Məhkəmə qərarları › İş №2(103)-5733/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5733/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5733/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti Aşıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: sığorta ödənişi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi barədə iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(009)-310/2023 nömrəli qətnaməsindən İddiaçı şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 04 dekabr 2021-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Toyota Camry” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" ASCdə 04 dekabr 2021-ci il tarixdən 05 dekabr 2022-ci il tarixə qədər bir il müddətinə icbari sığortalanmışdır.

2. “Hyundai Göyçay” servis mərkəzinin 08 sentyabr 2022-ci il tarixli aktından görünür ki, İddiaçı məxsus “Toyota Camry” markalı, **-UA-*** dövlət qeydiyya nişanlı avtomobilə dəymiş ziyanın cəmi 1800 manat olduğu müəyyən olunmuşdur.

3. "xxxx" MMC-nin ehtiyyat hissələri mağazasının 63053 nömrəli, 03 sentyabr 2022ci il tarixli satış çekindən görünür ki, "xxxx" MMC-yə 782 manat məbləğdə ödəniş olunmuşdur.

4. "xxxx" MMC-nin ehtiyyat hissələri mağazasının 14 sentyabr 2022-ci il tarixli, 63999 nömrəli satış çekidən görünür ki, "xxxx" MMC-yə 100 manat məbləğində ödəniş olunmuşdur.

5. Cavabdeh Sığorta Şirkəti ASC-nin 12 sentyabr 2022-ci il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatından görünür ki, “Toyota Camry” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 500 manat müəyyən olunmuşdur.

6. "xxxx" ASC tərəfindən tərtib edilmiş 12 sentyabr 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Toyota Camry” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 500 manat müəyyən edilmişdir.

7. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən Nümayəndə1 ünvanlanmış məktubdan görünür ki, ona məxsus olan avtomobilə dəymiş zərər şirkətin mütəxəssisləri tərfindən araşdırılmış və avtomobilə dəymiş zərər məbləği 500 manat məüəyyən edilmişdir. Müəyyən edilmiş zərər məbləği ilə razı olmadığı halda Cavabdeh Sığorta Şirkəti onun yazılı razılığı ilə dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazır olunduğu bildirilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 9/1415 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Hyundai Göyçay” servis mərkəzinin 08 sentyabr 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Toyota Camry”markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1049 manat, "xxxx" ASC tərəfindən tərtib olunmuş 12 sentyabr 2022ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Toyota Camry”markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 500 manat müəyyən edilir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən 2032 manat məbləğində vurulmuş zərər və 41 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 2073 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan “Toyota Camry” markalı, **-UA-*** qeydiyyat nömrəli minik avtomobilini "xxxx" ASC-də 04 dekabr 2021-ci il tarixdən 05 dekabr 2022-ci il tarixə qədər bir il müddətinə icbari sığortalamışdır. 21 avqust 2022-ci il tarixdə Göyçay şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, mülki məsuliyyəti Cavabdeh Sığorta şirkətində icbari sığortalamış “MKL” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobilin sahibi yol hərəkət qaydalarını pozaraq minik avtomobilini sağ yan tərəfdən vurması nəticəsində ona maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi barədə dərhal Cavabdeh Sığorta şirkətinin yerli nümayəndəsinə şifahi qaydada məlumat vermiş, hadisədən təqribən bir saat sonra hadisə yerinə gəlmiş cavabdehin nümayəndəsi yerində avtomobilinə baxış keçirmiş və ona avtomobilinə dəymiş zərərin məbləğinin müəyyən olunmasına qədər təmir işləri görməməyi bildirmişdir. Hadisədən bir həftə keçən müddətdə sığortaçı tərəfindən hər hansı bir məlumat daxil olmadığından, cavabdehin qaynar xəttinə telefonla zəng edərək onlarla əlaqə saxlamış, oradan ona avtomobil təmiri üzrə ustalar dəvət edib avtomobilinə dəymiş ilkin təqribi zərərin miqdarı barəsində onlara ziyan aktı tərtib edib göndərməyi xahiş etmişlər. Bundan sonra, o, avtomobil təmiri üzrə usta dəvət edərək, avtombilinə dəymiş ziyanın miqdarı barədə ilkin ziyan aktı tərtib edib yazılı şəkildə ziyan aktını cavabdehə göndərmişdir. Onlar aktla tanış olub 2 iş günü müddətində məlumat veriləcəyini bildirsə də, bundan təqribən bir həftə sonra ona telefonla zəng edərək avtomobilinə dəymiş zərərin mütəxəssisləri tərəfindən araşdırılıb 440 manat müəyyən olunduğunu bildirmişlər. O, həmin qiymətlə razılaşmadığından cavabdeh ona əlavə məlumat veriləcəyini bildirmişdir. Bundan da, təqribən bir həftə sonra cavabdeh avtomobilinə dəymiş zərər məbləğinin artırılaraq 500 manat müəyyən edildiyini bildirilmişdir. O, həmin məbləğin avtomobilinə dəymiş real zərərin məbləğinə uyğun olmadığını bildirdikdə, onlar ona dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil edəcəklərini bildirmişlər. Üstündən təqribən bir aya yaxın müddətdə onlardan heç bir məlumat daxil olmadığından, təkrar qaynar xətlərinə telefonla zəng edərək ona onlardan heç bir rəsmi məlumatın daxil olmadığını bildirdikdə, cavabdehin nümayəndəsi onun ünvanına rəsmi cavab göndərildiyini bildirmişdir. O, məktubunun ştrix kodunu tələb etməyinə baxmayaraq, ona bu barədə heç bir məlumat verə bilməmişlər. Bundan sonra Göyçay rayon Mərkəzi poçtuna müraciət edərək ona Cavabdeh Sığorta şirkətindən hər hansı məktubun daxil olub-olmadığını öyrəndikdə, oradan ona cavabdehdən onun ünvanına hər hansı bir məktub daxil olmadığını bildirmişlər. Bundan sonra təkrar cavabdehin qaynar xəttinə zəng etdikdən sonra cavabdehin Göyçay şəhərində fəaliyyət göstərən nümayəndəsinin ona ünvanlanmış tarixsiz, imzasız cavab məktubunun kserosurətini həmin şəxsdən əldə etmişdir. Sözügedən tarixsiz, imzasız cavab məktubunun məzmunu aşağıdakı kimidir: “Sahibinin mülki məsuliyyəti Cavabdeh Sıorta şirkətində icbari sığortalanmış “VAZ” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobil 21 avqust 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sizə məxsus “Toyota Camry” markalı, **-UA-*** qeydiyyat nişan nömrəli minik avtomobillə toqquşmuş və ona maddi zərər vurmuşdur. Sizə məxsus olan avtomobilə dəymiş zərər mütəxəssislərimiz tərəfindən araşdırılmış və avtomobilinizə dəymiş zərər məbləği 500 manat müəyyən edilmişdir (iş nömrə 164512). Cavabdeh Sığorta şirkəti müəyyən edilmiş zərər məbləğini seçiminizə əsasən Sizə ödəməyə və ya avtomobilinizin təmirini təşkil etməyə hazırdır. Avtomobilinizin təmiri ilə razı olduğunuz halda hazırkı məktubu aldıqdan 2 iş günü ərzində avtomobili ünvan 2 ünvanda yerləşən Qrand Avto servis mərkəzinə təqdim etməyiniz xahiş olunur. Müəyyən edilmiş zərər məbləği ilə razı olmadığınız halda, Cavabdeh Sığorta şirkəti Sizin yazılı razılığınızla dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazırdır.” Məktubun məzmunundan göründüyü kimi onun müraciətinə verilmiş cavab formal xarakter daşıyır. Belə ki, sorğularına verilmiş cavablar bir aydan çox vaxt apardığı halda, cavabdehin onun avtomobilinə dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin təşkilinin nə qədər vaxt aparacağı artıq qabağcadan müəyyən etməyə aydın təsəvvür yaranır. Bundan əlavə, onun avtomobilinin təmirinin təşkili barədə cavabdehlə razılaşdlğı halda, avtomobilinin yaşadığı ərazidən təqribən 300 km aralı məsafədə yerləşən ünvan 2 ünvanda yerləşən “Qrand Avto” servis mərkəzinə təqdim etməyi üçün evekuatora hamı üçün bəlli olan 200 manat məbləğdə əlavə xərcin də onun tərəfindən çəkilməsi tələb olunurdu. Belə olan halda əlacsız qalıb avtomobilini öz şəxsi vəsaiti ilə təmir etdirməyə məcbur olmuşdur. Buna qədər isə zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağını və ya çətin olacağından ehtiyat edərək avtomobilinə qəza nəticəsində dəymiş zərərin müəyyən olunması üçün avtomobilini 08 sentyabr 2022-ci il tarixdə Göyçay şəhərində fəaliyyət östərən “Hunday” servis mərkəzinə təqdim etmiş, orada mütəxəssislər tərəfindən avtomobilinə baxış keçirildikdən sonra avtomobilinə dəymiş ziyanın cəmi 1800 manat olduğu müəyyən olunmuşdur. Avtomobilini təmir etdirərkən zərərin bundan da artıq olduğu müəyyən olunmuşdur. Belə ki, avtoqəza nəticəsində zədələnmiş sağ qabaq qapının təmirinin effektiv olmayacağı qabaqcadan müəyyən olunduğundan, həmin qapını dəyişdirmək məcburiyyətində qalaraq "xxxx" MMC-dən 782 manat dəyərində yeni qapı, bazardan isə 150 manata şüşəsini almışdır. Bundan əlavə avto qəza nəticəsində zərbədən avtomobilin qabaq bufer salasqası da yarasız hala düşdüyündən, həmin detalı da dəyişdirmək məcburiyyətində qalaraq "xxxx" MMC-dən 100 manat dəyərində yeni salasqa almış, dəmirçi və boya ustalarına isə hər birinə ayrılıqda 500 manat zəhmət haqqı ödəmişdir. Beləliklə, avtomobilinin təmiri ilə bağlı çəkdiyi xərclərin cəmi 2032 manat təşkil etmişdir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(009)- 310/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə dəymiş zərərə görə 1049 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41 manatın tutulması qət edilmişdir.

12. Qətnamə onunla əsaslandırılmışdır ki, Cavabdeh Sığorta ASC tərəfindən təqdim edilmiş 12 sentyabr 2022-ci il tarixli qüsur aktına əsasən iddiaçıya məxsus avtomobilə dəymiş zərər 500 manat qiymətləndirilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 manat 2023-cü il tarixli, 9/1415 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə “Hyundai Göyçay” servis mərkəzi tərəfindən tərtib edilmiş 08 sentyabr 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Toyota Camry” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1049 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 12 sentyabr 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Toyota Camry” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 500 manat müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli və cavabdeh "xxxx" ASC-dən 1049 manat tutularaq iddiaçıya ödənilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923, 925, 935-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilib, tələbinin təmin olunmamış hissəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Şikayətinin dəlillərinə görə, məhkəmə qətnamədə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 may 2023-cü il tarixli, 9/1415 nömrəli rəyinə əsaslanaraq “Hundai Göyçay” servis mərkəzinin tərtib etdiyi 08 sentyabr 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Toyota Camry” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin avto ehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq etməklə, 1049 manat müəyyən etsə də, lakin ekspert rəyinin kifayət qədər aydın və tam olmamasını, həmçinin ziddiyyətli olmasını nəzərə almamışdır. Belə ki, ekspert rəyində ekspert “Hundai Göyçay” servisinin 08 sentyabr 2022-ci il tarixli qüsur aktı üzrə ziyanın ümumi məbləğinin 1300 manat olduğunu qeyd etmiş, lakin iş materiallarında “Hundai Göyçay” servisinin 08 sentyabr 2022-ci il tarixli ziyan aktında avtomobilə dəymiş zərərin cəmi məbləğinin 1800 manat olduğu qeyd olunmuşdur. Bundan əlavə, ekspert avtomobilin təmir-bərpa xərcini qiymətləndirərkən avto ehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq etmiş və bunu Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vasitədən istifadə ilə əsaslandırmışdır ki, bu metodikanın da hazırkı mübahisəyə tətbiqi özü mübahisəlidir. Ona görə ki, əvvəla, avtomobilin avto-qəza nəticəsində zədələnmiş sağ qapısının düzəldilməsi mümkün olmadığından dəyişdirimək məcburiyyətində qalmış, sınmış şüşəsinin dəyişdirlməsinin vacibliyinin izahına isə lüzum yoxdur. Zədələnmiş 3 detalın (sağ arxa və qabaq qapı və sağ qabaq krel) rənglənməsi və dəmirçi işinə köhnəlmə faizinin tətbiqi isə nəinki onun üçün, heç işə baxan hakimin özü üçün də aydın olmayan bir hal olmuşdur. Belə olmasaydı hakim qətnamənin əsaslandırıcı hissəsində “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vasitədən istifadənin əsaslı olmasını qeyd edərdi. Ekspert özü də rəyində qiymətləndirməsini şübhə altında qoymuşdur. Belə ki, ekspert rəyin tətqiqat hissəsinin 2-ci bəndinin son abzasına “qeyd” əlavə etmiş və həmin “qeyd”də göstərmişdir ki, “avtoservis müəssisəsinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna olunmur.” Qanunun 18-ci maddəsinin tələblərinə sığortaçının əməl edib-etməməsini məhkəmə ümumiyyətlə araşdırmamış, həmçinin həmin maddənin 2-ci hissəsinin tələbini də pozmuşdur. Belə ki, həmin maddənin tələbinə görə, sığortaçı sığorta ödənişini sənədlər ona təqdim olunandan 7 iş günü müddətində ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Göründüyü kimi, dəbbə pulunun ödənilməsi üçün iddiçıdan tələb irəli sürməsi tələb olunmur. Çünki bu bilavasitə sözügedən maddənin tələbindən irəli gəlir. İddia tələbi qismən təmin olunsa da məhkəmə gecikdirlmiş günlər üçün dəbbə pulu hesablamamışdır. Zərər dəymiş avtomobilin təmiri və bərpası üçün birbaşa çəkilən xərclərin tam şəkildə nəzərə alınmaması “İcbari sığortalar haqqında” Qanunun 15.3-cü maddəsinin tələbinin pozulmasına səbəb olmuşdur. Məhkəmə həmin qanunun 16.4-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, sığortaçı sığorta hadisəsi barədə dərhal məlumatlandırılmasına və bunun üçün tələb olunan sənədlər təqdim olunduqdan 7 iş günü müddətində avtomobilə dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etməmişdir. Məhkəmə də qətnamənin əsaslandırıcı hissəsində sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübutun təqdim edilmədiyini təsdiq etmişdir. Sözügüdən maddənin tələbindən göründüyü kimi, məhkəmə onun tərəfindən məhkəməyə təqdim olunmuş avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı “Hundai Göyçay” servis xidmətinin aktının nəticələrini qəbul etməli idi. Məhkəmənin ekspertiza təyin etməsi üçün əsas olmamışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi “İcbari sığortalar haqqında” Qanunun 16.4-cü maddəsinin tələbinə görə, sığortaçı sığorta hadisəsi barədə sənədlər təqdim olunduğundan 7 iş günü müddətində avtomobilə dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədiyi halda sığortalı tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə əsasən, iddiaçı sonda məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətində ekspert rəyində ziddiyyət olduğunu qeyd etmişdir. Halbuki, ekspert hər iki tərəfin təqdim etdiyi qüsur aktına nəzərən hesablama aparmışdır. Yəni, iki qüsur aktı üzrə rəy verməklə, hansının sübut hesab ediləcəyi seçimini məhkəməyə vermişdir. Göründüyü kimi, məhkəmə ekspertiza mərkəzi rəyində iddiaçı və cavabdehin təqdim etdiyi qüsur aktlarını nəzərə almış, iddiaçının təqdim etdiyi zərər məbləğinin bazar qiymətinə uyğunlaşdıraraq 1300 manat müəyyən etmiş və məbləğə köhnəlmə faizi tətbiq etməklə yekun zərər məbləğini göstərmişdir. İddiaçının təqdim etdiyi qüsur aktının məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının nümayəndəsi məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi.

18. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər; Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir; Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir;

20. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” Qanunu: Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır; Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir; Maddə 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir; Maddə 20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz; Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir; Maddə 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti ilə qətnamənin qismən – iddia təmin olunmayan hissədə ləğvi xahiş edildiyindən, məhkəmə aktı həmin hissədə şikayətin dəlilləri üzrə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi zərərin məbləği hissəsində dəyişdirilməlidir.

25. İşdən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Hadisəyə görə təqsiri müəyyən edilmiş avtomobilin sığortaçısı hazırkı iş üzrə cavabdehdir. İcbari sığorta üzrə sığorta hadisəsi baş verdiyindən sığortaçı olaraq cavabdehin sığorta ödənişini vermək öhdəliyi yaranmışdır. Tərəflər arasındakı mübahisə də sığorta ödənişinin məbləği ilə bağlıdır.

26. Belə ki, iddiaçı avtomobilin təmirinə 2032 manat xərclədiyini iddia edir. Birinci instansiya məhkəməsi isə iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 9/1415 nömrəli ekspert rəyinə istinad etmişdir.

27. Həmin ekspert rəyindən görünür ki, ekspert tərəfindən heç bir araşdırma aparılmamış, “Hyundai Göyçay” servis mərkəzinin 08 sentyabr 2022-ci il tarixli və "xxxx" ASC tərəfindən tərtib olunmuş 12 sentyabr 2022-ci il tarixli qüsur aktlarındakı məlumatlar rəyin nəticə hissəsinə köçürmüşdür. Ekspertin istinad etdiyi “Hyundai Göyçay” servis mərkəzinin 08 sentyabr 2022-ci il tarixli qüsur aktında avtomobilə dəymiş ziyan 1800 manat (sağ qabaq qapı – 750 manat, sağ şüşə - 150 manat, qabaq krel və arxa qapının əl haqqı – 400 manat, boya və boya ustasının xərci – 500 manat ) müəyyən olunmuşdur. Lakin ekspert təmir – bərpa işlərinə görə məbləğin hansı səbəbdən 400 manat olmasını əsaslandırmamışdır.

28. Bundan başqa məhkəmə kollegiyası ekspert tərəfindən köhnəlmə faizinin tətbiq olunması ilə də razılaşmır. Kollegiya qeyd edir ki, hazırkı halda iddiaçının avtomobilinin təmiri üçün əldə etdiyi avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilə bilməz. Ona görə ki, hadisə nəticəsində iddiaçının avtomobilinin yararsız vəziyyətə düşmüş hissələrinin əvəzinə onların köhnəlmə faizinə uyğun istifadə olunmuş ehtiyat hissələrinin qoyulmasının nə qanuni, nə də məntiqi bir əsası yoxdur. İddiaçının həmin hissələrin əvəzinə yeni ehtiyat hissələri alması tamamilə normaldır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Hazırkı halda hüququ pozulmuş şəxs olaraq iddiaçının pozulmuş hüquqlarının bərpası üçün çəkdiyi xərclərin cəmi olaraq təqdim olunmuş sübut isə “Hundai Göyçay” servis mərkəzinin iş materiallarında olan aktıdır. Bir halda ki, ekspert özü də həmin akta istinad etmişdir, kollegiya da zərərin məbləğinin məhz həmin akta uyğun olaraq 1800 manat məbləğdə müəyyənləşdirilməsi qənaətindədir.

29. Məhkəmə kollegiyası iddiaçının “İcbari sığortalar haqqında” Qanunun 18-ci maddəsinin tələblərinə əməl edilməklə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməsi barədə şikayət dəlillərini isə qəbul etmir və qeyd edir ki, belə bir qanuni əsas olsa belə, bu məsələyə qiymət verilməsi üçün hər bir halda bu barədə tələb mövcud deyildir və tələb olmadığı təqdirdə dəbbə pulunun tutulması iddia tələbindən kənara çıxılması ilə nəticələnir.

30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə dəymiş zərərin məbləği hissəsində düzgün olmadığından, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, iddiaçının şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(009)-310/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(009)-310/2023 nömrəli qətnaməsi dəymiş zərərin məbləği hissəsində dəyişdirilsin. 1800 manat məbləğində pul vəsaiti Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar