Məhkəmə qərarları › İş №2(103)-5698/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5698/2024

22.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5698/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsiin 2(009)-1336/2024 nömrəli 07 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-25/2022 nömrəli qərarı ilə İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3 və Bakı şəhəri 53 saylı notariat ofisi işə cəlb edilməklə) Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(103)-4964/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərarda qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı məhkəmə qətnaməsində göstərmişdir ki, bağışlanmış əşyalardan birinin - Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin cavabdeh tərəfindən alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirməsi bağışlama müqaviləsinin etibarsız sayılmasına mane olmur. Belə ki, 1-ci, həmin hal etibarsızlıqla bağlı tələbin rədd edilməsi üçün əsas deyil; 2-ci, hüquqi müəyyənlik üçün bağışlama müqaviləsi etibarsız sayılmalıdır. Bu, iddiaçıya imkan verəcək ki, həmin əşya ilə bağlı qanuni maraqlarının müdafiəsi üçün zəruri olan sonrakı hərəkətləri reallaşdıra bilsin: zərərin əvəzinin ödənilməsini tələb etsin, yaxud əmlakın satışından əldə edilən pulun onun payına uyğun olan hissəsinin ona verilməsini tələb etsin və s.

2. Müəyyən edilmişdir ki, Cavabdeh və İddiaçı atası X2 xx.xx.2014-cü il tarixdə ölmüş və onun ölümü ilə əlaqədar açılmış vərəsəlik işində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsi miras kütləsinə daxil olmuş, Cavabdeh və İddiaçı həmin əmlaka dair ½ paylar müəyyən olunmuşdur. Sonradan tərəflər öz arasında razılığa gəlmişdirlər ki, cavabdeh hazırki iş üzrə onun ailəsi ilə yaşadığı Badamdar qəsəbəsi, 3-cü yaşayış massivindəki yaşayış evini və Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsindəki 11B saylı evin 10-cu mənzilində olan öz payını iddiaçıya bağışlayır, iddiaçı isə dörd ünvanda olan daşınmaz əmlaklarda olan payını bacısına bağışlayır. 22 iyun 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır. Lakin sonra Cavabdeh istifadəsində olan iki ünvanda olan 1/2 pay hüququnu o, İddiaçı bağışlamaqdan imtina etmiş və bildirmişdir ki, guya onlar arasında elə bir razılaşma olmamışdır. Qanuni qüvvəsini almış məhkəmə aktı ilə 2022-ci il tarixdə tərəflər arasında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Lakin bu vaxta kimi yəni 2019-cu il tarixdə Cavabdeh atasından miras qalmış və qardaşı İddiaçı birinci növbəli vərəsə kimi 1/2 hissədə payı olan həmin əmlakı 48.000 manat pul müqabilində üçüncü şəxsə satmış və həmin məbləğin hamısını özü əldə etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24,000 manat pul vəsaitinin, 6000 manat əldən çıxmış faydanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə bacı-qardaş olmaqla ata və analarından qalma mirasa sahibdirlər. Aralarındakı mübahisə bir neçə ildir davam edir. Həmin müddətdə cavabdeh mirasa daxil olan əmlaklardan birini - Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 197054Ə0004 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bağırova Pərvin Rauf qızına satmış və 48000 manat pulu özünə götürmüşdür. Həmin müqavilə sonradan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 4964/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi və Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 25/2022 saylı qərarı ilə etibarsız sayılmışdır. Hesab edir ki, atalarından qalmış mirasa daxil olan göstərilən əmlaka görə əldə edilmiş vəsaitin yarısı - 24000 manat və Günel Hüseynovanın həmin məbləği özündə saxladığı müddət üçün hesablanmalı olan zərər tutulmalıdır. Həmin zərər alğısatqıdan bəri keçən təqribən 5 il üçün 24000*5/100*5=6000 manat təşkil edir.

5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, tərəflərin hər ikisinin bibisidir. Artıq 3 ildən çoxdur ki, Nadirlə münasibəti kəsilmişdir. Belə ki, Nadir özü telefon nömrəsini dəyişib və o vaxtdan bəri onunla münasibətdən yayınmışdır. Sözügedən əmlakla bağlı tərəflər arasında bağışlama müqaviləsi bağlanan və həmin əmlak satılan zaman tərəflərin münasibətləri qaydasında olmuşdur. 2019-cu ilin iyun ayında o Günelin evində olarkən Nadir ora gəlmiş və satışdan əldə edilmiş puldan 22,000 manat məbləğində pulu Güneldən almışdır. Bu zaman tərəflər arasında hər hansı bir qəbz yaxud başqa bir sənəd imzalanmamışdır.

6. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirmişdir ki, cavabdehin qonşusudur. Qardaşı ilə onun arasında olan ədavətdən çox da məlumatlı deyildir. Ona bəllidir ki, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin satışından əldə edilən pulun ona düşən hissəsini almaq üçün Nadir 2019-cu ilin iyun ayında Günelin evinə gəlmişdir. Həmin zaman orada Günelin bibisi də olmuşdur. Günel onun yanında pulu Nadirə vermişdir. Həmin vaxt məbləğdən məlumatlı olmasa da, sonradan öyrənmişdir ki, Günel Nadirə 22,000 manat məbləğində pul vermişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 avqust 2024-cü il tarixli 2(009)-1336/2024 nömrəli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilmiş, Cavabdeh 24,000 manat məbləğində pul vəsaiti və 6,000 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 30,000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, ödənilmiş 180 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə 2022-ci il tarixdə tərəflər arasında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Lakin bu vaxta kimi, yəni 2019-cu il tarixdə Cavabdeh atasından miras qalmış və qardaşı İddiaçı birinci növbəli vərəsə kimi 1/2 hissədə payı olan həmin əmlakı 48.000 manat pul müqabilində üçüncü şəxsə satmış və həmin məbləğin hamısını özü əldə etmişdir. Qeyd olunan hallar qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiqlənir. Belə olan halda cavabdeh əsassız varlanmaqla iddiaçıya zərər vurmuşdur. Bu səbəbdən sözügedən əmlakın satışından əldə etdiyi 48.000 manat məbləğində pulun yarı hissəsi kimi 24.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

9. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında yaranmış münasibət üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan (2020, 2021, 2022, 2023 və 2024-cü illər üçün) 60 aylıq dövr üçün 24000 manat borc məbləğinə illik 5% dərəcəsi ilə faiz məbləği hesablanmaqla, 60 ay üçün 6000 manat əldən çıxmış fayda cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1091.1, 1091.2, 1092.1, 1133.1, 1159.1.1, 448.1, 445.7, 449.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini, yeni qərar qəbul edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının pulunu tələb etdiyi əmlak, yəni torpaq sahəsi may 2019-cu ildə dövlət reyestrində onun xüsusi mülkiyyəti olaraq Reyestr qeydiyyatında olub. Həmin ilin iyun ayında iddiaçı şahidlərin iştirakı ilə 22000 manat pul vəsaitini qəbul edərkən, hər hansı bir narazılığı olmamışdır. Sonradan onunla iddiaçının həyat yoldaşı arasında mövcud olmuş ziddiyyət və fikir ayrılıqları səbəbindən qardaşı ilə arasında 2019-cu ilin axırlarında və 2020-ci ildə münaqişə yaranmışdır. Əgər belə olmasaydı iddiaçı əqdin etibarsızlığı barədə Məhkəmənin 2021-ci il tarixli qətnaməsindən sonrakı dövrlərdə pul tələb edərdi. İddiaçı bu vəsaiti ona görə tələb etmirdi ki, çünki həmin pul vəsaiti tərəfindən ona şahidlərin yanında verilmişdir. Əmlakın satışından şifahi razılaşmalarına uyğun qardaşına, yəni iddiaçıya pul verməsinin təcrübədə hər hansı rəsmiləşmə qaydası yoxdur. Bu baxımdan məhkəmə həm mövcud təcrübəni, həm də qanun və hüququn analogiyası baxımından işə yanaşmalı idi. Məhkəmə işin faktiki hallarını nəzərə almamışdır. Məhkəmə nəzərə almır ki, iddiaçı nəyə görə bağışlama müqaviləsi etibarsız hesab edildikdən sonra, keçən 4 (dörd) il müddətində əmlakın paylı mülkiyyət olaraq onun adına qaytarılması ilə əlaqədar hərəkətləri etməmişdir? Məhkəmə sübutları – şahid ifadələrini düzgün qiymətləndirmədiyi üçün, iddiaçı əsassız olaraq varlanmış olur. Eyni məbləği iddiaçı 2-ci dəfə almış olur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Cavabdehin nümayəndəsi-vəkili ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyindən, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Qeyd edilən hala dair hər hansı sənəd əlavə etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

15. İddiaçını birinci instansiya məhkəməsində təmsil etmiş nümayəndə-vəkili ərizə ünvanlayaraq apellyator iştirak etməyəcəyi üçün iclası COP29 vaxtından qeyri vaxta təxirə salınmasını xahiş etmişdir. İşə iddiaçı tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

21. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

22. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir..

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

32. Tərəflər bacı-qardaşdır, ataları X2 xx.xx.2014-cü il tarixdə ölmüş və onun ölümü ilə əlaqədar açılmış vərəsəlik işində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsi miras kütləsinə daxil olmuşdur.

33. Tərəflərin həmin əmlaka dair ½ payları müəyyən olunmuşdur. Sonradan tərəflər öz arasında razılığa gəlmişdirlər ki, cavabdeh hazırki iş üzrə onun ailəsi ilə yaşadığı Badamdar qəsəbəsi, 3- cü yaşayış massivindəki yaşayış evini və Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsindəki 11B saylı evin 10-cu mənzilində olan öz payını iddiaçıya bağışlayır, iddiaçı isə dörd ünvanda olan daşınmaz əmlaklarda olan payını bacısına bağışlayır.

34. 22 iyun 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır. Lakin sonra Cavabdeh istifadəsində olan iki ünvanda olan 1/2 pay hüququnu o, İddiaçı bağışlamaqdan imtina etmiş və bildirmişdir ki, guya onlar arasında elə bir razılaşma olmamışdır. Qanuni qüvvəsini almış məhkəmə aktı ilə 2022-ci il tarixdə tərəflər arasında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinədair bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilmişdir.

35. Bu vaxta kimi, yəni 2019-cu il tarixdə cavabdeh atasından miras qalmış və qardaşı İddiaçı birinci növbəli vərəsə kimi 1/2 hissədə payı olan həmin əmlakı 48.000 manat pul müqabilində üçüncü şəxsə satmış və həmin məbləğin hamısını özü əldə etmişdir.

36. Qanuni qüvvəsini almış məhkəmə qərarında göstərilmişdir ki, bağışlanmış əşyalardan birinin - Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin cavabdeh tərəfindən alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirməsi bağışlama müqaviləsinin etibarsız sayılmasına mane olmur. Belə ki, 1-ci, həmin hal etibarsızlıqla bağlı tələbin rədd edilməsi üçün əsas deyil; 2-ci, hüquqi müəyyənlik üçün bağışlama müqaviləsi etibarsız sayılmalıdır. Bu, iddiaçıya imkan verəcək ki, həmin əşya ilə bağlı qanuni maraqlarının müdafiəsi üçün zəruri olan sonrakı hərəkətləri reallaşdıra bilsin: zərərin əvəzinin ödənilməsini tələb etsin, yaxud əmlakın satışından əldə edilən pulun onun payına uyğun olan hissəsinin ona verilməsini tələb etsin və s.

37. İddiaçı hazırki tələbində müvafiq olaraq həmin əmlakın satılmasından əldə edilmiş pulun onun payına düşən hissəsini, yəni yarısını tələb etmişdir.

38. İddiaçının tələbi haqlı olduğundan məhkəmə əsaslı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh əsassız varlanmaqla iddiaçıya zərər vurmuşdur. Bu səbəbdən sözügedən əmlakın satışından əldə etdiyi 48.000 manat məbləğində pulun yarı hissəsi kimi 24.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

39. Cavabdeh şahid ifadələrinə istinad edərək 2019-cu ilin iyun ayında 22000 manat iddiaçıya verdiyini iddia etsə də, iş materiallarında bu halı təsdiq edəcək hər hansı sübut yoxdur, şahid ifadələrini isə məhkəmə mötəbər hesab etmir, şahidlərdən biri cavabdehin qonşusudur, digər isə tərəflərin bibisi olmaqla 3 ildən çoxdur ki, iddiaçı ilə münasibətlərinin kəsildiyini bildirmişdir.

40. Həmçinin məhkəmənin tərəflər arasında yaranmış münasibət üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan (2020, 2021, 2022, 2023 və 2024-cü illər üçün) 60 aylıq dövr üçün 24000 manat borc məbləğinə illik 5% dərəcəsi ilə faiz məbləği hesablanmaqla, 60 ay üçün 6000 manat əldən çıxmış fayda cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qənaəti də qanuni və əsaslı olmuşdur.

41. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1336/2024 nömrəli iş üzrə 07 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar