Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5693/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 1954/19 saylı qətnaməsindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı BOKT ASC Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsindəki 12 saylı evin 30-cu mənzilinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi, Xətai Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli icra sənədi üzrə həmin mənzilin təkrar hərracının keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-1954/19) İddiaçı BOKT ASC-nin Cavabdeh MMC-yə qarşı iddiası təmin edilərək Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 12 saylı evin 30 saylı mənzilinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi, həmin əmlakla bağlı yeni hərracın keçirilməsi qət edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 həmin qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Babayev) müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı BOKT ASC-nin iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov-sədrlik edən və məruzəçi, Q.Allahverdiyev və G.Quliyev, iş N2(102)-1971/20) apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılmaı üçün həmin məhkəməyə göndərilmişdir. İşin halları: İddiaçı BOKT ASC Cavabdeh MMC-nə qarşı (üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə) hərracın etibarsız hesab edilməsi və yenidən keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh X3 İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 30843.73 manat əsas, 2667.92 manat faiz və 300 manat məbləğində cərimə borcu olmaqla, cəmi 33811.65 manat borcun, 200 manat hüquqi yardıma çəkilmiş xərcin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş X5 məxsus Bakı şəhəri. Xətai rayonu, Rahib Məmmədov küçəsi 12-də yerləşən evin 30-cu mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və mənzil 76486 AZN qiymətlə hərraca çıxarılmışdır. İcra Şöbəsi tərəfindən göndərilən sifariş məktubuna əsasən Cavabdeh MMC tərəfindən əmlakın satışı üçün hərrac keçirilmişdir. Lakin bu hərracdan İddiaçı BOKT ASC-nin yalnız borclular tərəfindən Nəsimi Rayon Məhkəməsində ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsinə dair” qaldırdıqları iş üzrə iddia ərizəsini aldıqları xx.xx.2019-cu il tarixində məlumatı olmuşdur. Bundan sonra şifahi formada hərrac təşkilatına müraciət edərək keçirilmiş hərrac barədə sənədlərin surətlərini almışlar. Cavabdeh MMC tərəfindən 1841 saylı, xx.xx.2018-ci il tarixli təklif məktubu hazırlanmış, poçtla göndərmək əvəzinə kimliyini bilmədikləri şəxsin vasitəsi ilə BOKT-a gətirərək məktubları qəbul etməyə səlahiyyəti olmayan, Müştəri Xidmətləri Departamentinin əməliyyatçısı olan işçiyə imzalatdırmaqla təqdim etmişlər. Həmin məktubu İddiaçı BOKT ASC-nin nümayəndəsi yalnız Nəsimi Rayon Məhkəməsində xx.xx.2019-cu il tarixində keçirilən məhkəmə iclasında görmüşdür. Həmin məktubu qəbul etdirən şəxs isə məktubu xx.xx.2019-cu il tarixli qeydlə qəbul etdirmişdir. Buradan iddiaçıda şübhə yaranır ki, xx.xx.2018-ci il tarixli məktub necə ola bilər ki xx.xx.2018-ci il tarixində, yəni hələ göndərilməmişdən bir gün əvvəl qəbul edilsin. Hesab edir ki, hərrac qanunvericiliyin tələblərinə zidd olaraq keçirildiyi üçün keçirilən hərraclar etibarsız hesab edilməklə ləğv edilməli və yeni hərracın keçrilməsi vəzifəsi Cavabdeh MMC-ə həvalə edilməlidir. Birinci instansiya məhkəməsində işə baxılarkən X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması və iş üçün əhəmiyyətli olan bir sıra halların nəzərə alınmaması ilə əsaslandırılmışdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və 3-cü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya qaydasında yalnız üçüncü şəxs G.Axundova mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 müqaviləsi üzrə 30843.73 manat əsas, 2667.92 manat faiz və 300 manat məbləğində cərimə borcu olmaqla, cəmi 33811.65 manat borcun, 200 manat hüquqi yardıma çəkilmiş xərcin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş X5 məxsus Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi 12-də yerləşən evin 30-cu mənzilinə yönəldilməsi, həmin mənzilin 76486 AZN ilkin satış qiyməti ilə açıq hərracdan satılması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və İcra şöbəsinin sifarişinə əsasən Cavabdeh MMC tərəfindən əmlakın satışı üçün hərrac keçirilmişdir. İlk hərrac xx.xx.2018-ci ildə, təkrar hərrac isə xx.xx.2018-ci ildə keçirilmiş, lakin hərrac baş tutmadığından əmlak satılmamışdır. İddiaçının hazırkı iş üzrə tələbi Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsindəki 12 saylı evin 30-cu mənzilinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi, Xətai Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli icra sənədi üzrə həmin mənzilin təkrar hərracının keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə barədədir. İddiaçı tələbinin faktiki əsası kimi keçirilmiş hərraclar, eləcə də təkrar hərracdan sonrakı təklif barədə ona məlumat verilməməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi işin araşdırılan və müəyyən edilən hallarına əsasən belə nəticəyə gəlmişdir ki,Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli icra sənədi üzrə mübahisəli mənzilə dair hərrac keçirilərkən ipoteka saxlayan, yəni İddiaçı BOKT ASC hərracın keçirilmə vaxtı barədə lazimi şəkildə məlumatlandırılmamışdır. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxx” Şirkətlər Qrupu MMC tərəfindən İddiaçı BOKT ASC-nə ünvanlanmış məktubdan da görünür ki, qeyd edilən məktubun xx.xx.2018-ci il tarixdə tərtib olunmasına baxmayaraq, xx.xx.2018-ci il tarixdə Çələbiyeva adlı səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilmişdir. Buradan belə nəticəyə gəlinir ki, ipoteka saxlayan təkrar hərracın baş tutmaması və girov əmlakın ona təklif olunması barədə rəsmi qaydada məlumatlandırılmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq və Mülki Məcəllənin 415.1, 415.2-ci, “İpoteka haqqında” Qanunun 42.1, 43.7-ci maddələrini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, hərrac keçirilərkən qüvvədə olan qanunvericiliyin tələblərinə əməl olunmadığından hərracın nəticələri qanuni sayıla bilməz və ona görə də Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi 12 saylı evin 30 saylı mənzilinə dair keçirilmiş hərrac etibarsız hesab edilməli, qeyd edilən əmlakla bağlı yenidən hərrac keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinəəsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinəən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikləmüəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana vəipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən Ali Məhkəmənin Mülki Kollegiyasının hazırkı iş üzrə xx.xx.2020-ci il tarixli qərarında şərh olunan göstərişləri də nəzərə alır. Kassasiya instansiyası məhkəməsi həmin qərarında işin müəyyən edilmiş hallarına istinadən qeyd etmişdir ki, hərracların keçirilmə vaxtı və yeri barədə ipoteka saxlayana və ipoteka qoyana məlumat verilməsi barədə işə 14 sentyabr və xx xxxxxxx 2018-ci il tarixli bildirişlərin surətləri əlavə edilsə də, həmin bildirişlərin ipoteka saxlayana təqdim olunmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Eləcə də, təkrar hərracdan sonra əmlakın ipoteka saxlayana təklif olunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasına, iş üçün əhəmiyyətli olan bir sıra halların nəzərə alınmadığına istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir və bu baxımdan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İş üzrə üçüncü şəxs X4 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5693/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5693/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver