Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5753/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: (“məcburi pay hüququndan məhrum edilmə”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məcburi pay hüququndan məhrum edilmə” barədə tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2764/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh onun miras əmlakından məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh iddiaçının oğludur. Onun 69 yaşı var, səhhətində ciddi problemlər var. Oğlu Cavabdeh ona heç bir köməklik etmir. Cavabdeh mütəmadi olaraq onu təhqir edir, hətta onu vurur. Bununla əlaqədar olaraq dəfələrlə polis orqanlarına da müraciət etmişdir.
2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2764/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikasının Konstitusiyasının 60, 127; Mülki Məcəlləsinin 15.2, 16.1, 1159.1, 1159.1.1, 1137, 1139, 1203.1, 1203.2, 1203.3; Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 88, 89.1, 89.3, 107, 119.1, 217.3, 218.3-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edilmişdir ki, hər hansı şəxsin mirasdan məhrum edilməsi üçün şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: birincisi, fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması; ikincisi, fiziki şəxsin vəsiyyət edənin və ya miras qoyanın vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi. Göstərilən hallardan biri olduqda və həmin hal məhkəmə qaydasında təsdiqləndikdə, hüquq pozuntusu törədən şəxs ləyaqətsiz vərəsə kimi və ya vərəsə almaq hüququndan məhrum edilərək nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilmir, vərəsəlik hüququndan məhrum edilir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə isə iddiaçı cavabdehin vərəsəlik hüququndan məhrum edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş əsaslarla bağlı sübut təqdim etməmiş, həmin əsaslar məhkəmə araşdırması zamanı işə mahiyyəti üzrə sübutları qiymətləndirməklə baxan məhkəmə tərəfindən müəyyən edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları qeyd edilən maddi hüquq normasını dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini istisna etdiyi üçün iddia rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə, qanunvericilik normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas hissədə əsassızdır və təmin edilməməlidir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında №7882255 saylı, xx.xx.2025-ci il tarixli arayışa əsasən İddiaçı və Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar; - Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 89 saylı MKİS tətəfindən verilmiş arayışa əsasən Qurbanov X2 41 saylı evin 159 saylı mənzilində qeydiyyatdadır. Qonşular tərəfindən tərtib edilmiş arayışa əsasən uzun müddətdir ki, göstərilən ünvanda yaşamır; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaş Vəziyyəti Aktlarının Arxivinin məktubuna əsasən "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X4 (xx.xx.1980-ci ildə vəfat etmişdir) ilə X3 olan xx.xx.1956-cı il təvəllüdlü İddiaçı doğumunun Gədəbəy rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. İddiaçı ilə Qurbanova (Məmmədova) Ərkinaz Əhəd qızının xx.xx.1978-ci ildə Gəncə şəhər qeydiyyat şöbəsində rəsmiləşdirilmiş nikahının pozulması xx.xx.1988-ci ildə həmin şöbədə qeydə alınmışdır. Bu nikahdan onların xx.xx.1979-cu il təvəllüdlü Kəmalə Qurbanova (xx.xx.2021-ci ildə vəfat etmişdir), xx.xx.1981 -ci il təvəllüdlü Vüsalə Qurbanova və xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh adlı övladları doğulmuşdur; - Xətai RPİ-nin 34-cü PŞ-nin sahə rəisi, polis baş leytenantı Tural Həbibullayevin arayışına əsasən xx.xx.2022-ci il tarixdə saat 15:12 radələrində DİN-in 102, Xidməti - Zəng mərkəzinə verilmiş ********* saylı məlumatda vət. Cavabdeh DİN-nin 102 Xidməti - Zəng mərkəzinə" zəng edərək, ünvan 3 ünvanında münaqişə olması barədə məlumat vermişdir. Bununla yanaşı, vətəndaş Cavabdeh Xətai RPİ-nin 34-cü PŞ-nə ərizə ilə müraciət edərək, 2022-ci ilin mart ayının əvvələrindən atası İddiaçı ilə aralarında münaqişə olmasını, və İddiaçı arvadı haqqında nalayiq sözlər danışmasını bildirmişdir. İddiaçı izahatının alınması məqsədilə Xətai RPİ-nin 34cü PŞ-nə dəvət olunmuşdur. O, izahatında yazaraq oğlu Cavabdeh qarşı hər hansı hörmətsizliyi etmədiyini, "Zirvə” kafesini övladı üçün özü tikdiyini və sənədlərin hal-hazırda özündə olmadığını bildirərək bir valideyn kimi bütün öhdəlikləri yerinə yetirdiyini izahatında qeyd etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 2764/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203; Mülki Prosessual Məcəllənin 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1203-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. İndiki halda cavabdeh yaşlı və səhhətində ciddi problemlər olan atasına qayğı göstərmək əvəzinə, onu mütəmadi olaraq təhqir edir, vurur, atasının şərəf və ləyaqətini alçaldan hərəkətlər edir. Məhkəmə qeyd etdiyi halların heç birini nəzərə almadan əsassız və qanunsuz olaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Təəssüf ki, məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir.
5. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, şikayət iddia ərizəsində yazılanların təkrarı olmaqla, işə baxmış birinci instansiya məhkəməsinin qətnamə çıxaran zaman hansı maddi və ya prossesual hüquq normasını pozması və ya düzgün tətbiq etməməsi hissəsində əsaslandırılmayıb. Apellyatorun şikayətdə qeyd etdiyi AR MM-nin 1203-cü maddəsi sadəcə iddiaçının belə bir tələblə məhkəməyə müraciət etmək kimi hüququnun olmasını ehtiva edir, lakin heç bir halda bu tələbin sadəcə iddiaçının istəyi ilə təmin edilməli olması anlamına gəlmir. İddiaçı bilməlidir ki, istinad etdiyi hallara əsasən, Mülki Məcəllənin 1137-ci maddəsinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. İddiaçının dedikləri nə həqiqətə uyğun deyil, nə də məhkəmə tərəfindən təsdiq edilmir. İddiaçının oğlu barəsində dedikləri həqiqəti əks etdirmir, nə də ki bu barədə polisdə araşdırmalar yoxdur. Cavabdeh nəinki atasına heç bir zaman əl qaldırmayıb, hətta onunla sözləşməkdən belə çəkinib. Məhkəmə tərəfindən verilən sorğuya polisdən daxil olan materiallardan da görünür ki, iddiaçı deyil, tərsinə cavabdeh onun barəsində qanunsuz davranışa görə polisə şikayət edib və orada iddiaçının özünün veriyi izahatda oğluna qarşı hörmətsizlik etmədiyini bildirir. Əgər oğlu ona qarşı onun dediyi kimi (əl qaldırma, təhqir etmə, söymə və s) qanunsuz hərəkət etmiş olsaydı, iddiaçı polisdə bunu bildirərdi. O isə öz hərəkətlərinə müdafiə xarakterli izahatlar verib. İddiaçı tərəfin vəkilnin hər dəfə bu barədə materiallar var deməsi isə sadəcə vaxt uzatmağa xidmət edir. İddiaçı necə köməksiz vəziyyətdədir ki, necə səhhəti imkan vermir ki, sap-sağlamdır. Bütün məhkəmə iclaslarına gəlir, məhkəmədə verdiyi ifadələrdə özünün milyonlarla sərvətinin olduğunu bildirir. İddiaçı tək yaşamır, qeyri - rəsmi nikah münasibətlərindədir və mülkiyyətində olan qeyri-yaşayış sahələrindən hər ay yüksək məbləğlərdə aylıq icarə haqqıları alır. Bunları məhkəmədə də etiraf etmişdir. İşə baxan məhkəmə düzgün hüquqi nəticəyə gəlmiş və qətnamədə iddiaçı tərəfə iddiasının təmin olunmama səbəbi aydın şəkildə izah edilmişdir. Məhkəmənin gəldiyi nəticə işin halları ilə uyğundur. Apellyasiya icraatında müəyyən edilən hallar:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, iddiaçının üç övladı var, biri hazırkı iş üzrə cavabdeh, digər iki qız övladlarından biri vəfat etmişdır, iddiaçının 69 yaşı var, səhhətində ciddi problemlər var, imkanlı şəxsdir, oğlunun adına keçirdiyi əmlakı satmışdır, iddiaçı cavabdehi məcburi pay hüququndan məhrum etmədən də əmlaklarını digər övladlarına və vərəslərinə bağışlama edə bilər, lakin cavabdeh atasına qayğı göstərmək əvəzinə, onu mütəmadi olaraq təhqir edir, vurur, atasının şərəf və ləyaqətini alçaldan hərəkətlər edir, məcburi pay hüququndan məhrum etmə iddiaçının hüquqdur, cavabdehə çatası miras əmlak da ona artıqlaması ilə verilib, hesab edir ki, birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 1137-ci maddəsinə istinad etməsi əsaslı deyildir, belə ki, ləyaqətsiz vərəsə və məcburi paydan məhrumetmə institutları ayrı-ayrı institutlardır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi Vəkil2 elektron kabinetlə məhkəməyə izahat təqdim etmiş və qeyd etmişdir ki, apellyasiya şikayətini qəbul etmir və aşağıdakı məqamlara görə şikayətin dəlillərini əsassız hesab edir: 1. Şikayət iddia ərizəsində yazılanların təkrarı olmaqla, işə baxmış birinci instansiya məhkəməsinin qətnamə çıxaran zaman hansı maddi və ya prossesual hüquq normasını pozması və ya düzgün tətbiq etməməsi hissəsində əsaslandırılmayıb. Apellyatorun şikayətdə qeyd etdiyi AR MM-nin 1203-cü maddəsi sadəcə iddiaçının belə bir tələblə məhkəməyə müraciət etmək kimi hüququnun olmasını ehtiva edir, lakin heç bir halda bu tələbin sadəcə iddiaçının istəyi ilə təmin edilməli olması anlamına gəlmir. İddiaçı bilməlidir ki, istinad etdiyi hallara əsasən, Mülki Məcəllənin 1137-ci maddəsinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. İddiaçının dedikləri nə həqiqətə uyğun deyil, nə də məhkəmə tərəfindən təsdiq edilmir. İddiaçının oğlu barəsində dedikləri həqiqəti əks etdirmir, nə də ki bu barədə polisdə araşdırmalar yoxdur. Cavabdeh nəinki atasına əl heç bir zaman əl qaldırmayıb, hətta onunla sözləşməkdən belə çəkinib. Məhkəmə tərəfindən verilən sorğuya polisdən daxil olan materiallardan da görünür ki, iddiaçı deyil, tərsinə cavabdeh onun barəsində qanunsuz davranışa görə polisə şikayət edib və orada iddiaçının özünün veriyi izahatda oğluna qarşı hörmətsizlik etmədiyini bildirir. Əgər oğlu ona qarşı onun dediyi kimi (əl qaldırma, təhqir etmə, söymə və s) qanunsuz hərəkət etmiş olsaydı, iddiaçı polisdə bunu bildirərdi. O isə öz hərəkətlərinə müdafiə xarakterli izahatlar verib. İddiaçı tərəfin vəkilnin hər dəfə bu barədə materiallar var deməsi isə sadəcə vaxt uzatmağa xidmət edir. İddiaçı necə köməksiz vəziyyətdədir ki, necə səhhəti imkan vermir ki, sapsağlamdır. Bütün məhkəmə iclaslarına gəlir, məhkəmədə vediyi ifadələrdə özünün milyonlarla sərvətinin olduğunu bildirir. İddiaçı tək yaşamır, qeyri-rəsmi nikah münasibətlərindədir və mülkiyyətində olan qeyri-yaşayış sahələrindən hər ay yüksək məbləğlərdə aylıq icarə haqqıları alır. Bunları məhkəmədə də etiraf etmişdir. İşə baxan məhkəmə düzgün hüquqi nəticəyə gəlmiş və qətnamədə iddiaçı tərəfə iddiasının təmin olunmama səbəbi aydın şəkildə izah edilmişdir. Məhkəmənin gəldiyi nəticə işin halları ilə uyğundur. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
11. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1138. Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. 1176.2. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. 1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki: Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarında qeyd edilmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində məhdud qaydada göstərilmişdir. Həmin maddəyə müvafiq olaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə hər bir şəxs vəsiyyətnamə əsasında öz vərəsələrini mirasdan məhrum edə bilər. Mülki Məcəllənin 1176-cı maddəsində müəyyən olunmuş qaydaya görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Qeyd edilməlidir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Qanunverici tərəfindən göstərilən norma ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi arasında tarazlığın yaranmasına xidmət edir.”
15. Həmin qərar və qanunvericiliyin təhlili mülkiyyətçiyə (miras qoyana) qarşı yanlış hərəkət etmiş şəxsi vərəsəlik hüququndan, o cümlədən məcburi paydan məhrum etmək hüququ mülkiyyətçinin sərəncam vermək hüququna müvafiq tətbiq edilməlidir.
16. Azərabaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin tələblərinə əsasən: İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
18. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz.
19. Beləliklə, birinci instansiya məhkəməsi qanunvericiliyin tətbiqində səhvə yol verərək ləyaqətsiz vərəsəyə aid maddi hüquq normasını birbaşa tətbiq etmişdir. Halbuki, ləyaqətsiz vərəsəlik miras qoyanın ölümündən sonra fərqli subyektiv tərkib dairəsində olan iddia tələblərinə aiddir. Hazırki mülki münasibətlərdə isə mülkiyyətçinin sağlığında öz mülkiyyəti üzərində sərbəst sərəncam verilməsindən irəli gələn hüquqlardır ki, bunların istisna edilməsi müstəsna hallarda baş verə bilər. Kollegiya belə halların baş verməsi ehtimallarını belə müəyyən etmir.
20. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
21. Kollegiya hesab edir ki, tələb olmadığından iş üzrə ödənilmiş dövlət rüsumu (məhkəmə xərcləri) onları ödəyən şəxsə aid edilməlidir.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 2764/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı "məcburi pay hüququndan məhrum edilmə" barədə iddiası təmin edilsin. Cavabdeh İddiaçı mirasında məcburi pay almaq hüququndan məhrum edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.