Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5735/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdehnə qarşı “neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyul 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı İdarənin buna səlahiyyəti olan nümayəndəsi iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, İdarənin istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik (yerüstü və yeraltı) magistral neft kəmərinin 100-cü km-də, neft kəmərinin mühafizə zonası daxilində, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında cavabdeh MMC tərəfindən inşa edilmiş metal tordan ibarət çəpərin və dəmir listlərlə tikilmiş saxlanc yerinin (anbarın) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və 2 ədəd konteynerin, tikinti materiallarının cavabdeh MMC-nin hesabına daşınaraq mühafizə zonasından çıxarılması; ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh MMC-dən tutularaq iddiaçı İdarəyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İdarənin istismarında olan və iddia ərizəsində qeyd edilən ünvanda cavabdeh MMC tərəfindən neft kəmərindən təxminən 25 metr aralı məsafədə 2 metr hündürlüyündə metal tordan ibarət çəpər quraşdırılması, kəmərdən 28 metr aralı məsafədə 2 ədəd konteyner, 50 metr məsafədən az olmaqla kəmərdən müxtəlif məsafələrdə mühafizə zonası daxilində tikinti materiallarının əraziyə yığılması və neft kəmərindən təxminən 20 metr məsafədə yan və üst hissələri dəmir listlərlə örtülmüş saxlanc yeri (anbar) tikilməsi faktları aşkar edilmişdir. Qeyd edilən faktların aradan qaldırılması, tikinti-quraşdırma işlərinin sökülərək ərazidən çıxarılması və neft kəmərinin mühafizə zonasının boşaldılması ilə bağlı cavabdeh MMC-nin baş mühəndisi Nümayəndə2 yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh MMC tərəfindən qeyd edilən məsələ müsbət həllini tapmamışdır. Əksinə, sözügedən neft kəməri ilə avtomobil yolu arasında, neft kəmərinin mühafizə zonasında daş hasarın çəkilməsi məqsədilə yerdə nişanlama işləri aparılmışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə münasibəti barədə məlumat
3. İş üzrə cavabdehin iddiaya qarşı yazılı etirazı daxil olmamışdır.
4. Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 məhkəmə baxışı iclasda iştirak edərək Rayon Məhkəməsinə verdikləri izahatlarda iddianı anbar və tikinti materiallarının, çəpərin mühafizə zonasında inşa edilərək yerləşdirilməsi hissəsində qəbul etdiklərini, bununla bağlı mübahisə olmadığını bildirmiş və əlavə olaraq göstərmişlər ki, iddiaçı tərəfin tələb etdiyi anbar və konteynerləri çıxarmaq üçün MMC tərəfindən ayrıca yer tikilməkdədir. Həmin yer hazır olduqdan sonra müvəqqəti saxlanc yeri və 2 konteyner həmin sahədən götürüləcəkdir. Lakin çəpərlə bağlı iddiaçı tərəfin bildirdiyi 25 metr məsafəyə dair MMC-nin hüquqmüəyyənedici sənədləri vardır. Metal torun orada əşyalarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qalmasını istəyirlər. Həmin ərazidə MMC tərəfindən tikinti işləri həyata keçirilməyəcəkdir. Əvvəl iddiaçının neft borusu həmin sahədə idi. Həmin borunu götürdükdən sonra MMC-nin sahəsi olmuş, bununla bağlı iddiaçı ilə razılıq əldə olunmuşdur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC tərəfindən quraşdırılmış çəpər, cavabdehin istifadəsində olan anbar, konteyner və tikinti materialları Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik (yerüstü və yeraltı) magistral neft kəmərinin 100-cü km-də yer üstü neft kəmərinin mühafizə zonasına (kəmərdən 50 metr hüdudlarına) düşdüyündən, neft kəmərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən həmin tikililər cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılmalıdır. d) apellyasiya şikayəti barədə məlumat
7. İş üzrə cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İdarə mülki hüquqlarından sui-istifadə edərək, qanunsuz hərəkətləri ilə cavabdeh MMC-nin istifadəsində olan torpaq sahəsinin boşaldılmasını tələb etməsi cavabdeh MMC-yə əhəmiyyətli dərəcədə ziyan vurur. Bununla da iddiaçı İdarə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbini pozmuşdur. Lakin Rayon Məhkəməsi işin faktiki hallarını, iddiaçı tərəfin mülki hüquqlarından sui-istifadəsini nəzərə almamışdır. Bundan başqa, iddiaçı İdarənin iddia etdiyi torpaq sahəsi cavabdeh MMC-nin istifadəsindədir. Bununla bağlı hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar aidiyyəti üzrə müraciət olunmuşdur. Bu fakt Rayon Məhkəməsinə bildirilsə də nəzərə alınmamışdır. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Rayon Məhkəməsi iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmiş, yalnız iddiaçı İdarənin göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Cavabdeh MMC-nin göstərdiyi sübutlara və məlumatlara ümumilikdə heç bir qiymət verməmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuşdur. Qeyd edilənlərə əsasən, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
9. İş üzrə cavabdeh MMC işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. MMC-nin nümayəndəsinin gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
10. İddiaçı İdarənin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə görə, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, X7nin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.
13. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 45 nömrəli Əmri ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının” 6.3-cü bəndinə əsasən, boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.
14. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli Qərarının 4-cü bəndinə əsəsən, ixrac neft boru kəmərləri marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır.
15. Qeyd edilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında tələbin obyekti qismində çıxış edən ərazi dövlət mülkiyyətində olmaqla, mühafizə zonasıdır. Cavabdeh MMC tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik (yerüstü və yeraltı) magistral neft kəmərinin 100-cü km-də yer üstü neft kəmərinin mühafizə zonası daxilində metal tordan ibarət çəpər quraşdırılmış, saxlanc yeri kimi istifadə edilən anbar, 2 ədəd konteyner və tikinti materialları yerləşdirilmişdir.
16. Məhkəmə ilk növbədə iddiaçı İdarənin bu kimi iddianı irəli sürmək üçün subyektiv hüququnun mövcud olub-olmaması məsələsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dövlət orqanı deyil, müstəqil balansa (şirkətin balansı), banklarda, o cümlədən xarici banklarda, hesablaşma və digər hesablara malik müstəqil hüquqi şəxsdir. İddiaçı İdarə isə “SOCAR”-ın struktur vahididir. Torpaq sahəsinin istismarçısı olan iddiaçı İdarənin maraqlı şəxs kimi qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılmasını tələb etmək üçün subyektiv hüququ vardır.
17. “SOCAR”-ın Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X8, mühafizəçi X4 və NKİ QİB NBKXS-nin rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Aktdan” görünür ki, xx.xx.2023-cü il tarixdə 3 saylı qarovulun 1-ci iş növbəsində saat 10:30-da, 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92-115.2 km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik (yerüstü-yeraltı) magistral neft kəmərinin 100-cü km-ə baxış keçirildiyi zaman neft kəmərin mühafizə zonası daxilində, kəmərdən təxminən 25 metr aralı Cavabdeh MMC-nin işçiləri tərəfindən əraziyə diametri 50 mm-lik 2 metr hündürlüyündə 50 ədəd dəmir boruların ərazinin metal torlarla çəpərlənməsi üçün basdırılması Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən aşkar edilərək dayandırılmışdır. MMC-nin tikinti işləri üzrə baş mühəndisi Nümayəndə2 istismarçı təşkilat ilə razılaşdırılmadan neft kəmərinin mühafizə zonası daxilində bu kimi işlərin görülməsinin qanunazidd olduğu izah edilmişdir. İzahedici söhbətdən sonra sözügedən əməkdaş dərhal işləri dayandıraraq icazə aldıqldan sonra davam etdirəcəyini bildirmişdir. Bu barədə NKİ QİB-nə və Tİ-nin XTŞ-nin növbə rəisinə məlumat verilmişdir. Faktla bağlı foto şəkillər çəkilmiş və akta əlavə olunur.
18. “SOCAR”-ın Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X5, mühafizəçi X9 və NKİ QİB NBKXS-nin rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə 3 saylı qarovulun 1-ci iş növbəsində saat 10:30-da, 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92-115.2 km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik (yerstü-yeraltı) magistral neft kəmərinin 100-cü km-ə baxış keçirildiyi zaman neft kəmərin mühafizə zonası daxilində, kəmərdən təxminən 7 metr aralı cavabdeh MMC-nin işçiləri tərəfindən əraziyə 20 ədəd 35 mm-lik 3 metr hündürlüyündə dəmir boruların ərazinin çəpərlənməsi üçün basdırılması Təhlükəsizlik İdarəsinin əməkdaşlar tərəfindən aşkar edilərək dayandırılmışdır. MMC-nin tikinti işləri üzrə baş mühəndisi Nümayəndə2 istismarçı təşkilat ilə razılaşdırılmadan neft kəmərinin mühafizə zonası daxilində bu kimi işlərin görülməsinin qanunazidd olduğu izah edilmişdir. İzahedii söhbətdən sonra sözügedən əməkdaş dərhal işləri dayandıraraq icazə aldıqldan sonra davam etdirəcəyini bildirmişdir. Bu barədə NKİ QİB-nə və Tİ-nin XTŞ-nin növbə rəisinə məlumat verilmişdir. Faktla bağlı foto şəkillər çəkilmiş və akta əlavə olunur.
19. “SOCAR”-ın Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X3, mühafizəçi X4 və NKİ QİB NBKXS-nin rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Aktdan” görünür ki, xx.xx.2023-cü il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 15:00-da, 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92-115.2 km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik (yerstü-yeraltı) magistral neft kəmərinin 100-cü km-ə baxış keçirildiyi zaman cavabdeh MMC-nin işçiləri tərəfindən yer üstü neft kəmərinin 48 metrliyindən perpendikulyar, təxminən eni 5 metr uzunluğu 9 metr olan mühafizə zonası daxilində, sex (boks) tikintisinin 2-ci mərtəbəsi üçün dəmir beton konustruksiyaların quraşdırılması işləri Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmişdir. Faktlarla bağlı Abşeron Tikinti Materialları Mərkəzinin tikinti işləri üzrə baş mühəndisi Nümayəndə2 izahedici söhbətlər apararaq istismarçı təşkilat ilə razılaşdırılmadan neft kəmərinin mühafizə zonası daxilində bu kimi işlərin görülməsinin qanunazidd olduğu izah edilmişdir. Lakin sözügedən şəxs təqdim olunan xəbərdarlıqdan imtina edərək görülən işləri dayandırmayacağını və işlərin davam etdirəcəyini bildirmişdir. Bu kimi işlər ilə əlaqədar cavabdeh MMC-yə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə də xəbərdarlıq edilərək aktlar tərtib edilmişdir. Faktlarla bağlı Tİ-in XTŞ-in növbə rəisinə və NKİ-in QİB-ə məlumatlar verilmişdir.
20. İddiaçı İdarə, iddia tələbinin əsası kimi mübahisəli çəpər, anbar, konteynerlərin və tikinti materiallarının cavabdeh MMC tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik (yerüstü və yeraltı) magistral neft kəmərinin 100-cü km-yində, həmin kəmərdən 50 metr hüdudlarındakı məsafədə kəmərin mühafizə zonasında yerləşdirildiyini qeyd edir.
21. İşin bu halı cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsində iclasda etiraf edildiyindən Rayon Məhkəməsi tərəfindən bununla bağlı müvafiq ekspertiza təyin edilməmişdir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.).
23. “İstismar olunan ixrac neft boru kəmərlərinin mühafizə zonasının müəyyənləşdirilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli qərarının 6.2-ci bəndinə görə, “Mühafizə Zonasında” bu Qaydaların 5.1-ci bəndində göstərilmiş işlərin aparılması üçün rəsmi icazə almış fiziki və hüquqi şəxslər bu işləri boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə riayət etməklə, həmin bəndin ikinci abzasında göstərilmiş işlərin aparılması aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə, üçüncü abzasında göstərilmiş işlərin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, dördüncü abzasında göstərilmiş işlərin aparılması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə, beşinci abzasında göstərilmiş işlərin aparılması Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə, altıncı abzasında göstərilmiş işlərin aparılması isə aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırma əsasında həyata keçirməlidirlər. Bu şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilir.
24. MPM-nin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddələr 14.2., 77.1., 88.).
25. Cavabdeh MMC apellyasiya şikayətində torpaq sahəsinə istifadə hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar aidiyyəti üzrə müraciət etdiyini bildirsə də, bu halı, o cümlədən aparmış olduğu tikinti işlərinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki mülki qanunvericliyinin tələbinə əsasən daşınmaz əmlaka dair hüquqlar müvafiq qaydada dövlət qeydiyyatına alınmalıdır.
26. Həmçinin nəzərə alınmalıdır ki, X7 Layihələndirmə Normalarının tələbləri pozulmuşdur. Magistral boru kəmərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahəsinin ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvəlcədən neft kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə işin araşdırılması nəticəsində müəyyən edilməmişdir.
27. Beləliklə Məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh MMC tərəfindən inşa olunmuş tikililər iddiaçının istismarında olan mühafizə zonasına aid dövlət torpağında özbaşına inşa edilmişdir. Cavabdeh MMC-nin həmin torpaq sahəsinə hər hansı hüququ olmadığı halda torpaq sahəsi onun tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.
28. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 180-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
29. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 94 saylı, xx.xx.2001-ci il tarixli qərarına görə, neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
30. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır (maddə 22.2.). Mühafizə zolağı daxilində yerləşən torpaq ərazilərinin yaşayış və ictimai tikililər üçün ayrılması qadağan edilir (maddə 62.). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (maddə 111.).
31. Qeyd edilən maddi hüquq normalarının tələblərinin işin müəyyən edilmiş halına tətbiqi nəticəsində müəyyən edilir ki, özbaşına mübahisəli tikililər iddiaçı İdarənin istismarında olan torpaq sahəsində, yəni cavabdeh MMC-yə aid olmayan torpaq sahəsində cavabdeh MMC tərəfindən inşa etdirildiyindən hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlili əsassızdır. g) apellyasiya baxışının nəticəsi
32. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, cavabdeh MMC-nin özünə aid edilməlidir.
36. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405 maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyul 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.