Məhkəmə qərarları › İş №2(103)-5726/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5726/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5726/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh2, onun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1380/2021 saylı, 27.04.2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «qarşılıqlı tələblərin əvəzləşdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdeh1 icraatında olan Səbail Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli 2(009)- 1550/2019 №-li qətnaməsinə əsasən İddiaçı ASC-dən Cavabdeh2 xeyrinə tutulmalı olan 20000 manat pul tələbinin Kəpəz Rayon Məhkəməsinin 01.12.2010-cu il tarixli 2(043)-1375/2010 №-li qətnaməsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulmalı olan 33602 manat pul tələbinin 20000 manat hissəsi ilə əvəzləşdirilməsi və əvəzləşdirilmə nəticəsində Səbail Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli 2(009)-1550/2019 №-li qətnaməsi üzrə borc öhdəliyinə tam, Kəpəz Rayon Məhkəməsinin 01.12.2010-cu il tarixli 2(043)-1375/2010 №-li qətnaməsi üzrə borc öhdəliyinə isə qismən - 20000 manat həcmində xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı təmin etmə tədbirinə dair ərizə ilə də məhkəməyə müraciət edərək hazırki iş üzrə iddianı təmin tədbiri kimi Cavabdeh1 İddiaçı ASC-yə təqdim etdiyi 22.04.2021-ci il tarixli 37 No li inkasso sərəncamı üzrə 20000 manat pulun və 22.04.2021-ci il tarixli 38 №-li inkasso sərəncamı üzrə 1400 manat pulun iddiaçının hesabından silinməsinin Cavabdeh1nə və icraçı bank olaraq İddiaçı ASC-yə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1380/2021 saylı, 27.04.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh1 İddiaçı ASC-yə təqdim etdiyi 22.04.2021-ci il tarixli 37 №-li inkasso sərəncamı üzrə 20000 manat pulun və 22.04.2021-ci il tarixli 38 №-li inkasso sərəncamı üzrə 1400 manat pulun iddiaçının hesabından silinməsi Cavabdeh1nə və icraçı bank olaraq İddiaçı ASC-yə qadağan edilmişdir. Cavabdeh2 şikayətlə müraciət edərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhər, Kəpəz rayon məhkəməsinin 01.12.2010 cu il tarixli 2(043)-1375/ 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddia tələbi üzrə cavabdehlər Cavabdeh2, Eldəniz Rzayev və Namiq Hüseynovdan müştərək qaydada 33.602 manat borcun tutulması ilə bağlı iddia tələbinin «İddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun qaytarılması üçün kifayət etmədikdə,məbləğin qalan hissəsinin ümumi qaydada icra edilməsi hissəsi rədd edildiyindən və həmin qətnamə hal-hazırda qüvvədə olduğundan 33.602 manat borcun tutulması ilə əlaqədar İddiaçı ASC tərəfindən Y. Rzayevə qarşı «Qarşılıqlı tələblərin əvəzləşdirilməsi» tələbi ilə bağlı iddianın təmini tədbiri barə də ərizə təmiin edilə bilməz... Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1380/2021 saylı, 27.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin vəkili X2 bildirdi ki, bu iş üzrə qanuni qüvvəyə minmiş qətnamə var. Ona görə də hazırki qərardadla razı deyillər. Yalnız hazırki ərizə yox, ümumilikdə iddia da əsassızdır. Məhkəmə iclasında Cavabdeh2 şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxsə məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəlməyən şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır...Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.... Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən qəbul etdiyi qərardadında tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Əvvəla ona görə ki, birinci instansiya məhkəməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianın təmin etmək barədə müəvəqqəti xarakter daşıyan qərardad qəbul etmək adı ilə, əslində mahiyyət və məzmun etibarı ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını dayandırmış yaxud bunun icrasına süni əngəl yaratmışdır. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı iki ayrı-ayrı qanuni qüvvəyə minmiş qətnamə ilə qət olunan məbləğlərin qarşılıqlı əvəzləşdirilməsini istəyir. Bu cür iddianın predmetinin iddia icraatı qaydasında baxılmasının mümkünlüyü və əsaslılığı hazırki şikayətin obyekti olmasa da iddiaçı bu iş üzrə iddianın təmini tədbirinə dair ərizə ilə faktiki olaraq Səbail Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli 2(009)-1550/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən İddiaçı ASC-dən Cavabdeh2 xeyrinə tutulmalı olan 20000 manatın və həmin məbləğdən 7% icra ödənişi olan 1400 manatın bu yolla ödənilməməsinə nail olmaq istəyir. Bu cür tədbirlər iddianı təmin etmək üçün tədbirlər görmənin mahiyyətinə zidd sayılır. Çünki, təmin etmə tədbiri ilə, iddia tələbi fərqli nəticə yaradan prosessual məsələlər olduğundan onlara dair qəbul edilən məhkəmə aktları da fərqli olmalıdır. Qeyd olunan ərizənin təmin olunmasından belə çıxır ki, istənilən xarakterli təmin etmə tədbiri ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası dayandırıla bilər. Ancaq bu yolverilməzdir. Çünki, bu halda dövlətin adından çıxarılmış və icrası məcburi olan məhkəmə aktının icrası buna qanuni əsas olmadan dayandırılır. Cavabdeh1 İddiaçı ASC-yə təqdim etdiyi 22.04.2021-ci il tarixli 37 və 38 nömrəli sərəncamlar üzrə 20000 manatın və 1400 manatın iddiaçının hesabından silinməsi qeyd olunduğu kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun gördüyü yaxud görməli olduğu məcburi icra tədbiridir və həmin qətnamənin icrasına xidmət edir. Hazırki iş üzrə olan təmin etmə tədbiri isə çıxarılmayan, çıxarılarsa iddianın təmin olunubolunmayacağı hələ bəlli olmayan qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə faktiki olaraq həmin məcburi icra tədbirinin görülməsini məhz elə icra orqanının özünə qadağan etməsi ilə bağlıdır. Göründüyü kimi, bu cür təmin etmə tədbiri əsassız olmaqla yanaşı, qanuni qüvvəyə minmiş başqa məhkəmə qətnaməsinin də icra olunmasına açıq-aşkar mümkünsüz edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi bu cür tədbirləri gördüyü halda başqa qətnamənin icrasına hansı əngəllər yarana biləcəyini diqqətdən qaçırmışdır. Apellyasiya instansiya məhkəməsi vurğulayır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşısada və işi qabaqcadan mahiyyəti üzrə həll etməsədə, hazırki iş üzrə iddianın təmini tədbiri iddia tələbinin məzmununa və həddinə mütənasib olmamış və bu məhkəmə aktı iddianın təmin etmə tədbirinin tətbiqi institutunun mahiyyətinə zidd olmuşdur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh2 şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1380/2021 saylı, 27.04.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 İddiaçı ASC-yə təqdim etdiyi 22.04.2021-ci il tarixli 37 nömrəli inkasso sərəncamı üzrə 20000 manat pulun və 22.04.2021-ci il tarixli 38 nömrəli inkasso sərəncamı üzrə 1400 manat pulun iddiaçının hesabından silinməsinin Cavabdeh1nə və icraçı bank olaraq İddiaçı ASC-yə qadağan edilməsinə dair iddianın təmin etmək barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad, qətidir ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar