Məhkəmə qərarları › İş №2(103)-5703/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5703/2021

04.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5703/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(004)-1493/2021 №-li iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 mart 2021-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, onunla cavabdeh Bank arasında bağlanmış 16.03.2010-cu il tarixli, 08L000003398 saylı “Kredit xətti müqaviləsinin”, müqavilə əsasında bağlanmış 25.07.2014-cü il tarixli, 08K000000025 saylı “Kredit razılaşmasının” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə dair işə Rayon Məhkəməsində baxılan zaman cavabdeh Bankın nümayəndəsi vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Bank “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” hazırki iş üzrə İddiaçı və hazırki iş üzrə tərəf olmayan X3, X1 və X2 qarşı iddia irəli sürmüş, həmin iddia ərizəsi hazırda Lənkəran Rayon Məhkəməsinin icraatındadır (İş № 2(049)-04/2021). Qeyd edilən iş ilə hazırki iş bir-biri ilə əlaqəli olduğundan işlər bir icraatda birləşdirilməlidir. Odur ki, işlərin bir icraatda birləşdirilməsi məsələsinin həll edilməsi üçün hazırki işin Lənkəran Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Vəsatətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.03.2021-ci il tarixli qərardadı ilə vəsatəti təmin etmiş və hazırki mülki işin Lənkəran Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməməsini xahiş etmişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi 08.05.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 43-cü maddəsinin mənasına görə, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Qeyd edilən prosessual normanın tələbindən çıxış edən Rayon Məhkəməsi iş üzrə 17.03.2021-ci il tarixli qərardadı qəbul etmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə icraat, hazırki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktının qanuni qüvvəsini alanadək dayandırılmışdır. Dayandırılmış vəziyyətdə olan mülki işə başqa bir mülki işin birləşdirilməsi isə prosessual qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa nəzərə alınmalıdır ki, Lənkəran Rayon Məhkəməsinin icraatında olan iş üzrə tərəflərin bir neçəsi hazırki iş üzrə tərəf deyil. Məhkəmə qeyd edir ki, Lənkəran Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddia tələbi o cümlədən, (hazırki iş üzrə cavabdeh olan ) Bank ilə (hazırki iş üzrə iddiaçı) İddiaçı arasında bağlanmış “Kredit xətti müqaviləsi” üzrə yaranmış kredit borcunun tutulmasından ibarətdir. Hazırki mülki işin başlanmasına əsas olmuş iddia tələbi isə məhz Bank ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış münasibətlərdən irəli gələn tələbdir. Göründüyü kimi, hər iki mülki mübahisənin subyekt tərkibi eyni olması ilə yanaşı hüquq münasibətləri də eynidir. Yəni hər iki iş bir-biri ilə əlaqəlidir. Digər tərəfdən qeyd edilməlidir ki, Lənkəran Rayon Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi 2(049)-04/2021 saylı, 09.03.2021-ci il tarixli qərardadından da görünür ki, Lənkəran Rayon Məhkəməsi də, bu qənaətə gələrək həmin iş üzrə icraatı hazırki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə qərarının qanuni qüvvəsini alanadək dayandırmışdır. Bundan başqa Məhkəmə qeyd edir ki, Lənkəran Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə icraatın dayandırılması işlərin bir icraatda biləşdirilməsi məsələsinin qarşısını almır. Belə ki, Lənkəran Rayon Məhkəməsi həmin iş üzrə icraatı təzələyərək işlərin bir icraatda baxılması məsələsini müzakirə edə bilər. Eyni zamanda Məhkəmə bildirir ki, Lənkəran Rayon Məhkəməsinin icraatında olan iş üzrə tərəflərin dairəsinin daha geniş olması işlərin bir icraatda birləşdirilməsinin qarşısını almır. MPM-də buna dair əks göstəriş nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 17.03.2021-ci il tarixli qərardad qanuni və əsaslıdır; həmin qərardaddan iddiaçının verdiyi şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslı deyil. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 mart 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar