Məhkəmə qərarları › İş №2(103)-5712/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5712/2022

05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5712/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Acıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, bina № 118-də yerləşən 119 №-li mənzilin onun tərəfindən cavabdehə satılması barədə onunla cavabdeh arasında Bakı Şəhəri 38 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* №-li “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” ləğv edilməsi, mənzilin boşaldılaraq ona (Banka) təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixdə keçirtdiyi hazırlıq iclasında qəbul etdiyi qərardadla, hazırki mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 39-cu maddəsinin tələblərinə əsasən işə mübahisəli daşınmaz əmlakın – mənzilin yerləşdiyi ərazi üzrə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərardadı ilə aidiyyət barədə Binəqədi Rayon Məhkəməsinin fikri ilə razılaşmamış və məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığına qiymət verilməsi məqsədilə işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Nəsimi Rayon Məhkəməsi isə hesab edir ki, hazırki işə MPM-nin 35-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi üzrə Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Bank mübahisəli mənzilin onun tərəfindən cavabdehə satılması barədə onunla cavabdeh arasında bağlanmış “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” ləğv edilməsini və mənzilin boşaldılaraq ona (Banka) təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, bu tələb (1) daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, (2) daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, (3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara aid deyil. Bunları, mübahisəli mənzilin cavabdehin mülkiyyətində olmasını, cavabdehin ünvan 1 ünvanında qeydiyyatda olmasını nəzərə alan Məhkəmə hesab edir ki, hazırki mülki iş aidiyyəti və mahiyyəti üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanan Məhkəmə QƏRARA ALDİ: İddiaçı Acıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş mahiyyəti və ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar