Məhkəmə qərarları › İş №2(103)-5712/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5712/2023

12.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5712/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-846/2023 nömrəli, 04 avqust 2023-cü il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı, X4 maraqlı şəxs qismində göstərildiyi, “cavabdehlərin evdən çıxarılması, evin təhvil verilməsi və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1ndə inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin ona təhvil verilməsi və onun həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 846/2023 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, iddiaçı X2, ünvan 1 ünvanında (özbaşına tikili olduğundan, ünvan şərtidir) inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi, iddianın tələbi qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti və şikayətlə birlikdə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-846/2023 nömrəli, 04 avqust 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsi barədə Cavabdeh3 tərəfindən verilmiş ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin elektron kabinetə yerləşdirilməsi hələ həmin qərarın şəxsə çatdırılması demək deyil, bunun üçün əlçatanlıq olmalıdır. Lakin məhkəmə qətnamənin elektron kabinetə yerləşdirildiyini əsas tutaraq onun vəsatətini rədd etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-846/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş və mülki işlə birlikə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkəmə kollegiyası şikayətin dəlilinə əsasən rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Cavabdeh3 hazırkı ərizəsində apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etdiyi qətnamənin ona vaxtında çatdırılmadığını bildirsə də, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-846/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda Kollegiya Cavabdeh3 qətnaməni rəsmi qaydada xx.xx.2023-cü il tarixdə əldə etməsi barədə mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş proessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasının məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmənin ilk növbədə müəyyən etməli olduğu məsələ bərpası istənilən müddətin ötürülməməsinin səbəblərinin üzrlü olub-olmamasıdır. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən, məlum olur ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-846/2023 saylı qətnaməsindən şikayət verilməsi üçün MPM-nin 360-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq müddətin ötürülməsi üçün Cavabdeh3 irəli sürdüyü səbəb üzrlü hesab edilə bilməz. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan şikayətin veriməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh3 tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 2(008)-846/2023 saylı, 04 avqust 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar