Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-572/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRX və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı iş üzrə (Açar sözlər: artıq işləmiş iş vaxtına görə ödənişin edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1169/2021 saylı 11 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.1980-ci il tarixdə Bakı şəhər Texniki İnventarlaşdırma Bürosunda texniki inventarizator vəzifəsinə işə qəbul edilmiş, həmin tarixdən qeyd olunan təşkilatda və onun hüquqi varisi olan təşkilatlarda müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2016-cı il tarixindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işləyir.
2. İddiaçı 2-ci qrup əlildir.
3. Mübahisə artıq işlənmiş iş vaxtına görə ödənişin verilməsi ilə bağlı yaranıb.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi (sonradan iddia həcminin artırılması barədə ərizə) ilə Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət edərək, 14 noyabr 2017-ci ildən 02 dekabr 2020-ci il tarixinədək 313 gün ərzində artıq işlədiyi 313 saatın, 09 dekabr 2019-11 dekabr 2019-cu il tarixinədək 3 gün ərzində işlədiyi tam iş vaxtının, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxt işlədiyi 66 gün, 2015-2016-cı illərdə məzuniyyətdə olduğu vaxt işlədiyi 30 gün üçün əmək haqqının və 50 min manat mənəvi ziyanının ona ödənilməsi, eləcə də, hazırda icra etdiyi əmək funksiyasına görə qısaldılmış iş vaxtı tətbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli rəyinə əsasən iddiaçıya İİ dərəcəli əlillik təyin edilmişdir. Əmək Məcəlləsinin 91-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə müvafiq olaraq İİ dərəcəli əlil olması barədə həkim ekspert-komissiyasının sistemdən əldə edilmiş məlumatını iş yerinə təqdim edərək qısaldılmış iş gününün tətbiq edilməsini xahiş etsə də, cavabdeh təşkilat buna məhəl qoymamış, hamı kimi gündəlik iş vaxtının səkkiz saatını işlədikdən sonra evə buraxılmışdır.
7. Cavabdeh qurum tərəfindən iddiaçıya qarşı edilən bu qanunsuzluqla bağlı Azərbaycan Respublikası ƏƏSMN-ni DƏMX-nə xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə elektron məktubla, bundan sonra isə Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə şikayətlərlə müraciət etmiş, şikayətlərin hamısı elə cavabdehin özünə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə etdiyi şikayət cavabdeh quruma göndərilmiş və cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, guya Əmək Məcəlləsinin 91-ci maddəsinə riayət olunaraq ona 7 saatlıq iş günü tətbiq edilmiş və ona əmək müqaviləsinə dəyişikliyin edilməsi təklif olunmuş, o isə bu dəyişiklikləri qəbul etməmişdir. Bunların hamısı yalandır. İşə gəlibgetməsi vaxtı idarənin girişində quraşdırılmış elektron qeydiyyatçıda (turniketdə) qeydə alınmışdır.
8. Qanunvericiliyin tələbinə məhəl qoymadan cavabdehin iddiaçını qanunsuz olaraq gündəlik 7 saat əvəzinə 8 saat işlətməsi iddiaçının xəstəliyinin pisləşməsinə səbəb olmuş (nevroloji amillər xəstəliyin ağırlaşmasına), təcili yardımın iş yerinə gəlib, ona yardım göstərilməsi ilə nəticələnmişdir.
9. Bununla belə iddiaçı xx.xx.2019-cu il tarixində ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixdən etibarən əmək məzuniyyəti verilməsini xahiş etmiş, DƏDRX-nin xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçıya xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 25 təqvim günü (xx.xx.2018-xx.xx.2019-cu ilindən qalan) əmək məzuniyyəti verilmişdir. Məzuniyyətə buraxılması barədə əmr xx.xx.2019-cu il tarixdə verilməsinə baxmayaraq, qurumun Ərazi İdarəsinin rəhbərliyi sözügedən əmrlə iddiaçını qərəzli olaraq tanış etməyərək xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində qanunsuz olaraq məcburi işlətmişdir.
10. Məzuniyyət pulu gecikdirilərək iddiaçıya xx.xx.2019-cu il tarixdə verilmişdir. Bu hal da təsdiq edir ki, məzuniyyət barədə əmr sonradan rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixdə, iş vaxtı isə iddiaçıya məlumat verilmişdir ki, artıq xx.xx.2019-cu il tarixdən məzuniyyətdədir.
11. İddiaçı əmrlə tanış olmaq istəmiş, lakin buna imkan verməmişlər. Şifahi verilən məlumata əsasən artıq üçüncü gündür ki, qanunsuz olaraq işlədiyini cavabdehə irad tutmuş, verilən cavab aralarında narazılığa səbəb olmuşdur. Nəticədə iddiaçının səhhətində nasazlıq baş vermiş, halı pisləşmiş, iş yoldaşları bu durumu görərək təcili yardım çağırmışlar. İlkin tibbi yardım aldıqdan sonra 5 nömrəli şəhər xəstəxanasına yerləşdirilmiş, nəfəs darlığı aradan qalxdığından ərizə yazaraq, həkimin razılığı ilə ev şəraitində müalicə olunmaq üçün evə buraxılmışdır.
12. İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək tabeldə 313 gün, bayram günləri qabağı 6 gün işdə olmuşdur.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 91, Mülki Məcəllənin 1097- ci maddələrinə istinad etmişdir.
14. Cavabdehin nümayəndəsi iddiya etiraz etmişdir. Etirazın dəlilləri: - məhkəmədə iddia qaldırmamışdan öncə iddiaçının işlədiyi dövr üçün növbəti əmək məzuniyyətinin verilməsi və əlillik dərəcəsinə görə qısaldılmış iş rejiminin tətbiq edilməməsi barədə İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzi vasitəsilə xx.xx.2020-ci il tarixdə şikayəti daxil olmuş və həmin şikayətə “Vətəndaşların müraciətləri haqqında” Qanuna uyğun olaraq aidiyyəti üzrə baxılmış və cavab məktubu göndərilmişdir. Şikayətdə göstərilən məsələlərin araşdırılması zamanı 2018-2019-cu iş ili üçün Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsinə əsasən iddiaçıya 42 təqvim günü müddətinə əmək məzuniyyətinin verildiyi, 08.06.20. tarixində həftəlik qısaldılmış iş vaxtı ilə bağlı tərtib edilmiş əmək müqaviləsinə əlavəni imzalamadığı müəyyən edilmişdir; Lakin iddiaçı qısaldılmış iş rejiminə keçməsi üçün müvafiq müqaviləni imzalamaq üçün ərizə verməkdən imtina etmiş, ona dəfələrlə qısaldılmış iş rejiminə, yəni 1 saat az işləməsi üçün müvafiq ərizəni yazıb təqdim etməsi təklif edilsə də, həmin ərizəni bü günədək təqdim etməmişdir; - bundan başqa, iddiaçının istinad etdiyi Əmək Məcəlləsinin 91-ci maddəsi imperativ norma deyil. İşçinin qısaldılmış iş rejiminə keçirilməsi işəgötürənin hüququdur. Heç kim belə bir öhdəliyi işəgötürənin üzərinə qoya bilməz; - iddiaçının məzuniyyətdə olduğu dövrdə işə çıxması barədə məlumat yoxdur. İddiaçı məzuniyyət dövründə rəsmi işə çağrılmayıb. Ola bilsin, iddiaçının öz işi olduğu üçün işə çıxıb. Lakin təşkilatda bu barədə məlumat yoxdur. İddiaçı öz hüququnu çox yaxşı bilir. Əgər istəsəydi, əvvəlki illərdə bu iddianı qaldıra bilərdi. Bu formal qalıdırılmış iddiadır və iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət də buraxılmışdır. Bundan başqa iddiaçıya əmək müqaviləsinə əlavəni imzalamaq təklif olunsa da, o, bunu imzalamaqdan imtina etmişdir. - həmçinin aparılmış araşdırmanın nəticələrinə əsasən iddiaçının məzuniyyətdə olduğu müddətdə işlədiyi günlər üçün əmək haqqının ödənilməsi və ya əlavə istirahət günlərinin təqdim edilməsi, eləcə də istəyinə uyğun olaraq qısaldılmış iş vaxtının tətbiqi ilə bağlı əmək müqaviləsinə dəyişiklik edilməsi məsələsinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq baxılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq göstəriş verilmişdir. İddiaçı əlilliyi olan şəxs kateqoriyasına aid olduğundan qısaldılmış iş vaxtının tətbiqi üçün əmək müqaviləsinə müvafiq dəyişikliyin imzalanması tövsiyə olunmuşdur.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1169/2021 saylı 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddianın təmin edilməməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək 313 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxt 66 gün, 2015-2016-cı illərdə məzuniyyətdə olduğu vaxt 30 gün artıq işlədiyini iddia etsə də, iddia ərizəsinə qeyd olunan halları təsdiq edən heç bir mötəbər sübut əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir.
17. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, iddiaçının hazırki tələblə bağlı iddia vermək hüququndan vaxtında istifadə etməməsi, bu hüququn məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə görə fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə işçinin işəgötürənə və işəgötürənin işçiyə qarşı pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq, ümumiyətlə, mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır.
19. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə dəyişikliklərin yalnız tərəflərin razılığı ilə edilməsi nəzərdə tutulduğundan, iddia tələbi “qısaldılmış iş vaxtı tətbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində də əsassızdır və təmin olunmamalıdır.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 17, 46, 82, 91, 94, 288, 296-cı, Mülki Məcəllənin 372, 375-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1- ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarı ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla yanaşı, iddiaçı bildirmişdir ki, hazırda o, cavabdeh qurumunun işçisi olaraq qalır, bu günə qədər də onun əmək müqaviləsi qüvvədədir. Cavabdehlə əmək münasibəti davam etdiyinə görə iddia müddəti tətbiq edilməməlidir. Eyni zamanda məzuniyyət vaxtı məcburi olaraq işləməyi, cavabdeh qurumun işdən azad olunma təhdidi ilə olmuşdur. Xəstəliyi ilə bağlı işləməli olduğu 7 saatın əvəzinə 8 saat işləməsinin sübutu cavabdeh qurumun inzibati binasına girişdə quraşdırılmış turniket ola bilər.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 4182/2021 saylı qətnaməsi (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Elnur Həsənov) ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1169/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə dəyişikliklərin yalnız tərəflərin razılığı ilə edilməsi nəzərdə tutulduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini “qısaldılmış iş vaxtı tədbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin etməmişdir.
26. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
27. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. İddiaçı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilən hallara diqqət yetirməmiş, cavabdeh tərəfindən yol verilmiş əmək qanunvericiliyinin kobud şəkildə pozulmasına məhəl qoymamış, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hazırda iddiaçı cavabdeh qurumun işçisi olmaqla müqaviləsi qüvvədədir. Cavabdehlə əmək münasibəti davam etdiyinə görə iddia müddəti tətbiq edilməməlidir. Eyni zamanda məzuniyyət vaxtı məcburi olaraq işləməyi cavabdeh qurumun işdən azad olunma təhdidi ilə olmuşdur. Bununla belə 09-11 dekabr 2019-cu il tarixdə məzuniyyətdə olduğu halda işləməyi ilə bağlı əmək haqqının hesablanmasına gəlincə də iddiaçı əgər bir il (iddia müddəti) ötmədən məhkəmədə iddia qaldırırsa, burada da müddəti ötürməmiş olur. Lakin apellyasiya instansiyası məhkəməsi bu hallara toxunmamış, ümumiyyətlə, iddia tələbinin obyektiv araşdırılmasında maraqlı olmamışdır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(102)-5055/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
30. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: - cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda inzibati orqan kimi müəyyən edilmişdir; (31.1.2-ci bənd) - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - işə baxmış məhkəmələr tərəfindən iddiaçının dövlət qulluqçusu statusunda olubolmaması müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. - “Dövlət qulluğu haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. - dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır (Qanunun 7.1-ci maddəsi). - ilk növbədə aidiyyətlə bağlı xüsusatların araşdırılması zəruri olduğu üçün kassasiya şikayətinin digər dəlillərinə qiymət verməyə lüzum yoxdur. - işə yenidən baxan məhkəmə iddiaçının dövlət qulluqçusu statusuna malik olubolmamasını araşdırmalı, bunun üçün onunla bağlanmış müqaviləni tələb edib tədqiq etməli, dövlət qulluqçusu olduğu halda işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına görə icraata xitam verilməli, dövlət qulluqçusu olmadığı halda işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
31. İşin təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarında şərh olunan göstərişə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərmiş, sorğuya cavab məktubuna əsasən İddiaçı hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işlədiyi vəzifənin dövlət qulluğu vəzifəsinə aid olmaması müəyyən edilmjişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-895/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qətnaməsi (hakimlər: İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Elşən Kazımov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
33. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş sənədlərə istinadən qeyd etmişdir ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdeh şirkətdə işlədiyi dövrdə iş vaxtından əlavə işlərə cəlb edilmiş olduğunu və bu saatların iddia etdiyi müddətdə olduğunu sübut etməlidir. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 313 gün ərzində 313 saat ərzində artıq işləməsi, məzuniyyətdə olduğu xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində 3 gün ərzində işləməyə məcbur edilməsi və həmin dövrdə işləməsi, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxtda 66 gün, 2015-2016-cı illərdə 30 gün işləməsi və işləməyə məcbur edilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, cavabdeh təşkilat qısaldılmış iş vaxtının tətbiq olunması üçün müqaviləyə dəyişiklik edilməsini iddiaçıya təklif etmiş, lakin iddiaçı müqaviləyə dəyişikliyi imzalamaqdan imtina etmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
d) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
34. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti iddia ərizəsinin, apellyasiya şikayətinin və əvvəlki kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 03 oktyabr 2022-ci il tarixli, 2(102)-4310/2022 nömrəli qərarı (hakimlər Aqil Abbasov (məruzəçi), Elşad Şamayev və Elşanə Vəliyeva) ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-895/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
37. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən onun iş vaxtından artıq və məzuniyyət günlərində işləməsini sübut etmək üçün turniket məlumatlarının əldə edilməli olmasını apellyasiya şikayətində dəlil kimi göstərsə də, apellyasiya məhkəməsi də iddiaçının həmin dəlilinə ümumiyyətlə qiymət verməmiş, birinci instansiya məhkəməsinin sübut etmə yükünün bölüşdürülməsi, müddətin tətbiqi və əmək müqaviləsinə dəyişikliyin tərəflərin razılığı ilə olması kimi gəldiyi nəticə ilə razılaşmaqla eyni səhvi təkrarlamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının əmək müqaviləsində qısaldılmış iş regimi tətbiqi barədə dəyişiklik edilərək imzalanması üçün ona təqdim edilsə də, iddiaçı özü müqaviləni imzalamaqdam imtina etmişdir. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya qanuna uyğun olaraq qısıldılmış iş rejimi tətbiq edilmişdir. İddiaçı əgər həqiqətən artıq işləmiş olsa belə, ona hər hansı məcburiyyət tətbiq edilməmişdir. İşçilərin giriş-çıxışı barmaq izi ilə həyata keçirildiyindən cavabdeh tərəfindən turniket məlumatlarının təqdim edilməsi mümkün deyil.
39. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
40. Maddə 46. 6-cı hissə. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
41. Maddə 91. 1-ci hissə. İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
42. Maddə 92. 2-ci hissə. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.
43. Maddə 296. 1-ci hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
44. Maddə 296. 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
49. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
50. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
53. Hazırki halda apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1169/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 2012- 2014-cü illər üzrə 66 gün, 2015-2016-cı illər üzrə 30 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün məzuniyyətdə olduğu vaxt işlədiyi tam iş vaxtının və 313 gün ərzində (xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək) artıq işlədiyi 313 saatın qeyd edilən illər üzrə əmək haqqına uyğun hesablanmaqla və mənəvi ziyan görə 500 manat cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRX-dən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
55. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
56. İddiaçı tələbində artıq işlədiyi saatlara və günə görə ödəniş edilməsini xahiş edir və tələbini əsası kimi 2-ci qrup əlil olması, bu səbədən onun qısaldılmış iş vaxtı ilə işləməli olmasına baxmayaraq, cavabdeh tərəfindən 8 saat işləməyə məcbur edilməsinə, məzuniyyət vaxtı işə çağırılmasına istinad etmişdir.
57. İddianı rədd edən birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini sübuta yetirməməsinə və müddəti ötürməsinə əsaslanmışdır.
58. Əvvəla, birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 4- cü hissəsində nəzərdə tutulan bir illik müddətin kəsici müddət (mübahisələndirmə müddəti) olması, bu səbəbdən iddia müddətini tətbiqi üçün ərizə verilməsinə zərurət olmaması barədə gəldiyi nəticə və bunun üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarına istinad etməsi düzgün olmamışdır. Qeyd edilən Qərarda Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 354-cü maddəsi ilə bağlı, yəni etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətinin kəsici müddət olmasını qeyd etmişdir.
59. Əmək Məcəlləsinin 296-cı maddəsi isə fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini nizama salır. Maddənin məzmunundan da görünür ki, fərdi əmək mübahisələri ilə bağlı müddət iddia müddətidir.
60. Bundan başqa, əmək mübahisələrində Əmək Məcəlləsinin 294-cü maddəsində nəzərdə tutulan müddətin iddia müddəti olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə” dair 30 iyul 2021ci il tarixli Qərarında da bir daha təsdiqini tapıb.
61. Buna görə də birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan bir illik müddətin kəsici müddət olması və belə müddətin tətbiqi üçün Mülki Məcəllənin 375.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə zərurər olmaması barədə gəldiyi nəticə əsassızdır və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyi halda, biricni instansiya məhkəməsinin mübahisəyə iddia müddətini tətbiq etməsi Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə zidd olmuşdur.
62. Bundan başqa, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının iddia tələbini sübuta yetirməməsinə də istinad etsə də, bu barədə iddiaçının dəlilinə – iş vaxtından artıq işləməyə məcbur edilməsinin təsdiqi kimi cavabdeh orqanın inzibati binasının girişində işçilərin giriş-çıxışını qeydə almaq üçün quraşdırılmış turniket məlumatların işəgötürəndə, yəni cavabdehə olmasını nəzərə almamış, bu barədə cavabdehdən hər hansı məlumat tələb etməmiş, nəticədə cavabdehin üzərinə onun obyektiv baxımından (sübut cavabdehə məxsus məlumat daşıyıcısındadır) sübut edə bilməyəcəyi halı sübut etmək vəzifəsi qoymuşdur. Qeyd edilməlidir ki, əmək münasibətlərində işəgötürən işçiyə münasibətdə daha çox imkanlara, o cümlədən inzibati imkana malikdir və bu baxımdan, işəgötürənin inzibati idarəçiliyi ilə bağlı halların sübut etmə yükünü işçinin üzərinə qoyulması düz deyil.
63. Kollegiya kassasiya instansiya məhkəməsinin göstərişinə uyğun olaraq cavabdehdən “cavabdeh orqanın inzibati binasının girişində işçilərin giriş-çıxışını qeydə almaq üçün quraşdırılmış turniket məlumatların” təqdim edilməsi tələb edilsə də, cavabdeh tərəfindən həmin məlumatlar təqdim edilməmişdir.
64. Hazırki halda iddia tələbinin əksini sübut etmək vəzifəsi cavabdehdə olmasını, cavabdehin həmin halı hər hansı sübutlarla təkzib edə bilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiq barədə ərizə verilmədiyini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı 2012-2014-cü illər üzrə 66 gün, 2015-2016-cı illər üzrə 30 gün, xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün məzuniyyətdə olduğu vaxt işlədiyi tam iş vaxtının və 313 gün ərzində (xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək) artıq işlədiyi 313 saatın əmək haqqına uyğun hesablanmaqla cavabdehdən tutulması tələb etməkdə haqlı olmuşdur.
65. Məhkəmə kollegiyası iddia tələbinin “idddiaçının hazırda icra etdiyi əmək funksiyasına görə qısaldılmış iş vaxtı tətbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
66. Belə ki, Əmək Məcəlləsinin 92-ci maddəsinin 2-ci hissəsinə görə qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.
67. Qeyd edilən maddədə ayrı-ayrı kateqoriya işçilər üçün qısaldılmış iş vaxtının nəzərdə tutulmuş həftəlik iş norması imperativ qaydada müəyyən edilib. İddiaçının 2-ci qrup əlil olması işin mübahisələndirilməyən halıdır. Belə olan halda, iddiaçının əlil kimi qısaldılmış iş vaxtı ilə təmin edilməsi işəgötürənin vəzifəsidir. Bunun üçün əmək müqaviləsində əlavə dəyişiklik edilməsinə lüzum yoxdur.
68. Kollegiya iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı isə aşağıdakıları qeyd edir.
69. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
70. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
71. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
72. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
73. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
74. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, İddiaçı 2-ci qrup əlil olması və cavabdeh tərəfindən onun iş vaxtından artıq işə cəlb edilməsi nəticəsində iddiaçının mənəvi sarsıntıya və iztirablara məruz qalması işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, iddia tələbi mənəvi ziyanın vurulması hissəsində əsaslıdır.
75. Kollegiya mənəvi zərərin məbləği hissəsi ilə bağlı isə qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə tələb olunan məbləğdə deyil, 500 (beş yüz) manat məbləğində mənəvi zərərin müəyyən edilməsi qanuni olmaqla yanaşı ədalətlidir
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1169/2021 saylı, 11 fevral 2021ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 2012-2014-cü illər üzrə 66 gün, 2015-2016-cı illər üzrə 30 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün məzuniyyətdə olduğu vaxt işlədiyi tam iş vaxtının və 313 gün ərzində (xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək) artıq işlədiyi 313 saatın qeyd edilən illər üzrə əmək haqqına uyğun hesablanmaqla və mənəvi ziyan görə 500 manat cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRX-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.