Məhkəmə qərarları › İş №2(103)-5704/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5704/2024

14.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5704/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Maraqlı şəxs olmaqla Cavabdeh qarşı «kompensasiya verilməklə özbaşına tikilinin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, e-2(006)-174/2023 nömrəli əlavə qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Maraqlı şəxs olmaqla Cavabdeh qarşı «kompensasiya verilməklə özbaşına tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 38000 manat kompensasiya ödənilməklə, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında cavabdeh tərəfindən tikilmiş ümumi sahəsi 19.00 kv.metrdən ibarət olan özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədilə 1.1845 ha torpaq sahəsi "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 26 fevral 2021-ci il tarixli, 04 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə layihələndirilən yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən binaların tikintisi üçün Tİ-18/22 saylı, xx.xx.2022-ci il tarixli obyektin tikintisinə icazə sənədi təqdim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və 20/67 saylı, xx.xx.2020-ci il tarixli cizgiyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən torpaq sahəsinin 49 il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 1636 nömrəli 19 yanvar 2021-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. "xxxx" MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 noyabr 2020-ci il tarixli 239 nömrəli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. MMC-nin sözügedən torpaq sahəsi ilə tanışlığı zamanı həmin ərazidə 19.00 sahədən ibarət özbaşına tikili aşkar edilmiş, həmin tikilidə yaşayan cavabdehlə danışıq aparılsa da, onlar tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd MMC-yə təqdim edilməmişdir. "xxxx" MMC tərəfindən cavabdehə humanizm mövqeyi göstərilmiş, özbaşına tikililərin əvəzinə yeni tikiləcək binada ona mülkiyyət hüququ verən təmirli mənzillərin təqdim edilməsi və kirayə haqqının ödənilməsi, eyni zamanda özbaşına tikilinin əvəzinə ədalətli kompensasiya məbləği təklif edilmişdir. Lakin cavabdeh tərəfindən həmin təklif rədd edilmiş, MMC-dən ağılasığmaz məbləğlər tələb edilmişdir. "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-174/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən Cavabdeh məxsus ümumi sahəsi 39,3 kv.metrdən ibarət olan tikilinin sökülməsinə görə 43300 manat məbləğində kompensasiyanın İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, ona məxsus 39,3 kv.m ibarət tikilinin sökülməsinə görə evlə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində iddiaçı ona mənzil təklif etdiyini, onun isə imtina etdiyini göstərmişdir. Qeyd edir ki, ona mənzil təklif olunsa idi o, mənzildən imtina etməzdi. MMC onu aldadaraq mənzilin sökülməyəcəyini bildirmiş və zəmanət məktubu vermişdir. MMC tərəfindən onun yaşadığı evin yanında apardıqları qazıntı işləri nəticəsində onun evi qəzalı vəziyyətə düşmüş, evini təmir etmək adı ilə onu evdən çıxarmışlar və gecə ilə evini sökmüşlər. Əşyaları da evin içində olmuşdur. Ekspert rəyi ilə evinin ümumi sahəsinin 39,3 kv.m olduğu təsdiq edilmişdir. Sökülmüş evin şəkilləri əsasında həmin ərazidə bazar qiyməti X3 tərəfindən verilmiş hesabata əsasən 104500 manat təşkil edir. Hesab edir ki, ona məxsus sahəsi 39,3 kv.m olan evin sökülməsi nəticəsində ona həmin evin yerləşdiyi yerdə cavabdehin inşa etdiyi binadan mənzil verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7366/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-174/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdehə 43300 manat məbləğində kompensasiya verilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh sökülmüş ümumi sahəsi 39,3 kv.m-dən ibarət olan tikilinin əvəzi olaraq, həmin yerdə inşa olunan yeni yaşayış binasından 39,3 kv.m və əlavə 20% olmaqla, ümumilikdə 47,16 kv.m sahəsi olan təmirli yaşayış sahəsi iddiaçı "xxxx" MMC tərəfindən təhvil verilməsi qət edilmişdir. Bundan sonra İddiaçı MMC-nin nümayəndəsi Vəkil2 birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh etməli olduğu hərəkət və məhkəmə xərclərinə dair məsələlər barədə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, e-2(006)- 174/2023 nömrəli əlavə qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumunun 102 (yüz iki) manat hissəsi İddiaçındən, qalan 102 (yüz iki) manat hissəsi isə Cavabdeh tutulması və ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ilk növbədə ərizənin Cavabdeh etməli olduğu hərəkət barədə əlavə qətnamə çıxarılması tələbinə münasibət bildirərək, qeyd etmişdir ki, tələb bu hissədə əsaslı olmadığından ərizə cavabdehin etməli olduğu hərəkətin müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddia tələbinə baxdıqda müəyyən olunur ki, iddiaçı iddia ərizəsində cavabdehə 38000 manat kompensasiya ödənilməklə, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında cavabdeh tərəfindən tikilmiş ümumi sahəsi 19.00 kv.metrdən ibarət olan özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yəni iddia ərizəsində cavabdehin etməli olduğu hərəkətlə bağlı heç bir tələb yoxdur. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Daha sonra məhkəmə ərizənin məhkəmə xərclərinin tutulması hissəsinə münasibət bildirərək hesab etmişdir ki, ərizə bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qətnamənin nəticə hissəsi elan edildikdən və əsaslandırılmış qətnamə tərtib edildikdən sonra müəyyən edilmişdir ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmə baxılması üçün 204 manat məbləğində pul ödənilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçı və cavabdeh arasında bölünməlidir. Qeyd olunan əlavə qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, əlavə qətnamənin - ərizə təmin edilməyən hissədə ləğv edilməsi və həmin hissədə ərizənin təmin edilərək əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əlavə qətnamə qəbul edərkən “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 8.2-ci bəndini nəzərə almamış və cavabdehin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və məsuliyyətini müəyyən etmək əvəzinə iddiaçının üzərinə öhdəlik qoymuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin əlavə qətnaməsinin - ərizənin təmin edilməyən hissəsində mübahisələndirilsə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verdiyindən əlavə qətnamə tam yoxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin əlavə qətnaməsi ərizənin rədd edilməsi hissəsində ləğv edilərək ərizənin təmin edilməyən hissəsində əlavə qətnamənin çıxarılmasından imtina edilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq iddiaçı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı apellyasiya şikayətində “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 8.2-ci bəndinə istinad edərək qeyd etmişdir ki, cavabdehin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və məsuliyyətini müəyyən etmək əvəzinə iddiaçının üzərinə öhdəlik qoymuşdur. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, qeyd olunan qərarın 8.2-ci bəndinə əsasən məhkəmə bir neçə cavabdeh barədə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.1-ci maddəsinə əsasən məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Göründüyü kimi istinad edilən prosessual normalara əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərməlidir. Hazırki vəziyyətdə isə iddiaçı tələbi bir neçə cavabdehə deyil, bir cavabdehə - Cavabdeh yönəlmişdir. Eləcə də iddiaçı tələbində cavabdehə 38000 manat kompensasiya ödənilməklə, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında cavabdeh tərəfindən tikilmiş ümumi sahəsi 19.00 kv.metrdən ibarət olan özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə də iddia tələbi qismən, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən Cavabdeh məxsus ümumi sahəsi 39,3 kv.metrdən ibarət olan tikilinin sökülməsinə görə 43300 manat məbləğində kompensasiya İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilməsi hissəsində təmin edilmişdir. Belə olan halda müəyyən edilir ki, iddia ərizəsində cavabdehin etməli olduğu hərəkətlə bağlı heç bir tələb yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 229.3-cü maddəsinə əsasən əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi ərizənin qeyd olunan hissəsində mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, nəticə etibarı ilə ərizənin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsi əlavə qətnamə çıxarılmasından imtina edilməsi barədə qərardad qəbul etməli idi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əlavə qətnamə çıxarılmasından imtina edildiyi hallarda qərardad qəbul etməli olduğu halda bu barədə qərardad qəbul etməməklə prosessual pozuntuya yol vermişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, e-2(006)-174/2023 nömrəli əlavə qətnaməsi ərizənin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə əlavə qətnamə çıxarılmasından imtina edilməsi barədə qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 229, 263, 264 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, e-2(006)- 174/2023 nömrəli əlavə qətnaməsi ərizənin təmin edilməyən - Cavabdeh etməli olduğu hərəkət barədə əlavə qətnamə çıxarılması barədə hissəsində ləğv edilsin. Həmin hissədə əlavə qətnamə çıxarılmasına dair ərizənin təmin edilməsindən imtina edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Abdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar