Məhkəmə qərarları › İş №2(103)-5714/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5714/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5714/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2112/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin hallarından görünür ki, Nəcəfli Fəqan Əfqan oğlu 07 iyul 2015-ci il tarixdə idarə etdiyi “Toyota Land Cruiser” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İsmayılov küçəsi 5 ərazisində hərəkətdə olarkən “Hyundai” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Cavabdeh ağır və Qasımov Elşən Rasim oğlu az ağır xəsarətlər almaqla sonuncu avtomobilə maddi ziyan vurmuşdur. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Hunday Sonata” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 manat, Cavabdeh (İİ qrup əlil) sağlamlığına dəymiş ağır zərərə görə 3000 manat və Qasımov Elşən Rasim oğlunun sağlamlığına dəymiş az ağır zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Nəcəfli Fəqan Əfqan oğlu sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə və yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərlərin tərəflərindən ödənildiyinə görə Nəcəfli Fəqan Əfqan oğluna qarşı subroqasiya hüquqları yaranmışdır. Bununla bağlı Nəcəfli Fəqan Əfqan oğluna qarşı Suraxanı rayon Məhkəməsində subroqasiya qaydasında pul tələbi ilə bağlı iddia qaldırılmışdır. İddia tələbi Suraxanı rayon Məhkəməsinin 2(010)-467/2022 saylı 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Nəcəfli Fəqan Əfqan oğlu tərəfindən hadisə ilə bağlı Cavabdeh bank hesabına 33929 manat məbləğində pul ödənilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 9500 manat pul vəsaitinin və ödənilmiş 115,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nəcəfli Fəqan Əfqan oğlu 07 iyul 2015-ci il tarixdə idarə etdiyi “Toyota Land Cruiser” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İsmayılov küçəsi 5 ərazisində Abbasova Nəzakət Talan qızının idarə etdiyi “Hyundai” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Cavabdeh ağır və Qasımov Elşən Rasim oğlu az ağır xəsarətlər almaqla sonuncu avtomobilə maddi ziyan vurmuşdur. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Hunday Sonata” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 manat, Cavabdeh (İİ qrup əlil) sağlamlığına dəymiş ağır zərərə görə 3000 manat və Qasımov Elşən Rasim oğlunun sağlamlığına dəymiş az ağır zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. 07 iyul 2015-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı Nəcəfli Fəqan Əfqan oğlu sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə və yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərlərin tərəflərindən ödənildiyinə görə Nəcəfli Fəqan Əfqan oğluna qarşı subroqasiya hüquqları yaranmışdır. Bununla bağlı Nəcəfli Fəqan Əfqan oğluna qarşı Suraxanı rayon Məhkəməsində subroqasiya qaydasında pul tələbi ilə bağlı iddia qaldırılmışdır. İddia tələbi Suraxanı rayon Məhkəməsinin 2(010)-467/2022 saylı 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Nəcəfli Fəqan Əfqan oğlu tərəfindən hadisə ilə bağlı Cavabdeh bank hesabına 33929 manat məbləğində pul ödənilmişdir. Həmçinin məhkəmə də qeyd etmişdir ki, Nəcəfli Fəqan Əfqan oğlu Cavabdeh dəymiş bütün maddi ziyanı ödəmişdir. Həmçinin Suraxanı rayon Məhkəməsinin 2(010)-467/2022 saylı 15 fevral 2022- ci il tarixli qətnaməsində o da qeyd edilmişdir ki, iddia tələbi Nəcəfli Fəqan Əfqan oğluna qarşı təmin olunsa, Cavabdeh əsassız varlanmış şəxs olacaqdır.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2112/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia ərizəsinin rədd edilməsi və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə və 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1091.1, 1091.2, 1092.1, 1096, 1097, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddia tələbinin tam təmin edilməsi, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 58.40 manat dövlət rüsumunun Cavabdeh İddiaçı Sığorta Şirkəti” ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarını pozmuş və düzgün tətbiq həyata keçirməmişdir. Belə ki, Məhkəmə qətnaməsində qeyd etmişdir ki, Nəcəfli Fəqan Əfqan oğlu tərəfindən ödənilmiş 33.929 manat məbləğində pul Cavabdeh müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmuşdur. Lakin Məhkəmə qətnamədə Nəcəfli Fəqan Əfqan oğlu tərəfindən ödənilmiş 33.929 manat məbləğində pul Cavabdeh müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmasını qeyd etsə də, bununla bağlı hər hansı bir sübuta yəni, dərman pereparatlarının alınması barədə qəbzlər, əməliyyat olunma barədə hər hansı bir xəstəxana tərəfindən verilmiş arayışlar, ərzaq məhsullarının alınması üçün mağaza qəbzləri iş materiallarına əlavə edilməmişdir. Yalnız Suraxanı rayon Məhkəməsi həmin məhkəmənin 2(010)-592/2016 saylı qətnaməsinə istinad etmişdir. Qeyd edilən qətnamədə 42.393 manat pulun tutulması qeyd edilsə də, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4058/2016 saylı qətnaməsi ilə ləğv edilmiş və tələb edilən məbləğ 11.970 manata endirilmişdir. Bundan başqa qeyd edilən əsassız varlanma halı iddiaçıya Nəcəfli Fəqan Əfqan oğlunu subroqasiya qaydasında məhkəməyə verən zaman məlum olmuşdur. Həmin vaxta qədər onların həmin ödənişlərdən heç bir xəbərləri olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

12. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 1091.1. əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

15. Maddə 1091.2. əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

16. Maddə 1092.1. varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

17. Maddə 1096. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.

19. Maddə 1115. zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2112/2023 saylı 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, iş materiallarına əlavə edilmiş 025349 nömrəli sığorta aktından aydın olur ki,07 iyul 2015-ci ildə başvermiş yol nəqliyyat hadisəsi nəticəsində İcbari Sığortalara haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən 2-ci qrup əlilliyə görə sığorta ödənişinin sığorta məbləğinin 60 faizi təşkil edir, sığorta məbləği 5000 manat olduğundan, Cavabdeh sağlamlığına vurulan zərərə görə sığorta ödənişinin məbləği 3000 manat təşkil edir, lakin sağlamlığına vurulan ağır xəsarətə görə 1500 manat ödənildiyindən, qalan 1500 manat etibarnamə əsasında Abbasova Nəzakət Talan qızına verilmişdir.

30. İş materiallarına əlavə edilmiş 023440 nömrəli sığorta aktından aydın olur ki, 07 iyul 2015-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İcbari Sığortalara haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən səhhətə vurulan ağır zərərə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30 faizi təşkil edir, sığorta məbləği 5000 manat olduğundan, Cavabdeh sağlamlığına vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500 manat təşkil edir.

31. İş materiallarına əlavə edilmiş 026336 nömrəli sığorta aktından aydın olur ki, 07 iyul 2015-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İcbari Sığortalara haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən səhhətə vurulan ağır zərərə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30 faizi təşkil edir, sığorta məbləği 5000 manat olduğundan, Qasımov Elşən Rasim oğlunun sağlamlığına vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500 manat təşkil edir.

32. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir.

33. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2(010)-467/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh Nəcəfli Fəqan Əfqan oğluna qarşı cavabdeh Nəcəfli Fəqan Əfqan oğlundan "Hunday Sonata” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 5000 manat, Cavabdeh (İİ qrup əlillik 1500+1500+3000) sağlamlığına dəymiş ağır zərərə görə ödənilmiş 300 manat və Qasımov Elşən Rasim oğlunun sağlamlığına dəymiş az ağır zərərə görə ödənilmiş 1500 manat olmaqla, cəmi 9500 manat pulun və ödənilmiş 115,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə iddiası rədd edilmişdir.

34. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli 2(010)-592/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Nəcəfli Fəqan Əfqan oğlundan və Nəcəfov Əfqan İsa oğlundan müştərək qaydada dəymiş maddi zərərin əvəzi olaraq 5320 manat dəyərində ərzaq məhsullarının, 2220 manat dəyərində müayinə olunmaqla əlaqədar, 1483 manat zay olunmuş əşyalara görə, müalicə olunmaqla əlaqədar 17750 manat məbləğində alınmış borc, müalicə olunmağı ilə əlaqədar həkimlərin təyin etdikləri reseptlər üzrə 4520 manat, nağd aptek qəbzləri üzrə alınmış dərmanlara görə 3800 manat, üzərində əməliyyatlar keçirilməsi ilə əlaqədar xərcin əvəzi olaraq 7000 manat əməliyyat xərci, 300 manat məhkəmədə hüquqların müdafiəsi üçün, ümumilikdə 42393 manat və bundan sonrakı 3 il ərzində dolanacaq xərci olaraq hər ay 500 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.

35. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4058/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsilə iddiaçılar Cavabdeh və Abbasov Xəyal Akif oğlunun apellyasiya şikayəti təmin olunmamış, cavabdehlər Nəcəfli Fəqan Əfqan oğlunun və Nəcəfov Əfqan İsa oğlunun apellyasiya şikayəti qismən təmin olunaraq Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli 2(010)-592/2016 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, maddi zərər üçün 11970 manat və xx.xx.2015-ci il tarixdən 3 il ərzində dolanacaq xərci olaraq hər ay 146 manat məbləğində pulun Nəcəfli Fəqan Əfqan oğlundan və Nəcəfov Əfqan İsa oğlundan tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir

36. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yo xlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

37. Kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

38. Həmçinin nəzərə alınmalıdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

39. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

40. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarında qeyd olunur ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.

41. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

42. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

43. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, vurulmuş zərər delikt əsasında yaranmışdır və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Nəcəfli Fəqan Əfqan oğlu tərəfindən Cavabdeh bank hesabına 33929 manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə ki, həmin pul vəsaiti zərərçəkənin müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmuşdur.

44. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

47. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2112/2023 saylı 11 iyul 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar