Məhkəmə qərarları › İş №2(103)-5755/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5755/2025

23.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5755/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 mülki iş üzrə (Açar sözlər: mirasda payın müəyyən edilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili X2, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “mirasdan payın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-754/2025 saylı 11 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi, İşin halları

1. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 629285 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Cavabdeh2 arasında 19 noyabr 2010-cu il tarixdə nikah bağlanmış və 1894 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir.

2. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 282710 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1996cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X10, anası isə X6.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 17 avqust 2012ci il tarixdə qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixində vəfat etmiş mərhum X3 miras qalan ünvan 2 ünvanında yerləşən mənzilin və Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC-dən mərhum X7 çatacaq pul vəsaitinin üzərində onun ½ hissədə payının müəyyən edilməsi və buna dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, mərhum mirasqoyan X10 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Mərhumun vəfat etdiyi tarixə onun birinci növbə 2 vərəsəsi: oğlu - İddiaçı və arvadı-Cavabdeh2 Bakı şəhəri 6 saylı Notariat Ofisinə müraciət etmiş, hər ikisi mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə ərizə təqdim etmişdirlər. Beləliklə, Bakı şəhəri 6 saylı Notariat Ofisində mərhum X4 ölümü ilə əlaqədar vərəsəlik işi açılmış, mərhumun oğlu və arvadı mirası qəbul etmişlər. Mirasın tərkibinə mənzil və pul vəsaiti daxildir. ünvan 2 ünvanında yerləşən mənzil mərhum mirasqoyan X7 məxsus olmuşdur. Mərhum mirasqoyan X10 ölüm tarixinə kimi Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC-də çalışmış və onun əmək haqqısı üzrə son haqq-hesab 3144.05 manat təşkil etmişdir. İddiaçı mirasın açıldığı 6 saylı Notariat Ofisinə yazılı şəkildə müraciət etmiş və ona mirasdan ½ hissədə vərəsəlik hüququ haqda şəhadətnamənin verilməsini tələb etmişdir. Lakin, notariat ofisindən ona yalnız ¼ hissədə vərəsəlik vərəsəlik şəhadətnaməsinin veriləcəyi bildirilmişdir. Belə ki, guya mənzil mərhum ilə cavabdehin birgə nikah dövründə əldə edilmiş və həmin əmlakda cavabdehin ½ hissədə payı mövcuddur. Halbuki, həmin mənzil tərəflərin birgə nikah dövründə deyil, ondan daha öncə əldə edilmiş və mərhumun anasının adına rəsmiləşdirilmişdir. Beləliklə, 6 saylı Notariat Ofisinin xx.xx.2024 tarixli 590 saylı məktubuna əsasən, iddiaçıya vərəsəlik haqda şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.

6. Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, Cavabdeh2 həyat yoldaşı X10 ilə 19 noyabr 2010-cu ildə nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuş, ər-arvad münasibətləri həyat yoldaşının vəfat etdiyi son günə, yəni 17 aprel 2024-cü ilə qədər davam etmişdir. Təxminən 14 il davam edən ailə həyatı dövründə birgə yaşayıb ümumi təsərrüfat aparmışlar. Mənzili daim abad vəziyyətdə saxlamış, kifayət qədər təmir işləri aparmışdır. Onun kommunal xərclərini müntəzəm olaraq cavabdeh ödəmişdir. İddiaçı heç zaman mənzilin təmir vəziyyəti və kommunal xərcləri barədə narahat olmamış, yalnız atasının vəfatından sonra burada mənzil olduğu yadına düşmüşdür. Hazırın naziri kimi mənzildən və mərhuma məxsus əmək haqqı üzrə son haqq-hesabdan pay qoparmaq iddiasındadır. Etiraz ərizəsinə əlavə edilən 27 nömrəli MKİS-in 29 oktyabr 2024-cü il tarixli, 633 nömrəli arayışdan da görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 36, məznil 46-da yaşamaqla mənzildən istifadə haqqını və məişət tullantılarına görə xərcləri daim cavabdeh özü ödəmişdir. Yəni ½ hissədə pay tələb etməyə iddiaçının mənəvi haqqı belə yoxdur. Digər tərəfdən 6 nömrəli Notariat Ofisinin ona verdiyi cavaba uyğun olaraq, mirasdan iddiaçıya əmlakın yalnız ¼ hissəsi miqdarında vərəsəlik şəhadətnaməsinin verilməsi məqsədəuyğundur. Qeyd olunanlara əsasən 17 aprel 2024-cü il tarixində vəfat etmiş həyat yoldaşı mərhum X3 miras qalmış ünvan 2-da yerləşən mənzilin və "xxxx" QSC-dən mərhuma çatacaq əmək haqqı üzrə 3144,05 manat miqdarında son haqq-hesab pul vəsaiti üzərində İddiaçı ¼ hissədə, Cavabdeh2 isə ¾ hissədə payların müəyyən edilməsi və buna dair vərəsəlik şəhadətnamələrinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instasniya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, cavabdeh Sevda xanımı şəxsən çoxdan tanıyır, onun yoldaşı Qerman olmuşdur. X8 mühəndis-mexanikdir, cavabdehin evinin təmirinə kömək etmişdir. Evin əsas təmirini dostu Fuad etmiş, o, isə təmirlə bağlı məsləhət vermiş və elektrik işlərini görmüşdür. Pandemiyaya qədər mütəmadi təmir işləri görmüşlər. Əvvəlcə bir otaq, daha sonra 2-ci və 3-cü otaqları təmir etmişlər

8. Birinci instasniya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Cavabdeh2 çoxdan tanıyır, SOCAR-da birlikdə işləmişlər. 2017-ci ildə Sevda ona müraciət etmiş və evinin əsaslı təmiri üçün ondan borc pul istəmişdir. Tatyana Salayeva ona 7000 manat borca pul vermiş, Sevda onun pulunu geri ödəmişdir. Sevdanın evində olmuş, ev təmirli olmuşdur. Evi Zığda, Zərifə parkının yanındadır. Sevdanın yoldaşı ilə Tatyananın yoldaşı tanış idilər, evlərinə gedib-gəlmişlər. Sevda ona olan borcunu 2020- 2021-ci ilə qədər hissə-hissə qaytarmışdır.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-754/2025 saylı 11 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 17 aprel 2024-cü il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 36 ünvanında yerləşən 46 saylı mənzil və Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC-dən mərhum X7 çatacaq pul vəsaiti üzərində paylar bərabər olmaqla ½ hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh2 vərəsəlik hüquqları tanınmışdır.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh miras əmlak olan mənzildə mərhumla birlikdə yaşadıqları dövrdə əsaslı təmir işləri apardığı və təmirə 10000 manat pul vəsaiti ödədiyi bildirmiş, bununla bağlı sübut qismində cavabdeh tərəf iki şahid təqdim etmiş, lakin şahidlər cavabdeh tərəfindən ailə dostu olmaqla yanaşı evin təmirinə 10 000 manatın cavabdeh tərəfindən xəcrlənməsini təsdiq etməmişdirlər. Mənzilin hansı tarixdə təmir edilməsini və təmir-tikintiyə çəkilmiş xərcin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, lakin "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi 04 iyun 2025-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, təmir-tikinti işlərinin hansı tarixdə aparılmasını müəyyən edən metodologiya (laboratoriya) olmadığı üçün ekspertizanın keçirilməsi mümkün olmamışdır.

11. Beləliklə, məhkəmə tərəfindən cavabdehin etirazında qeyd etdiyi halların təsdiq edilməsi müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə nəzərə almışdır ki, miras əmlak olan mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi ilə bağlı qüvvədə olan məhkəmə qətnaməsi mövcud deyil. Həmçinin Mülki Məcəllənin 1159.2-ci maddəsinin dispozisiya şərtinə görə ölənin uşaqları və arvadı (əri) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1159.2, 1243.1, 1243.2 və 1243.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

13. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhər Xətai rayon Məhkəməsinin e-2(011)-754/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv olunması, iddia tələbinin qismən - mübahisə predmeti olan, miras qoyan mərhum X3 miras qalmış ünvan 3 ünvanında yerləşən mənzilin vərəsələr arasında 1/4 hissədə iddiaçının, 3/4 hissədə cavabdehin payı olmaqla bölünməsi, həmin paylara iddiaçının və onun hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun deyil, məhkəmə qanunun tətbiqində səhvə yol vermiş, tətbiq edilməli qanunun tələblərini tətbiq etməmiş və səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, lakin ekspertiza qərardadı icra etmədən geri qaytarmışdır. Cavabdeh "xxxx" MMC ilə müqavilə bağlayaraq mənzildə aparılmış təmir işlərinin dəyərinin müəyyən edilməsini xahiş etmişdir. Buna görə rəyin təqdim edilməsi məqsədilə məhkəmə baxışının təxirə salınmasını xahiş etsə də, məhkəmə buna imkan verməmiş və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə miras qoyana veriləcək əmək haqqı üzrə 3.144,05 manat miqdarında son haqq-hesab pul üzərində İddiaçıla onun arasında bərabər qaydada paylarını tanımışdır. Hesab edir ki, məhkəmənin bu qənaətə gəlməsi tam əsassız və qanunsuzdur. Belə ki, miras qoyanla iddiaçı arasında münasibətlər olmadığından sağlığında bütün səlahiyyətlərini ona etibarnamə ilə etibar etmişdir. Digər tərəfdən məhkəmənin nəzərinə çatdırır ki, miras qoyanın vəfatından sonra bütün dəfn və mərasim xərclərini (qəbrüstü abidənin qoyulması, Cənnət Mərasim evində yas mərasimlərinin verilməsi və s.) cavabdeh tərəfindən çəkilmişdir. Məhkəməyə bu barədə arayış təqdim edilsə də, məhkəmə bu xüsusata hüquqi qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, nikah dövründə mübahisəli mənzildə yaxşılaşdırma işləri aparılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə tərəfindən ekspertiza təyin olunsa da, nəticəsiz qalmışdır. Daha sonra isə cavabdeh özü müstəqil ekspertizaya müraciət edərək rəy almışdır ki, rəydə evdə əsaslı təmir işlərinin aparıldığı müəyyən edilmişdir. Hesab edir ki, bu əmlak birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilməlidir. Mənzilin qiymətinin nə qədər olması barədə məlumatı yoxdur. Əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak kimi qəbul edilməsinə dair məhkəmədə iddia qaldırmamışlar. O, prosesə qoşulan zaman gec olduğu üçün qarşılıqlı iddia verə bilməmişlər. Ekspert rəyini məhkəmənin baxış iclasında təqdim etmişlər. 17.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili X9 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, əgər iddiaçı evin təmir olunduğuna istinad edirsə bunu sübut etməli idi. İş ekspertizaya getdi, lakin ekspert mənzilin hansı illərdə təmir olunduğunu müəyyən edə bilmədi. Cavabdeh tərəf qərəzli olaraq işlərin gedişatını yubadır. Hal-hazırda həmin evdə cavabdeh yaşayır, iddiaçı isə kirayədə yaşayır. Birinci instansiya məhkəməsində kifayət qədər hazırlıq iclasları keçirildi, 11 iclası keçirildi. Bundan başqa bəzi məlumatlar təhrif edilmişdir. Sözügedən ekspert rəyi baxış iclasından da əlavə məhkəmə artıq işi yekunlaşdırın, qətnamə qəbul etmək üçün müşavirə otağına getdikdən sonra təqdim edildi. Şahid ifadələri ilə bağlı bildirmişdir ki, birinci instansiya məhkəməsində şahid ifadələrinin sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət verdi. Vəsatətdə başqa şəxslərin adları idi, dindirilən şəxslər isə fərqli adamlar idi. Buna baxmayaraq dindirildi. Bu cür sübut qanunvericiliyin tələbləri pozulmaqla əldə olunmuş sübutdur. Bundan başqa şahid kimi dindirilən elektrik bildirmişdir ki, o, yalnız konsultativ xidmətlər göstərmiş, başqa heç bir iş görməmişdir. İkinci şahid isə dedi ki, onun rəfiqəsidir, evinə tez-tez gedib-gəlirdi. Rəfiqəsi ondan borc almışdır və borc vermişdir. Lakin bu qarşı tərəfin istinad etdiyi halları təsdiq etmədi.

Apellyasiya baxışının hədləri

18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində «mübahisə predmeti olan, miras qoyan mərhum X3 miras qalmış ünvan 3 ünvanında yerləşən mənzilin vərəsələr arasında 1/4 hissədə iddiaçının, 3/4 hissədə cavabdehin payı olmaqla bölünməsi, həmin paylara iddiaçının və onun hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsi» xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bu hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 22.225.4-cü maddəsinə görə, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 23.1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 24.1134.1-ci maddəyə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 25.1159.2-ci maddəyə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 26.1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 27.1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 28.1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin

29.35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

"Notariat haqqında” Azərbaycan Respublikası Qanununun

30.59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 31.60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

32. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 35.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi (apellyasiya baxışının predmeti olan hissədə) isə dəyişdirilmədən saxlanılmalıdır. 38.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə ifadə olunmuş mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, nikah dövründə ərarvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bu qayda Mülki Məcəllənin 225.4-cü maddəsində və Ailə Məcəlləsinin 35-ci maddəsində öz əksini tapmışdır. 39.Bununla belə ərin - arvadın hər birinin əmlakına edilən istənilən yaxşılaşdırmalar deyil, yalnız həmin əmlakın dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmalar nəzərə alınmalıdır. Həmin yaxşılaşdırmaların məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirilməsi müəyyən edildiyi təqdirdə, göstərilən maddələrin tətbiqi mümkün hesab edilə bilər. Nəzərə alınmalıdır ki, ərin (arvadın) ayrıca əmlakının ümumi mülkiyyəti sayılması üçün əsas şərt qoyulmuş vəsaitin həcmi deyil, məhz bu vəsait hesabına əmlakının dəyərinin xeyli və yaxud əhəmiyyətli dərəcədə artmasıdır. 40.Beləliklə də sözügedən maddələrin dispozisiya şərtlərinin mövcudluğuna istinad edən tərəf, iddia edilən istənilən yaxşılaşdırmanı deyil, yalnız əmlakın dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirildiyini sübuta yetirməlidir. Yalnız bu halların məcmusunun müəyyən edilməsi ərin (arvadın) fərdi əmlakına birgə mülkiyyət statusunu qazandırmasını şərtləndirə bilər. 41.Halbuki iş üzrə toplanmış sübutlardan görünür ki, cavabdeh tərəfindən iddiaya etirazlarının əsası kimi istinad etdiyi halları, yəni birgə nikah dövründə əmlakın dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın aparıldığını təsdiq edə biləcək hər hansı mötəbər sübut (əsaslı yenidənqurmanın, genişləndirmənin və s. həyata keçirildiyini təsdiq edən qəbzlər, müqavilələr, foto və digər yazılı sübutlar) məhkəməyə təqdim edilməmişdir. Cavabdehin istinad etdiyi, mənzildə aparılmış təmir işlərinin dəyərini müəyyən edən "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyi də, yuxarıda qeyd olunan dispozisiya şərtlərinin mövcudluğunu təsdiq edən yetərli və mötəbər sübut kimi qiymətləndirilə bilməz. 42.Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 43.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 44.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 45.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-754/2025 saylı 11 iyul 2025-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar