənişinin ödənilməsini tələb edir. Cavabdeh sığorta ödənişini verməkdən imtina edir. İmtinanı onunla əsaslandırır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndinə görə xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə ona müvafiq faiz məbləğində sığorta ödənişi verilir. 3 illik müddət keçdiyinə görə sığorta ödənişi verilə bilməz. İddiaçı 2-ci qrup əlil kimi 6.600 manat məbləğində sığorta ödənişi almaq hüququna malikdir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində “3 il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə” deyiləndə əlilliyə əsas olan vəziyyətin 3 il ərzində yaranması nəzərdə tutulub. Əlil - anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Əgər əlilliyə əsas olan vəziyyət (əqli və ya fiziki qüsurlar) 3 il ərzində yaranıbsa, lakin əlillik 3 ildən sonra tanınıbsa, bu halda da sığorta olunan əlillik dərəcəsinə uyğun olaraq sığorta ödənişi almaq hüququna malikdir. Çünki, “əlilliyin müəyyən edilməsi” deyildikdə əlilliyə əsas olan vəziyyətin (əqli və ya fiziki qüsurların) səlahiyyətli dövlət orqanı tərəfindən tanınması və təsdiq edilməsi başa düşülür. Sığortanın mahiyyəti və məqsədi baxımından həlledici amil əlilliyə əsas olan vəziyyətin nə zaman tanınması və təsdiq edilməsi deyil, əlilliyə əsas olan vəziyyətin nə zamandan etibarən mövcud olmasıdır. Sığorta olunan xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlilliyə əsas olan vəziyyət mövcud ola bilər, lakin bu vəziyyət müxtəlif səbəblərdən 3 ildən sonra əlillik kimi tanına bilər. Həmin səbəblərə aid olan bilər: sığorta olunanın əlilliyin müəyyən edilməsi üçün səlahiyyətli orqana müraciət hüququndan məlumatsız olması, həmin hüquqdan məlumatı olsa da səlahiyyətli orqana gec müraciət etməsi, səlahiyyətli orqana lazımi sənədləri vaxtında təqdim edə bilməməsi, səlahiyyətli orqanın müraciətə vaxtında baxmaması və s. İddiaçının əlilliyinə əsas olan vəziyyət (amputasiya) hərbi xidmət dövründə yaranmışdır. Odur ki, əlilliyin səlahiyyətli orqan tərəfindən nə zaman tanınmasından asılı olmayaraq iddiaçı 6.600 manat məbləğində sığorta ödənişi almaq hüququna malikdir. Beləliklə, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. 6.600 (altı min altı yüz) manat Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5692/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5692/2023
06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver