Məhkəmə qərarları › İş №2(103)-5719/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5719/2020

03.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5719/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ BAKİ APELLYASİYA MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ xx xxxxxx 2020-ci il İş № 2(103)-5719/2020 Bakı şəhəri Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh7 və onun vəkili-nümayəndəsi X2, Cavabdeh6 vəkili-nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “İddiaçı-R” LTD MMC-nin cavabdehlər Cavabdeh1 qızı və digərlərinə qarşı “özbaşına tikililərin sökülməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-524/2049 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh7 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı-R” LTD MMC cavabdehlər Abbasova (Tanrıverdiyeva) Nabat Əli qızı, Cavabdeh2, Rüstəmova (Quliyeva) Ətrabə Rüstəm qızı, X5, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı “özbaşına tikililərin sökülməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra hakimiyyəti Başçısının xx xxxx 2004-cü il tarixli 45 saylı Sərəncamı ilə iddiaçı “İddiaçı-R” LTD MMC-nin istifadəsinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov. X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə olan 0,41 ha ərazidə qanunsuz tikililərin, o cümlədən cavabdehlərin istifadəsində olan qanunsuz (özbaşına) tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2004-cü il tarixli 45 saylı sərəncamı (18-ci bəndi) ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün “İddiaçı-R” LTD MMC-nə həvalə edilmişdir. Qeyd olunan sərəncama əsasən, həmin ünvanda yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi “İddiaçı-R” LTD MMC-yə həvalə edilmişdir. Lakin, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə cavabdehlər tərəfindən inşa edilmiş və onların istifadəsində olan özbaşına tikililər mövcuddur və həmin tikililərin mövcudluğu iddiaçı “İddiaçı-R” LTD MMC-yə Bakı Şəhər İcra hakimiyyəti Başçısının xx xxxx 2004-cü il tarixli 45 saylı Sərəncamı ilə üzərinə düşən vəzifələri və hüquqlarını həyata keçirməyə imkan vermir. Nəticə etibarı ilə, iddiaçı qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə söküntü və tikinti işləri apara bilmir və Sərəncam əsasında həmin torpaq sahəsinə olan hüquqlarını icra etmək imkanından məhrum olmuşdur. Bu isə birbaşa iddiaçının maraqlarına toxunmaqla, ona külli miqdarda zərər yetirir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhər İcra hakimiyyəti Başçısının xx xxxx 2004-cü il tarixli 45 saylı Sərəncamı ilə iddiaçı “İddiaçı-R” LTD MMC-nin istifadəsinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə olan 0,41 ha ərazidə-Cavabdeh7 məxsus yaşayış evi üzrə texniki pasportda əks olunan tikililərdən əlavə, texniki pasportdan kənar sahəsi 14,5 kv.metr olan əlavə tikili və 39,6 kv.metr sahədən ibarət qeyri-yaşayış obyekti (yuyucu) kimi istifadə olunan, Cavabdeh6 məxsus qeyri-yaşayış binasının ümumi sahəsinin həmin binaya dair verilmiş MH seriyalı ******* nömrəli Çıxarışda göstərilən sahədən 19,3 kv.metr artıq təşkil edən sahənin sökülməsi, iddia tələbinin cavabdehlər Abbasova (Tanrıverdiyeva) Nabat Əli qızı, Cavabdeh2, Rüstəmova (Quliyeva) Ətrabə Rüstəm qızı, X5 və Cavabdeh5 münasibətdə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın cavabdehlər Cavabdeh7 və Cavabdeh6 birgə qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh7 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9512/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh6 apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9512/2019 saylı qətnaməsindən narazı qalan Cavabdeh7 və vəkili kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1601/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh7 şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh7 Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşinksi və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 8-ci məhəllədə 0,41 ha ərazi üzərində iddiaçının subyektiv hüquqa malik olduğu qənaətinə gəlmiş, göstərilən ərazinin iddiaçının istifadəsinə verilməsi üçün Bakı Şəhəri tcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 45 saylı sərəncamını əsas hesab etmişdir. Ancaq məhkəmə nəzərə almamışdır ki, iddiaçı nə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 8-ci məhəllədə 0,411 sahəsinə icarə hüququnu, nə də mübahisələndirdiyi mənzillərə (fərdi yaşayış evlərinə) mülkiyyət hüququnu əldə etməmişdir. Qanunvericiliyin heç bir müddəası icra hakimiyyətinin hər-hansı sərəncamını və ya razılıq məktubunu xüsusi mülkiyyətin, torpaq sahəsinin mülkiyyətçinin razılığı olmadan başqa şəxsin istifadəsinə verilməsi üçün əsas olaraq göstərmir. Cavabdeh6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə onun mülkiyyət hüququ pozulmuşdur. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşinksi və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 8-ci məhəllədə 0,41 ha ərazidə yerləşən və MH seriyalı ******* saylı çıxarış əsasında mülkiyyətində olan qeyriyaşayış sahəsinin 19.3 kv.m sahəsinin sökülməsi qət edilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh7 və onun vəkilinümayəndəsi X6 və Cavabdeh6 vəkili-nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri apellyatorlara münasibətdə yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə pozuntularla tikilmiş bina və ya qurğular müvafiq icra hakimiyyəti orqanının və ya maraqlı tərəfin iddiası üzrə məhkəmənin qərarı əsasında sökülə bilər. Şübhəsiz ki, belə özbaşına tikililərin sökülməsi onu həyata keçirmiş şəxsin hesabına həyata keçirilməli, onların tikintisinə sərf edilmiş materiallar isə onun mülkiyyətində saxlanmalıdır. Özbaşına tikilmiş binaların və qurğuların sökülməsini məhkəmə qaydasında yerli icra hakimiyyəti orqanları və belə tikililərin aparılması nəticəsində hüquqları pozulmuş və ya həyatı və sağlamlığı üçün təhlükə yaranmış şəxslər tələb edə bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi təmin edilmiş hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli sərəncamından görünür ki, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 01-04/63 saylı razılıq məktubu, “İddiaçı-R” LTD MMC-nin xx.xx.2004-cü il tarixli, 01 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 8-ci məhəllədə mövcud fərdi yaşayış evlərinin sökülərək, yerində yaşayış evlərinin layihələşdirilməsi və tikintisinə icarə əsasında 0,41 ha ərazi həmin “İddiaçı-R” LTD MMCnin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, AK. Mirqasımov küçəsində istifadədə olan 0,00355 ha torpaq sahəsində yerləşən 7 b nömrəli 33,5 kv.m ümumi, 28,1 kv.m əsas, 5,4 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 22 saylı reyestr kitabının 1998 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 75 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh7 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 382 saylı reyestr kitabının 35774 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Bundan başqa məhkəmə kollegiyasına təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 161.4 kv.m qeyri-yaşayış binası Cavabdeh6 xüsusi mülkiyyətindədir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 32976 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə yerləşən Cavabdeh5, Ramiz Həsənova, Cavabdeh3, Cavabdeh1 qızına və X1 məxsus yaşayış evlərinin planlı yerləşməsinin, ölçülərinin, ümumi sahəsinin həmin evlərə dair tərtib edilmiş texniki pasportun göstəricilərinə uyğun olduğu, lakin Cavabdeh7 məxsus yaşayış evi üzrə texniki pasportda əks olunan tikililərdən əlavə, texniki pasportdan kənar sahəsi 14,5 kv.metr olan əlavə tikili inşa edildiyi və 39,6 kv.metr sahədən qeyriyaşayış obyekti (yuyucu) kimi istifadə olunduğu, eləcə də Cavabdeh6 məxsus qeyriyaşayış binasının ümumi sahəsinin həmin binaya dair verilmiş MH seriyalı ******* nömrəli Çıxarışda göstərilən sahədən 19,3 kv.metr artıq təşkil etdiyi müəyyən olunmuşdur. Qeyd olunur ki, əlavə tikililərin inşa edilməsinə dair müvafiq icazə sənədləri olmadığından, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalama obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə ümumiyyətlə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli sərəncamı ilə mübahisəli sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək rayon icra hakimiyyətinin başçısına tapşırılmışdır. Həmin sərəncama uyğun olaraq bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsində isə icarəyə verilmiş torpaq sahəsində icarəyəverənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların və qurğuların sökülməsini tələb etmək hüququ yalnız icarəyə verən üçün, yəni Bakı Şəhər İcra Hakimiyyəti üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “İddiaçı-R” LTD MMC-nin mübahisə predmetinə dair hər-hansı hüququ və həmin hüququ təstiq edən hüquqmüəyyənedici sənədi olmadığından, onun müvafiq subyektiv hüquqa, yəni mübahisə predmetlərinin sökülməsini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdehlər kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin apellyatorlara münasibətdə rədd edilməsi qənaətinə gəlindiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan əlavə ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh7 və Cavabdeh6 apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi təmin edilmiş hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh7 və Cavabdeh6 apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-524/2049 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi təmin edilmiş hissədə, yəni, Cavabdeh7 və Cavabdeh6 münasibətdə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar