Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5706/2022 30.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh3 MMC-nin vəkili X1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2211/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC -yə qarşı cavabdehlərdən müştərək olaraq 9295,04 manat məbləğində sığorta ödənişinin əvəzi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 112,95 manat və 0,40 manat bank xidməti xərci məbləğində pul vəsaitini iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 MMC-nin istifadəsində olan, Cavabdeh1 məxsus olan sürücü Cavabdeh2 tərəfindən idarə olunan ** MK *** dövlət qeydiyyat nişanlı Daewoo BS090 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealismarkalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir. Tərəfimizdən müqavilə üzrə sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 12114,44 manat təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 2180,60 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 14 295,04 (on dörd min iki yüz doxsan beş manat dörd qəpik) manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 5 000,00 (beş min) manat məbləği sığortaçı tərəfindən ödənilmiş və 9295,04 (doqquz min iki yüz doxsan beş manat dörd qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdehlərdən xahiş etmiş, lakin, cavabdehlər tələb olunan məbləği ödəməkdən yayınmışlar.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2211/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 9295,04 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 112,95, bank xidmət haqqının əvəzi olaraq 0,40 qəpik məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (Sədrlik edən: Əminə Abbasova).
4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPMnin tələbinə görə məhkəmələr qətnamə çıxararkən sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, həmin iş üzrə hansı qanun tətbiq edilməli olduğunu həll etməlidir. Belə ki, zərər vuran nəqliyyat vasitəsinin hüquqi şəxsin istifadəsində olması və sürücünün nəqliyyat vasitəsini yol vərəqəsi ilə idarə etməsi hissəsi hakim tərəfindən araşdırılmamış və qanunvericiliyə uyğun şəkildə qiymətləndirilməmişdir. Cavabdeh3 MMC-nin istifadəsində olan, Cavabdeh1 məxsus olan sürücü Cavabdeh2 tərəfindən idarə olunan ** MK *** dövlət qeydiyyat nişanlı Daewoo BS090 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir. Tərəfimizdən müqavilə üzrə sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 12114,44 manat təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 2180,60 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 14 295,04 (on dörd min iki yüz doxsan beş manat dörd qəpik) manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra cavabdeh zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 5 000,00 (beş min) manat məbləği sığortaçı tərəfindən ödənilmiş və 9 295,04 (doqquz min iki yüz doxsan beş manat dörd qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdehlərdən xahiş edilmiş, cavabdehlər tələb olunan məbləği ödəməkdən yayınmışlar. Tərəflərin izahatları:
6. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etdi.
7. Kollegiya iclasında iştirak edən Cavabdeh3 MMC-nin vəkili X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 məxsus, Cavabdeh2 idarə etdiyi ** MK *** dövlət qeydiyyat nişanlı “Daewoo BS090” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh1 məxsus avtomobilə dəymiş ziyana görə 9295,04 manat məbləğində ziyan dəymişdir. Həmin ziyan "xxxx" ASC tərəfindən ödənilmişdir.
10. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış”a əsasən xx.xx.2019-cu il tarixində Cavabdeh2 idarə etdiyi ** MK *** dövlət qeydiyyat nişanlı “Daewoo BS090” markalı avtonəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və nəticədə toqquşma baş vermişdir. Həmin hadisə nəticəsində 99- JH-078 dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtonəqliyyat vasitəsinə də zərər vurulmuşdur. Hüquqi dəyərləndirmə:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.
14. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
15. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair 18 aprel 2022-ci il tarixli qərar qəbul etmişdir.
16. Həmin qərara əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
17. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
18. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.
19. Birinci instansiya məhkəməsi öz qərarını MPM-in 54-cü maddəsinə əsasən tələbin ona cavab verməli olmayan şəxsə verilməsi ilə əsaslandırmışdır.
20. Hazırkı işin hallarından məlum olur ki, hadisənin törədilməsində təqsirli olan Cavabdeh2 Cavabdeh3 MMC-nin işçisidir və onların arasında əmək münasibətləri var. Bu hal işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsi ilə təsdiq olunur. Belə ki, Cavabdeh3 MMC-nin direktoru X3 ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən, Cavabdeh2 xx.xx.2018-ci il tarixindən müddətsiz olaraq Cavabdeh3 MMC-də sürücü vəzifəsinə işə götürülmüşdür.
21. Belə olan halda, Konstitusiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla vurulmuş zərərə görə işəgötürən cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır.
22. İddiaçı tələbində cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında yol nəqliyyat hadisəsi zamanı vurulmuş zərərə görə 9.295.04 manat sığorta ödənişinin, ödənilmiş 112.95 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti xərcinin tutulmasını tələb etmişdir.
23. İş materiallarından görünür ki, Cavabdeh2 tərəfindən ** MK *** dövlət qeydiyyat nişanlı “Daewoo BS090” markalı avtonəqliyyat vasitəsi ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 9295,04 manat iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırılmışdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin yol nəqliyyat hadisəsi zamanı vurulmuş zərərə görə "xxxx" ASC tərəfindən ödənilmiş 9295,04 manat cavabdehlərdən Kral TransportMMC-yə münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Belə olanhalda, digər Cavabdeh2 münasibətdə iddia tələbi rədd edilməlidir.
25. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
26. Eyni zamanda, cavabdehə nəqliyyat vasitəsini idarə edən şəxsin vurduğu zərərə görə həmin şəxsə qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququnun olması da izah edilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
28. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
29. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
30. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
31. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:
32. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yol-nəqliyyat hadisəsini törədən Cavabdeh2 Cavabdeh3 MMC-nin işçisi olduğundan, avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən ödənilmiş 9295,04 manat məbləğində pul vəsaiti Cavabdeh3 MMC-dən tutulmalı, Cavabdeh2 münasibətdə iddia tələbi rədd edilməli, qətnamə qalan hissədə - Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2211/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən edilsin. Cavabdeh "xxxx" MMC-dən 9295,04 (doqquz min iki yüz doxsan beş manat dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdeh2 münasibətdə iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə - Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev