Məhkəmə qərarları › İş №2(103)-5729/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5729/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5729/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı (üçüncü şəxs qismində “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi cəlb edilməklə) “sığorta ödənişinin məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Açar sözlər: (sığorta ödənişinin məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Könül Seyidələkbər qızı Əhmədovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Sığorta Şirkətinin vəkili və nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(006)- 2226/2023 saylı qətnaməsindən Cavabdeh Sığorta Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2(006)-1060/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində quyuların yeraltı təmiri üzrə operator peşəsində işlədiyi dövrdə 16 may 2015-ci il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 50 faizini itirərək 2-ci dərəcəli əlil olması ilə bağlı Cavabdeh Sığorta şirkəti tərəfindən ona verilən orta aylıq emək haqqı məbləğinin 50 faizini təşkil edən 624,53 manat məbləğində aylıq sığorta ödənişinin “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində xx.xx.2017-ci il tarixdə işçilərin tarif (vəzifə) maaşlarının 15 faizi kütləvi artımına mütənasib olaraq artırılaraq həmin tarixdən ona ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. 2.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli 2(103)-8574/2018 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2(006)-1060/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək İddiaçı ödənilən sığorta ödənişi məbləğinin xx.xx.2017-ci il tarixdən 15 faiz artırılmalı olduğu müəyyən edilərək artıma müvafiq ödənişlərin həyata keçirilməsi vəzifəsi Cavabdeh Sığorta şirkətinə həvalə edilmiş, Cavabdeh Sığorta şirkətindən İddiaçı xeyrinə 15 manat, dövlət büdcəsinə işə birinci instansiya məhkəməsində baxılması ilə əlaqədar 30 manat dövlət rüsumu tutulması qət edilmişdir. 3.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2386/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2(103)- 8574/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. 4.“X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 279/EA saylı məktubundan görünür ki, 01 yanvar 2017-ci il tarixdən etibarən İ № 01 saylı 27 yanvar 2017-ci il tarixli əmr-qərara əsasən 15 %, 01 may 2018-ci il tarixdən İ № 01 saylı 18 may 2018-ci il tarixli əmr-qərara əsasən 20 %, 01 oktyabr 2019cu il tarixdən İ № 02 saylı 01 oktyabr 2019-cu il tarixli əmr-qərara əsasən 20 % və 01 fevral 2022-ci il tarixdən İ № 01 saylı 28 fevral 2022-ci il tarixli əmr-qərara əsasən 20 % idarədə əmək haqqında kütləviartım edilmişdir, həmin artımlar «Quyuların yeraltı təmiri üzrə operator» vəzifəsinə də şamil olunmuşdur. 5.Hazırda iddiaçı 2018-2023-cü dövr üçün artıma müvafiq ödənişlərin ona birdəfəlik ödənilməsi, həmçinin xx.xx.2023-cü il tarixdən etibarən ömürlük sığorta ödənişinin hazırda müəyyən olunan tarif (vəzifə) maaşına mütənasib olaraq hesablanaraq hər ay ona ödənilməsinin Cavabdeh Sığort Şirkəti ASC-nin üzərinə öhdəlik qoyulması barədə tələblə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı (üçüncü şəxs qismində “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən ona istehsalatda baş vermiş qəza nəticəsində vurulmuş zərərə görə ödənilən aylıq 624,53 manat məbləğində sığorta ödənişinin “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində tarif maaşlarında kütləvi artımlara müvafiq olaraq xx.xx.2018-ci il tarixdən 20 %, xx.xx.2019-cu il tarixdən 20 %, xx.xx.2022-ci il tarixdən 20 %artırılmalı olduğu müəyyən edilərək 2018-2023-cü dövr üçün artıma müvafiq ödənişlərin ona birdəfəlik ödənilməsinin; həmçinin xx.xx.2023-cü il tarixdən etibarən ömürlük sığorta ödənişinin hazırda müəyyən olunan tarif (vəzifə) maaşına mütənasib olaraq hesablanaraq hər ay ona ödənilməsinin Cavabdeh Sığort Şirkəti ASC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində quyuların yeraltı təmiri üzrə operator vəzifəsində işlədiyi dövrdə 16 may 2015-ci il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 50 % itirərək 2-ci dərəcəli əlillik təyin olunmuşdur.“X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh Sığorta Şirkəti arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə əsasən, ona Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən 2006-cı il üzrə iddiaçının tarif maaşına mütənasib olaraq aylıq sığorta ödənişi hesablanmış və ödənilmişdir. Lakin “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işçilərin tarif maaşlarında 2017-ci il üzrə kütləvi artım olsa da, cavabdeh sığorta şirkəti tərəfindən artıma müvafiq sığorta ödənişi artırmadığına görə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASCyə qarşı məhkəməyə müraciət edərək, sığorta ödənişinin artırılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2(006)-1060/2018 saylı qətnaməsi ilə kütləvi artımı təsdiq edən sübut təqdim edilmədiyinə görə iddia rədd edilmişdir. Lakin İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-8574/2018 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2(006)-1060/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilərək, iddiaçıya ödənilən sığorta ödənişi məbləğinin xx.xx.2017-ci il tarixdən 15 faiz artırmalı olduğu müəyyən edilərək artıma müvafiq ödənişlərin həyata keçirilməsi vəzifəsinin Cavabdeh Sığorta Şirkətinə həvalə edilməsi, Cavabdeh Sığorta Şirkətindən iddiaçının xeyrinə 15 manat, dövlət büdcəsinə isə birinci instansiya məhkəməsindən baxılması ilə əlaqədar 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh Sığorta Şirkəti kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsinin xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019 tarixli, 2(102)-2386/2019 saylı qərarı ilə Cavabdeh Sığorta Şirkətinin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Beləliklə, hazırki iş üzrə qətnamə qanuni qüvvəyə minmiş və bu gün də icra edilməkdədir. Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinə əsasən, həmin qətnamə ilə müəyyən edilən halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində 2018-2023-cü illər ərzində də bir neçə dəfə vəzifə (tarif) maaşlarında kütləvi artım olmuşdur. Lakin İddiaçı ödənilən sığorta ödənişi məbləği müvafiq olaraq artırılmalı olduğu halda artırılmamışdır. Bununla da iddiaçının hüquqları kobud şəkildə pozulmuş, o, ödənişdən məhrum edilmişdir. İddiaçıya hal-hazırda 2017-ci il üzrə tarif maaşına müvafiq olaraq cəmi 624,53 manat məbləğində sığorta ödənişi ödənilir. Halbuki iddiaçının sığorta ödənişinin məbləği 2018-2023-cü illər ərzində “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işçilərin tarif maaşılarınm kütləvi artımı nəticəsində müvafiq olaraq cavabdeh tərəfindən hesablanmalı və artım günündən etibarən ödənilməli idi. Belə ki, sözügedən şirkətdə tarif maaşlarında kütləvi artımların olub-olmaması barədə dəqiq məlumatın verilməsi ilə əlaqədar şirkətə vəkil sorğusu ünvanlanmışdır. “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli M 279/EA saylı cavab məktubda bildirilmişdir ki,01 yanvar 2017-ci il tarixdən etibarən İ № 01 saylı 27 yanvar 2017-ci il tarixli əmr-qərara əsasən 15 %, 01 may 2018-ci il tarixdən İ № 01 saylı 18 may 2018-ci il tarixli əmr-qərara əsasən 20 %, 01 oktyabr 2019-cu il tarixdən İ № 02 saylı 01 oktyabr 2019-cu il tarixli əmr qərara əsasən 20 % və 01 fevral 2022-ci il tarixdən İ № 01 saylı 28 fevral 2022ci il tarixli əmr-qərara əsasən 20 % idarədə əmək haqqında kütləvi artım edilmişdir. Bu artımlar «Quyuların yeraltı təmiri üzrə operator» vəzifəsinə də şamil olunmuşdur. Göründüyü kimi, iddiaçının əmək haqqısında müvafiq artımlar olsa da, iddiaçıya ödənilən 2018-2023-cü illər üzrə sığorta ödənişlərində heç bir artım olmamışdır. Belə olan halda, iddiaçıya 2018-2023 cü illər üzrə ödənilməmiş sığorta haqqları birdəfəlik məbləğ şəklində ödənilməli, 2023-cü ildən etibarən isə hər ay artırılmış məbləğdə sığorta haqqı ödənilməlidir. 8.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 03 iyul 2023-cü il tarixli, 2(006)-2226/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Səməd Cəfərov) iddianın təmin edilməsi, İddiaçı ödənilən sığorta ödənişi məbləğinin xx.xx.2018-ci il tarixdən 20 faiz, xx.xx.2019-cu il tarixdən 20 faiz, xx.xx.2022 ci il tarixdən 20 % artırılmalı olduğu müəyyən edilərək, 2018-2023-cü dövr üçün artıma müvafiq ödənişlərin İddiaçı birdəfəlik ödənilməsi və xx.xx.2023-cü il tarixdən etibarən ömürlük sığorta ödənişinin hazırda müəyyən olunan tarif (vəzifə) maaşına mütənasib olaraq hesablanaraq hər ay İddiaçı ödənilməsinin Cavabdeh Sığorta şirkətinə həvalə edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 9.Məhkəmə hesab etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi iş üzrə preyudisial əhəmiyyət kəsb etməklə, nəinki mübahisə edilməyən faktlar, eləcə də tətbiq edilən hüquq normaları baxımından da vacibdir. Həmin iş üzrə tətbiq edilmiş qanun normaları qüvvədə olmaqla, eynilə hazırki iş üzrə də tətbiq edilməklə, iddia tələbi təmin edilməlidir. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 11.Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı aylıq ödənilən sığorta ödənişinin tarif (vəzifə) maaşlarının kütləvi artımına uyğun ödənilməsini tələb edir. Lakin bu zaman iddiaçı nəzərə almır ki, ərizəsində istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il № 3 saylı Qərarının 3.5-ci bəndi “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi, yəni 03 iyul 2010-cu il tarixədək istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğini tənzimləyir. Göründüyü kimi, iddiaçıya münasibətdə bədbəxt hadisə 16 may 2015-ci il tarixdə, yəni “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdən əvvəl yox, sonra baş vermişdir. Odur ki, hazırki hadisə üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003 cü il № 3 saylı Qərarının 3.5-ci bəndinə istinad edilə bilməz və bu münasibətlərə tətbiq edilə bilməz. Həmçinin iddiaçı iddia ərizəsində tarif maaşlarında kütləvi artımların olması ilə bağlı “X6 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 29 mart 2023-cü il tarixli №279/EA saylı məktubuna istinad etməsinə baxmayaraq, məktubda qeyd olunanları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. O cümlədən, cavabdehdən 5 il üçün sığorta ödənişinin tarif (vəzifə) maaşlarının kütləvi artımına uyğun ödənilməsini tələb edilsədə, iddiaçı 5 il ərzində qeyd edilən artımlarla bağlı cavabdehə müraciət etməmiş, tələb irəli sürməmiş və sübut təqdim etməmişdir. Odur ki, iddiaçının hazırda 5 il, yəni 2018-2023-cü il dövrü üçün artıma müvafiq olaraq sığorta ödənişinin birdəfəlik ödənilməsi tələbi üçün heç bir hüquqi əsas yoxdur. İstinad olunan 192 saylı Qərarının 2-ci bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il № 3 saylı Qərarının 3.5-ci bəndinin tətbiqi bağlı şərt müəyyən edir və onun tənzimləmə dairəsini konkretləşdirir. Belə ki, qanunvericiliyə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il № 3 saylı Qərarının 3.5-ci bəndi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi, yəni 03 iyul 2010-cu il tarixədək istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğini tənzimləyir. Baxılan halda isə, hazırki hadisə 16 may 2015-ci il tarixdə, yəni “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdən əvvəl yox, sonra baş verdiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il № 3 saylı Qərarının 3.5ci bəndinə istinad edilə bilməz və bu münasibətlərə tətbiq edilə bilməz. Lakin buna baxmayaraq məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, heç bir hüquqi əsas olmadan iddia tələbinin təmin olunmasına dair qərar qəbul etmişdir. Qeyd edildiyi kimi iddiaçı iddia ərizəsində tarif maaşlarında kütləvi artımların olması ilə bağlı “X6 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 29 mart 2023cü il tarixli №279/EA saylı məktubuna istinad etməsinə baxmayaraq, məktubda qeyd olunanları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, müəssisədə tarif (vəzifə) maaşlarının kütləvi şəkildə artırılmasını təsdiq edən müvafiq Əmr və buna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, o cümlədən Dövlət Vergi Xidmətinin müvafiq informasiya sistemində edilmiş dəyişiklikləri təsdiq edən Çıxarışlar iş materiallarında yoxdur. Odur ki, təkcə 29 mart 2023-cü il tarixli №279/EA saylı məktubuna istinad edərək, “Atəşgah Həyat" Sığorta Şirkəti ASC-nin üzərinə sığorta ödənişi məbləğinin artırılması öhdəliyi qoymaq qanunauyğun deyildir. Qeyd olunanlara baxmayaraq, məhkəmə 29 mart 2023-cü il tarixli №279/EA saylı məktubunda qeyd olunanların mötəbərliyini araşdırmamış, cavabdeh tərəfdən verilmiş vəsatəti təmin etməmiş, qeyd olunanların əksinə isə, iddianı mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmadan təmin etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz göndərərək, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Cavabdeh Sığorta Şirkətinin vəkili və nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etdi. 15.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxs “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 17.Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 18.Maddə 885.1. Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür. 19.Maddə 885.2.Həyat və qeyri-həyat sığortası sahələrinin hər biri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir. 20.Maddə 922.1.Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 21.Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 22.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 23.Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 24.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 25.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 27.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 28.Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(006)-2226/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməməlidir. 29.Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində quyuların yeraltı təmiri üzrə operator peşəsində işləyərkən 16 may 2015-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış və əmək qabiliyyətinin 50 faizini itirməsi ilə əlaqədar ona 2-ci dərəcəli əlillik təyin olunmuşdur. “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə əsasən ona Cavabdeh Sığorta şirkəti tərəfindən orta aylıq əmək haqqı məbləğinin 50 faizini təşkil edən 624,53 manat məbləğində aylıq ödəniş verilmişdir. 30.Hazırda iddiaçı 2018-2023-cü dövr üçün artıma müvafiq ödənişlərin ona birdəfəlik ödənilməsi, həmçinin xx.xx.2023-cü il tarixdən etibarən ömürlük sığorta ödənişinin hazırda müəyyən olunan tarif (vəzifə) maaşına mütənasib olaraq hesablanaraq hər ay ona ödənilməsinin Cavabdeh Sığort Şirkəti ASC-nin üzərinə öhdəlik qoyulması barədə tələblə məhkəməyə müraciət etmişdir. 31.Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən, hesab etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi iş üzrə preyudisial əhəmiyyət kəsb etməklə, nəinki mübahisə edilməyən faktlar, eləcə də tətbiq edilən hüquq normaları baxımından da vacibdir. Həmin iş üzrə tətbiq edilmiş qanun normaları qüvvədə olmaqla, eynilə hazırki iş üzrə də tətbiq edilməklə, iddia tələbi təmin edilməlidir. 32.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla düzgün olmayan nəticəyə gəlmişdir. 33.Belə ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qaydaların 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericilklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımından sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. 34.Bununla belə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 oktyabr 2010-cu il tarixli, 192 nömrəli Qərarının 2-ci bəndinə əsasən: “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixədək istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 66; 2004-cü il, № 8, maddə 657; 2008-ci il, № 2, maddə 130, № 9, maddə 855; 2009-cu il, № 10, maddə 857; 2010-cu il, № 3, maddə 262) tənzimlənir. 35.“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu isə 11 may 2010-cu il tarixdə qəbul edilməklə, 03 iyul 2010-cu il tarixdə dərc edilmişdir. 36.Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qaydaların 3.5-ci bəndinə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi, yəni 03 iyul 2010-cu il tarixədək istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğini tənzimləyir. 37.İddiaçıya münasibətdə isə istehsalatda olan bədbəxt hadisə 16 may 2015-ci il tarixdə, yəni “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdən əvvəl yox, sonra baş vermişdir. 38.Odur ki, hazırki hadisə üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003 cü il tarixli, 3 saylı Qərarının 3.5-ci bəndi bu münasibətlərə tətbiq edilə bilməz. 39.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırda tərəflər arasında olan münasibətlərə məhz “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun maddələri tətbiq edilməlidir. 40.Həmin Qanunun 17.1-ci maddəsinə əsasən aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. 41.Göründüyü kimi hazırda iddiaçıya münasibətdə istehsalatda olan bədbəxt hadisə 16 may 2015-ci il tarixdə baş verdiyindən iddiaçıya verilən sığorta ödənişin məbləği orta aylıq əmək haqqının miqdarı qeyd olunan Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş qaydada hesablanmalıdır. 42.Bununla da müəyyən edilir ki, “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində tarif maaşlarında olan artımların iddiaçıya verilən sığorta ödənişinin məbləğinə şamil edilə bilməz. 43.Birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını araşdırmayaraq, yalnız qanuni qüvvəsini almış qətnaməyə istinad etmişdir. 44.Məhkəmə kollegiyası isə qeyd edir ki, istinad edilən-qanuni qüvvəyə minmiş qətnamə iş üzrə preyudisial əhəmiyyət kəsb edə bilməz. 45.Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçıya verilən sığorta ödənişinin məbləği bədbəxt hadisənin baş verdiyi zaman qüvvədə olan -istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinin tənzimləndiyi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən edilməlidir. 46.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır,çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 47.Hazırki halda kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası yoxdur. 48.Məhkəmə kollegiyası qeyd olunan xüsusatlara hüquqi qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. 49.Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olmaqla təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. 50.Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 51.Məhkəmə kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş iddiaçıya aid edilməlidir. 52.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Sığorta Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(006)-2226/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş iddiaçıya aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar