Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5703/2024 18.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Elxan Süleymanovun, cavabdehlər Jalə Əliyeva və Cavabdeh3 vəkili və nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Qnyaz oğlu, Cavabdeh4 və Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və əmlakda payın müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-747/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı Cavabdeh2 qayınanası, cavabdehlər Cavabdeh3 Qnyaz oğlu və Cavabdeh4 ata nənəsidir. Cavabdehlər bir ailənin üzvləridir: 1-ci cavabdeh ana, 2-ci və 3-cü cavabdehlər isə onun övladlarıdır. İddiaçının əri X2 xx.xx.2018-ci ildə, iddiaçının övladı X3 isə xx.xx.2019-cu ildə ölüb. İddiaçının övladı X3 Cavabdeh2 əri, cavabdehlər Cavabdeh3 Qnyaz oğlu və Cavabdeh4 atasıdır. 2.Mübahisə iddiaçının ərinə məxsus olmuş iki evlə bağlıdır: Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Fərrux Qayıbov küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinin 3/12 hissəsi və Oğuz rayonuun Xaçmaz kəndində yerləşən, ümumi sahəsi 148,4 kv.m təşkil edən fərdi yaşayış evi. 3.İddiaçı xx.xx.2019-cu ildə notariat ofisinə ərizə verərək bildirib ki, ərindən miras qalmış bütün əmlakdan nəvəsinin – Cavabdeh3 Qnyaz oğlunun xeyrinə imtina edir. İddiaçının iki qızı da eyni tarixdə eyni məzmunlu ərizə verib. Bakı şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu xx.xx.2019-cu ildə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Fərrux Qayıbov küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinin 3/12 hissəsinə dair cavabehlər Cavabdeh2, Cavabdeh3 Qnyaz oğlu və Cavabdeh4 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verib. Həmin gün bağlanmış miras payın bağışlanması müqaviləsinə əsasən 2ci və 3-cü cavabdehlər miras əmlakdakı paylarını 1-ci cavabdehə (öz anlarına) bağışlayıblar. 4.Oğuz rayonuun Xaçmaz kəndində yerləşən, ümumi sahəsi 148,4 kv.m təşkil edən fərdi yaşayış evinə münasibətdə vərəsəlik haqqında şəhadətnamə verilməyib. Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsində tələb olunub: 1) Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Fərrux Qayıbov küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinin 3/12 hissəsinə dair cavabdehlərin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr və həmin evə dair miras payın bağışlanması müqaviləsi etibarsız hesab olunsun, evə dair Cavabdeh2 adına verilmiş reyestr çıxarışı ləğv edilsin və evin 6/24 hissəsi iddiaçının payı kimi müəyyən olunsun; 2) Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Fərrux Qayıbov küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsi iddiaçının payı kimi müəyyən olunsun. 6.Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 8.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Elxan Süleymanov bildirdi ki, apellyasiya şikayətində qətnamə tam mübahisələndirilsə də, qətnamənin yalnız Oğuz rayonuun Xaçmaz kəndindəki evə aid hissəsinin ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmasını xahiş edir. Belə ki, həmin ev iddiaçı ilə ərinin nikahda olduğu dövrdə əldə edilib, iddiaçının əri öldükdən sonra o, evdə payının müəyyən edilməsi üçün notariusa müraciət etsə də, notarius bundan imtina edib. 9.Məhkəmə iclasında iştirak edən cavabdehlər Jalə Əliyeva və Cavabdeh3 vəkili və nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 10.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.İddiaçı iddia edir ki, hər iki evi əri onunla nikahda olduğu müddətdə əldə edib, ona görə də evlər ər-arvadın ümumi mülkiyyəti hesab olunur, o, ərindən qalmış mirasdan nəvəsinin xeyrinə imtina edərkən ər-arvadın ümumi mülkiyyətindən ona çatmalı olan paydan imtina etməyib. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Birinci ev barədə 12.Birinci ev, yəni Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Fərrux Qayıbov küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinin 3/12 hissəsi ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunmur. Belə ki, iddiaçının əri həmin evdəki payını nikah müddətində xx.xx.1994-cü il tarixli bağışlama müqaviləsi əsasında əldə edib. Bu, DƏDKR PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinin məktubu ilə təsdiq olunur (iş v. 152). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Fərdi yaşayış evinin 3/12 hissəsi iddiaçının ərindən qalan miras olduğuna, iddiaçı mirasdan imtina etdiyinə görə, iddia bu evə aid hissədə əsassızdır. Birinci instansiya məhkəməsi düzgün olaraq həmin tələbi rədd edib, bu hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. İkinci ev barədə 13.İkinci ev, yəni Oğuz rayonunun Xaçmaz kəndində yerləşən, sahəsi 148,4 kv.m təşkil edən ev nikah müddətində əldə edilib. Belə ki, iddiaçı ilə ərinin nikahı xx.xx.1968-ci ildə bağlanıb. Evə dair 1987-ci ildə iddiaçının ərinin adına texniki pasport tərtib edilib, xx.xx.2021-ci ildə ev üzərində iddiaçının ərinin hüquqları dövlət qeydiyyatına alınaraq qeydiyyat nömrəsi ********** olan çıxarış tərtib edilib. Bu, DƏDKR PHŞ-in 9 saylı Qəbələ Ərazi İdarəsinin məktubu ilə təsdiq olunur (iş v. 155). Həmin məktuba əlavə edilmiş reyestr çıxarışında iddiaçının əri “hüquq sahibi”, ev isə “xüsusi mülkiyyət” kimi göstərilib (iş v. 156). Evin əvəzsiz əqd üzrə əldə edildiyini təsdiq edən sübut olmadığına görə, hesab olunur ki, ev ər-arvadın ümumi əmlakıdır. Ər-arvaddan biri öldükdə sağ qalmış ərin (arvadın) ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin notariat qaydasında verilməsi mümkündür (“Notariat haqqında” Qanun, maddə 62). Lakin iddiaçının vəkilinin sorğusuna cavab olaraq notarius tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 607 nömrəli məktubdan görünür ki, evin nikah dövründə əldə edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır (iş v. 6). Göründüyü kimi, evə iddiaçının payının məhkəmədənkənar qaydada müəyyən edilməsi mümkün deyil. Ona görə də məhkəmə Ailə Məcəlləsinin 32 və 37-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, evin 1/2 hissəsi ər-arvadın ümumi əmlakında iddiaçının payı kimi müəyyən olunmalıdır. Beləliklə, qətnamə həmin evə dair tələbin rədd edilməsinə aid hissədə ləğv edilməli və bu tələb təmin olunmalıdır. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-747/2024 nömrəli qətnaməsi qismən – Oğuz rayonunun Xaçmaz kəndində yerləşən, X1 məxsus olan, ümumi sahəsi 148,4 kv.m təşkil edən fərdi yaşayış evində İddiaçı payının müəyyən edilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin tələb təmin olunsun. Oğuz rayonunun Xaçmaz kəndində yerləşən, X1 məxsus olan, ümumi sahəsi 148,4 kv.m təşkil edən fərdi yaşayış evinin ½ (ikidə bir) hissəsi ər-arvadın ümumi əmlakında İddiaçı pay kimi müəyyən olunsun. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5703/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5703/2024
18.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver