Məhkəmə qərarları › İş №2(103)-5739/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5739/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5739/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı işi üzrə Açar sözlər: («sığorta ödənişinin verilməsi») hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh LPO Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair mülki işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-369/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətindən Ağsu rayonu Cəfərli kəndində yerləşən fərdi evə zəlzələ nəticəsində dəyən zərərə görə 8000 manat sığorta ödənişinin və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Ağsu rayonu, Cəfərli kəndində yaşayır. Həmin ünvanda 3 otaqdan və 1 zal otaqdan ibarət evi 2021-ci ilin payız aylarında zəlzələ nəticəsində yararsız hala düşmüş, yaşayış üçün əlverişsiz olmuşdur. 2021-2022-ci illərdə fərdi evi icbari sığorta qaydasında Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. Zəlzələ nəticəsində əmlakına dəymiş ziyanla bağlı sığorta ödənişinin alınması xahişi ilə Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 24 fevral 2023-cü il tarixli 09/M-82/2023 saylı məktub ilə onun əmlakına dəymiş zərərin ödənilməsindən imtina olunmuşdur. İmtinaya səbəb məktubda "İddiaçı adına rəsmiləşdirilmiş daşınmaz əmlakın icbari sığortası müqaviləsinin aşkar edilməməsi” göstərilmişdir. O, imtinanı əsassız hesab edir. Belə ki, Ağsu rayonu, Cəfərli kəndində yerləşən fərdi evə görə onunla Dövlət Sığorta Kommersiya Şirkəti arasında 31 mart 2021-ci il və 31 mart 2022-ci il tarixində "Daşınmaz əmlakın icbari sığortası” müqaviləsi bağlanmışdır. O, əmlakıına dəymiş zərərə görə sığorta ödənişi almaq üçün Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, sığorta şəhadətnaməsinin dublikatının verilməsini tələb etmişdir. Lakin Dövlət Sığorta Kommersiya Şirkəti sığorta şəhadətnaməsinin dublikatını verməkdən imtina etmişdir. Onun Sığorta Orqanlarının X5 etdiyi müraciətdən sonra İcbari Sığorta Bürosu tərəfindən müraciətinə baxılmış və 019754 saylı məktubla onunla cavabdeh arasında müqavilə bağlandığı təsdiq edilmişdir. Sonradan cavabdehin nümayəndələri fərdi evinə baxış keçirmiş və ona təklif olunmuşdur ki, sığorta ödənişi almaq üçün Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsin. Müraciətdə fərdi evə zəlzələ nəticəsində deyil, güclü leysan yağışı nəticəsində ziyan dəydiyini göstərmişdir. O, cavabdehin təkidi ilə həmin ərizəni yazmış və sonradan ona məlum olmuşdur ki, cavabdeh onu aldatmışdır. Bir daha bildirir ki, fərdi yaşayış evinə zərər dəyməsinə 2021-ci ilin payız aylarında baş vermiş zəlzələ səbəb olmuşdur. Zəlzələ nəticəsində dəymiş zərərin məbləği 8000 manatdan artıqdır.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-369/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Ağsu rayonu Cəfərli kəndində yerləşən fərdi yaşayış evinə dəymiş zərərə görə 8000 manat sığorta ödənişi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh LPO Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdeh LPO Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 922.1, 922.2, 926.1; “İcbari siğortalar haqqında” Azərbayan Respublikasının qanunun 6.2, 6.6, 7, 13.4, 15.1, 16.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (əmlaka zəlzələ nəticəsində zərər dəyməsi) baş verdiyindən və bunun nəticəsində maddi zərər çəkdiyindən, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Sığorta şirkəti ilkin olaraq iddiaçı ilə aralarında sığorta müqaviləsinin aşkar edilməməsi ilə əlaqədar sığorta ödənişi verməkdən imtina etmişdir. Hətta bununla kifayətlənməyib Azərbaycan Respublikasının Mərkəzi Bankının sorğusuna cavab olaraq da iddiaçı ilə aralarında hər hansı bir müqavilənin olmamasını bildirmişdir. Lakin sonradan, iddiaçının müraciəti əsasında onunla şirkət arasında bağlanmış olan daşınmaz əmlakın icbari sığorta növü ilə bağlı xx.xx.2021-ci il tarixli, RDS********** saylı sığorta şəhadətnaməsinin (müqaviləsinin) dublikatı iddiaçıya təqdim edilmişdir. Daha sonra sığorta şirkətinin sığorta ödənişi verməkdən imtina etməsinə səbəb kimi iddiaçının ilkin olaraq əmlakına zərərin leysan yağışlarının yağması, leysan yağışının yağması təsdiq edilmədikdə isə zəlzələ nəticəsində dəyməsi ilə əsaslandırması ilə əlaqədar olmuşdur. Məhkəmə cavabdehin bu dəlili ilə əlaqədar qeyd edir ki, iddiaçı ilkin olaraq sığorta şirkətinə müraciətində əmlakına zərərin güclü leysan yağışlarının nəticəsində əmələ gəldiyini qeyd etmiş olsa da, işdə olan sənədlərlə müəyyən olunur ki, həmin tarixdə Ağsu rayonu Cəfərli kəndi ərazisində yağıntı müşahidə olunmamışdır. Həmçinin, iddiaçı özü də iddia ərizəsində bu məsələyə aydınlıq gətirmiş, müraciətini məhz sığorta şirkətinin təkidi nəticəsində bu formada tərtib etdiyini bildirmiş və məhkəməyə qədər sığorta şirkətinə ünvanlamış olduğu növbəti ərizələrində əmlakına zərərin əslində baş vermiş olan zəlzələ nəticəsində dəydiyini göstərmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh etiraz ərizəsində iddiaçıya məxsus evə zəlzələ və ya leysan yağışları nəticəsində zərər dəyməsini təsdiqləyən hər hansı bir sənədin mövcud olmamasına istinad etmiş olsa da, məhkəmənin sorğusu əsasında daxil olmuş Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə 20 noyabr 2021-ci il tarixində Ağsu rayon ərazisində müəyyən vaxt aralığında 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 3 və 4 bala yaxın zəlzələnin hiss olunduğu təsdiq edilmişdir. Həmin məktubda tikilinin təzə olduğu halda, mövcud tikinti normalarına (Seysmik Rayonlarda Tikinti-Az.DTN 2.3-1) uyğun inşa olunmuşsa və qeyd olunmuş zəlzələlərdən əvvəl müəyyən təsirlərdən zədəli olmamışsa, bu intensivlikli zəlzələlər zamanı onlarda zədələrin - çatların əmələ gəlmədiyi bildirilmişdir. Lakin qeyd edilməlidir ki, iddiaçıya məxsus ev fərdi yaşayış evi olmaqla, təqdim edilmiş texniki pasporta əsasən 1980-ci illərdə inşa edilmişdir. Eyni zamanda işdə olan fotoşəkillərlə (ekspert rəyinə əlavə edilmiş fotoşəkillər) tikilinin təzə tikili olmadığı da müəyyən edilir. Həmçinin bu məsələ ilə bağlı əlavə olaraq qeyd edilməlidir ki, müəyyən olunduğu kimi, sözügedən fərdi yaşayış evi Ağsu rayonunun Cəfərli kəndində inşa edilmiş və Respublikanın müxtəlif bölgələrində (rayon/kənd yerlərində) tikinti işlərinin aparılması zamanı tikinti norma və qaydalarına riayət edilməsi adətən gözlənilmir. Eyni zamanda, sığorta müqaviləsinin əsas şərtlərindən biri sığortaçının sığorta obyektinə baxış keçirmək, sığorta obyektinə dair zəruri sənədləri tələb etmək və məhz razılığı olduqda müqavilə bağlamaq imkanının olması, sığorta hadisəsi baş verdiyi zaman sığorta şirkətinin sonradan bu hallara, yəni tikilinin təzə və yaxud köhnə olması, tikilinin inşa edilməsi zamanı tikinti norma və qaydalarına riayət edilməsinə dair sənədlərin olub-olmamasına istinad edib sığorta ödənişi ödəməkdən imtina etməsi üçün əsas ola bilməz. Sığorta şirkətinin digər bir dəlili də iddiaçının şirkətə sığorta hadisəsi baş verdiyi halda dərhal məlumat verməməsi və əmlaka dəymiş zərərin məhz hansı səbəblərdən dəydiyini müəyyən etməyin mümkün olmamasından ibarətdir. Lakin qeyd edilməlidir ki, bu hal sığorta şirkəti tərəfindən daha öncədən mübahisələndirilməmiş, əksinə iddiaçı tərəfindən əmlakına zərərin dəyməsi bildirildiyi zaman şirkətin mütəxəssisi tərəfindən iddiaçıya məxsus əmlaka baxış keçirilməsi üçün hadisə yerində araşdırmalar aparılmış və araşdırmanın davamı olaraq şirkət tərəfindən aidiyyəti quruma hadisənin baş verdiyi dövrdə leysan yağışlarının yağıb-yağmamasının müəyyən edilməsindən ötrü sorğu ilə də müraciət olunmuşdur. İddiaçının əmlakına zərərin məhz zəlzələ nəticəsində dəyməsi təkcə iddiaçının təqdim etdiyi sənədlərlə deyil, həmçinin məhkəmənin təyin etmiş olduğu ekspertiza nəticəsində də müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/226 saylı eskpert rəyinə əsasən, İddiaçı məxsus Ağsu rayonu Cəfərli kəndində yerləşən fərdi yaşayış evinə ziyan dəydiyi, o cümlədən yaşayış evinin daxili və xarici divarlarında şaquli və üfüqi istiqamətlərdə ikitərəfli keçici çatlar əmələ gəldiyi, kürsü divarlarının çatladığı, döşəmənin bəzi yerlərdə aşağı doğru çökdüyü, divarların birləşmə yerlərinin, eləcə də divarların tavana və döşəməyə birləşmə yerlərinin aralandığı, pəncərə və qapı boşluqlarının kənarlarında çatlar əmələ gəldiyi, boya qatının üzərində ləkələr və nəmlik əlamətləri yarandığı müəyyən edilmişdir. Göstərilən əlamətlər nəzərə alınmaqla tədqiq olunan yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə zədələrin, o cümlədən divarlarda yaranan çatların, tavan və divarların, divar və döşəmənin birləşmə yerlərindəki aralanmaların, pəncərə və s. əmələ gəlməsi, hər hansı təsir zamanı yaranan silkələnmələrdən, yəni torpaq sürüşməsi, zəlzələ və eləcə də söküntü, qazıntı, tikinti- quraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gələ bildiyi, tədqiq olunan yaşayış evinin yaxınlığında hər hansı söküntü, qazıntı, tikinti-quraşdırma işləri aparılmadığını, eləcə də iş materiallarında olan məlumatlara əsasən həmin ərazidə xx.xx.2021-ci il tarixdə zəlzələ baş verdiyini, fərdi yaşayış evinin 1983-cü il tarixində inşa olunduğunu nəzərə alaraq, İddiaçı məxsus yaşayış evində əmələ gəlmiş qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/226 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Yuxarıda sadalanmış olan hallarla müəyyən edilir ki, sığorta hadisəninin baş verməsinə və iddiaçının əmlakına ziyan dəyməsinə baxmayaraq, sığorta şirkəti müxtəlif səbəblər gətirərək sığorta ödənişini ödəməkdən yayınmışdır. Belə ki, sığorta şirkəti ilkin olaraq iddiaçı ilə aralarında hər hansı bir müqavilənin olmamasına istinad etmiş və bu barədə təkcə iddiaçıya deyil, hətta özünün üst qurumuna da düzgün olmayan məlumat vermişdir. Sonradan isə iddiaçının müraciətini düzgün tərtib etməməsi, sığorta hadisəsi barədə vaxtında məlumat verməməsi, bu səbəbdən sığorta hadisəsinin həqiqətən də baş verib-verməməsinin müəyyən edilməsinin mümkünsüzlüyünə əsaslanıb, bir növ sığorta ödənişini ödəməkdə marağının olmamasını nümayiş etdirmiş və bununla da iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021 -ci il tarixdə Ağsu rayonu Cəfərli kəndi ərazisi üçün hava şəraiti haqqında arayışına əsasən xx.xx.2021 -ci il tarixdə Ağsu hidrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumata əsasən hava tutqun, buludlu (10/8), meteoroloji görünüş məsafəsi 20 km, havanın orta temperaturu 13.6 C, minimal temperaturu 11.6 C, maksimal temperaturu 16.5 C olmuşdur. Cənub-Qərb istiqaməti küləyin maksimal sürəti 2 m/san (2 bal) olmuşdur. Yağıntı qeydə alınmamışdır. xx.xx.2021 -ci il tarixdə Ağsu rayonu və ona qonşu olan rayonlarda müşahidə edilmiş faktiki məlumatlara əsasən faktiki hava: xx.xx.2021 -ci il tarixdə Ağsu rayonu ərazisində hava şəraiti yağmursuz keçmiş, lakin ona yaxın olan ərazilərdə arabir leysan xarakterli yağış yağmışdır. Düşən yağıntının miqdarı 16 mm (bu da aylıq normanın 51%-ni) təşkil etmişdir; - Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı müraciəti əsasında onunla şirkət arasında bağlanmış daşınmaz əmlakın icbari sığorta növü ilə bağlı xx.xx.2021-ci il tarixli, RDS********** saylı sığorta şəhadətnaməsinin (müqaviləsi) dublikatı təqdim edilmişdir; - RDS********** olan BB seriyalı 350824 saylı "daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsindən görünür ki, Ağsu rayonu Cəfərli kəndində yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış, sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi xx.xx.2021-ci il tarixdə qüvvəyə minməklə, xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüşdür; - Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı şirkətə müraciət edərək, Ağsu rayonu Cəfərli kəndində yerləşən əmlakına dəymiş zərərlə bağlı ödənişin verilməsinə dair köməklik göstərilməsini xahiş etmişdir. Şirkət tərəfindən aparılan araşdırma zamanı İddiaçı tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin FİN koduna əsasən şirkətin elektron sistemi vasitəsilə məlumatlar yoxlanılmış, lakin İddiaçı adına rəsmiləşdirilmiş daşınmaz əmlakın icbari sığortası müqaviləsi aşkar edilməmişdir. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya verilməsi yolu ilə bağlanan müqavilədir və icbari sığorta müqaviləsi yalnız "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Bu səbəbdən İddiaçı müraciət ərizəsində qeyd etdiklərinə münasibət bildirmək mümkün deyildir; - Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə sorğu məktubu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq sığortaçı tərəfindən təqdim edilmiş məlumata əsasən müəyyən olunmuşdur ki, sığortaçı ilə İddiaçı arasında daşınmaz əmlakın icbari sığortası növü üzrə rəsmiləşdirilmiş hər hansı sığorta müqaviləsinə rast gəlinməmişdir; - "Azərsığorta” DSKŞ-nin "əmlakın sığortası üzrə dəyən zərərə baxış haqqında” xx.xx.2023cü il tarixli raporta əsasən, raportda İddiaçı xx.xx.2021 -ci il tarixində Ağsu rayonu Cəfərli kəndində yerləşən ona məxsus fərdi yaşayış evinə yağan güclü yağış nəticəsində evinin tavan və döşəməsinin yararsız hala düşdüyünü bildirmiş, məsələ ilə bağlı ona köməklik göstərilməsini xahiş etmişdir;- İddiaçı tərəfindən Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanmış olan xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, onun 2021-2022-ci ildə evi sığortalanmışdır. 2021-ci ilin payız fəslində zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşmüşdür. Bu günə qədər dəfələrlə müraciət etməsinə baxmayaraq, ona köməklik göstərilməmişdir. Müraciət etdikdə ona bildirilmişdir ki, köməklik istəyirsə ərizəsində göstərsin ki, evi sel nəticəsində bu hala düşüb. Seysmoloqdan rəy ala bilməsələr də, hidrometroloqdan rahat rəy ala bilirlər. Hidrometroloq isə bildirir ki, həmin gün yağış yağmamışdır. Sonda göstərilənlərin nəzərə alınıb ona köməklik edilməsini xahiş etmişdir; - Məhkəməmnin sorğusu əsasında daxil olmuş Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2021-ci il tarixində, yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələnin maqnitudası Rixter cədvəli üzrə M1=5.1, dərinliyi h=41 km olmuşdur. Zəlzələ Ağsu rayonu Cəfərli kəndi ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 4 bala yaxın hiss olunmuşdur. Bu zəlzələdən 2 dəqiqə sonra, yerli vaxtla saat 16:48- də Şamaxı ərazisində ikinci zəlzələ qeydə alınmışdır. Zəlzələnin maqnitudası Rixter cədvəli üzrə M1=4.4, dərinliyi isə h=43 km olmuşdur. Zəlzələ Ağsu rayonu Cəfərli kəndi ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 3 bala yaxın hiss olunmuşdur. Tikili təzədirsə, mövcud tikinti normalarına (Seysmik Rayonlarda Tikinti-Az.DTN 2.3-1) uyğun inşa olunmuşsa və qeyd olunmuş zəlzələlərdən əvvəl müəyyən təsirlərdən zədəli olmamışsa, bu intensivlikli zəlzələlər zamanı onlarda zədələr - çatlar əmələ gəlmir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/226 saylı rəyindən görünür ki, İddiaçı məxsus Ağsu rayonu Cəfərli kəndində yerləşən fərdi yaşayış evinə ziyan dəydiyi, o cümlədən yaşayış evinin daxili və xarici divarlarında şaquli və üfüqi istiqamətlərdə ikitərəfli keçici çatlar əmələ gəldiyi, kürsü divarlarının çatladığı, döşəmənin bəzi yerlərdə aşağı doğru çökdüyü, divarların birləşmə yerlərinin, eləcə də divarların tavana və döşəməyə birləşmə yerlərinin aralandığı, pəncərə və qapı boşluqlarının kənarlarında çatlar əmələ gəldiyi, boya qatının üzərində ləkələr və nəmlik əlamətləri yarandığı müəyyən edilmişdir. Qeyd olunur ki, hər hansı tikili (yaşayış evləri, mənzillər, qeyri-yaşayış sahələri və s.) üzrə yaranmış qüsurların konkret olaraq nə vaxt əmələ gəlməsinin müəyyən olunmasına dair metodika olmadığından, tədqiq olunan yaşayış evinə dəymiş ziyanın konkret olaraq hansı tarixdə əmələ gəldiyini müəyyən etmək mümkün deyildir. Lakin yuxarıda göstərilən əlamətlər nəzərə alınmaqla tədqiq olunan yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə zədələrin, o cümlədən divarlarda yaranan çatların, tavan və divarların, divar və döşəmənin birləşmə yerlərindəki aralanmaların, pəncərə və s. əmələ gəlməsi, hər hansı təsir zamanı yaranan silkələnmələrdən, yəni torpaq sürüşməsi, zəlzələ və eləcə də söküntü, qazıntı, tikinti-quraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gələ bilər. Tədqiq olunan yaşayış evinin yaxınlığında hər hansı söküntü, qazıntı, tikinti- quraşdırma işləri aparılmadığını, eləcə də iş materiallarında olan məlumatlara əsasən həmin ərazidə xx.xx.2021-ci il tarixdə zəlzələ baş verdiyini, fərdi yaşayış evinin 1983-cü il tarixində inşa olunduğunu nəzərə alaraq, İddiaçı məxsus yaşayış evində əmələ gəlmiş qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı məxsus Ağsu rayonu Cəfərli kəndində yerləşən fərdi yaşayış evinə dəymiş ziyan əlaqədar həmin evin sökülərək yenidən inşa olunması üçün tələb olunan xərclərin ümumi dəyəri təqribən 52072 manat (113,2 x 460) məbləğində müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2024-cü il, 2(006)-369/2024 nömrəli qətnaməsi ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923; “İcbari Siğortalar haqqında” qanunun 17; Mülki Prosessual Məcəllənin 77, 119.1, 217.3, 385.1.1, 385.1.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində Şirkətə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixində Ağsu rayonu, Cəfərli kəndi ərazisində yerləşən ona məxsus fərdi yaşayış evi leysan yağışları nəticəsində yararsız hala düşmüşdür. Əmlak sığortası üzrə dəyən zərərə baxış keçirilməsi üçün Şirkətin qəza komissarı qeyd olunan ünvanda olmuşdur. İddiaçı sığorta hadisəsinin baş verməsini iddia etdiyi tarixdə həqiqətən leysan yağışlarının olub-olmamasını müəyyənləşdirmək üçün şirkət tərəfindən Ekologiya ve Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmetinə (bundan sonra - Xidmət) sorğu ilə müraciət edilmiş, Xidmetin Şirkətə ünvanlandığı 3-14-20/2-732/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktuba əlavə olunan arayışa əsasən xx.xx.2021-ci il tarixdə sözü gedən ərazidə yağış qeydə alınmamışdır. İddiaçı ödəniş ala bilmədiyini görərək, yenidən şirkətə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət etmiş və ona məxsus evə leysan yağışları nəticəsində deyil, zəlzələ nəticəsində zərər dəydiyini bildirmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı ziddiyyətli izahatlar vermişdir. Məhkəmə heç bir əsas olmadan iddiaçının sığorta şirkətinin təkidi ilə o formada izahatlar verdiyini qəbul etməsi absurddur. Mülki iş üzrə tərəflər iddia etdiyi halları sübut etməlidir. İddiaçı Şirkətin əməkdaşlarının təkidi ilə o formada izahat verdiyini, Şirkət isə bu halın reallığı əks etdirmədiyini bildirir. Nə üçün iddiaçının irəli sürdüyü fikir üstün tutulur və sübuta yetirilmədən əsas götürülür? Bu tərəflərin məhkəmə qarşısında bərabərliyi prinsipinin kobudcasına pozulmasıdır. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2021-ci il tarixində, yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələnin maqnitudası Rixter cədvəli üzrə M1=5.1, dərinliyi h=41 km olmuşdur. Zəlzələ Ağsu rayonu Cəfərli kəndi ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 4 bala yaxın hiss olunmuşdur. Bu zəlzələdən 2 dəqiqə sonra, yerli vaxtla saat 16:48-də Şamaxı ərazisində ikinci zəlzələ qeydə alınmışdır. Zəlzələnin maqnitudası Rixter cədvəli üzrə M1=4.4, dərinliyi isə h=43 km olmuşdur. Zəlzələ Ağsu rayonu Cəfərli kəndi ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 3 bala yaxın hiss olunmuşdur. Tikili təzədirsə, mövcud tikinti normalarına uyğun inşa olunmuşsa və qeyd olunmuş zəlzələlərdən əvvəl müəyyən təsirlərdən zədəli olmamışsa, bu intensivlikli zəlzələlər zamanı onlarda zədələr - çatlar əmələ gəlmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/226 saylı rəyindən görünür ki, İddiaçı məxsus Ağsu rayonu Cəfərli kəndində yerləşən fərdi yaşayış evinə ziyan dəydiyi, o cümlədən yaşayış evinin daxili və xarici divarlarında şaquli və üfüqi istiqamətlərdə ikitərəfli keçici çatlar əmələ gəldiyi, kürsü divarlarının çatladığı, döşəmənin bəzi yerlərdə aşağı doğru çökdüyü, divarların birləşmə yerlərinin, eləcə də divarların tavana və döşəməyə birləşmə yerlərinin aralandığı, pəncərə və qapı boşluqlarının kənarlarında çatlar əmələ gəldiyi, boya qatının üzərində ləkələr və nəmlik əlamətləri yarandığı müəyyən edilmişdir. Qeyd olunur ki, hər hansı tikili (yaşayış evləri, mənzillər, qeyri-yaşayış sahələri və s.) üzrə yaranmış qüsurların konkret olaraq nə vaxt əmələ gəlməsinin müəyyən olunmasına dair metodika olmadığından, tədqiq olunan yaşayış evinə dəymiş ziyanın konkret olaraq hansı tarixdə əmələ gəldiyini müəyyən etmək mümkün deyildir. Lakin yuxarıda göstərilən əlamətlər nəzərə alınmaqla tədqiq olunan yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə zədələrin, o cümlədən divarlarda yaranan çatların, tavan və divarların, divar və döşəmənin birləşmə yerlərindəki aralanmaların, pəncərə və s. əmələ gəlməsi, hər hansı təsir zamanı yaranan silkələnmələrdən, yəni torpaq sürüşməsi, zəlzələ və eləcə də söküntü, qazıntı, tikintiquraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gələ bilər. Göründüyü kimi həmin ərəfədə baş vermiş zəlzələnin gücü iddiaçının qeyd etdiyi dağıntıları törətməyə qadir deyildir. Döşəmənin çökməsi, nəmlik və s. ümumiyyətlə zəlzələ nəticəsində yaranmır. Ekspert rəyində qeyd etmişdir ki, zədələrin hansı tarixdə yaranmasını müəyyən edilməsi mümkün deyildir. İddiaçı özü də konkret bildirə bilməmişdir. "İcbari Sığortalar" haqqında AR Qanununun (bundan sonra - Qanun) 17.1.4-cü maddəsinə əsasən sığorta ödənişinin verilməsi tələb olunan sənədlər qismində sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (o cümlədən elektron formada) qeyd olunmuşdur. Lakin iddiaçıya məxsus evə zəlzələ və ya leysan yağışları nəticəsində zərər dəyməsini təsdiqləyən hər-hansı bir sənəd mövcud deyildir. Əlavə olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Qeyd olunan öhdəlik iddiaçı tərəfindən həyata keçirilmədiyi üçün qanunvericiliklə müəyyən olunmuş sığortaçının hadisəni araşdırmaq hüququ məhdudlaşdırılmışdır. Odur ki, məhkəmə işin hallarını tam və obyektiv araşdırmamış və Şirkətin mənafelərinə toxunan qanunazidd və əsassız qətnamə çıxarmışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı müəyyən edilən hallar:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə etmiş, cavabdehlə aralarında 2021-ci ildə siğorta müqaviləsinin bağlandığını, 2021-ci ilin payız ayında zəlzələ baş verdiyini, zəlzələ nəticəsində evinə zərər dəydiyini, cavabdehin nümayəndələrinin evinə baxış keçirdiyini və ona sığorta ödənişi almaq üçün Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etməsini və müraciətdə fərdi evə zəlzələ nəticəsində deyil, güclü leysan yağışı nəticəsində ziyan dəydiyini göstərməsinin təklif olunduğunu, cavabdehin təkidi ilə həmin ərizəni yazdığını, cavabdeh tərəfin onu aldatdığını, evində zəlzələ nəticəsində zədələrin-çatların yarandığını, yararsız hala düşdüyünü qeyd etmiş, cavabdeh tərəfin əvvəldən siğorta ödənişi etmək fikrinin olmadığını bildirmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixində Şirkətə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixində Ağsu rayonu, Cəfərli kəndi ərazisində yerləşən ona məxsus fərdi yaşayış evi leysan yağışları nəticəsində yararsız hala düşmüşdür. Əmlak sığortası üzrə dəyən zərərə baxış keçirilməsi üçün Şirkətin qəza komissarı qeyd olunan ünvanda olmuşdur. İddiaçı sığorta hadisəsinin baş verməsini iddia etdiyi tarixdə həqiqətən leysan yağışlarının olub-olmamasını müəyyənləşdirmək üçün Şirkət tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə sorğu ilə müraciət edilmiş, Xidmətin Şirkətə ünvanlandığı 3-14-20/2-732/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktuba əlavə olunan arayışa əsasən xx.xx.2021-ci il tarixdə sözügedən ərazidə yağıntı qeydə alınmamışdır, iddiaçı yenidən Şirkətə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət etmiş və ona məxsus evə leysan yağışları nəticəsində deyil, zəlzələ nəticəsində zərər dəydiyini bildirmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. 905. Sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər. 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 925.6. Əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

9. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən : 4.1. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. 4.3. Bu Qanunun məqsədləri üçün qəza vəziyyətində və ya istismara yararsız vəziyyətdə olan hər hansı əmlakla (bina, tikili, avtonəqliyyat vasitəsi, cihaz, qurğu, avadanlıq və s.) bağlı əmlak mənafelərinin sığortalanması qadağandır. 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 16.3. Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. 16.4. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. 21.1. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: 21.1.1. hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; 21.1.2. sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; 21.1.3. sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; 21.1.4. sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; 21.1.5. bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda. 24.2. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 36.1.8. Təbii fəlakət sayılan – zəlzələ, leysan və yer sürüşməsi sığorta hadisəsi hesab edilir. 36.3. Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər; 36.3.2. sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi; 36.3.3. hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması; 36.3.4. qrunt sularının səviyyəsinin dəyişməsi; 36.3.5. suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

11. Məhkəmə kollegiyası yuxarıda göstərilən və işin müəyyən edilən hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçıya məxsus evin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş zəlzələ nəticəsində yaşayış üçün yararsız hala düşməsi təsdiq edilir, hadisə nəticəsində sığorta predmetinə ziyan dəymişdir və bu ziyan ödənilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Siğorta hadisəsi üzrə ödənişin verilməsindən imtina üçün qanunla müəyyən edilmiş hallar cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayəti yoxlanılan hissədə əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.

12. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh LPO Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 369/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar