Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5756/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(009)-333/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 07.02.2020-ci il tarixli qətnaməsi ilə ipoteka predmetinə tutmanın iddiaçıya məxsus Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi, dalan 1, 1 saylı evin 1 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Hərracın nəticələri haqqında Y-025 nömrəli, 26.10.2020-ci il tarixli protokola əsasən mübahisəli ev 39525 manata “xxxx” MMC-yə satılmışdır. Lakin keçirilmiş hərrac barəsində iddiaçıya məlumat verilməmişdir. O, mənzilin hərracda satılan və qiymətləndirilmə yolu ilə müəyyənləşdirilmiş qiymətindən narazıdır və hesab edir ki, həmin qiymətlər real bazar dəyərinə uyğun deyildir. Göstərilənlərə əsasən hərracın nəticələri barədə protokolun ləğv olunması barədə qətnamə çıxarılması xahiş olunur. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(009)-333/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(009)-333/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia əsaslı olduğundan təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə şikayətdə qeyd olunur ki, iddiaçının satış protokolundan ümümiyyətlə xəbəri olmamışdır. Protokol onun iştirakı olmadan tərtib edilmişdir. “X1 Mərkəzi” MMC tərəfindən evə baxış keçirilmədən olduqca aşağı bir qiymət- 39525 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(009)-333/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “X1 Mərkəzi” MMC-ə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(009)- 333/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarına münasibətdə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin 06.08.2019-cu il tarixli qətnaməsi ilə Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi, dalan 1, 1 saylı evin 1 nömrəli mənzilinin ilkin satış qiyməti 62.000 manat dəyərində qiymətləndirilmiş və keçirilən hərracda 39525 manata “xxxx” MMC-yə satılmışdır. İşin bu halları iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsinin surəti və 26.10.2020-ci il tarixli, Y-025 saylı satış protokolu ilə təsdiqlənir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İpoteka predmetinin ilkin satış qiyməti qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunduğundan, apellyatorun qeyd olunan dəlili əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. , Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, kollegiya belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi, dalan 1, 1 saylı evin 1 nömrəli mənzilinə tutmanın yönəldilməsi məqsədilə “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan “X1 Mərkəzi” MMC-nin qanunun tələblərinə riayət edilməklə 30.09.2020 və 21.10.2020-ci il tarixlərdə keçirilən hərraclarla bağlı ipoteka saxlayana, ipoteka qoyana məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi, 30.09.2020 və 21.10.2020-ci tarixlərdə keçirilən hərraclarla bağlı həm bildiriş, həm də kütləvi informasiya vasitələrində məlumat dərc edilməklə tərəflər məlumatlı olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası əsaslı olduğu üçün, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Səbail rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(009)-333/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-5756/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5756/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver