Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5716/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-752/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi 125 saylı evin ümumi sahəsi 49,8 kv.m olan 16 saylı mənzilinin 2/3 hissəsindən özünə məxsus qalan hissəsinin 1/2 sahəsinə dair bağlanmış 02 fevral 2018-ci il AN-1 06766444 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh2 adına verilmiş 05.02.2018-ci il tarixli RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışın ləğv edilməsi və Cavabdeh1 ilə Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi sahəsi 136,4 kv.m olan 115 saylı fərdi yaşayış evinin 1/8 hissəsindən paylı mülkiyyət üzrə özünə məxsus 1/3 hissəsinin 5,69 kv.m olan sahəsinə dair bağlanmış 03 fevral 2018-ci il AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh1 adına verilmiş 21.02.2018-ci il tarixli RX seriyalı,1246383 nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması məqəsədilə ondan 64.000 manat alınıb Cavabdeh2 və Cavabdeh1 verilməsi, vurulmuş maddi zəzərə görə Cavabdeh2 və Cavabdeh1 30.450 (otuz min dörd yüz əlli) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-752/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv olunmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin onu müqavilə bağlanandan əvvəl aldatmaq niyyəti və məqsədi olmuşdur. Evlərinin dəyərinin tam ödəməmələri, söz verib inandırmalarına baxmayaraq aldıqları payı geri qaytarmamaları onu aldatdıqlarını göstərir. Payının bir hissəsini onların yalanına inanıb satmışdır. Göründüyü kimi payını satmağı barədə daxili iradəsi cavabdehlərin yalanı əsasında formalaşmışdır. Öncədən qeyd etdiyi kimi payının bir hissiəsini satdığı ev payları məlum olan ümumi mülkiyyətdədir iç-içə iki otaqdan ibarətdir, birinci mərtəbədə yerləşir, onun qarşısında sonradan tikilmiş sənədsiz otaq və yalnız bu otaqdan keçməklə küçəyə çıxmaq mümkündür. Evdə ondan başqa daha 3 nəfər, iki qardaşı və onun birinin uşağı da paylı mülkiyyətçidir. Onun kimi onlarda bu işə razılıq verməmişdir. Payını həqiqətən satmaq fikri olmadığı üçün ona bu barədə bir söz deməmişdir. Özü həmin evin ikinci mərtəbəsində 2 otaqda yaşayır. Hamıya məlumdur ki, “Kubinka” adlanan bu ərazidə evlər söküntüyə gedir və yaşayış sahəsinə uyğun kompensasiya verilir. Bu ərəfədə heç kəs evini satmır. Sənədsiz evdə yaşayan, mülkiyyətdə olan payını 14.000 manata satması normal ağla sığmır. İşin bu faktiki halları da cavabdehlərin onu aldatması nəticəsində alqı-satqı müqaviləsinin bağlandığını təsdiq edir. Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Qeyd olunan maddi hüquq normalarına əsasən hər iki cavabdehin bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onlar əsasında verilmiş çıxarışlar ləğv edilməlidir. Cavabdeh2 zəbt edib yaşadığı evi icarəyə vermək üçün təmir etmişdir. Mirzə müəllim adlı şəxslə 350 manatdan 5 il müddətinə ofis kimi icarəyə götürməsi barədə razılığa gəlmişdir. Hətta Mirzə müəllim evə mebellərini də yığmışdır. Esmira onun mebellərini də qaytarmamışdır. 2018-ci ilin fevral ayından bu günə kimi ofis tipli evdən gəlir götürməyinə imkan verməməklə ona 10850 manat zərər vurmuşdur. Həmçinin 2-ci mərtəbədə yerləşən 41 kv.m. sahəsi olan evini Ümid Kaydisəfa adlı türk dostuna 300 manata kirayə vermişdir. Müxtəlif cür bəhanələrlə onunla əlaqəyə girib şər böhtan eləmişlər və evdən çıxarılmasına nail olmuşlar. Başqa adamlara vermək istəmişlər, kirayəçi bir gun qalmış, sabahı gün başqa ev tapıb köçmüşlər. Səbəb də, bunların yalan böhtanları, şərləri olmuşdur. Yeni gələn kirayəçini qorxutmaq üçün, guya bu evdə adam öldürüblər, onu da öldürərlər deyiblər. Belə şaiyələrlə həmin evi də 2 ildən artıqdır ki, hər bir şəraiti olan evi boş vəziyyətdə qalmışdır. Esmira qəsdən bu şəraiti yaradır ki, heç kim gəlməsin. Dəfələrlə ona xahiş eləmişlər ki, oğlunun dostu var gəlsin burda kirayə qalsın, o, isə Esmiranın qonşu olduğu gündən, ona qarşı pis niyyətdə olduğu üçün yox demək məcburiyyətində qalmışdır. Bunların bu hərəkətlərindən, hər bir şəraiti olan 41 kv.m. olan ev də şikəst halda qaldığına görə ona 7200 manat zərər dəymişdir. Cavabdeh1 M.Əbilov küçəsində yerləşən 2 otaqlı yaşayış sahəsi 70 kv.m olan evinin girişinə əşyalar yığıb, o, evinə daxil olmağa qoymur. Evinə daxil olmaq istəyəndə 15 yaşında qızı və balaca oğlu İlkinin öyrətməsi ilə özünü yaralayaraq, daha sonra 102 polis xidmətini yığıb ondan əsassız şikayət edirlər. Həmin evi kirayə verə bilməməyi üçün (hər ay həmin evi 400 manata kirayə verirdi) qəsdən evin qazını, işığını və suyunu kəsərək 2018-ci ilin fevral ayından bu günə kimi ona 12.400 manat məbəğində zərər vurmuşdur. Məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Məhkəmə iclasında İddiaçı bildirdi ki, apellyasiya şikayətini müdafiə edir və onun təmin olunmasını xahiş edir. Esmira ilə alqı-satqı müqaviləsində evin qiyməti 14.000 manat yazılıb, o qədər pul da ona verildi. Amma şifahi razılaşmaları 30.000 manat idi. Esmiraya 1 kv.metri ona görə satdı ki, 2-ci mərtəbədə 24.kv.m özbaşına tikili də vardı. Esmira həmin tikiliyə və 1 kv.metrə birlikdə 30.000 manat verməli idi. İlkinlə 52 kv.metri və 5 kv.metri 65.000 manata razılaşmışdılar, lakin həmin məbləğ də ona ödənilməmişdir. Hər iki satılan evə görə ona 64.000 manat verilmişdir. Bu məbləği evləri qayıdarsa cavabdehlərə ödəməyə hazırdır. Zərər budur ki, evlərini zəbt ediblər, kirayə verə bilmir. Esmira 2-ci mərtəbədəki 41 kv.metri zəbt edib, gələn kirayəçiləri də təhqir edir. 2-ci mərtəbəni Esmira kirayə verir. Mənzilindən istifadə etməyə imkan vermir. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının verdiyi izahat cəfəngiyyatdır. Hətta məhkəmə sənədlərinin onlara gəlməməsi üçün maneçilik törədir. İddiaçının mənzili satması barədə əlyazma ərizəsidə var. Mənzili təmir edib vəziyyətini yaxşılaşdırdığı üçün iddiaçı indi evini tələb edir. 25.000 manat yuxarı mərtəbədəki çıxarışı olmayan tikili üçün vermişdir. Bununla bağlı iddiaçının ona təqdim etdiyi ərizəsi də var. Aşağı mərtəbədəki mənzilin çıxarışı olduğu üçün 14.000 manat verib alqı-satqı müqaviləsi bağlamışlar. Çünki, alqısatqı bütövlükdə aldığı evin sənədi üçün lazım idi ki, çıxarış alsın. Ümumilikdə iddiaçıya 39.000 manat vermişdir. Yuxarıdakı mərtəbəni isə kirayə vermir. Məhkəmə iclasında Cavabdeh1 da apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçıya sənədi olmayan, yəni qeydiyyatdan keçməyən yuxarıdakı 52 kv.metr tikili üçün 50.000 manat, çıxarışı olan 5.69 kv.metr evə görə isə 14.000 manat vermişdir. İddiaçıya ümumilikdə 64.000 manat vermişdir. İddiaçı hələ də onun evinin sənədini vermir. Alqı-satqı müqaviləsində 50.000 manatın yazılmasını isə iddiaçı istəmədi. İddiaçı mülahizələrini danışır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, 02.02.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsində yerləşən ümumi sahəsi 49.8 kv/m olan 16 saylı mənzilin 2/3 hissəsindən özünə məxsus qalan hissənin 1/4 hissəsindən 1/2 sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 14000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. 03.02.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsiə əsasən satıcı İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsindən paylı mülkiyyət üzrə özünə məxsus sahəsi 5.69 kv/m olan 1/3 hissəsini alıcı Cavabdeh1 mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 14000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilə üzrə alıcılar (cavabdehlər) aldıqları daşınmaz əmlaka dair öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı almışlar. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd edilən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələrə əsasən cavabdehlərin adına verilmiş çıxarışların ləğv edilməsi və vurulmuş maddi zəzərə görə 30.450 (otuz min dörd yüz əlli) manat məbləğində pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, iddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2 və 339.3-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinin tələblərinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən müəyyən olunur ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin maddələrin məzmununa görə “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Məhkəmə hesab edir ki, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının 02.02.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı və 03.02.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin bağlanması məqsədi ilə aldadılması barədə dəlillər öz təsdiqini tapmamışdır. İddiaçının şahidlərin ifadələrinə istinad etməsi ilə əlaqədar məhkəmə şahid qismində dindirilmiş həmin şəxslərin mübahisəli alqı-satqı müqavilələrinin bağlanmasında birbaşa iştirak etmədiklərini vurğulayaraq həmçinin qeyd etməyi zəruri sayır ki, malın qiyməti alqı-satqı müqaviləsinin mühüm şərti olmaqla öz təsdiqini müqavilənin müvafiq bəndinə əsasən tapmalıdır. Belə olan halda məhkəmə iddiaçının alqı-satqı müqavilələrinin predmeti olan daşınmaz əmlakın müqavilələrdə göstərilən qiymətə deyil, öz aralarında şifahi qaydada razılaşdırdıqları qiymətə satması, həmin müqavilələr üzrə cavabdehlərin ona hələ də borclu qalması faktların digər mötəbər sübutlarla öz təsdiqini tapmadığını əsas götürərək hesab edir ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü dəlillər mülahizə xarakter daşımaqdadır. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (MPM-nin 62-ci, 81-ci və 104.1-ci maddələri) Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə həmçinin Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qanunvericilik tərəfindən etibarsız əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyi, kəsici müddətin isə iddia müddətinin bir növü olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edildiyindən kəsici müddətin tətbiqindən məhkəmə tərəfindən imtina edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin tamamilə ləğv edilməsi və yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi tam, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın rədd edilməsi hissəsində iddia olunan yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, ilk iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. İkincisi, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında səlahiyyətli şəxsin iştirakı, həqiqi iradə ifadəsini bildirilməsi, iradə ifadəsinin zədəli olmaması, forma və məzmunun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırki işin faktiki hallarından və tərəflərin izahatlarından iddiaçının mülkiyyətində olan mənzillərin bir hissəsini cavabdehlərə satarkən sonuncular yaxud digər şəxslər tərəfindən aldadıldığı təsdiq olunmur. Əksinə, cavabdehlərin apellyasiya baxışında təqdim etdikləri, iddiaçının adından yazılaraq imzalanmış və mübahisələndirmədiyi ərizələrdən də görünür ki, o, cavabdehlərə alqı-satqı müqavilələrində nəzərdə tutulanlardan əlavə də qeydiyyatdan keçməyən tikililəri satmış, həmin tikililərin də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün öhdəlik götürmüş, su, qaz, işıq sayğaclarının onların adına keçirəcəyinə söz vermiş və bunun əvəzində də onlardan əlavə pul almışdır. Düzdür, cavabdehlərə əlavə qeydiyyatdan keçməyən tikililərin satılması və digər məsələlər hazırki iddianın predmetinə aid olmadığından onlara bu işdə hüquqi qiymət verilə bilməz. Ancaq bütün bu hallar ona dəlalət edir ki, iddiaçı bu işləri görərkən heç bir halda cavabdehlər tərəfindən aldadıla bilməzdi. Üçüncüsü, hazırki iş üzrə məhkəmənin iddianı rədd etməsi düzgün olmuşdur. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, mülki dövriyyənin iştirakçısı kimi aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə suiistifadə etməsinlər. Hazırki iş üzrə də iddiaçının mübahisələndirdiyi alqı-satqı müqavilələrinin etibarsız olmasına ona görə nail olmaq istəyir ki, cavabdehlərlə hansısa hüquqdan və qanundan kənar aralarında yaranmış mübahisələri həll etmək üçün bu yolla onlara təsir yaxud təzyiq göstərsin. Əlbətdə ki, bu hallar yolverilməzdir. Çünki, qanunvericiliyə uyğun bağlanmış və etibarsızlığı üçün hər hansı bir əsas olmayan müqavilələrin etibarsızlığının tələb edilməsi özü hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-752/2021 saylı, 16 fevral 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5716/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5716/2021
12.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver