Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5716/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “miras əmlakdan məcburi payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: iddianın əsası eyni deyil) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh, Cavabdeh Vəkil1 Babalı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və məcburi payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraatın xitam verilməsi barədə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-281/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı hazırkı iddiadan əvvəl Cavabdeh qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsini üzrlü hesab edilərək, həmin müddətin uzadılması, Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən 2V-58 nömrəli reyestr ilə qeydə alınan xx.xx.2022ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi, mərhum anası X1 məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4-ün cavabdeh və iddiaçı arasında bölünməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3263/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-683/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3263/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasnın 2(102)-3071/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-683/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
2. İkinci dəfə apellyasiya məhkəməsində işə baxılan zaman iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətindən imtina barədə ərizə təqdim etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-720/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin apellyasiya şikayətindən imtinaya dair ərizəsi qəbul edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3263/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş və mülki iş üzrə apellyasiya icraatına xitam verilmiş, nəticədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia əriəzəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V58 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” və 2V-57 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx.xx.2020-ci ildə təsdiq edilən və reyestrdə 2V-04 nömrəsi ilə qeyd olunan “vəsiyyətnaməyə əsasən anası X1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti ev 70, mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv metr olan mənzildən ibarət miras əmlakdan məcburi payının müəyyən olunması və qətnamənin icrasının Bakı şəhəri 35 saylı Notariat Ofisinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-281/2024 nömrəli ilə iş üzrə icraata xitam verilmişdir.
5. Daha sonra İddiaçı məhkəməyə şikayət verərək həmin qərardadın ləğv olunmasını, mülki işin icraata qəbul edilməsini və mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. O, şikayətini belə əsaslandırmışdır ki, birinci iddia üzrə iddia tələbi başqa bir predmet, yəni qanun üzrə vərəsəlik payı və başqa əsasla, yəni qanun üzrə vərəsəlikdə payın müəyyən edilməsi barədə verilmişdir. Hazırkı iddia tələbi isə digər predmet, yəni işdə vəsiyyətnamə olduğundan miras əmlakda məcburi pay və başqa əsasla, yəni vəsiyyətnaməyə əsasən miras əmlakda müəyyən edilməli olan məcburi pay barədə olduğundan, sözügedən mülki iş eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə kimi qəbul edilə bilməz.
6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-281/2024 nömrəli qərardadına əsasən hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli qərardadı qismən, yəni "Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, xx.xx.2020-ci ildə təsdiq edilən və reyestrdə 2V-04 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən anası X1 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.metr olan mənzildən ibarət miras əmlakdan məcburi payının müəyyən olunması və qətnamənin icrasının Bakı şəhəri 35 saylı Notariat Ofisinə həvalə edilməsi" tələbləri üzrə icraata xitam verilməsi hissəsində ləğv edilməsi, qərardaddan verilmiş şikayət "Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi" tələbi ilə bağlı hissədə baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"ni həm əvvəlki iddiada, həm də hazırkı iddiada mübahisələndirmişdir. O, əvvəlki iddiada şəhadətnamənin ləğv olunmasını, hazırkı iddiada isə etibarsız hesab olunmasını tələb etsə də, hər iki tələb eyni hüquqi nəticəni ehtiva etdiyinə görə məhkəmə hesab edir ki, hər iki tələb eyni predmet barəsindədir. Həmin tələblər eyni tərəflər arasında və eyni əsaslar üzrədir. Belə olan halda, hazırkı iddianın xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi ilə bağlı hissəsi üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə uyğundur. Həmin maddədə deyilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Ona görə də məhkəmə qərardaddan iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayəti qeyd olunan tələblə bağlı hissədə əsaslı hesab etmir. İddiaçının hazırkı işdə olan digər iddia tələbləri, yəni xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi və miras mənzildən məcburi payının müəyyən olunması ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin tələblər əvvəlki iddiada olan tələblərlə tam üst-üstə düşmədiyinə görə onlar üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə uyğun olmamışdır və şikayət bu hissədə əsaslıdır. Ona görə də xx.xx.2024-cü il tarixli qərardad göstərilən iki tələblə bağlı hissədə ləğv olunmalıdır. Məhkəmə verilmiş şikayəti xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi tələbi ilə bağlı hissədə əsaslı hesab etmədiyinə görə bu qərara gəldi ki, şikayət həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir
8. Məhkəmə gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 71 və 261.0.2-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. İddiaçı şikayət verərək, birinci instansiyası məhkəməsinin qərardadını ləğv edilməklə, mülki işin icraata qəbul edilməsini və mahiyyət üzrə baxılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci iddia üzrə iddia tələbi başqa predmeti, yəni qanun üzrə vərəsəlik payı və başqa əsasla – qanun üzrə vərəsəlikdə payın müəyyən edilməsi barədə verilmişdir. Hazırki iddia isə digər predmet, yəni işdə vəsiyyətnamə olduğundan miras əmlakda məcburi pay və başqa əsasla, yəni vəsiyyətnaməyə əsasən miras əmlakda müəyyən edilməli olan məcburi pay barədə olduğundan, sözügedən mülki iş eyni predmeti barəsində və eyni əsaslar üzrə mübahisə kimi qəbul edilə bilməz.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4162/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı birinci iddiada 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinin ikinci iddiada yenidən irəli sürülməsini Bakı şəhəri 35 saylı Notariat Ofisinin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına xx.xx.2024- cü il tarixli cavab məktubunda göstərilənlərlə əlaqələndirir. Əvvəla, Notariat Ofisinin qeyd olunan məktubda göstərdiyi səhvi birinci iddiaya baxılan zaman da iddiaçıya bəlli idi və o da hər bir halda 2V-58 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni birinci iddiasında onsuzda mübahisələndirmişdir. Hətta Notariat Ofisinin məktubunda qeyd olunanlar ona sonradan məlum olsa da belə, bu hal iddiaçıya eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə yenidən məhkəməyə müraciət etməyini istisna edir. Məhkəmə həmçinin qeyd etmişdir ki, miras payının tam həcmdə kimə keçməsi vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsində deyil, qanun üzrə vərəsəlik şəhadətnaməsində nəzərdə tutulması dəlili də başadüşülən olmamışdır. Eyni zamanda yalnız vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı barədə irəli sürdüyü tələb iddiaçının mirasda məcburi payının daha az həcmdə müəyyən ediləcəyinə səbəb olacağı halı da iddiaçıya əsas vermir ki, o, qanun üzrə vərəsəlik şəhadətnaməsini qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda yenidən mübahisələndirsin. Üstəlik işin halları iddiaçıya çatacaq mirasda məcburi payın həcminin düzgün hesablanması üçün qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı tələbini zəruri etmiş olsa belə, bu həm faktiki, həm də qanuni cəhətdən digər əsas kimi qiymətləndirilə bilməz. Əlbəttə ki, iddiaçının hazırki iddiasının uğurlu olacağı təqdirdə o, nail olmaq istədiyi məqsədə çata bilər, yaxud zərurət olarsa yeni əsasla məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər.
13. Məhkəmə gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddələrinə istinad etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2929/2024 saylı, xx.xx.2024-cü il qərardadı ilə kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4162/2024 nömrəli iş üzrə, 1 iyul 2024-cü il tarixli qərardadının ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətə qarşı etirazın dəlilləri
15. Təkrar apellyasiya baxışı zamanı şikayətə qarşı etiraz daxil olmamışdır.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
16. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə şikayətin dəlillərini müdafiə edərək bildirir ki, 3 ildir ki, məhkəmədə mübahisə davam edir. Onlar notariusa aldanıblar. Eyni anda həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə verilib. Aldatma yolu ilə cavabdeh mirası qəbul edib. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras payının bölünməsi iddiası təmin edilməyib.
17. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh şikayətin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
18. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh Vəkil1 Babalı oğlu şikayətin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət kəsici müddətdir. Şəxs iki ay ərzində mübahisə açmaq huququna malikdir. Həmin müddət keçdikdən sonra isə bu hüquq itir. İddaçı vəsiyyətnamə üzrə şəhadətnamə barəsində 2022-ci il tarixində məlumatı olub. İddianı 2023-cü ildə qaldırmışdır. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq normaları:
19. Azərbaycan Respublikası Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: Maddə 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-281/2024 nömrəli qərardadı yoxlanılan hissədə ləğv edilməli, “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(103)-281/2024 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Daha sonra məhkəmə xx.xx.2024-cü il tarixli 2(103)-281/2024 saylı qərardadı ilə xx.xx.2024- cü il tarixli qərardadını qismən, yəni "Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, xx.xx.2020-ci ildə təsdiq edilən və reyestrdə 2V-04 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən anası X1 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.metr olan mənzildən ibarət miras əmlakdan məcburi payının müəyyən olunması və qətnamənin icrasının Bakı şəhəri 35 saylı Notariat Ofisinə həvalə edilməsi" tələbləri üzrə icraata xitam verilməsi hissəsində ləğv etmişdir. Lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-281/2024 nömrəli qərardadından verilmiş şikayəti "Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V- 58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi" tələbi ilə bağlı hissədə təmin etməmiş, şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı əvvəlki mülki iş üzrə xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması” barədə tələbini irəli sürərkən digər vərəsə olan qardaşı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində mərhum anasından qalmış qanun üzrə vərəsəlik üzrə miras paydan məhrum olması ilə əsaslandırmışdır. İddiaçı hazırkı mülki iş üzrə isə tələbini vəsiyyətnamə üzrə vərəsəlik zamanı məcburi paydan məhrum olması, miras əmlakın ikidə bir hissəsinin qanun üzrə vərəsəlik qaydasında cavabdehə keçməsi nəticəsində onun məcburi payının azalması ilə əsaslandırmışdır.
24. Mülki prosessual qanunvericiliyin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.§20
25. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi eyni tərəflər arasından eyni predmetlə bağlı olsa belə iddia tələbinin əsası eyni deyildir.
26. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, qərardad qismən ləğv edilməklə, tələbə mahiyyəti üzrə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 397-398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-281/2024 nömrəli qərardadı qismən, yəni Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V58 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi tələbi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilsin. Mülki iş Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V58 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev