Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5701/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 MMC-yə qarşı əmək haqqı tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1137/2021 saylı, 05.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1237,30 manat məbləğində əmək haqqının, 1000 manat məbləğində mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi X1na məxsus “Gənclik Mall” Ticarət mərkəzində yerləşən, “Koton” mağazasında 27.12.2019-cu il tarixdən satış məsləhətçisi vəzifəsində işləməyə başlamışdır. Aylıq 250 manat (əmək haqqından tutmalarla 237 manat) əmək haqqı ödənilməsi barədə əmək müqaviləsinə qeyd edilməklə ona ödəməyi şirkət öz üzərinə götürmüşdür. Əmək müqaviləsi 08.01.2020-ci il tarixdə, 146 №-li əmr ilə əmək münasibətləri rəsmiləşdirilmiş, 25.11.2020-ci il tarixdə 176 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən onun ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Ona rəsmi olaraq maaş kartı fevral ayının sonunda təqdim edilmişdir. O da 13 avqust 2020-ci il tarixdə X4 Xidmətinə əmək haqqının ödənilməsi üçün həm yazılı, həm elektron qaydada müraciət etmişdir. Bir müddət araşdırma aparılmış, həm onu, həm də Cavabdeh2 MMC-nin əməkdaşlarını dəvət edib dinləmişlər. Bundan sonra avqust ayının sonunda ona fəaliyyətinə icazə verilmiş mağazalardan birində satış məsləhətçisi işi təklif edilmışdır. O, keçən ayların ödənilməmiş əmək haqqlarının ödənilməsi şərtilə bu təklifi qəbul edəcəyini bildirsə də, şirkət ödənilməmiş əmək haqlarının bundan sonra da ödənilməyəcəyini bildirmişdir. O, bir neçə dəfə fasilələr ilə cavabdehlərə müraciət etsə də, əmək haqqının ödənilməsi, həmçinin yeni işlə təmin edilməsi mümkün olmamışdır. Sentyabr ayının 22-də X1 ona fəaliyyətinə icazə verilmiş mağazalardan birində satış məsləhətçisi kimi işləməyi ilə bağlı avqust ayındakı təkliflə eyni məzmunlu təklif irəli sürdü. İddiaçı bununla razılaşmış, ancaq təklif real təzahürünü əks etdirə bilməmışdır. Belə ki, şirkət onu “satış məsləhətçisi“ vəzifəsinə yox, “anbardar“ vəzifəsinə təyin etmişdir. X1 tutarsız mövqe əks etdirsə də, çətin vəziyyətini nəzərə alaraq, işlə tanış olmağı qəbul etmişdir. 1 gün ərzində işlə tanış olduqdan sonra, 13.10.2020-ci il tarixdə işdən imtina etmişdir. Uzun müddət (oktyabr, noyabr) gözləsə də konkret tədbirlər görülməmişdir. Yekunda məcbur qalıb başqa iş tapmaq üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini və son haqqhesabın edilməsini xahiş etmişdir. Bu müddətdə əmək haqqının ödənilməməsi ilə yanaşı ona cavabdehlər tərəfindən mənəvi sarsıntılar keçirməyinə səbəb olacaq hərəkətlər də edilmişdir. Onun hər dəfə əmək haqqının ödənilməsi ilə bağlı etdiyi müraciətlər ciddiyə alınmamış, ötəri tədbirlər görülmüşdür. O da bunun müqabilində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edəcəyini bildirəndə bunun bir fayda verməyəcəyi vurğulanmışdır. Beləliklə, cavabdehlər tərəfindən uzun müddət əmək haqqı ödənilmədən, sadacə ötəri vədlər verilməklə bu proses süni surətdə uzadılmışdır. Yekunda cavabdehlər mənəvi sarsıntılar keçirməyinə səbəb olmuş, bununla da ona mənəvi ziyan vurulmuşdur. Həmin məbləği ödəniləcək əmək haqqına münasibətdə 1000 manat məbləğində qiymətləndirir. Cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraz təqdim edərək izahatında bildirmişdir ki, iddia ərizəsindən də göründüyü kimi iddia edilən əmək haqqı dövrü xüsusi karantin rejiminin qüvvədə olduğu müddətləri əhatə edir. Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli qərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi tətbiq edilmişdir. Həmin qərarla iri ticarət obyektlərinin fəaliyyətinə, o cümlədən orada yerləşən obyektlərin fəaliyyətinə məhdudiyyət tətbiq edilmişdir, karantin rejimi işçilərdən daha çox sahibkarlara təsirsiz keçməyib. Həmin qərarın 1.4-cü bəndi ilə eyni zamanda fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə tövsiyə edilmişdir. Göründüyü kimi həmin qərarın tələblərinə uyğun olaraq cavabdeh öz fəaliyyətini iradəsindən asılı olmayan səbəbdən faktiki olaraq dayandırmış, hər hansı dövriyyəsi, fəaliyyəti və gəliri olmamışdır. Bundan başqa iddiaçı işləmədiyi günlərə görə əmək haqqı tələb edir. Onun işə çıxmasına tərəflərindən hər hansı məhdudiyyət qoyulmayıb. Dövlət tərəfindən yardım olaraq ödənilmiş vəsaitlər tam olaraq işçilərə, o cümlədən İddiaçı ödənilmişdir. Eyni zamanda iddiaçı ödənişlərlə bağlı məhkəməyə təhrif edilmiş, doğru olmayan məlumat təqdim etmişdir. Belə ki, iddiaçıya 2020-ci ilin iyul ayında da ödəniş edilmişdir. İddiaçı işsiz olaraq daha yüksək müavinət alacağını əsas gətirsə də, bunun qanuni əsası yoxdur və bu iddianın təmin edilməsi üçün səbəb deyil. Eyni zamanda öz istəyi ilə iş yerini tərk etmiş şəxslərə dövlət işsiz statusu vermir. Bundan başqa işsiz statusu olan şəxslərdən fərqli olaraq iddiaçının xüsusi karantin rejimindən sonra iş yeri var. İddiaçı ona mənəvi ziyanın vurulmasını hər hansı formada əsaslandıra bilməmiş və buna dair hər hansı sübut təqdim etməmişdir. Bu tələb üzrə hər hansı mənəvi ziyandan söhbət belə gedə bilməz. Yasamal Rayon Məhkəməsinin 2(004)-1137/2021 saylı, 05.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (sədrlik edən:Təhminə Xəlilova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin 2(004)- 1137/2021 saylı, 05.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddiaçının izahatı iddia ərizəsində göstərilənlərlə məhdudlaşdırılmış, məhkəmə iclasında şifahi olaraq qeyd etdiyi, cavabdehin təqdim etdiyi etiraza münasibətdə iddiaçının təqdim etdiyi mülahizə nəzərə alınmamış, mübahisə üçün əhəmiyyət kəsb edən hallar mülahizədə qeyd olunsa belə, hakim qətnaməni tərtib edərkən mülahizədə xüsusilə vurğulanmış hallara və qanunvericilik aktlarına istinad etmədən sadəcə cavabdehin etirazında qeyd etdiyi Əmək Məcəlləsinin müvafiq maddəsinə və Nazirlər Kabinetinin müvafiq qərarına istinad etməklə kifayətlənmişdir. Həmçinin qətnamədə mənəvi ziyanla bağlı məsələyə də hüquqi qiymət verilməmiş, bir çox hallarda olduğu kimi bu məsələyə formal yanaşılmış, insan faktoru hər zamanki kimi ikinci plana atılmış və qanunların sadəcə yazılardan ibarət olduğunu düşünen məhkəmə öz qətnaməsində buna münasibət bildirməyi zəruri hesab etməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdil. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Əmək məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli qərarının 1.4-cü bəndinə əsasən fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilmişdir. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı mövqeyi qanuni və əsaslıdır. Belə ki, həmin dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli qərarına əsasən işəgötürənin iradəsindən asılı olmayan səbəbdən işçi işə çıxmamış, lakin, əməkhaqqı iki bərabər hissəyə bölünməklə iddiaçıya ödənilmişdir. Bu hal Xalq Bank tərəfindən təqdim edilmiş əməkhaqqı cədvəlində də (səh 49) öz əksini tapmışdır. Beləliklə, əmək haqqının vaxtında verilməməsində işəgötürənin təqsirli olması halı sübut edilməmişdir. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə iddiaçının izahatının iddia ərizəsində göstərilənlərlə məhdudlaşdırıldığını, məhkəmə iclasında şifahi olaraq qeyd etdiyi, cavabdehin təqdim etdiyi etiraza münasibətdə iddiaçının təqdim etdiyi mülahizənin nəzərə alınmadığını bildirsə də bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnamədə mənəvi ziyanla bağlı məsələyə də hüquqi qiymət vermədiyini və formal yanaşıldığını bildirməsi ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əmək haqqının ödənilməsi ilə bağlı iddia tələbi əsassız olduğundan təmin edilməmiş buna görə də mənəvi zərərlə bağlı tələbə münasibət bildirilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilən hallara və Əmək Məcəlləsinin 154, 155-ci maddələrinin tələblərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli qərarına əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 MMC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1137/2021 saylı, 05.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5701/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5701/2021
18.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver