Məhkəmə qərarları › İş №2(103)-5700/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5700/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5700/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: sığorta müqaviləsi, sığorta hadisəsi, avtonəqliyyat hadisəsi, sığorta ödənişinin ödənilməsindən imtinaya əsas verən hallar) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “Kia Rio” markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.

2. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixdə **********719 nömrəli sığorta müqaviləsi bağlanmış və “Kia Rio” markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə sığortalanmış, sığorta məbləği 5000 manat, sığorta haqqı isə 139 manat müəyyən olunmuşdur.

3. Həmin müqavilədə sığorta riski olaraq avtonəqliyyat hadisəsi – avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələr - müəyyənləşdirilmişdir.

4. 29 sentyabr 2023-cü il tarixində İddiaçı həyat yoldaşı X1 hüququ olmaqla idarə etdiyi “X11” minik markalı **-HN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Bülbül küçəsində hərəkətdə olarkən, “VAZ-2106” markalı **-US-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmamaq üçün anidən tormoz sistemindən istifadə etmiş, bu zaman onların azyaşlı övladları Ramal İsgəndərin başı avtomobilin ön şüşəsinə dəymiş, nəticədə avtomobilin ön şüşəsi çatlamışdır.

5. Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin təhqiqtçısı tərəfindən həmin hadisə araşdırılaraq xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd olunmuş, araşdırma nəticəsində müəyyən edilmişdir ki, azyaşlı X8 bədən xəsarəti almamışdır.

6. X2 “Yol Hərəkət haqqında” AR Qanununun tələblərini pozduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün həmin qərarın surətinin Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.

7. Ona sığorta ödənişinin ödənilməsi haqqında İddiaçı müraciətinə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “cinayət işinin rədd edilməsi haqqında Qərardan, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1527 saylı rəyindən və digər iş materiallarından görünür ki, sığortalanmış avtonəqliyyat vasitəsinin istismarı gedişində ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisə müəyyən olunmamışdır. Bu səbəbdən qeyd olunmuş hadisə sığorta hadisəsi hesab edilmir, dəymiş zərər avtonəqliyyat hadisəsi riski ilə əhatə olunmur və buna görə sığorta ödənişinin ödənilməsindən imtina edilir”.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı (iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində “X11” minik markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1050 manat zərərin (sığorta ödənişinin), mənəvi zərərin əvəzi qismində 400 manatın, 34,50 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 14 iyul 2023-cü il tarixində Cavabdeh sığorta şirkəti ilə mülkiyyətində olan “KİA Rio Cross” markalı avtomobil barəsində “Nəqliyyat vasitələrinin tam sığortası” müqaviləsi (KASKO Bölgəm) bağlanmış, müqavilənin şərtlərinə əsasən sığorta riskləri baş verdiyi halda sığortaçı tərəfindən sığorta ödənişinin ödənilməsi nəzərdə tutulmuş, sığorta risklərinə avtonəqliyyat hadisəsi avtomobilin istifadəsi nəticəsində baş verən; ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələr aid olunmuşdur. 29 sentyabr 2023-cü il tarixində sığorta risklərinə aid hadisə baş vermişdir. Belə ki, arvadı X1 hüququ olmaqla idarə etdiyi “X11” minik markalı **-HN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Bülbül küçəsində hərəkətdə olarkən, “VAZ-2106” markalı **-US-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmamaq üçün anidən tormoz sistemindən istifadə etmiş və bu zaman azyaşlı övladları Ramal İsgəndərin başı avtomobilin ön şüşəsinə dəymişdir. Nəticədə avtomobilin ön şüşəsi çatlamışdır. Hadisədən dərhal sonra DİN 102 xidmətinə müraciət edilmiş, hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin təhqiqatçısı gəlmişdir. Aparılmış araşdırma nəticəsində qəbul edilmiş 08 oktyabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, X3 “Yol Hərəkət haqqında” AR Qanununun tələblərini pozduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qəbul edimiş qərarın surətinin Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Hadisədən sonra sığorta ödənişini almaq üçün sığorta şirkətinə müraciət etmiş, lakin sığortaçı sığorta ödənişini ödəməkdən əsassız olaraq imtina etmişdir. Ona göndərilmiş 27 noyabr 2023-cü il tarixli məktubda qeyd edilir ki, “cinayət işinin rədd edilməsi haqqında Qərardan, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1527 saylı rəyindən və digər iş materiallarından görünür ki, sığortalanmış avtonəqliyyat vasitəsinin istismarı gedişində ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisə müəyyən olunmamışdır. Bu səbəbdən qeyd olunmuş hadisə sığorta hadisəsi hesab edilmir, dəymiş zərər avtonəqliyyat hadisəsi riski ilə əhatə olunmur və buna görə sığorta ödənişinin ödənilməsindən imtina edilir”. Sığortaçının imtinası qanunsuz və əsassızdır. Baş vermiş hadisə sığorta risklərinə aid avtonəqliyyat hadisəsidir. Avtonəqliyyat hadisəsi yalnız ölüm və bədən xəsarətinin olması, heyvanların və ya hərəkətsiz maneənin vurulması, habelə hər hansı digər əmlakın zədələnməsi ilə nəticələnən hadisə deyil. Belə ki, “Yol Hərəkət haqqında” AR Qanuna əsasən, yol-nəqliyyat hadisəsi - yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Baş vermiş hadisə nəqliyyat vasitəsinin hərəkəti prosesində baş verən nəqliyyat vasitəsinin zədələnməsinə səbəb olan avtonəqliyyat hadisəsidir və buna görə sığortaçının imtinası tamamilə qanunsuzdur.

10. Cavabdehin nümayəndəsi tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim olunmuş, etirazda aşağıdakılar göstərilmişdir: “İddiaçıya məxsus “Kia Rio” markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil **********719 nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx"ndə “Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. İşin təfərrüatlarına əsasən, 29 sentyabr 2023-cü il tarixdə Gəncə şəhəri, Bülbülə küçəsində baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus avtomobilin ön şüşəsi zədələnmişdir. Belə ki, iddiaçının qeyd etdiklərinə görə, avtomobili iddiaçının həyat yoldaşı idarə edən zaman qarşıdan gələn avtomobillə toqquşmamaq üçün əyləc sistemindən istifadə etmiş, bu zaman avtomobilin salonunda əyləşmiş sərnişinin alın nahiyəsi ön şüşəyə dəyərək şüşəni zədələmişdir, ancaq uşaq heç bir xəsarət almamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 8 oktyabr 2023-cü il tarixli qərarda göstərilmişdir ki, hadisə yerində heç bir tormoz izi müəyyən edilməmişdir. Məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, avtonəqliyyat vasitəsinin istismarı gedişində ölüm və bədbəxt hadisə ilə nəticələnən, heyvanların və hərəkətsiz maneələrin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisə müəyyən edilməmişdir. **********719 nömrəli sığorta şəhadətnaməsində avtonəqliyyat hadisəsi riskinə təminat verilmişdir”.

11. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın əsassız olduğunu bildirmişdir.

12. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2024-cü il tarixli rəyində göstərmişdir ki, nəzəri hesablama yolu ilə 2021-ci il buraxılşlı “X12” markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərcinin təxminən 700 manat olduğu müəyyən edilir.

13. Birinci instansiya məhkəməsinin 28 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid olunması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manatın iddiaçıdan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, avtomobilin sığorta təminatı təsiri altına düşməsi və sahibinin ona dəymiş zərəri tələb etməsi üçün həmin zərər əmlaka məhz avtonəqliyyat hadisəsi nəticəsində dəyməlidir. Bunun üçün əvvəla həmin zaman avtomobil istifadə edilməlidir, bu istifadə zamanı hadisə baş verməlidir və hadisə nəticəsində ölüm, bədən xəsarəti ilə nəticələnən yaxud əmlakın zədələnməsinə səbəb olan hərəkət baş tutmalıdır. İddiaçı ərizəsində qeyd edir ki, onun həyat yoldaşı avtomobili idarə edərkən baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün hərəkətdə olarkən qəfil avtomobilin tormoz (dayanma) əyləcindən istifadə etmiş və bunun nəticəsində avtomobildə olan azyaşlı oğlunun alın nahiyəsinin avtomobilin ön şüşəsinə çırpılması nəticəsində avtomobilin şüşəsi zərər görmüşdür. İş materiallarında olan "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”a nəzər yetirərkən məlum olur ki, iddiaçının iddia etdiyi hadisə baş verən yerə baxış keçirilmiş və hadisə yerində heç bir tormoz izinin mövcud olmadığı müəyyən edilmişdir. Bundan başqa araşdırma zamanı məhkəmə-tibbi ekspertizası keçirilmiş və alın nahiyəsinin avtomobilin ön şüşəsinə dəydiyi iddia edilən azyaşlı X7 bədənində heç bir xəsarət müəyyən edilməmişdir. İddiaçının sığorta ödənişi tələb etməkdə istinad etdiyi hadisə 2 mühüm hissədən ibarətdir: sürücünün qəfil tormoz (dayanma) əyləcindən istifadə etməsi və azyaşlının alın nahiyəsinin avtomobilin ön şüşəsinə çırpılması nəticəsində ön şüşənin zərər görməsi. Lakin qeyd olunan bu 2 halın heç biri iş materialları ilə öz təsdiqini tapmır, əksinə işdə olan "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”da göstərilənlərə istinad olunarsa, təkzib olunur. Belə ki, həm hadisə yerində tormoz izinə rast gəlinmir, həmçinin də azyaşlının bədənində heç bir xəsarət izi görünmür. İddiaçının həyat yoldaşı X2 polisə vermiş olduğu izahatında hadisə zamanı avtomobilin sürətinin təxminən saatda 30-40 km/saat olduğunu bildirmişdir. Göründüyü kimi avtomobilin sürəti yüksək olmamışdır. Nəzəri yanaşdıqda demək mümkündür ki, saatda 30-40 km/saat sürətlə hərəkət edən avtomobilin sürücüsünün qəfil tormoz (dayanma) əyləcindən istifadə etməsinin avtomobildə əyləşən sərnişinin yüksək təzyiqlə avtomobilin ön şüşəsinə çırpılmasına səbəb ola bilməsi az hallarda mümkündür. Hətta belə hal olduqda belə sərnişinin (hələ azyaşlı bir sərnişinin) yüngül bir təkanla avtomobilin ön şüşəsinə çırpılması nəticəsində şüşənin yararsız hala düşməsi məhkəmə tərəfindən inandırıcı qəbul olunmur. Məhkəmənin bu qeyd olunanları vurğulamaqda məqsədi baş vermiş hadisənin həqiqətən sığorta riskinə daxil olub-olmamasını aydınlaşdırmaqdır. Belə ki, iddiaçının istinad etdiyi hadisə yalnız o halda sığorta təminatına düşə bilər ki, həmin hadisə məhz avtonəqliyyat hadisəsi olsun. Lakin hazırki işdə bu öz təsdiqini tapmır. Avtomobilin ön şüşəsinin məhz baş vermiş avtonəqliyyat hadisəsi nəticəsində zərər görməsi hazırki işdən görünmür. Bu səbəbdən hadisə avtonəqliyyat hadisəsi fonunda sığorta hadisəsi edilə bilməz və belə olan halda sığortaçının sığortalı qarşısında hazırki vəziyyətdə heç bir öhdəliyi yaranmır.

15. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 23.1.1-ci və 28.1.1-ci bəndlərinə, Mülki Məcəllənin 883-cü, 884.5-ci, 922.1-ci, 922.2-ci, 933.1.1-ci, 935.1.8-ci maddələrinə istinad etmişdir.

16. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, övladının avtomobilin qabaq oturacağında oturmasının və hadisə nəticəsində başının avtomobilin qabaq şüşəsinə dəydiyinin cinayət təqibi orqanının qərarı ilə müəyyən olunduğunu nəzərə almadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə etiraz

17. Cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, iddiaya qarşı birinci instansiya məhkəməsinə verilən etirazla eyni məzmunda olan həmin etirazda qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı, izahatlar

18. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

25. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.

26. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.

27. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

28. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

29. Maddə 923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.

30. Maddə 923.3. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir.

31. Maddə 923.4. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.

32. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

33. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.

34. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

35. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

36. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

37. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.

38. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

39. Maddə 935.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.

“Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”

40. Bənd 23.1.1. Zərər bu Qaydalarda nəzərdə tutulmuş sığorta təminatı verilməyən hallarla bağlı olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.

41. Bənd 28.1.1. Sığorta avtonəqliyyat hadisəsi - avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələrdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

45. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

51. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

52. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

53. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

54. İddiaçının istinad etdiyi sığorta müqaviləsində sığorta riski avtonəqliyyat hadisəsi olaraq müəyyənləşdirilmişdir; həm həmin müqaviləyə, həm də “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na görə isə avtonəqliyyat hadisəsi - avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələrdir.

55. İşin hallarından görünür ki, iddiaçının həyat yoldaşının törətdiyi hadisə ölüm və bədən xəsarəti ilə nəticələnməmiş, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olmamışdır.

56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-366/2024 saylı iş üzrə 28 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar