Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5698/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-1894/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC ilə onun arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-1894/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti:
3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X.Hüseynov vəkili apellyasiya şikayəti ilə razılaşmayaraq əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Eyni zamanda, bildirdi ki, "xxxx" İKB ASC ilə iddiaçı arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli kredit müqaviləsinə əsasən bank iddiaçıya 48 ay müddətinə, illik faiz dərəcəsi 26 faiz olmaqla 80.000 manat kredit verilmişdir. Həmin müqavilənin təminatı kimi Nikoyl” İKB ASC ilə iddiaçı arasında 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli ipoteka müqaviləsi bağlanmış, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Daha sonra iddiaçı borcunu ödəmədiyi üçün məhkəməyə müraciət edilmiş, bankın iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir.
5. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, onun vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan işə baxılaraq, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
6. "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli 6-G-1-0- 2454-14 nömrəli ipoteka müqaviləsində göstərilir ki, ipoteka qoyan (borcalan) İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti tərəflərin razılaşmasına əsasən 195.000 manat qiymətləndirilmişdir.
7. Mülki iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə, İddiaçı 70.445,24 manat əsas, 59.513,77 manat faiz, 200 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1.067,2 manat borc olmaqla, cəmi 131.226,21 manatın Cavabdeh ASCnin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 200.000 manat müəyyən edilməsi, evin hərracda satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, evə tutma yönəldikdən və o satıldıqdan ən geci 01 ay ərzində İddiaçı evdən çıxarılması qət edilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)- 1561/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-13/2020 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilmiş və ilkin satış qiyməti 210.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3234/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)- 1561/2020 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.
11. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir.
12. Beləliklə, iş materiallarından müəyyən olunur ki, daha öncə hazırkı işdə Cavabdeh ASC cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka premetinə yönəldilməsi barədə” iddia tələbi məhkəməyə müraciət etmiş, həmin iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 13/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətmaməsi ilə, İddiaçı 70.445,24 manat əsas, 59.513,77 manat faiz, 200 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1.067,2 manat borc olmaqla, cəmi 131.226,21 manatın Cavabdeh ASCnin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 200.000 manat müəyyən edilməsi, evin hərracda satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, evə tutma yönəldikdən və o satıldıqdan ən geci 01 ay ərzində İddiaçı evdən çıxarılması qət edilmişdir.
13. Qeyd edilən mülki işlə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 1561/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-13/2020 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilmiş və ilkin satış qiyməti 210.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3234/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)- 1561/2020 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. X3 Ağayev ipoteka müqaviləsinin bağlanmasına razılığının olmadığını bildirir, ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir.
16. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadının 51-ci bəndinə əsasən, beləliklə, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir. Həmin qərardada əsasən, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
18. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Nəticə:
19. Göstərilənlərə əsasən, iddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi əqdlə bağlı qanuni qüvvəsini almış məhkəmə aktı olduğundan, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadına əsasən hazırkı işə ayrıca tələb kimi məhkəmədə baxılması yolverilməz olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
21. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.
22. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
23. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-1894/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Anar Tanrıverdiyev