Məhkəmə qərarları › İş №2(103)-575/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-575/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-575/2025 24.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2053/2024 nömrəli 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan RPA********** olan BA seriyalı 648444 saylı “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi xx.xx.2016-ci il tarixdə qüvvəyə minməklə, xx.xx.2017-ci il tarixdə qüvvədən düşmüşdür.

2. İş materiallarında olan RPA********** olan BA seriyalı 763480 saylı “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi xx.xx.2017-ci il tarixdə qüvvəyə minməklə, xx.xx.2018-ci il tarixdə qüvvədən düşmüşdür.

3. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2215/2023 saylı qərarı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)-147/2023 nömrəli tarixli qətnaməsi qismən, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə dəymiş ziyanın əvəzi olaraq 119.956,25 manat tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçı X3 iddiasının qismən təmin edilərək, ”Paşa Sığorta” ASC-dən İddiaçı xeyrinə 24.750 manat sığorta ödənişinin tutulması, iddianın cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbinin rədd edilməsi, qətnamənin 2000 manat mənəvi ziyanın və 3000 manat əlavə xərclərin tutulması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış müraciət ilə əlaqədar cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 2215/2023 saylı qərarı ilə qərara alınan ”Paşa Sığorta” ASC-dən İddiaçı xeyrinə 24.750 manat sığorta ödənişinin tutulması, iddianın cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbinin rədd edilməsi, qətnamənin 2000 manat mənəvi ziyanın və 3000 manat əlavə xərclərin tutulması hissəsi ”Paşa Sığorta” ASC tərəfindən tam icra olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 20 iyul 2017-ci il tarixli İ-Pİ-0109/17 saylı könüllü sığorta müqaviləsinə əsasən baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərə görə 116,548.00 (bir yüz on altı min beş yüz qırx səkkiz) manat məbləğində sığorta ödənişinin, icbari sığorta müqaviləsi üzrə hesablanmış sığorta ödənişinin gecikdirilməsinə görə hesablanmış 60,000.00 (altmış min) manat məbləğində dəbbə pulunun, iddiaçı tərəfindən ödənilmiş 457.00 (dörd yüz əlli yeddi) manat məbləğində dövlət rüsumunun "xxxx" ASCdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 20 iyul 2016-cı il tarixində cavabdeh "xxxx" ASC və İddiaçı arasında 1 (bir) il müddətinə BA 648444 saylı Daşınmaz əmlakın icbari sığorta müqaviləsi bağlanmışdır. Bu Müqavilə üzrə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən əmlak cavabdeh tərəfindən sığortalanmışdır. 2017-ci ilin iyul ayında sığorta müqaviləsinin müddətinin bitməsi səbəbindən tərəflər arasında həmin ev ilə bağlı həm könüllü, həm də icbari sığorta müqavilələri bağlanmışdır. İ-Pİ-0109/17 saylı əmlak sığortası şəhadətnaməsinə əsasən adıçəkilən əmlak xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək 125,000.00 manat məbləğində sığortalanmışdır. 2017-ci ilin aprel ayında sığortalanmış əmlakda çatlar yaranmağa başlamışdır. FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən, fərdi yaşayış evində yaranmış çatlar xx.xx.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/03-3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bunun da nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözügedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşmüşdür. Fərdi yaşayış evinin texniki vəziyyəti qəzalıdır. Sığorta ödənişinin edilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh, ilk olaraq sığorta ödənişinin edilməsindən imtina etmiş, sonradan isə əmlaka dəyən zərərin 6,260.00 manat olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2215/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)-147/2023 nömrəli tarixli qətnaməsi qismən, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə dəymiş ziyanın əvəzi olaraq 119.956,25 manat tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı iddiası qismən təmin edilərək, ”Paşa Sığorta” ASC-dən İddiaçı xeyrinə 24.750 manat sığorta ödənişi tutulması, iddianın cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbi rədd edilmişdir. Həmin qərarın 92-ci bəndində məhkəmə qeyd edir ki, “eyni zamanda iddiaçının əmlakına münasibətdə sığorta hadisəsinin baş verməsi işdə mübahisə olunmur. Bununla belə, 2017-ci ilin əvvəlində su xəttində baş verən qəzaya görə iddiaçının evində çatların əmələ gəlməsi, habelə həmin ilin avqust ayından sonra çatların genişlənərək evin qəzalı vəziyyətə düşməsi haqqında işdə məlumatlar var”. Sığorta ödənişinin vaxtında edilməməsi nəticəsində sığorta olunmuş əmlakda könüllü sığorta müqaviləsi qüvvədə olduğu dövrdə ikinci sığorta hadisəsi baş vermiş və bunun nəticəsində əmlak qəzalı vəziyyətə düşmüşdür. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma mərkəzinə müraciət edərək evə dəymiş zərərin qiymətləndirilməsini xahiş etmiş, mərkəz öz rəyində çatların böyüməsi nəticəsində evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar dəymiş zərərin artaraq 141,548.38 manat məbləgində olduğunu qeyd etmişdir. Qeyd olunan məbləğdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2215/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdeh tərəfindən ödənilmiş 25,000.00 manat çıxıldıqdan sonra, vurulmuş zərərə görə 116,548.00 (bir yüz on altı min beş yüz qırx səkkiz) manat məbləğində ödənilməmiş sığorta məbləği qalır. Adıçəkilən qərarın 101-ci bəndinə əsasən, sığortaçı sığorta ödənişini (pul öhdəliyini) vaxtında icra etmədiyinə görə “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən həmin ödənişi bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. İş materiallarına əsasən cavabdeh sığorta ödənişini 2017-ci ilin iyun ayında etməli idi. Buna baxmayaraq, sığorta məbləği "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı bank hesabına köçürülmüşdür. Göründüyü kimi, cavabdeh tərəfindən sığorta ödənişi 2400 gündən artıq müddətə gecikdirilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə aldıqda, cavabdeh sığorta ödənişini iddiaçıya vaxtında etmədiyindən, ümumilikdə 60,000.00 (altmış min) manat məbləğində dəbbə pulu hesablanmışdır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2053/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddianın təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 898.1, 898.2, 922.1, 922.2, 926.1, 926.2, 927.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Mülki Məcəllənin 934-cü maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İSH” Qanunun 18-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İddia ərizəsindən də göründüyü kimi, tələbin bir hissəsi sığorta ödənişinin vaxtında həyata keçirilməməsi ilə bağlı hesablanmış dəbbə pulunun ödənilməsi olmuşdur. Belə ki, iş materiallarına əsasən cavabdeh sığorta ödənişini 2017-ci ilin iyun ayında etməli idi. Buna baxmayaraq, sığorta məbləği "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı bank hesabına köçürülmüşdür. Göründüyü kimi, cavabdeh tərəfindən sığorta ödənişi 2400 gündən artıq müddətə gecikdirilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə aldıqda, cavabdeh sığorta ödənişini iddiaçıya vaxtında etmədiyindən, ümumilikdə 60,000.00 (altmış min) manat məbləğində dəbbə pulu hesablanmışdır. İddia tələbinin bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, ““İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsində sığorta ödənişinin məhz sığortaçı tərəfindən gecikdirilməsindən söhbət gedir. Nəzərə alınsa ki, zərərin miqdarı barədə tərəflər arasında mübahisə mövcud olmuşdur, bu belə olduğu təqdirdə sığortaçı tərəfindən sığorta ödənişinin gecikdirilməsi halının olması kimi qiymətləndirilə bilməz. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiası bu hissədə də tamamilə əsassızdır.” “İSH” qanunun 16-cı maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Sığorta ödənişinin edilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh, ilk olaraq sığorta ödənişinin edilməsindən imtina etmiş, sonradan isə əmlaka dəyən zərərin 6,260.00 manat olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2215/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə sığorta ödənişi olaraq iddiaçıya ödənilməli olan məbləğin 24,750.00 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh qanunvericiliyimiz ilə üzərinə qoyulmuş öhdəlikləri vaxtında yerinə yetirməmiş, bunun nəticəsində iddiaçıya əlavə zərər dəymişdir. Bu isə, öz növbəsində, hüquqdan sui-istifadə deməkdir. Məhkəmə isə bu əsaslandırması ilə cavabdehin bu hərəkətlərini (sui-istifadə) haqlı hesab etmişdir. Belə çıxır ki, sığorta ödənişi ilə bağlı istənilən mübahisədə sığorta təşkilatı zərər çəkmiş şəxsə sığorta ödənişinin edilməsindən imtina edəcək və ya vurulmuş real zərər məbləğindən xeyli aşağı məbləğ təklif edəcək, zərər çəkmiş şəxs, normal olaraq bu məbləğ ilə razı olmayacaq və iş məhkəmə müstəvisində bir neçə il ərzində araşdırılacaqdır. Bu hal isə “İSH” qanunun 3-cü maddəsində öz əksini tapan prinsiplərə tamamilə ziddir (sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı; sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması; sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı; çoxqat maliyyə təminatı mexanizmi vasitəsilə sığorta əməliyyatlarında maliyyə sabitliyinin təmin edilməsi). Mülki Məcəllənin 16 və 560-cı maddələrinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd etmək lazımdır ki, 2017-ci ilin aprel ayında sığortalanmış əmlakda çatlar yaranmağa başlamışdır. FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən, fərdi yaşayış evində yaranmış çatlar xx.xx.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/03- 3/1/10034 saylıməktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bunun da nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşmüşdür. Fərdi yaşayış evinin texniki vəziyyəti qəzalıdır. Sığorta ödənişinin edilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh, ilk olaraq sığorta ödənişinin edilməsindən imtina etmiş, sonradan isə əmlaka dəyən zərərin 6,260.00 manat olaraq müəyyən etmişdir. Sığorta ödənişinin vaxtında edilməməsi nəticəsində sığorta olunmuş əmlakda könüllü sığorta müqaviləsi qüvvədə olduğu dövrdə ikinci sığorta hadisəsi baş vermiş və bunun nəticəsində əmlak qəzalı vəziyyətə düşmüşdür. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma mərkəzinə müraciət edərək evə dəymiş zərərin qiymətləndirilməsini xahiş etmiş, mərkəz öz rəyində çatların böyüməsi nəticəsində evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar dəymiş zərərin artaraq 141,548.38 manat məbləgində olduğunu qeyd etmişdir. Qeyd olunan məbləğdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2215/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdeh tərəfindən ödənilmiş 25,000.00 manat çıxıldıqdan sonra, vurulmuş zərərə görə 116,548.00 (bir yüz on altımin beş yüz qırx səkkiz) manat məbləğində ödənilməmiş sığorta məbləği qalır. İddia tələbinin bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qərarı hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməsə də, həmin qərarla müəyyən edilmiş hallar hazırki iddiaya hüquqi qiymət verilməsi zamanı nəzərə alınmalıdır. Halbuki, işin materiallarından və qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2215/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli Qərarının 98-ci paraqrafında da görünür ki, xx.xx.2017-ci il tarixli hadisə nəticəsində evin qəzalı vəziyyətə düşməsinin sığorta təminatının müddəti “xx.xx.2017 00:00 - xx.xx.2018 23:59” olan İ-Pİ-0109/17 saylı “Əmlak Sığortası” şəhadətnaməsi ilə heç bir bağlılığı yoxdur. Belə ki, “əmlakın qəzalı vəziyyətə düşməsi” sığorta hadisəsi deyil, sığorta hadisəsinin nəticəsidir. Məhkəmə hesab edir ki, kassasiya instansiyası məhkəməsi qeyd etdiyi kimi artıq sığorta ödənişindən deyil, əmlaka vurulmuş zərərin ödənilməsindən söhbət gedə bilər. Başqa sözlə, işin araşdırılmış halları onu deməyə tam əsas verir ki, dəymiş ziyan su təchizat xəttində baş vermiş qəzadan sonra yarandığından iddia tələbi "xxxx" ASC-yə qarşı verilməməlidir. Bu məsələ ilə bağlı bildiririk ki, iddiaçıya dəymiş ziyanın su təchizat xəttində baş verməsi işin mübahisəsiz halıdır. Məhkəmənin bu mövqeyi ancaq bu halda əsaslı ola bilərdi: hazırkı mübahisə üzrə bir sığorta hadisəsi baş vermişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərər həmin an üçün "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli aktına uyğun olaraq 31,100.00 manat olmuşdur. Bu zərərdən 25,000.00 manat icbarı sığorta müqaviləsi üzrə cavabdeh tərəfindən vaxtında ödənilsə idi (yekunda Ali Məhkəmənin qərarına əsasən qeyd olunan məbləğin cavabdeh tərəfindən tam şəkildə ödənilməsi qərara alınmışdır), iddiaçı yerdə qalan məbləği ona faktiki olaraq zərərvuran şəxsdən tələb etməli idi. Lakin, iş materiallarından da görünür ki, 2017-ci ilin aprel ayında iddiaçı cavabdehə sığorta hadisəsi barədə məlumat vermiş, sığorta olunan daşınmaz əmlak həmin ilin dekabr ayında (sığorta hadisəsində 8 ay sonra) qəzalı vəziyyətə düşmüş və iddiaçıya dəymiş zərərin həcmi artmışdır. Ötən 8 ay ərzində iddiaçıya həmin dövr üçün dəymiş zərərdən (31,100.00) ən azı 25,000.00 manatı cavabdeh tərəfindən ödənmiş olsa idi, sonradan iddiaçıya dəymiş zərərin həcmi artmazdı.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

15. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür

17. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

18. 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər.

19. 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.

20. 922.1-ci madəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

21. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

22. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

23. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

24. 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

25. 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun

26. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir.

27. 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

28. 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.

29. 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

30. 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2053/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

44. İşin araşdırılmış hallarına əsasən, tərəflər arasında iki dəfə - 20 iyul 2016-cı ildən 19 iyul 2017-ci ilədək və 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən daşınmaz əmlakın icbari sığorta müqavilələri bağlanmışdır. Müqavilələrdə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat göstərilmişdir. Görünür ki, iddiaçının əmlakına ziyan dəyməsinə baxmayaraq, bu ziyan su təchizat xəttində baş vermiş qəzadan sonra yaranmışdır. İddiaçının əmlakına münasibətdə sığorta hadisəsinin baş verməsi mübahisə olunmur və bu hal əvvəlki mübahisə üzrə qəbul edilmiş kassasiya instansiyası məhkəməsinin yekun qərarında öz əksini tapmışdır.

45. İşin halları ilə müəyyən edilmişdir ki, FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən, fərdi yaşayış evində yaranmış çatlar xx.xx.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində məlumat "xxxx" ASC-nin 07/03-3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bunun da nəticəsində bünövrədə qeyribərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşmüşdür.

46. Qeyd edilən qərardan görünür ki, iddiaçı əvvəlki mülki iş üzrə tələbində "xxxx"ASC-dən sığorta ödənişinə görə 25.000 manat, əmlaka dəymiş əlavə zərər görə isə 116.548 manat pul tələb etmişdir.

47. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası qərarında göstərmişdir ki, cavabdeh iddiaçı qarşısında icbari sığorta müqaviləsində göstərilən həddə məsuliyyət daşımalı olduğundan iddiaçının tələbi yalnız həmin hissədə təmin edilə bilər. Bu zaman icbari sığorta müqaviləsində göstərilən 250 manat azadolma məbləği çıxılmaqla, cavabdehdən 24750 manat sığorta ödənişi tutulmalıdır.

48. Belə ki, cavabdeh tərəfindən sığorta ödənişi vaxtında edilmədiyinə, qəzanın nəticələri vaxtında aradan qaldırılmadan mövcud vəziyyətdə tərəflər arasında 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən, daşınmaz əmlakın yeni icbari sığorta müqaviləsinin bağlanması, əvvəlki sığorta dövrünə təsadüf edən qəza nəticəsində evdə çatlar əmələ gəldikdən sonra bərpa gücləndirmə işləri aparılmadığından, sözügedən evin qəzalı vəziyyətə düşməsinin ikinci sığorta hadisəsi olması barədə apelyasiya məhkəməsinin gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, “evin qəzalı vəziyyətə düşməsi” ikinci sığorta hadisəsi deyil, baş vermiş sığorta hadisəsinin nəticəsidir.

49. Həmçinin kassasiya instansiyası məhkəməsinin yekun qərarında qeyd edilir ki, ödənilməli olan sığorta ödənişinin vaxtında ödənilməməsinə görə vurulmuş zərərlə, baş vermiş sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərər fərqli anlayışlardır. Sığortaçı sığorta ödənişini (pul öhdəliyini) vaxtında icra etmədiyinə görə “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən həmin ödənişi bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Həmçinin Mülki Məcəllə ilə pul öhdəliklərinin icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin heç bir halda bu zərər əmlaka sığorta hadisəsi nəticəsində vurulmuş real zərərin tam olaraq sığortaçıdan tutulması ilə nəticələnə bilməz. Çünki əmlaka dəyən zərərin tam ödənilməsinə sığortaçı deyil, zərərvuran şəxs məsuliyyət daşıyır. Buna görə də, əmlaka dəyən əlavə zərər görə 116.548 manat pul tələbi hissəsində iddia rədd edilməlidir.

50. Kollegiya hesab edir ki, qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmiş hallar hazırki tələbə hüquqi qiymət verilməsi zamanı nəzərə alınmalıdır.

51. İddiaçı hazırki tələbində kassasiya instansiyası məhkəməsinin qeyd edilən qərarına istinad edərək "xxxx" ASC-dən zərərvuran kimi sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərə görə 116,548.00 (bir yüz on altı min beş yüz qırx səkkiz) manat məbləğində sığorta ödənişinin tutulmasını yenidən "xxxx" ASC-dən tələb etmiş və tələbinin əsası kimi xx.xx.2017-ci il tarixli hadisəni İ-Pİ-0109/17 saylı “Əmlak Sığortası” şəhadətnaməsinin təsir dairəsinə də aid etməklə “əmlakın qəzalı vəziyyətə düşməsi" kimi ikinci sığorta hadisəsinin baş verdiyini iddia edir. Halbuki, işin materiallarından və qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2215/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli Qərarının 98-ci paraqrafında da görünür ki, xx.xx.2017-ci il tarixli hadisə nəticəsində evin qəzalı vəziyyətə düşməsinin sığorta təminatının müddəti “xx.xx.2017 00:00 - xx.xx.2018 23:59” olan İ-Pİ- 0109/17 saylı “Əmlak Sığortası” şəhadətnaməsi ilə heç bir bağlılığı yoxdur. Belə ki, “əmlakın qəzalı vəziyyətə düşməsi” sığorta hadisəsi deyil, sığorta hadisəsinin nəticəsidir.

52. Məhkəmə haqlı olaraq hesab edir ki, kassasiya instansiyası məhkəməsi qeyd etdiyi kimi artıq sığorta ödənişindən deyil, əmlaka vurulmuş zərərin ödənilməsindən söhbət gedə bilər. Belə ki, yekun qərar olaraq əmlaka dəyən əlavə zərərə görə 116.548 manat pul tələbi hissəsində iddia rədd edilmişdir.

53. Başqa sözlə, işin araşdırılmış halları onu deməyə tam əsas verir ki, dəymiş ziyan su təchizat xəttində baş vermiş qəzadan sonra yarandığından iddia tələbi "xxxx" ASC-yə qarşı verilməməlidir.

54. İddiaçı tərəfindən apellyasiya şikayətində istinad etdiyi hallara (sığorta hadisəsi nəticəsində əmlakına dəymiş ziyan) dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. Eyni zamanda, iddiaçı 60,000.00 manat məbləğində dəbbə pulu tələbinin əsası kimi cavabdehin sığorta ödənişini 2017-ci ilin iyun ayında etməli olduğunu, buna baxmayaraq, xx.xx.2023-cü il tarixində onun bank hesabına köçürüldüyünü, sığorta ödənişinin 2400 gündən artıq müddətə gecikdirildiyinə istinad edir.

58. Kollegiya qeyd edir ki, “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsində sığorta ödənişinin məhz sığortaçı tərəfindən gecikdirilməsindən söhbət gedir. Nəzərə alınsa ki, zərərin miqdarı barədə tərəflər arasında mübahisə mövcud olmuşdur, bu belə olduğu təqdirdə sığortaçı tərəfindən sığorta ödənişinin gecikdirilməsi halının olması kimi qiymətləndirilə bilməz.

59. Həmçinin iş materiallarından görünür ki, iddiaçı əvvəlki iş üzrə sığorta ödənişi ilə yanaşı əmlaka dəymiş əlavə zərərə görə və digər xərclərə görə məbləğlərin ödənilməsini məhkəmə qaydasında tələb etmiş, 2018-ci ildən başlayan məhkəmə mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə yekunlaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2215/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli Qərarında iddiaçının əmlaka dəymiş əlavə zərərə görə müvafiq məbləği tələb etməsinin əsassız olduğu, iddia olunan 154.579 manat məbləğdən cəmi 29.750 manat məbləğin ödənilməli olması təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiası bu hissədə də tamamilə əsassızdır.

60. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

62. Kollegiya apellyasiya şikayəti ilə bağlı hesab edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayəti formal mülahizələrdən ibarətdir. İddiaçı lazımi sübutları məhkəməyə təqdim etməmişdir.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

64. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2053/2024 nömrəli 17 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar