Məhkəmə qərarları › İş №2(103)-5710/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5710/2025

14.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5710/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “yaşayış sahəsindən istifadə hüququna kompensassiya verməklə xitam verilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı olan “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-13/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 tam pay hüququ üzrə xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası DİN “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı, Cavabdeh və X11 qeydiyyatdadır.

3. “X13 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 37 ünvanında yerləşən 36 nömrəli mənzilin qiymətləndirmə tarixinə olan bazar dəyəri 93550 manat, qiymətləndirmə obyektinin aylıq kirayə haqqı 400 manat təşkil edir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-150/2023 nömrəli qərardadından görünür ki, iddiaçı Cavabdeh Zaraxiyayeçə qarşı mənzil mübahisələri, mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

5. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2023- cü il tarixli məlumatından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: giriş xx.xx.2000 çıxış xx.xx.2000; giriş xx.xx.2001, çıxış xx.xx.2001; giriş xx.xx.2002, çıxış xx.xx.2002; giriş xx.xx.2003 çıxış xx.xx.2003; giriş xx.xx.2004, çıxış xx.xx.2004; giriş xx.xx.2005, çıxış xx.xx.2005; giriş xx.xx.2005 çıxış xx.xx.2005; giriş xx.xx.2005, çıxış xx.xx.2005; giriş xx.xx.2005 çıxış xx.xx.2005; giriş xx.xx.2005, çıxış xx.xx.2005; giriş xx.xx.2005, çıxış xx.xx.2005; giriş xx.xx.2005, çıxış xx.xx.2005; giriş xx.xx.2005, çıxış xx.xx.2005;........giriş1306.2013, çıxış xx.xx.2013; giriş xx.xx.2018, çıxış xx.xx.2018; giriş xx.xx.2018, çıxış xx.xx.2018; giriş xx.xx.2022, çıxış xx.xx.2022.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-150/2023 saylı qiyabi qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı tərəfindən Cavabdeh 8000 manat kompensasiya verilməklə onun Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 37 saylı evin 36 saylı mənzilinə istifadə hüququna xitam verilməsi qət edilmişdir.

7. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında qərar”ından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 150/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır.

8. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən X2 hesabına 8000 manat məbləğində vəsait ödənilmişdir. Təyinatı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 150/2023 saylı qərarına əsasən kompensasiyanın ödənilməsidir.

9. Bakı şəhəri Nizami Rayon İcra şöbəsi tərəfindən AR DİN Nizami Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nizami Rayon məhkəməsinin 2(007)-150/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməsi üçün göndərilmişdir.

10. İddiaçı ilə X6 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili 120000 manat qarşılığında X1.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 3363/2024 saylı qərardadından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-150/2023 saylı xx.xx.2023-cü il tarixli qiyabi qətnamənin ləğv edilməsi qərara alınmışdır.

12. X6 ilə X5 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X6 tərəfindən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, b. 37, m,36 (Yeni qaydalarla: AZ1118, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, giriş 237, M3, m3) 3 otaqlı mənzil 152500 manat qarşılığında X3 satılmışdır.

13. Cavabdeh verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Rüstəmov küçəsi, bina 36, mənzil 37 yerli şuraya məxsus olub, Simonov Zaraxiya D.-yə kirayəyə verilmişdir. Ailə Tərkibi ibarətdir: Cavabdeh (1964) xx.xx.1986-cı ildə qeydiyyata alınıb, X9 (1932) xx.xx.1964-cü ildə qeydiyyata alınıb, İddiaçı (1969) xx.xx.1986-cı ildə qeydiyyata alınıb, X14 (1939) xx.xx.1964-cü ildə qeydiyyata alınıb və.d......

14. Nizami rayon İcra Hakimiyyətinin 9 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamından görünür ki, Rüstəmov küçəsi, 37 saylı evin 36-cı mənzili şəxsi ev kimi İddiaçı adına sənədləşdirilsin.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/66 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 37 saylı evin 36 saylı ümumi sahəsi 62.11 kv.m olan ümumi dəyəri təxminən 138000 manat müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 37 saylı evin 36 saylı orta təmirli və ona oxşar şəraitli mənnzilin hazırki vaxta olan 1 aylıq icarə haqqının orta bazar qiyməti nəzəri qaydada təxminən 550 manat müəyyən edilir.

16. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli MB-18/0815 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 37 saylı evin 36 saylı mənzilinin 08 iyul 2025-ci il tarixinə orta bazar dəyəri 175000 manat, orta aylıq kirayə haqqı 650 manat müəyyən edilmişdir. Həmçinin mənzilin 2026-cı il üzrə orta bazar dəyəri 189000 manat, orta aylıq kirayə haqqı 702 manat, 2027-cı il üzrə orta bazar dəyəri 203000 manat, orta aylıq kirayə haqqı 754 manat, 2028-ci il üzrə orta bazar dəyəri 218750 manat, orta aylıq kirayə haqqı 813 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 37, 36 saylı mənzilə istifadə hüququna 8000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1969-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşırmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu. R.Rüstəmov küçəsi, ev 37-də yerləşən 36 nömrəli mənzilin tam mülkiyyətçisidir. Sözügedən mənzil atasına məxsus olmuş, atası vəfat edəndən sonra həmin mənzil onun mülkiyyətinə keçmişdir. Qardaşı Cavabdeh həmin mənzildə qeydiyyatda olmuşdur. O, uzun müddətdir ki, Rusiya Federasiyasına getmiş bu günə qədər olunla heç bir əlaqələri yoxdur. Lakin buna baxmayaraq o onun mülkiyyətində olan yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında qalmışdır. Ona görə də hesab edirlər ki, hazırki mübahisəyə məhz həmin dövr üçün qüvvədə olan qanunvericilik normaları əsasında baxılmalıdır. Cavabdeh sözügedən mənzilə 2000-ci ilin sentyabr ayın 1-dən əvvəl qeydiyyata düşdüyü üçün hesab edirlər ki, mövcud mübahisə həmin vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə tənzimlənməlidir. Göründüyü kimi cavabdeh ailə üzvlərin sırasına daxil olduğu üçün onun həmin mənzilə olan istifadə hüqununa xitam verilməsi kompesasiya ödənilməklə mümkündür.

19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-13/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 37 nömrəli evin 36 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, İddiaçı tərəfindən Cavabdeh 8000 manat məbləğində kompensasiyanın ödənilməsi (bu hissədə Bakı şəhəri Nizami rayon Məkəməsinin 2(007)-150/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə ödənilən məbləğ nəzərə alınsın), Məhkəmə Ekspertiza tədqiqatının dəyəri olaraq 50 məbləğində vəsaitin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, qiymətləndiricinin xidmət haqqı olaraq 300 manat məbləğində vəsait Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir (hakim X10).

20. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, Cavabdeh 1964-cü ildən icarədarın ailə üzvü olaraq həmin mənzildə yaşamağa başladığından mənzildən istifadə ilə bağlı hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır. 41. Bu səbəbdən həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri 28 dekabr 1999-cu il tarixənədək qüvvədə olan 11 sentyabr 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir. Müəyyən edilmişdir ki, Cavabdeh mübahisə obyekti olan mənzili könüllü olaraq tərk edərək 6 aydan uzun müddətdir ki, həmin mənzildə yaşamır. Özünə daimi yaşayış yeri seçərək ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Qeyd edilənlər onu deməyə əsas verir ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 37 ünvanında yerləşən 36 saylı mənzilə olan istifadə hüququnu itirmişdir. Hazırki mülki iş üzrə iddiaçı tərəfindən “cavabdehin mənzilə olan istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi” tələbi irəli sürülməsi (hüququ bilməməsi) iddiaçının üzərinə cavabdehin itirilmiş hüququna 3 illik kirayə haqqı məbləğində kompensasiya ödəməklə xitam vermə öhdəliyi qoyaraq onun mülkiyyət hüququnu əsassız məhdudlaşdırmaqla nəticələnməməlidir. İddiaçı tərəfindən məhkəməyə bildirilənlərdən də aydın olur ki, onun kompensasiya verilməklə xitam verilməsi ilə bağlı tələb irəli sürülməsinin səbəbi cavabdehin onun mülkiyyətində olan mənzildə formal qeydiyyatının onun öz mülkiyyətinə sərəncam vermə hüququnu məhdudlaşdırmasıdır. Hazırda iddiaçı həmin əmlakın mülkiyyətçisidir və kompensasiya hüququ iddiaçıya məxsus olan hüquq olduğundan, bu hüququndan istifadə etməklə cavabdehin evdən çıxarılmasını tələb etmək onun müstəsna hüququ olub, cavabdehin mənafeyinə zidd deyildir. İddiaçı cavabdehin mənzilə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozduğundan 8000 manat kompensasiya verilməklə cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsini tələb etmiş, cavabdeh tərəf isə iddiaçı tərəfindən verilmiş kompensasiya məbləğinin evin dəyərinə mütənasib olmadığını bildirməklə 50000 manat məbləğində kompensasiya tələb etdiklərini bildirmişlər. Məhkəmə qeyd etmişdir ki cavabdeh iddia tələbini qəbul etməsə də, nəzərə alınmalıdır ki, cavabdehin həmin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqularını pozduğundan iddiaçının tələbi əsaslıdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən ödənilən kompensasiya məbləği isə cavabdehin mənafeyinə uyğun olub, 8000 manat məbləğində kompensasiya ödənilməsi cavabdehin vəziyyətini pisləşdirməməklə, tam əksinə maddi vəziyyətini yaxşılaşdıracaqdır. Həmçinin məhkəmə hazırki mülki işin faktiki halları baxımından qeyd edir ki, müəyyən edilmişdir ki, məhkəmənin ləğv edilmiş xx.xx.2023-cü il tarixli, 2(007)-150/2023 saylı qiyabi qətnaməsinin icrası mərhələsində iddiaçı tərəfindən 8000 manat məbləğində kompensasiya məbləği İcra şöbəsinin depozit hesabına ödənilmiş və cavabdeh mənzildən qeydiyyatdan çıxarılmışdır. Belə olan halda hazırki qətnamə iddiaçının üzərinə yenidən 8000 manat kompensasiya ödəmək öhdəliyi qoyulması kimi deyil, cavabdehin ləğv edilmiş qiyabi qətnamə üzrə iddiaçı tərəfindən icra şöbəsinin depozit hesabına ödənilmiş 8000 manat kompensasiya məbləğinə olan hüququnu müəyyən edən məhkəmə aktı kimi qiymətləndirilməlidir.

21. Məhkəmə öz mövqeyini Qüvvədən düşmüş 11 sentyabr 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 299-cu, 301-ci, 302-ci, 305-ci, 306-cı, 307-ci, 308-ci, 313-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157.4-cü, 158.4cü, 228-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci, 119-cu, 217-ci, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına, istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ”MB LTD”MMC-nin xx.xx.2025-ci il tarixli MB-18/0815 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 37 saylı evin 36 saylı mənzilinin xx.xx.2025-ci il tarixinə orta bazar dəyəri 175000 manat, orta aylıq kirayə haqqı 650 manat müəyyən edilsə də, məhkəmə nədənsə iddiaçı tərəfdən təklif olunan 8000 manat məbləğində kompensasiya verilməsini ədalətli sayaraq cavabdehin mübahisəli mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxamışdır. Halbuki aylıq kirayə haqqı 550 manat hesab olunduqda kompensasiya veilməsi üç illik müddət hesablanarsa 19800, aylıq kirayə haqqı 650 manat hesablandıqda kompensasiya üç illik müddəti hesablanmaqla 23400 olduğu halda 8000 manat məbləğində kompensasiya verilməsi ağlabatan deyildir və bu da cavabdehə qarşı ədalətsiz qətnamə çıxarılmasına gətirib çıxarmışdır. Məhkəmə iddiaçının məhz 8000 manat kompensasiyanın ağlabatan məbləğ olmasını heç bir mötəbər sübutla əsaslandırmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

25. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər.

26. İddiaçı tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etmir, səbəbləri barədə məlumat daxil olmamışdır. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və İİİ hissələrinəəsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

30. Qüvvədən düşmüş 11 sentyabr 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin: Kirayəçinin və ya onun ailə üzvünün müvəqqəti olaraq başqa yerə getdiyi hallarda və həmçinin bu vətəndaşların hamsının müvəqqəti başqa yerə getdikləri halda, mənzildə olmayanlar üçün yaşayış mənzilindən istifadə hüququ altı ay müddətində, həmin maddənin 1-5-ci bəndlərində nəzərdə tutulan hallarda isə müvafiq bəndlərdə göstərilən vaxtın qurtardığı gündən altı ay müddətində saxlanılır. Kirayəçi və ya onun ailə üzvlərinin üzürlü səbəblərə görə altı aydan artıq mənzildə olmadıqları halda, bu müddət kirayəçi və ya onun ailə üzvlərinin ərizəsinə əsasən kirayədar tərəfindən, mübahisə olan halda isə məhkəmə tərəfindən uzadıla bilər.... Həmin Məcəllənin 307-ci maddəsində göstərilən səbələrə görə, mənzildən müvəqqəti olaraq başqa yerə gedən kirayəçi ilə bir yerdə yaşayan ailə üzvləri, əvvəlki əsaslar üzrə kirayə götürülmüş mənzil sahəsindən tam istifadə etməyə haqlı olmaqla, həmin mənzilin kirayə müqaviləsinə görə bütün hüquqları və vəzifələri yerinə yetirirlər. Müvəqqəti başqa yerə gedən vətəndaşın istifadə hüququ mühafizə olunan mənzil sahəsi, artıq sahə hesab edilmir

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

36. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, ilk iddiaçının mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüququnun itirilməsindən söhbət gedə bilməz.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, İddiaçı və Cavabdeh qardaşdırlar. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 37, 36 saylı mənzil 1964-cü ildən tərəflərin atası X8 məxsus olmuş, 1992-ci ildə iddiaçının adına özəlləşdirilmiş və xx.xx.2014-cü ildə də daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsi və iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 37, mənzil 36-yə dair istifadə hüququna 8000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-150/2023 saylı qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı tərəfindən Cavabdeh 8000 manat kompensasiya verilməklə onun Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 37 saylı evin 36 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Qiyabi qətnamə qanuni qüvvəsini almış və icra edilməsi Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir. Cavabdeh mənzildən qeydiyyatdan çıxarılmış, iddiaçı tərəfindən isə 8000 manat məbləğində vəsait İcra şöbəsinin depozit hesaba köçürülmüşdür. Cavabdeh tərəfindən verilmiş “qiyabi qətnamənin ləğvi”nə dair ərizə əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-3363/2024 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-150/2023 saylı xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi qərara alınmışdır. Mübahisə obyekti olan mənzil iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində X4, xx.xx.2024-cü il tarixdə X6 tərəfindən X3 satılmışdır.

38. Beləliklə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi" tələbini cavabdehin uzun müddətdir Rusiya Federasiyasında yaşamasına baxmayaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması ilə əsaslandırmışdır.

39. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 37 ünvanında yerləşən 36 saylı mənzil iddiaçı və cavabdehin atasına məxsus olmuşdur. İddiaçı və cavabdeh icarədarın ailə üzvü kimi sözügedən mənzildə qeydiyyatda olmuş və yaşamışlar. Müəyyən edilmişdir ki, iddiaçı və cavabdehin atası və anası xx.xx.1964-cü il tarixindən, iddiaçı xx.xx.1986-cı il, cavabdeh xx.xx.1986-cı il tarixindən sözügedən mənzildə qeydiyyatda olmuşlar. Daha sonra 1992-ci ildə Nizami rayon İcra Hakimiyyəti tərəfindən mənzilin İddiaçı adına sənədləşdirilməsinə dair sərəncam verilmiş və sözügedən mənzil iddiaçının mülkiyyətinə verilmişdir. Belə olan halda Cavabdeh 1964-cü ildən icarədarın ailə üzvü olaraq həmin mənzildə yaşamağa başladığından mənzildən istifadə ilə bağlı hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır.

40. Bu səbəbdən həmin münasibətlərə birinci instansiya məhkəməsi haqlı olaraq 28 dekabr 1999-cu il tarixənədək qüvvədə olan 11 sentyabr 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin aidiyyəti müddəalarını tətbiq etmişdir. 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 306-cı maddəsinə əsasən mənzildə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri müqavilədən törəyən hüquq və vəzifələri bərabər surətdə əldə edirlər və kirayəçinin ailə üzvləri-kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Cavabdeh icarədarın ailə üzvü olaraq həmin mənzildə onunla birlikdə yaşamaqla sözügedən mənzildən istifadə hüququ yaranmışdır. İşin müəyyən edilmiş digər faktiki halıdır ki, Cavabdeh daimi yaşayış yeri Rusiya Federasiyasıdır. O, ailəsi ilə bildikdə orada yaşayır. Belə ki, cavabdehin 2000-ci ildən sonrakı tarixlərdə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasından əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh Azərbaycan Respublikasına bəzi hallarda bir gün ərzində giriş-çıxış etmiş, qaldığı halda isə uzun müddət yaşamamış, bir həftə, bir ay müddət ərzində ölkə ərazisində qalmışdır.

41. Cavabdeh mübahisə obyekti olan mənzili könüllü olaraq tərk edərək 6 aydan uzun müddətdir ki, həmin mənzildə yaşamır. Özünə daimi yaşayış yeri seçərək ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Qeyd edilənlər onu deməyə əsas verir ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 37 ünvanında yerləşən 36 saylı mənzilə olan istifadə hüququnu itirmişdir.

42. Göründüyü kimi, Cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalması mülkiyyətçi olaraq İddiaçı mülkiyyət hüquqlarını pozduğundan, həmin mənzildən istifadə, sərəncam və digər hüquqlarını həyata keçirməsinə maneçilik törətdiyindən iddiaçı kompensasiya institutundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsini, yəni cavabdehə müvafiq kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsini tələb edir.

43. İddiaçı tərəfindən iddia tələbinin əsaslandırılmasından da aydın olur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbi cavabdehin onun mülkiyyətində olan mənzildə formal qeydiyyatda qalması səbəbindən onun mülkiyyətində olan mənzilə sərbəst surətdə sərəncam verə bilməməsi olmuşdur. Həmçinin iddiaçı tərəfindən iddia tələbinin hüquqi əsaslandırılmasından da aydın olur ki, iddiaçı iddia tələbinin hüquqi əsası qismində xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə istinad etməklə, cavabdehin ailə üzvü olaraq mənzildən istifadə hüququ yarandığı üçün onun mənzilə olan istifadə hüququna kompensasiya verilməklə xitam verilməli olduğu qənaətinə gəlmişdir. Yəni iddiaçı iddia tələbinin hüquqi əsası qismində istinad etdiyi hüquq normasına əsasən cavabdehin mənzildə istifadə hüququ olması və onun istifadə hüququna kompensasiya verilməklə xitam verilə biləcəyi qənaətinə gəlmişdir.

44. Hazırda iddiaçı həmin əmlakın mülkiyyətçisidir və kompensasiya hüququ iddiaçıya məxsus olan hüquq olduğundan, bu hüququndan istifadə etməklə cavabdehin evdən çıxarılmasını tələb etmək onun müstəsna hüququ olub, cavabdehin mənafeyinə zidd deyildir. İddiaçı cavabdehin mənzilə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozduğundan 8000 manat kompensasiya verilməklə cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsini tələb etmiş, cavabdeh tərəf isə iddiaçı tərəfindən verilmiş kompensasiya məbləğinin evin dəyərinə mütənasib olmadığını bildirməklə 50000 manat məbləğində kompensasiya tələb etdiklərini bildirmişlər.

45. Lakin birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh iddia tələbini qəbul etməsə də, nəzərə alınmalıdır ki, cavabdehin həmin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını pozmuş, eyni zamanda qeydiyyatda olduğu mənzildə uzun müddət yaşamadığından istifadə hüququnu da itirilməklə iddiaçının tələbi əsaslıdır. Yəni məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hazırki evə olan istifadə hüquqları itirildiyindən sonuncunun ona verdiyi kompensasiya məbləğinin yetərli olubolmamsı barədə qeyd etdiyi apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. İddiaçı özünün istəyi ilə istifadə hüquqlarına artıq özü-özlüyündə itirilmiş şəxsə kompensasiya qismində hər hansı məbləği vermək hüququndan istifadə etməsi cavabdehə istifadə hüquqları hazırda mövcud olan şəxs kimi həmin kompensasiya məbləğinin adekvat olmaması barədə qeyd etdikləri hər hansı bir önəm kəsb etmir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən icra şöbəsinin depozit hesabına ödənilmiş 8000 manat vəsaitin verilməsi ilə iddianın təmini qanuni və əsaslıdır. Hazırki iddia hazırda hüquqa xitam verilməsini deyil, artıq itirilmiş hüququn təsbiti kimi qəbul edilməklə təmin edilmişdir.

46. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ödənilən 8000 manat məbləğində kompensasiya cavabdehin mənafeyinə uyğun olmaqla, ağlabatan və ədalətlidir.

47. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-13/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar