Məhkəmə qərarları › İş №2(103)-5721/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5721/2020

13.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5721/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X4, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X6 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” barədə ilkin, Cavabdeh1 İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölgüsü və pulun tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan isə iddia ərizəsinə əlavələrlə məhkəməyə müraciətedərək, Cavabdeh1la nikahları dövründə əldə etdikləri aşağıdakı əmlaklara ½ hissədə payının müəyyən edilərək: Cavabdeh1la Cavabdeh3 arasında xx xxxxx 2017-ci il tarixdə bağlanmış “X17 PRADO” minik markalı ** RO *** dövlət nömrə nişanlı avtomobilin alqı-satqı müqaviləsində göstərilmiş dəyərinin – 25 000 manatın yarısının, yəni 12 500 manatın alınaraq ona ödənilməsi; Cavabdeh1la Cavabdeh2 arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış “KİA SORENTO" minik markalı ** UP *** dövlət nömrə nişanlı avtomobilin alqı-satqı müqaviləsində göstərilmiş dəyərinin – 35 000 manatın yarısının, yəni 17 500 manatın alınaraq ona ödənilməsi, Abşeron rayonunun Fatmayı kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və ümumi sahəsi 112,5 kv.m, yaşayış sahəsi 30.0, yardımçı sahəsi 82,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə və Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatı 0,04 ha torpaq sahəsinə ½ hissədə payının müəyyən edilməsi, 28 saylı DNK-da xx.xx.2001-ci il tarixdə 4Ə-1-232 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Cəlilova X3 Bakı şəhəri, S.Məmmədova küçəsi ev 201, 40 saylı mənzilin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş məbləğin (42 000) hazırkı dövrə müvafıq indeksasiyasının hesablanmaqla ½ hissəsinin Cavabdeh1 tərəfindən ona ödənilməsi, 11 saylı DNK-da xx.xx.2003-cü il tarixdə 4Ə-79 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Rəhimə Məmmədovaya satılmış Bakı şəhəri, 7-ci mkr, məhəllə 3123, ev 2a, 54 saylı mənzilin alqısatqı müqaviləsində nəzərdə tutulmuş məbləğin (73 500) hazırki dövrə müvafiq indeksasiyasının hesablanmaqla ½ hssəsinin Cavabdeh1 tərəfindən ona ödənilməsi, 43 saylı DNK-da xx.xx.1999-cu il tarixdə 3kma/4-667 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X1 Bakı şəhəri, 20 yanvar küçəsi ev 39, 104 saylı mənzilin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş məbləğinin (9000) hazırki dövrə müvafiq indeksasiyasının hesablanmaqla ½ hissəsinin Cavabdeh1 tərəfindən ona ödənilməsi, 28 saylı DNK-da xx.xx.2004-cü il tarixdə 4Ə-1/59 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X2 Bakı şəhəri, Cavadxan küçəsi ev 54, 13 saylı mənzilin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş məbləğinin (72 000) hazırki dövrə müvafiq iindeksasiyasının hesablanmaqla ½ hissəsinin Cavabdeh1 tərəfindən ona ödənilməsi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Binəqədi filialında depozit hesabına Cavabdeh1 tərəfindən mədaxil edilmiş 30 000 ABŞ dollarının yarısının, yəni 15 000 ABŞ dollarının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, nikahları dövründə əldə edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 35, 13 saylı mənzilə ½ hissədə payının müəyyən edilməsi, Cavabdeh2 borclu olduğu 25 000 manatın ½ hissəsinə və “xxxxxxx” KB ASC-yə borclu olduğu 2100,75 manat borcun ½ hissəsinə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələblərinin qismən təmin edilərək Abşeron rayonunun Fatmayı kəndində 0.06 ha torpaq sahəsinə və ümumi sahəsi 112,5 kv.m, yaşayış sahəsi 30.0, yardımçı sahəsi 82,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin ½ hissəsinə və Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatı 0,04 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı, qalan ½ hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi, ilkin iddia qismən təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50%nin, yəni 15 manatının Cavabdeh1 tutularaq ona ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 35, 13 saylı mənzilin ½ hissəsinə Cavabdeh1, ½ hissəsinə isə İddiaçı paylarının müəyyən edilməsi, qarşılıqlı iddia qismən təmin edildiyindən Cavabdeh1 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50%-nin, yəni 15 manatının İddiaçı tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddianın tam təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin birgə nikah dövründə xx xxxxx 2014-cü il tarıxdə əldə edilmiş “KİA SORENTO” minik markalı ** UP *** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilmiş pulun yarısının, yəni 17 500 manatın İddiaçı ödənilməsi ilə bağli hissəsini rədd etsə də, qətnaməsində bunu əsaslandırmamış, nəqliyyat vasitəsinin tərəflərin ayrı yaşadıqları dövrdə satılması ilə bağlı təqdim edilmiş sübutlara qiymət verməmiş, həmin dəlillərə münasibət belə bildirməmişdir. Belə ki, Cavabdeh1 nikahın pozulması ilə bağlı xx xxxx 2018-ci il tarixdə Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, iddia ərizəsində uzun müddətdir ayrı yaşadıqlarını etiraf etmiş, aralarındakı nikahın formal xarakter daşıdığını bildirmiş, nikahın pozulması ilə bağlı iddia ərizəsinin məhkəməyə daxil olmasından 1 aydan çox vaxt keçdikdən sonra sözügedən nəqliyyat vasitəsini xx xxxxxx 2018-ci il tarixdə 35 000 manata satmışdır. Bu fakt onu sübut edir ki, “KİA SORENTO” minik markalı avtomobil birgə nikah dövründə əldə edilsə də, İddiaçı məlumatı olmadan satılmış, onun payı verilməmişdir. Həmin vaxt tərəflər ayrı yaşadıqlarından nəqliyyat vasitəsinin satışından İddiaçı məlumatının olması mümkün deyildi. Bundan əlavə məhkəmə qətnamədə qeyd etmişdir ki, “iş materiallarında olan sənədlərə əsasən məlum olur ki, satılmış və həmin vəsaitlə alınmış avtomobillərin dəyəri bir birinə çox yaxındır. Bu fakt öz-özlüyündə həmin əmlakların digərinin satılmasından əldə olunmuş vəsait hesabına alındığını bir daha təsdiq edir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı vaxtında həmin əmlakların satılmasına hər hansı bir formada şifahi və yazılı etirazını bildirməmiş, bununla bağlı dövlət orqanlarına müraciət etməmiş, məhkəmədə iddia qaldırmamışdır, bununla susmuşdur.” Məhkəmənin bu formada yanaşması tamamilə absurddur. Belə ki, nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamələrdən görünür ki, “X17 Prado” minik markalı ** RO *** nömrə nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına, xx.xx.2017-ci il tarixdə özgəsinin adına rəsmiləşdirilmişdir. “Kia Sorento” markalı ** UP *** nömrə nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə alınmış və xx xxxxxx 2018-ci il tarixdə özgəninkiləşdirilmişdir. Qarşı tərəfin nikahın pozulması ilə bağlı iddia verməsindən sonra DƏDRX-nə və BDYPİ-nə verilmiş sorğular nəticəsində məlum olmuşdur ki, mübahisə predmeti olan əmlaklar satılmışdır. Məhkəmədən fərqli olaraq, istər qarşılıqlı iddia ərizələrində, istərsə də ilk iddia ərizəsinə etirazda Cavabdeh1 adına alınmış əmlaklardan hər hansı birinin tərəflərin nikahının formal xarakter daşıdığı dövrdə alındığı, əmlakın alındığı zaman tərəflər arasındakı ailə münasibətlərinin formal xarakter daşıması kimi sözlər qeyd edilməmiş, o cümlədən də mübahisə predmeti olmamışdır. Əksinə, Cavabdeh1 ilk iddia ərizəsinə qarşılıqlı iddia verərək nikaha daxil olduqları dövrdən 2018-ci il tarixinədək olan müddət ərzində xanımın adına əldə edilmiş əmlakın və xəstəxanalara çəkilmiş xərclərin, bank borclarının və.s bölgüsünü tələb etmiş və Ailə Məcəlləsinin 32.1, 33.1, 37,3-cü maddələrinə istinad etməklə həmin vaxt ər-arvad münasibətlərində olduğunu bildirmişdir. Bundan əlavə, Cavabdeh1 xx xxxxx 2019-cu il tarixli etiraz ərizəsində qeyd etmişdir ki, əmlakların satışından İddiaçı məlumatı olmuşdur, əldə edilmiş bütün əmlaklar, o cümlədən də “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Binəqədi filialında depozit hesabına mədaxil edilmiş 30 000 ABŞ dolları pul məbləği birgə nikah dövründə də xərclənmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin məktubundan görünür ki, sözügedən pul vəsaiti xx.xx.2016-cı il tarixdə geri götürülmüşdür. Göründüyü kimi Cavabdeh1 ən azı xx.xx.2016cı il tarixə nikahlarının davam etdiyini və birgə təsərrüfatı idarə etdiklərini bildirmişdir. Məhkəmə, xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış Mehdiabad qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış Abşeron rayonu, Fatmayı kəndində olan torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini birgə nikah dövründə əldə edilmiş əmlak hesab edərək bölünməsi gərəkdiyini qeyd etdiyi halda, xx xxxxx 2014-cü il tarixdə əldə edilmiş “Kia Sorento” markalı nəqliyyat vasitəsinin satışından əldə edilmiş vəsaitin hissəsinin ödənilməsi ilə bağlı tələblərini rədd etmişdir. Necə ola bilər ki, “KİA SORENTO” markalı nəqliyyat vasitəsinin əldə edilməsindən (xx.xx.2014) 7 ay əvvəl (xx.xx.2013) əldə edilmiş torpaq sahəsi və 2 ay sonra (xx.xx.2014) əldə edilmiş əmlaklar bölündüyü təqdirdə nəqliyyat vasitəsinə münasibətdə tələb təmin edilməmişdir. Qarşılıqlı iddia ərizəsinə heç bir sübut əlavə edilməmiş, xx xxxxxx 2018-ci il tarixdə verilməsinə baxmayaraq qarşılıqlı iddia üzrə iddiaçı bölgüsünü tələb etdiyi əmlakın məhz qarşılıqlı iddia üzrə cavabdehə məxsus olması və onun birgə nikah dövründə əldə edilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Lakin məhkəmə tərəfindən qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və heç bir sübuta istinad edilmədən Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 35, 13 saylı mənzilə aid hissədə pay müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsiilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi “KİA SORENTO” markalı **-UP-*** dövlət nömrə nişanlı avtomobilə dair hissədə ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən İddiaçı nümayəndəsi (vəkili) X9 təmsil etdiyi şəxsin apellyasiya şikayətinin dəlillərini kassasiya instansiyasının qərarında şərh olunanlara istinadla müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) isə şikayətin əsassız və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmalı olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, kasassiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsini yalnız ilkin iddia tələbinin “KİA SORENTO” markalı **-UP-*** dövlət nömrə nişanlı avtomobillə bağlı hissəsində ləğv edərək işi həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmış, qətnaməni qalan hissədə dəyişdirmədən saxlamışdır. Bu baxımdan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız kasassiya instansiyasının təkrar baxışa göndərdiyi hissədə yoxlanılması təşkil edir. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti hazırkı apellyasiya baxışının predmeti olan hissədə təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı “Cavabdeh1la Cavabdeh2 arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış “KİA SORENTO” minik markalı ** UP *** dövlət nömrə nişanlı avtomobilin alqı-satqı müqaviləsində göstərilmiş dəyərinin – 35 000 manatın yarısının, yəni 17 500 manatın alınaraq ona ödənilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədələğv edilməklə həmin tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, tərəflər xx.xx.1982-ci il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 nikahın pozulması barədə iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İşin müəyyən olunan və mübahisələndirilməyən digər halına görə, “Kia Sorento” markalı **-UP-*** nömrə nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına qeydə alınmış, xx.xx.2018-ci il tarixdə onun tərəfindən alqı-satqı müqaviləsi əsasında 35 000 manata Cavabdeh2 satılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2).Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir (maddə 33). Qeyd olunmalıdır ki, tərəflər, “Kia Sorento” markalı **-UP-*** nömrə nişanlı avtomobilin birgə nikah dövründə əldə olunduğunu və nikah rəsmi qaydada pozulmamışdan əvvəl Cavabdeh1 tərəfindən özgəninkiləşdirildiyini mübahisələndirmirlər; İddiaçı avtomobilin satış dəyərinin yarısının ona verilməsini tələb etmiş, Cavabdeh1 isə avtomobilin nikah dövründə satıldığını və onun satışından əldə olunmuş vəsaitin ailənin ehtiyaclarına xərcləndiyini irəli sürməklə iddiaya etiraz etmişdir. Kollegiya, avtomobilin satışından əldə olunmuş vəsaitin ailənin ehtiyaclarına xərcləndiyi barədə Cavabdeh1 irəli sürdüyü arqumenti əsassız hesab edir. Belə ki, birincisi, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir; Cavabdeh1 isə irəli sürdüyü arqumenti təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi isə, işin hallarından tərəflərin münasibətlərinin 2018-ci ilin əvvəllərindən faktiki olaraq pozulduğu, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 nikahın ləğvi barədə məhkəmədə iddia qaldırdığı, avtomobilin isə xx.xx.2018-ci il tarixdə satıldığı, elə həmin tarixdə də avtomobili satın almış Cavabdeh2 Cavabdeh1 avtomobilə dair etibarnamə verdiyi məlum olur və belə olan halda satışdan əldə olunan vəsaitin ailə ehtiyaclarına xərcləndiyini qəbul etmək ədalətli deyildir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və kollegiya bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi də hazırkı işi təkrar apellyasiya baxışına göndərərkən mövqeyini belə şərh etmişdir ki, “...Apellyasiya kollegiyası İddiaçı “KİA SORENTO” markalı **-UP-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin Cavabdeh1 tərəfindən ailənin deyil, şəxsi məqsədlərə xərcləməklə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməməsinə istinad etsə də, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin vəkil sorğusuna cavabdan görünür (səh 11, İ cild) ki, "KİA SORENTO” markalı **-UP-*** dövlət nömrə nişanlı avtomobil alqı-satqı müqaviləsi ilə xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan çıxmışdır. Həmçinin iş materiallarında olan Cavabdeh1 İddiaçı qarşı "nikahın pozulması” tələbinə dair iddia ərizəsinin surətindən görünür (səh 116, İİ cild) ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə o, uzun müddətdir ki, ayır yaşayır. O, yeni ailə qurmuş və uşaqları vardır. Nikahları formal xarakter daşıyır. Həmin iddia ərizəsi də Binəqədi Rayon Məhkəməsinin icraatına xx.xx.2018-ci ildə daxil olmuşdur. Buradan da aydın olur ki, tərəflər “KİA SORENTO” markalı **-UP-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh1 tərəfindən satıldığı zaman faktiki olaraq uzun müddət ayrı yaşamaqla ayrı təsərrüfat aparmışlar. Hətta Cavabdeh1 həmin zamanlarda faktiki nikahda olmuşdur. Apellyasiya kollegiyası isə ilk iddia tələbinin "KİA SORENTO” markalı, **-UP-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilmiş pulun bölgüsü ilə bağlı hissəsində məhkəmə araşdırmasını tam həyata keçirməmiş, qeyd edilən sübutlar mövcud olduğu halda, iddiaçı tərəfindən məhkəməyə avtomobilin satışından əldə edilmiş vəsaitin Cavabdeh1 tərəfindən ailənin deyil, şəxsi məqsədlərə xərcləməklə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməməsinə istinad etməklə məhkəmə araşdırmasının tam həyata keçirilməsi, obyektiv həqiqətin müəyyən edilməsi qənaətinə gəlmişdir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti hazırkı apellyasiya baxışının predmeti olan hissədə təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-776/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı “Cavabdeh1la Cavabdeh2 arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış “KİA SORENTO” minik markalı ** UP *** dövlət nömrə nişanlı avtomobilin alqı-satqı müqaviləsində göstərilmiş dəyərinin – 35 000 manatın - yarısının alınaraq ona ödənilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunsun. İddiaçı həmin iddia tələbi təmin edilsin. Cavabdeh1 “KİA SORENTO” minik markalı ** UP *** dövlət nömrə nişanlı avtomobilin satılmasından əldə etdiyi pul vəsaitindən İddiaçı payına düşən hissə qismində 17 500 (on yeddi min beş yüz) manat, həmçinin dövlət rüsumunun əvəzi qismində 16 (on altı) manat olmaqla cəmi 17 516 (on yeddi min beş yüz on altı) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar