Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5712/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Bakı şəhəri 10 saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu X7 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“vərəsəlikdən yaranan pul”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, cavabdeh və cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 və Bakı şəhəri 10 saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu X7 qarşı vərəsəlikdən yaranan pul tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 564/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 10 saylı Notariat Ofisinin xüsusi notariusu X7 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2V-1-33 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və X2 miras qalmış Bakı şəhəri, Şüvəlan qəsəbəsi 510 saylı bağ sahəsinə onun ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini, xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı vərəsə kimi tanınması və onun miras qalmış Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 510 saylı bağ sahəsinə ½ hissədə payının müəyyən edilməsi, miras kütləsinə daxil olan, sonradan üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmiş Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 510 saylı bağ sahəsinin özgəninkiləşdirilməsindən əldə edilmiş 40000 manat pul vəsaitinin ½ hissəsini təşkil edən 20000 manat məbləğin Cavabdeh1 alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli ərizəsinin xahiş etdi hissəsinin 1-ci hissəsindən imtina etdiyini bildirmiş və miras əmlakın satışından əldə edilmiş vəsaitin ½ hissəsinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilkin verdiyi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X1 ilə mərhum anası X12 1998-ci ildə rəsmi qaydada evlənmişdirlər. Birgə nikahdan yeganə övlad olaraq o, xx.xx.1999-cu ildə anadan olmuşdur. Həmin nikah 2001-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulduqdan sonra o, anasına məxsus Xəzər rayonu, Buzovna qəsəbəsi, Vəzirov küçəsi, 16 saylı evdə anası ilə birgə yaşamış və hazırda da orada yaşayır. Atası ilə heç bir əlaqəsi olmayıb. Son zamanlar öyrəndiyinə görə atası sonradan ailə həyatı qurub və özü xx.xx.2011-ci ildə dünyasını dəyişmişdir. Müvafiq vəkil sorğusuna alınan cavabla tanış olarkən ona məlum olmuşdur ki, mərhum atası dünyasını dəyişən zaman Cavabdeh1 ilə rəsmi nikahda olmuşdur. Atasından miras qalmış Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 510 saylı bağ sahəsinə aid 10 saylı notarius tərəfindən cavabdehə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da, onun qanun üzrə vərəsəlik hüququ kobud surətdə pozulmuşdur.
2. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,"Miras kütləsinə daxil olan,lakin sonradan üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmiş Bakı şəhəri, Şüvəlan qəsəbəsi 510 saylı bağ sahəsinin özgəninkiləşdirilməsindən əldə edilmiş 40000 manat pul vəsaitinin ½ hissəsini təşkil edən 20000 manat məbləği Cavabdeh1 alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə" qətnamə qəbul edilməsini xahiş etmişdir.Hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. O səbəbdən iddia tələbinə etiraz edir və həmin tələbə iddia müddəti tətbiq etməklə rədd edilməsini xahiş edir. Belə ki, məhkəmə araşdırmaları zamanı məlum oldu ki, İddiaçı onun keçmiş həyat yoldaşı X3 başqa nikahdan olmuş oğludur. X8 26 may 2011-ci il tarixində vəfat etmişdir. Məhkəmədə məlum oldu ki,onun dəfn mərasimində oğlu, bu iş üzrə İddiaçı öz dayısı ilə birlikdə iştirak etmişdir. Həmin vaxtlar Sabbarın ölümündən Dünyamalının qanuni nümayəndəsi olmuş anası Elnarə Əsgərovanın məlumatı olmuş, lakin vərəsəliyin qəbulu ilə əlaqədar notariat kontoruna müraciət etməmişdir. İstər faktiki sahibliyə və idarəçiliyə əsaslanan, istərsə də qanuni əsaslarla vərəsəliyi o qəbul etmiş, X2 qalmış miras əmlakı 2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında mülkiyyətimə keçirmiş, daha sonra isə satmış, təqribən 13 il ərzində vərəsəliklə bağlı iddiaçı tərəfdən ona hər-hansı irad tutulmamış, həyat yoldaşının başqa nikahdan vərəsəsinin olmasından da xəbəri olmamışdır. Beləliklə, iddiaçı bir tərəfdən bütün iddia müddətlərini ötürmüş,digər tərəfdən vərəsəlik hüququnu rəsmiləşdirmədən payçı kimi ondan alqı-satqı zamanı əldə etdiyi vəsaitin yarısını tələb edir,iddiaçı bu hissədə də subyektiv hüquqa malik deyil. Odur ki,onun iddia tələbinə etiraz edir,digər tərəfdən iddia tələbinə iddia müddəti tətbiq etməklə hər iki əsasla iddianm rədd edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə. miras qoyanın öldüyü gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə,vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, iddiaçı bir yandan iddia müddətini ötürmüş,digər tərəfdən isə vərəsəlik hüququnu bərpa etmədən, heç bir subyektiv hüquqa malik olmadan əmlakm satışından pay tələb edir. Azərbaycan Respublikası MM-nin 375.2.maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki,işin yuxarıda göstərilmiş faktiki hallarını və hüquqi əsaslarını nəzərə alaraq, iddia tələbinə etiraz edir, iddiaçının tələb etməyə dair subyektiv hüququnun yoxluğu baxımından və iddia tələbinə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul etməyinizi xahiş edir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-564/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1151, 1159, 1243, 1246, 1273-1, 1301; Mülki Prosessual Məcəllənin 2, 4, 14, 88, 217–ci maddələrinə; AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, vərəsəlik hüquq münasibətlərini tənzimləyən müllki qanunvericilik normalarından aydın olur ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Qanun üzrə vərəsəlik zamanı qeyd olunan şəxslər bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Hazırkı işdə iddiaçı və cavabdeh miras qoyanın birinci növbəli vərəsələridirlər. Məhkəmə iddiaçının mübahisə obyekti olan əmlaka hüquqlarının olub-olmaması məsələsinə aydınlıq gətirilməsi üçün hazırkı işə Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarı baxımından yanaşmanı zəruri hesab edir. Həmin Qərarda hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilməlidirlər, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Bu işdə cavabdehin etirazının hüquqi əsasını məhz həmin 1246 və 1273-1ci maddələr təşkil edir. Belə ki, miras qoyan uzun müddətdir ki, vəfat etdiyinə görə, iddiaçının da miras qoyanla münasibətləri olmadığına görə həmin maddələrdə qeyd edilən müddət ərzində miras əmlak onun tərəfindən qəbul edilməmişdir. Konstitusiya Məhkəməsinin həmin Qərarında qərarın tətbiq dairəsi ilə bağlı qeyd edilmişdir ki, bu qərar Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığı nəzərə alınaraq Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Hazırkı iş məhkəmənin icraatına xx.xx.2023cü il tarixində qəbul edilmişdir. Qərar isə 26 dekabr 2023-cü ildə qəbul edilmişdir. Deməli, hazırkı mübahisə də, həmin Qərarın təsir dairəsinə düşür. Beləliklə, Mülki Məcəllənin 1246 və 1273-1 -ci maddələri hazırkı işə münasibətdə qüvvədən düşmüş hesab edilməlidirlər və həmin maddələrdə müəyyən edilmiş müddətlər bu mübahisəyə tətbiq edilə bilməz. Belə olduğu halda, İddiaçı atasından miras qalmış ünvan nə vərəsəlik hüququndan Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq imtina etmədiyinə görə, onun həmin əmlaka vərəsəlik hüquqları mövcud olmuşdur. Buna münasibətdə cavabdeh tərəfin iddia tələbinə etirazı ilə məhkəmə razılaşmır. Ona görə ki, həmin etirazın hüquqi əsasını Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri təşkil edə bilərdi. Həmin maddələr isə bu mübahisəyə münasibətdə qüvvədən düşmüşlər. Cavabdehin etirazının başqa hüquqi əsası isə yoxdur. Bu xüsusda cavabdeh tərəfin tələbə iddia müddətinin tətbiqi barədə xahişi də eyni səbəblərə görə əsassızdır. Miras əmlakın satışından əldə olunmuş məbləğin yarı hissəsinin iddiaçı tərəfindən tələb edilməsinə gəldikdə isə məhkəmə tələbi əsaslı sayır. Ona görə ki, işin hallarından müəyyən edilir ki, miras əmlakla bağlı vəsiyyətnamə olmamış, əmlak qanun üzrə vərəsəlik hüququ əsasında iddiaçının da əmlak payı ilə birgə cavabdehin mülkiyyətinə keçmişdir. İşin hallarından, eləcə də tərəflərin izahatlarından o da müəyyən olunur ki, mübahisəli əmlak mərhumla Cavabdeh1 birgə nikahı dövründə əldə edilmiş əmlak olmamışdır, bütövlükdə mərhumun miras əmlakı olmuşdur. Beləliklə, miras əmlak İddiaçı ½ hissədə, Cavabdeh1 ½ hissədə məxsus olmalı idi. Lakin, miras əmlak bilindiyi kimi cavabdeh tərəfindən üçüncü şəxsə satılmışdır. Hazırkı iddia tələbi əmlakın satışından əldə edilmiş pulun ½ hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulmasından ibarətdir. ünvan ünvanında yerləşən 0.039731 ha olan torpaq sahəsinə münasibətdə yeganə vərəsə olaraq yalnız Cavabdeh1 tanınmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilmiş və əmlaka dair mülkiyyət hüququnu rəsmiləşdirilmişdir. Daha sonra isə həmin torpaq sahəsi Cavabdeh1 tərəfindən üçüncü şəxsə 40000 manata satılmışdır. Qeyd olunan halı cavabdeh özü də izahatında təsdiq etmişdir. Belə olan halda məhkəmə qeyd olunan xüsusatları rəhbər tutaraq hesab edir ki, miras kütləsinə daxil olan, lakin sonradan Cavabdeh1 tərəfindən üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmiş ünvan nin özgəninkiləşdirilməsindən əldə edilmiş 40000 manat pul vəsaitinin ½ hissəsi, yəni 20000 manat məbləği Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Ona görə ki, Cavabdeh1 mübahisəli əmlakla bağlı qeyd olunan alqı-satqı müqaviləsi ilə, eyni zamanda İddiaçı ½ hissədə payını da satmışdır, cavabdehin həmin miras əmlakın satışından əldə etdiyi pul vəsaitindən 5000 manat hissəni İddiaçı çatdırılması üçün onun əmisi Teymura verdiyini bildirməsi ilə bağlı qeyd edir ki, cavabdehin bu etirazı iddia tələbinin qismən rədd edilməsinin əsası ola bilməz. Belə ki, cavabdeh tərəfindən bilavasitə iddiaçıya hər hansı pul vəsaiti verilməyib, digər şəxslər vasitəsi ilə də iddiaçıya pulun verilməsi sübut olunmur. Cavabdehin bu etirazı sonradan onun tərəfindən pul verdiyini iddia etdiyi şəxsə qarşı müvafiq iddia qaldırılması üçün əsas ola bilər.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - AZ-İ seriyalı, 079020 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. X1, anası X9r; - AZ-İ seriyalı, 020373 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X12 arasında olan rəsmi nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 68 nömrə ilə qeyd edilmişdir; - AZ-İİ seriyalı, 022163 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, X8 ilə Cavabdeh1 rəsmi nikaha daxil olmuşdurlar; - AZ-İ seriyalı, 549359 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X8 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir; - AZ-İİ seriyalı, 329742 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X12 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir; - xx.xx.2015-ci il tarixli, 2V-1-33 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, 26 may 2011-ci ildə vəfat etmiş X3 vərəsələri - Bakı şəh, Əmircan qəs, Q.Quliyev küç, ev 48-də qeydiyyatda olan həyat yoldaşı Cavabdeh1dır. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Əİ tərəfindən reyestr nömrəsi **********71, qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci il tarixdə verilmiş RX ******* saylı Çıxarışa və real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrində əldə edilmiş xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən mərhum X5 məxsus olan ünvan yanında yerləşən 0.039731 ha torpaq sahəsindən ibarətdir; - Əmircan Qəsəbə Nümayəndəliyinin arayışına əsasən, mərhum X8 2006-cı ildən vəfatına kimi Əmircan qəsəbəsi, Qulu Quliyev küçəsi, 48 saylı evdə qeydiyyatda olmuşdur. Onunla birgə bu ünvanda həyat yoldaşı Cavabdeh1 1992-ci ildən indiyə kimi qeydiyyatda olmuşdur. Onların birgə nikahdan övladları olmayıb; - AR ƏMDK-nin yanında DƏDRX-nin qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci il tarixdə verilmiş RX ******* saylı Çıxarışına əsasən, ünvan ünvanında 0.039731 ha olan torpaq sahəsi X3 mülkiyyətində olmuşdur; - AR ƏMDK-nin yanında DƏDRXnin qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci il tarixdə verilmiş RX ******* saylı Çıxarışından görünür ki, ünvan ünvanında 0.039731 ha olan torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir; - xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh1 mülkiyyətində olan ünvan ünvanında yerləşən 0.039731 ha olan torpaq sahəsini alıcı X10 40000 manata satmışdır; - Məhkəmənin 04 aprel 2024-cü il tarixli iclasında şahid qismində dindirilən Şahid bildirdi ki, İddiaçı əmisidir. Atasına aid torpaq sahəsindən ona pay çatmamışdır. Cavabdeh Natəvan həmin torpaq sahəsini 40000 manata satmışdır. Qardaşı oğlu ondan soruşanda ona bildirmişdir ki, həmin bağ sahəsi artıq satılıb. Eyni zamanda bildirdi ki, cavabdeh iddiaçıya verilməsi üçün ona heç bir pul vəsaiti verməmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəlləsinin 152, 375.2; Mülki Prosessual Məcəllənin 88, 218.1, 220.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Qərarına istinadən qeyd edilmişdir ki, işin faktiki hallarından görünür ki, Cavabdeh1 mülkiyyətində 2015-ci ildən bəri 510 saylı bağ sahəsi olmuş, bu illər ərzində həmin bağ sahəsinə dair heç bir mübahisə olmamış, o, bağ sahəsini 2023-cü ildə alqı-satqı müqaviləsi əsasında 40000 manata satdıqdan sonra, iddiaçı ondan pulun yarsını tələb etmişdir. Göründüyü kimi tələb zahiri görünüşcə vərəsəlik münasibətləri ilə bağlı kimi qeyd edilsə də, hüquqi cəhətdən vərəsəlik münasibətlərindən kənarda olmuşdur. O səbəbdən, mübahisəni vərəsəlik mübahisəsinə oxşadaraq, məhkəmənin iddia tələbini təmin etməsi zərərli məhkəmə praktikasının formalaşmasına və uzun illər əvvəllərdən vərəsəlik nəticəsində əldə edilmiş mülklərə sərəncam verilməsinin mübahisələndirilməsinə gətirib çıxara bilər ki, belə hal mülki dövriyyənin dayanıqlılığına zərbə vurar. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada vərəsəliyin qəbuluna cəhd etmədən, vərəsəliyin açıldığı vaxtdan 13 il sonra məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olmuş əmlakın satışından əldə edilmiş vəsaitin ½ hissəsini istəməsi onun əmlakda payının olması anlamına gəlir. Əmlakda pay hüququ olmayan şəxsin iddiasının məhkəmə tərəfindən təmin edilməsi, Cavabdeh1 mülkiyyət hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Yəni, işin bu halları onu söyləməyə əsaslar verir ki, iddiaçının özünü vərəsə hesab etməsi hüquqi baxımdan təsdiqini tapmadığı halda (mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizənin verilməsi,notariat ofisindən ərizəyə cavab verilməsi, vərəsəliyin qəbuluna dair Cavabdeh1 vərəsəlik haqqında şəhadətnamənin verilməsi, vərəsəlik haqqında şəhatdətnamə verilərkən qanun pozuntularına yol verilməsi və bu pozuntularla bağlı məhkəmə mübahisəsinin mövcudluğu və s.) məhkəmə vərəsəlik mübahisəsindən kənarda olan pul tələbinə dair iddianı təmin etməkdə səhvə yol vermişdir. Məhkəmə iddia tələbini təmin edərkən əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Qərarının nəticə hissəsindəki 3-cü bəndə əsaslanmışdır. Qərarın həmin bəndində göstərilir ki, "Mülki dövriyyənin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin". Göründüyü kimi, göstərilən bənd Qərarın tətbiqini iki hissədən asılı etmişdir: 1) Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə; 2) Qərar qəbul olunduğu günə məhkəmələrin icraatında olan vərəsəliklə bağlı işlərə. Birinci halla bağlı hər şey aydındır, ikinci halda Qərarın 3-cü bəndinin həmin hissəsi başa çatmamış mübahisəli vərəsəlik işlərini və yaxud notarial qaydada müəyyən edilmiş və vərəsəlik haqqında şəhadətnamə verilmiş halların məhkəmə qaydasında mübahisələndirilməsini nəzərdə tutur. Cavabdeh1 münasibətdə isə vərəsəliyin açılma vaxtı X3 vəfat etdiyi 26 may 2011-ci ilə təsadüf etmişdir. Məhkəmə araşdırmaları zamanı ifadə verən İddiaçı bildirmişdir ki, onun özü də atasının dəfn mərasimində dayısı ilə birlikdə iştirak etmişdir. Yəni, atasının öldüyündən xəbəri olsa da, bu illər ərzində vərəsəliklə bağlı heç bir hərəkət etməmişdir. Ondan fərqli olaraq, Cavabdeh1 2013-cü ildə vərəsəliyin qəbulu ilə bağlı rəsmi qaydada Notariat kontoruna müraciət etmiş və 06 mart 2015-ci ildə vərəsəlik haqqında şəhadətnamə alaraq, vərəsəlik işini başa çatdırmışdır. Bu illər ərzində İddiaçı və yaxud başqa bir kəs vərəsəlik işi ilə bağlı hər hansı mübahisə açmamış, hal-hazırki iş üzrə də iddiaçı vərəsəlik məsələlərini mübahisələndirməmiş, yalnız Cavabdeh1 mülkiyyətində olmuş mənzilin alqı-satqısından əldə olunmuş vəsaitin ½ hissəsini tələb etmişdir. Yəni, pul tələbləri vərəsəlik münasibətlərindən kənar olmuşdur. Beləliklə, məhkəmə pul tələbini vərəsəlik münasibətləri ilə eyniləşdirməkdə səhvə yol vermişdir. Bu normanın tələblərinə uyğun olaraq, cavabdeh tərəfindən iddia tələbinə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir. Məhkəmə həmin ərizəyə mütləq mənada qiymət verməli olduğu halda bunu etməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qətnamədən görünür ki, məhkəmə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, təqdim edilmiş sübutlar nikah, doğum və yaxud ölüm faktlarını təsdiq edən sənədlərdən ibarət olmuşdur. Bu sənədlər hansısa hüquqi əhəmiyyətli faktların müəyyən edilməsində istifadə oluna bilərdi. Bu halların isə Cavabdeh1 mülkiyyətində olan əmlaka sərəncam verməsinə və satışdan əldə edilmiş pul vəsaitinin ½ hissədə tələb edilməsinə və təmin edilməsinə heç bir aidiyyatı yoxdur. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim öz qətnaməsində sübutları sadalamaqla kifayətlənsə də,həmin sübutların işin faktiki hallarına və tərəflərin münasibətlərinə tətbiqini əsaslandırmamışdır. Məhkəmə, ümumiyyətlə, məhkəmə iclasında araşdırılan hallara özünün subyektiv mövqeyindən yanaşmaqla, iddia ərizəsinin əsassızlığına dəlalət edən dəlilləri öz qətnaməsindən kənar saxlamaqla qərəzli mövqe nümayiş etdirmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən izahat verərək qeyd etmişdir ki, cavabdehin mərhum əri 2011-ci ildə vəfat etmiş, dəfn mərasimində iddiaçı öz dayısı ilə iştirak etmiş, atasının ölümündən məlumatlı olduğu halda, vərəsəliyin qəbulu ilə bağlı notariat orqanına müraciət etməmiş, cavabdeh isə mərhum ərindən qalmış miras əmlakı 2015-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə əlaraq mülkiyyətinə keçirmiş, daha sonra isə satmışdır, iddiaçının iddia ərizəsini verməkdə subyektiv hüququ yoxdur, belə ki, iddiaçı tələbini bir neçə dəfə dəyişdirmiş və yekunda miras əmlakın satışından əldə edilmiş vəsaitin ½ hissəsinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, həmin tələb isə hüquqi cəhətdən vərəsilik münasibətindən kənardır, iddiaçının vərəsə olması hüquqi baxımdan öz təsdiqini tapmadığı halda, vərəsəliyin açıldığı vaxtdan 13 il sonra məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olmuş əmlakın satışından əldə edilmiş vəsaitin ½ hissəsini istəmiş, məhkəmə isə vərəsəlik mübahisəsindən kənarda olan pul tələbinə dair iddianı təmin etməkdə səhvə yol vermişdir. Apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, vəkil nümayəndəsinin izahatı ilə razılaşmış, mərhum həyat yoldaşının başqa nikahdan vərəsəsinin olmasından xəbərinin olmadığını qeyd etmişdir.
8. Məhkəmə Kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edən iddiaçı övlada mirasdan pay düşməsi barədə qanunvericiliyin tələbini nəzərə alaraq, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyini, əmlakın satılmasından sonradan məlumatları olduğunu və əmlak satıldığından iddia tələbini dəyişdirdiyini qeyd etmiş, sədrlik edənin suallarına cavab olaraq mərhum atası rəhmətə gedən vaxt özünün yetkinlik yaşına çatmaması, anasının isə savadının çatmaması səbəbi ilə notariusa müraciət etmədiklərini, iddia tələbinin sonuncu dəqiqləşməsi barədə ərizəsini müdafiə etdiyini bildirmişdir.
9. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən Bakı şəhəri 10 saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu X6 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən: 392.1. Sağ olan şəxsin miras əmlakı barəsində başqa şəxslərin bağladığı müqavilə etibarsızdır. Eyni qayda sağ olan şəxsin miras əmlakından məcburi paylar və (və ya) onun vəsiyyət tapşırığı barəsində bağlanmış müqavilələrə də tətbiq edilir. 392.2. 392.1-ci maddənin qaydası qanun üzrə gələcək vərəsələrin qanun üzrə vərəsəlik zamanı onlardan birinin payı haqqında və məcburi pay haqqında bağladıqları müqavilələrə tətbiq edilmir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1323. Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir. 1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir. 1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər. 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
13. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanunun 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. 57-ci maddəsinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. 60-cı maddəsinin 2-ci bəndinə əsasən, notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 53.İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
15. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarına, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə və Mülki Prosessual Məcəlləsinin 77, 82, 372, 384-cu maddələrinin tələblərinə əsasən hesab edir ki, apellyatorun şikayətində qeyd etdiyi dəlillər əsaslıdır. Belə ki, maddi hüquq normalar və prosessual hüquq normalar düzgün tətbiq edilməyərək, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və qanunla müəyyən edilmiş qaydada müəyyən edilmiş olmalı olan iddiaçının subyektiv (vərəsəlik) hüququ sübut edilmədən ondan irəli gələn tələblərə qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi irəli sürülən tələbə aid qeyri-mümkün sübutlarla təmin edilməsindən irəli gəlir. Qeyd edilməlidir ki, şəxsin vərəsəlik hüququnun təsdiqi notariat və ya mübahisə olduğu halda məhkəmə qaydasında həyata keçirilir. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 10 saylı Notariat Ofisinin xüsusi notariusu X7 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2V-1-33 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və X2 miras qalmış Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 510 saylı bağ sahəsinə onun ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini, xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı vərəsə kimi tanınması və onun miras qalmış Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 510 saylı bağ sahəsinə ½ hissədə payının müəyyən edilməsi, miras kütləsinə daxil olan, sonradan üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmiş Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 510 saylı bağ sahəsinin özgəninkiləşdirilməsindən əldə edilmiş 40000 manat pul vəsaitinin ½ hissəsini təşkil edən 20000 manat məbləğin Cavabdeh1 alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini, sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli ərizəsinin xahiş etdi hissəsinin 1-ci hissəsindən imtina etdiyini bildirmiş və miras əmlakın satışından əldə edilmiş vəsaitin ½ hissəsinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsini iddia tələbindən kənara çıxmaqla, iddiaçının vərəsə olması hüquqi baxımdan təsdiqini tapmadığı halda, məhkəmə vərəsəlik mübahisəsindən kənar olan pul tələbinə dair iddianı təmin etməklə yalnış nəticəyə gəlmişdir. İddiaçı ilk iddia tələbində vərəsəlik işini mübahisələndirsə də, yekun iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsində vərəsəlik məsələlərini mübahisələndirməmiş, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 510 saylı bağ sahəsinin özgəninkiləşdirilməsindən əldə edilmiş 40000 manat pul vəsaitinin ½ hissəsini təşkil edən 20000 manat məbləğin Cavabdeh1 alınaraq İddiaçı xeyrinə ödənilməsini xahiş etmişdir. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) mirasda məcburi pay hüququ vəsiyyətnamə ilə bağlı deyil və icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Məcburi pay institutunun əsas məqsədi məcburi vərəsələrin əmlak hüquqlarının vəsiyyət edənin subyektiv iradəsindən qorunmasına və nəticədə onlara çatacaq məcburi payın pozulmasının qarşısının alınmasına xidmət edir. Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Hazırkı halda isə iddiaçı vərəsəlik hüququnun təsdiqi üçün rəsmi müraciət edib notariat orqanlarının imtinasını almadan birbaşa məhkəməyə müraciət etmiş və vərəsəlik münasibətlərini mübahisələndirmədən vərəsəlik hüququ əsasında pul tələb etmişdir. Mülki Prosessual Məcələnin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Hazırki vəziyyətdə qanunda göstərilən müstəsna hal müəyyən edilmir və iddiaçının tələbi pul vəsaitlərinin alınması olsa da, notariusun cavabdehliyi çıxarılmamış, tələb olmadığı və vərəsəlik hüququ təsbit edilmədiyi halda bu əsasla pul vəsaitlərinin təmin edilməsi qənaətinə gəlinmişdir.
16. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı və İddiaçı Cavabdeh1 və Bakı şəhəri 10 saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu X7 qarşı vərəsəlikdən yaranan pul tələbinə dair iddiası rədd olunmalıdır. İddiaçıya müvafiq notariat və məhkəmə orqanlarının qərarı əsasında vərəsəlik hüquqlarının təsdiqi, habelə notariat və ya digər şəxslərin qanuna zidd əməllərinin müəyyən edildiyi təqdirdə hüquqlarının məhkəmə müdafiəsi mümkünlüyü izah edilməlidir. Belə ki, vərəsələrin tam dairəsinin müəyyənləşdirilməsi vərəsələrin və müvafiq notariat kontorunun vəzifələrinə aid məsələlərdir və vərəsəlik hüququnun və ya onun pozulmasının təsdiqi üçün ilk növbədə müvafiq müraciət və ya tələb olmalıdır. Qeyd edilməlidir ki, miras əmlaka sərəncam vermək, onun satışından əldə edilmiş pul vəsaitlərinin bölgüsü və sair bu növ məsələlər miras şəriklərinə mənsub olan hüquqdur. İddiaçının vərəsəlik hüququnun təminatı və ondan irəli gələn hərəkət və hərəkətsizlik, miras kütlə (aktiv və passiv), miras qoyanın vərəsələrinin tam siyahısı və qanunvericiliklə tələb olunan bütün məlumatları əks etdirən hallar mübahisəli olduğundan onların həlli müraciət əsasında öz həllini tapmalıdır.
17. Məhkəmə kollegiyası hesab edir ki, tələb olmadığından apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-564/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 və Bakı şəhəri 10 saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu X7 qarşı vərəsəlikdən yaranan pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.