Məhkəmə qərarları › İş №2(103)-5702/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5702/2020

10.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5702/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh MTK-nın nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və X3 qarşı müqavilənin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)-272/2018 saylı qətnaməsindən İddiaçı və cavabdeh Fəridə İskəndərova tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və X3 qarşı əvvəlcə iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə X5 arasında bağlanmış xx xxx 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 427610 manat, məcburi işburaxmaya görə itirdiyi 54000 ABŞ dolları, gediş-gəliş və mehmanxana xərcləri üçün sərf etdiyi 14000 manat, evin sökülməsi nəticəsində itmiş 50000 ABŞ dolları, mənəvi zərərin əvəzi kimi 500000 manat və vurulmuş zərərin əvəzinin ödənilməsinin yubanmasına görə ümumi məbləğin təqribən 15 faizi məbləğində pulun Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Həmin fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, xx xxxxxxxx 2003-cü il tarixdə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının adına evin texniki pasportu tərtib edilmişdir. Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 1998-ci il tarixli qətnaməsi ilə iddiaçının və ailə üzvlərinin həmin evdə yaşaması faktı müəyyən edilmişdir. X4 həkim-cərrah işlədiyinə görə öz evini müvəqqəti yaşamaq üçün Elşən adlı tanışına vermişdir. xx xxxxx 2017-ci il tarixdə özünü Cavabdeh MTK-nın nümayəndəsi kimi təqdim edən şəxs onunla telefonla əlaqə saxlayıb evin yerləşdiyi ərazinin onlar tərəfindən layihələndirildiyini və bina tikməyə hazırlaşdıqlarını bildirmişdir. O, xx xxx 2017-ci il tarixdə Bakı şəhərinə gələcəyini bildirərək o zaman görüşüb məsələni müzakirə etməyə razılaşmışdır. xx xxx 2017-ci il tarixdə həmin şəxs yenidən ona zəng edərək onun Bakıya gəlişini gözlədiklərini bildirmiş, lakin xx xxx 2017-ci il tarixdə Tərlan adlı qonşusu ona evin sökülmüş vəziyyətdə şəkillərini göndərmişdir. Bu xəbəri eşidib iş yerindən ödənişsiz məzuniyyət götürərək Səudiyyə Ərəbistanından Bakıya qayıtmış və evin sökülməsinin şahidi olmuşdur. Bundan sonra “X17” MMC-yə müraciət edərək evin və evdə olmuş əşyaların qiymətləndirilməsi barədə rəy almış, qiymətləndirmə nəticəsində evin qiymətinin 253000 manat, evdəki əşyaların isə qiymətinin 25710 manat olması müəyyən edilmişdir. Bundan əlavə, evin sökülməsi nəticəsində mənzildə gizli saxlanc yerində saxladığı 50000 ABŞ dolları məbləğində pul, 120000 manat dəyərində qızıl zinət əşyaları yoxa çıxmış, elmi fəaliyyəti ilə əlaqədar aparılmış elmi araşdırmaların nəticəsi və müxtəlif hüquqi sənədlərin məhv olması nəticəsində ona 28900 manat məbləğində zərər dəymişdir. Evin sökülməsi ilə əlaqədar Səudiyyə Ərəbistanındakı işini buraxaraq 6 ay ərzində məcburi iş buraxdığına görə hər ay 9000 ABŞ dolları məbləğində əmək haqqı olmaqla 54000 ABŞ dolları məbləğində qazancdan məhrum olmuşdur. Mənzilindən qanunsuz məhrum olunduğuna görə uzun müddət mehmanxanalarda yaşamağa məcbur olmuş, ölkədən gediş-gəliş üçün aviabiletlərə xeyli pul xərcləmişdir. Mehmanxana və aviabiletlərə xərclədiyi vəsaitin miqdarı təqribən 14000 manat təşkil edir. Evinin qanunsuz sökülməsi onun ağır psixi sarsıntılar keçirməsinə səbəb olmuş, ona vurulmuş mənəvi zərərin həcmini 500000 manat miqdarında dəyərləndirir. Bundan əlavə hesab edir ki, vurulmuş zərərin əvəzinin ödənilməsinin yubanmasına görə ümumi məbləğin təqribən 15 faizi məbləğində pul da cavabdeh MTK-dan onun xeyrinə tutulmalıdır. Məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, qızı Fəridə İskəndərova onun razılığı olmadan həmin mənzilin Cavabdeh MTK tərəfindən sökülməsinə razılıq verməsi barədə xx xxx 2017ci il tarixdə həmin MTK ilə müqavilə bağlamışdır. Qeyd olunan müqavilə əhəmiyyətsiz olduğundan, hesab edir ki, həmin müqavilə etibarsız hesab edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)-272/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 113,39 kvadrat metrdən ibarət fərdi yaşayış evinə dair Cavabdeh MTK ilə X5 arasında bağlanmış xx xxx 2017-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, vurulmuş maddi ziyana görə 251000 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı və cavabdeh Fəridə İskəndərova tərəfindən apellyasiya şikayətləri verilmişdir. İddiaçı qətnamənin ləğv olunub iddianın tam təmin olunmasını, cavabdeh Fəridə İskəndərova isə qətnamənin ləğv olunub iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları kifayət qədər sübuta yetirməsinə baxmayaraq, məhkəmə maddi hüquq normaları pozaraq iddianı tam təmin etməmişdir. Bundan əlavə, məhkəmə evin faktiki sahəsinin 143 kvadrat metr olmasını nəzərə almamışdır. Fəridə İskəndərovanın apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iclasları barədə ona məlumat verilməmiş, mülki işə onun iştirakı olmadan baxılmışdır. Birinci instansiya məhkəməsi evin sökülməsinə görə vurulmuş maddi ziyanın əvəzi kimi 251000 manat pulun Cavabdeh MTK-dan tutulub İddiaçı verilməsi qənaətinə gəlsə də, həmin evə münasibətdə eyni hüquqlara malik olan X5 ilə bağlı məsələlərə ümumiyyətlə münasibət bildirməmiş, müqaviləni etibarsız hesab etsə də, əqdin etibarsızlığı ilə bağlı nəticələri tətbiq etməmişdir. Bundan əlavə, Fəridə İskəndərova ilə Cavabdeh MTK arasında bağlanmış xx xxx 2017-ci il tarixli müqavilənin şərtlərinə əsasən MTK evin sökülməsi müqabilində onlara iki ev verilməsini öhdəsinə götürmüşdü ki, həmin evlərdən biri iddiaçı üçün nəzərdə tutulurdu. Belə olan halda, iddiaçının hər hansı hüquqlarının pozulmasından söhbət gedə bilməz. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı və cavabdeh Fəridə İskəndərovanın kassasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi İddiaçı iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsinin təmin edilməməsi və vurulmuş maddi ziyana görə 251000 manat məbləğində pulun Cavabdeh MTK-dan alınaraq bütünlüklə İddiaçı verilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi baxılan (iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsinin təmin edilməməsi və vurulmuş maddi ziyana görə 251000 manat məbləğində pulun Cavabdeh MTK-dan alınaraq bütünlüklə İddiaçı verilməsi) hissəsində ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilərək maddi ziyana görə 125000 manat, mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan alınaraq İddiaçı verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Cavabdeh Fəridə İskəndərovanın həmin qətnamədən kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsində işə təkrar apellyasiya qaydasında baxılarkən İddiaçı və onun nümayəndəsi X10 iştirak etdikləri məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv olunaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh X5 və onun nümayəndəsi X6 iştirak etdikləri məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin əsassız, Fəridə İskəndərovanın isə apellyasiya şikayətinin əsaslı olduğunu bildirərək qətnamənin ləğv olunub iddianın rədd edilməsini xahiş etmişlər. Cavabdeh MTK-nın nümayəndəsi X13 məhkəmə iclasında verdiyi izahatında İddiaçı apellyasiya şikayətinin əsassız, Fəridə İskəndərovanın isə apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı məqsədinin MTK-dan daha çox pul əldə etmək olduğunu, İddiaçıla Fəridə İskəndərovanın həmin evə bərabər hüquqları olduğuna görə Cavabdeh MTK-nın Fəridə İskəndərova ilə xx xxx 2017-ci il tarixdə müqavilə bağlayaraq evin sökülməsi və əvəzində iki mənzilin verilməsi və aylıq kirayə haqqının ödənilməsi barədə razılığa gəldiklərini, həmin müqavilənin etibarsız hesab edilməsinə heç bir əsasın olmadığını, birinci instansiya məhkəməsində işə baxılarkən sökülmüş evin real dəyərindən artıq qiymətləndirildiyini, buna baxmayaraq, mübahisənin həllinin uzanmaması üçün MTK tərəfindən qətnamədən apellyasiya şikayətinin verilmədiyini bildirdi. İzahatının sonunda Etibar Paşayev qətnamənin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)-272/2018 saylı qətnaməsi qismən, yəni mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, iddia qismən təmin olunaraq vurulmuş maddi ziyanın əvəzi kimi 251000 (iki yüz əlli bir min) manat və mənəvi ziyanın əvəzi kimi 3000 (üç min) manat, cəmi 254000 (iki yüz əlli dörd min) manat məbləğində pul Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə evin sökülməsinə görə vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbləri istisna olmaqla, İddiaçı digər iddia tələblərinin rədd edilməsi hissəsində qətnamə artıq qanuni qüvvəyə minmişdir. Buna görə də hazırkı apellyasiya baxışının hədləri qətnamənin, evin sökülməsinə görə vurulmuş 251000 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi və mənəvi ziyanın ödənilməsi tələbinin rədd edilməsinə dair hissəsinin yoxlanılması ilə məhdudlaşır. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin evə dair İddiaçı adına xx xxxxxxxx 2003-cü il tarixli 30/1737 saylı “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” verilmişdir. Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 1998-ci il tarixli qətnaməsi ilə iddiaçının və ailə üzvlərinin həmin evdə yaşaması faktı müəyyən edilmişdir. İddiaçı və cavabdeh F.İskəndərova ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Həmin mənzil Cavabdeh MTK-nın əməkdaşları tərəfindən xx xxx 2017-ci il tarixdə iddiaçının məlumatı və razılığı olmadan sökülmüşdür. Cavabdeh MTK ilə F.İskəndərova arasında bağlanmış xx xxx 2017-ci il tarixli müqaviləyə əsasən, müqavilə tərəfləri mübahisəli evin boşaldılaraq sökülməsinin əvəzində MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Möhsün Sənani küçələrinin kəsişməsindəki məhəllədə yeni tikilən yaşayış binasında iki ədəd mənzil verilməsi və yeni yaşayış sahəsi ilə təmin edilənədək müvəqqəti yaşayışını təmin etmək məqsədilə əmlak istifadəçisinə kompensasiya şəklində aylıq 250 manat məbləğində kirayə haqqının ödənilməsi barədə razılığa gəlmişlər. İddiaçının sifarişi əsasında “X17” MMC tərəfindən aparılmış qiymətləndirmənin nəticələrinə əsasən verilmiş xx xxxx 2017-ci il tarixli rəyə görə, mübahisəli evin həmin tarixə bazar dəyəri 253000 manat, birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş “X8” MMC tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli rəyə görə isə evin rəy verilən tarixə bazar dəyəri 251000 manat təşkil edir. İddiaçı apellyasiya şikayətində qeyd olunan dəlillərin ətraflı yoxlanılması məqsədilə mülki işə təkrar apellyasiya qaydasında baxılarkən yaşayış evinin hal-hazırda orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və mütəxəssis qarşısında İddiaçı mübahisələndirdiyi torpaq sahəsi və 30 kv.m yaşayış sahəsinin həmin evin texniki pasportunda əks olunub-olunmaması, əgər fərdi yaşayış evinin torpaq sahəsi olmuşsa və evin ölçüsü 143 kv.m təşkil etmişsə, bu halda fərdi yaşayış evinin orta bazar qiymətinin müəyyənləşdirilməsi barədə suallar qoyulmuşdur. “xxxxxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli MB 13/1066 saylı qiymətləndirmə hesabatına əsasən, ünvan 2 ünvanında yerləşən, texniki pasporta əsasən 70,8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin hal-hazırda orta bazar dəyəri 109500 manat təşkil edir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi texniki pasporta əsasən ümumi torpaq sahəsi 69,6 kv.m olduğu halda, tikinti altında 48,6 kv.m təşkil edir ki, bu da daşınmaz əmlakın tərkib hissəsi olaraq fərdi yaşayış evinin tərkib hissəsi sayılır. Qalan hissəsi, yəni 21 kv.m torpaq sahəsi isə boş torpaq sahəsidir. İddiaçının mübahisələndirdiyi 30 kv.m yaşayış sahəsi həmin fərdi yaşayış evinin texniki pasportunda göstərilməmişdir. Əgər fərdi yaşayış evinin torpaq sahəsi olmuşsa və evin ölçüsü 143 kv.m təşkil etmişsə, bu halda fərdi yaşayış evinin orta bazar dəyəri 205000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia etdiyi və apellyasiya şikayətində qeyd etdiyi kimi, əgər fərdi yaşayış evinin torpaq sahəsi olmuşsa və evin ölçüsü 143 kv.m təşkil etmişsə, bu halda fərdi yaşayış evinin orta bazar dəyəri 205000 manat təşkil etsə də, Cavabdeh MTK sökülmüş evin dəyərinin 251000 manat təşkil etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığına və qətnamədən apellyasiya şikayəti vermədiyinə görə evin sökülməsi nəticəsində iddiaçıya 251000 manat məbləğində maddi ziyan dəyməsi qəbul olunmalıdır. Evin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 251000 manat məbləğində pulun bütünlüklə İddiaçı ödənilməli olub-olmaması ilə bağlı apellyasiya məhkəməsinin kollegiyası aşağıdakı qənaətə gəlir : İşin faktiki hallarından göründüyü kimi, mübahisəli ev özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evə dair dövlət orqanının verdiyi yeganə sənəd evin texniki pasportudur ki, bu sənəd də iddiaçının adına tərtib edilmişdir. Belə olan halda, iddiaçının sadə prosedur qaydalarına riayət etməklə həmin evi öz adına özəlləşdirmək imkanı, yəni gözlənilən mülkiyyət hüququ olmuşdur. Məhz buna görə də onun iddiası əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx xxx 2017-ci il tarixdə Fəridə İskəndərova ilə Cavabdeh MTK arasında bağlanmış müqavilə əmlaka sərəncam verən şəxsin buna səlahiyyəti olmaması əsası ilə etibarsız hesab edilmişdir. Evə dair cavabdeh F.İskəndərovanın adına hər hansı sənəd olmamaqla onun mübahisəli evdən yalnız istifadə hüququ Nəsimi Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sökülmüş ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, İddiaçı həmin ev üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları X15 Məhkəməsinin presedentləri baxımından “mülkiyyət” anlamını təşkil etməklə evin sökülməsi nəticəsində vurulmuş ziyanı tələb etmək hüququ İddiaçı məxsusdur. Həmin evə istifadə hüququ olan F.İskəndərova ilə evə münasibətdə gözlənilən mülkiyyət hüququ olan İddiaçı hüquqları eyniləşdirilə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, evin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 251000 manat pulun Cavabdeh MTK-dan alınıb bütünlüklə İddiaçı ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, tutulması qət olunan 251000 manat pul evin sökülməsi nəticəsində vurulmuş ziyanı ehtiva etdiyindən, həmin evdə qeydiyyatda olan və ev sahibinin ailə üzvü hesab edilən cavabdeh Fəridə İskəndərovanın bu evin sökülməsi nəticəsində evdən istifadə hüququnun pozulması və bunun müqabilində müvafiq kompensasiya tələb etmək hüququ onun bu hüququnun pozulması güman edildiyi halda İddiaçı qarşı ayrıca iddia tələbi irəli sürülməklə araşdırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi ziyanın əvəzinin ödənilməsi barədə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 386.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etməklə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : İşə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdeh MTK-nın hərəkətləri nəticəsində ona mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. ” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin məlumatı və razılığı olmadan qeydiyyatda olduğu və ona məxsus olan evin sökülməsinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya, yəni mənəvi sarsıntı keçirməsinə səbəb olması normal insan psixologiyası çərçivəsində əyani sübuta ehtiyacı olmayan həqiqətdir. Bu baxımdan kollegiya hesab edir ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə İddiaçı iddiası qismən əsaslıdır. Kollegiya hesab edir ki, mənəvi zərərin əvəzi kimi 500000 manat pulun Cavabdeh MTK-dan iddiaçının xeyrinə tutulması barədə tələb kifayət qədər əsaslandırılmamışdır və mənəvi zərərin əvəzinin ödənilməsindən çox İddiaçı cavabdeh MTK-nın hesabına varlanmasına xidmət edir. Mülki hüquq pozuntusunun xarakterini, habelə iddiaçının keçirdiyi mənəvi sarsıntının xarakteri və dərəcəsini, eləcə də pozuntunun baş verməsində cavabdehin təqsirini və əmlak vəziyyətini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərin əvəzi kimi 3000 manat pulun Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulması vurulmuş mənəvi zərərin ədalətli və ağlabatan əvəzi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Yenə həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi barədə hissəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 390, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)-272/2018 saylı qətnaməsi qismən, yəni mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi kimi 251000 (iki yüz əlli bir min) manat və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat, cəmi 254000 (iki yüz əlli dörd min) manat məbləğində pul Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 7 manat hissəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat pulun 3 manat 50 qəpik hissəsi Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilsin. Cavabdeh X5 tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar